Abdulvahab Bekbulat oğlu Suleymanov (1909, Tersk vilayətinin Yaxsay kəndi-1995). Uşaqlıqdan yetim qalan Abdulvahab qohum-qardaşın köməyilə kəndlərindəki mədrəsədə, sonra da Dərbənddəki orta məktəbdə oxumuşdur. 1926-cı ildən bədii yaradıcılığa maraq göstərmiş, 1929-cu ildən “Yolda” qəzetində işə girmiş, qısa zamanda şair və dramçı kimi şöhrətlənmişdir.
1930-cu ildə şairin “Inqilap tolqunları” (Inqilab dalğaları), “Qaranqıdan yarıqha” (Qaranlıqdan aydınlığa) şeir kitabları çap olunur. Zamanın tələbinə uyğun olaraq siyasi məzmunlu məqalələr və „Üstünlüknü igiti“, “Kolxozlar qurma Allah buyurğan”, “Ötgen günler”, “Turnalar” kimi bədii əsərlər yazır. Onun “Çelyuskinçilər”, “Abissiniya“ əsərləri də Sovet xalqlarının dostluq və qardaşlığının tərənnümünə, Sovetlərdə yaşayan insanların qəhrəmanlığına həsr edilmişdir. Qumuq ədəbiyyatında sujetli poemaların yaranmasında gənc şair Abdulvahabın da rolu vardır. O, 1928-ci ildə “Vali və Mariya”, „Nörjanat“ poemalarını yazır.
A.Suleymanova böyük uğur qazandıran isə 1929-cu ildən 1960-cı ilədək üzərində işlədiyi “Üst bolhan söz“ poeması olmuşdur. Poemanın qəhrəmanları Aminat və Batır sosializm quruculuğu uğrundakı mübarizədə hər çətinliyə dözərək sonda rəqiblərinə qalib gəlirlər.
Ikinci Dünya Savaşı iştirakçısı olan şair həmin illərdə “Dostlara”, “Umar Paşanın yırı”, “Paşitxanın yırı” əsərlərini yazır. Savaşdan sonra yazdığı “Kahız” poemasında dağıstanlı Mahammatla ukraynalı Qriqorinin dostluğundan söz açılır.
“Ötgen günlər”, “Turnalar”, “Yıllar” “Döyüş gecələri”, “Yırlar və mənzumələr” və b. kitabları ana dilində, “Dağlarda günəş” kitabı isə rusca çap olunmuşdur.
Uzun müddət qumuq teatrının direktoru işləyən ədib “Aybikə”, “Kommunist”, “Tanq çolpan” (Dan ulduzu), “Alyaqay və Telyaqay”, “Qızıl qutunun sirri”, “Davda toy”, “Inqilab igidləri“ və b. pyesləri yazmışdır. Sonuncu pyesə görə Dağıstan Respublikasının Həmzət Sadasa adına mükafatını almışdır.
N.Gəncəvi, Ə.Nəvai, A.S.Puşkin, M.Lermontov, T.Şevçenko, M.Qorki, S.Stalski, C.Cambul, Ş.Rustaveli, S.Rüstəm, K. Xetequrov və b. əsərlərini ana dilinə tərcümə edən şairin şeirlərindən “Partiyam”, “Sabahın xeyri”, “Analar sülh istəyir” adlı bəzi nümunələri I.Soltan Azərbaycan oxucularına təqdim etmişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959:94-97).
Dostları ilə paylaş: |