Ibrahim Abdulkerim oğlu Kerimov (1922, Dağıstan MSSR-in Buynaksk rayonunun Töben (Aşağı) Cenqutay kəndi). 1938-ci ildə orta məktəbi bitirib kəndlərində və qonşu Töben Qazanış kəndində müəllim işləmişdir. 1940-cı ildə Buynaksk şəhərindəki pedaqoji texnikuma qəbul olsa da oranı bitirə bilmir. Onu da Ikinci Dünya Savaşına göndərirlər. 1943-cü ildə yaralandığına görə ordudan azad edilən gənc şair Dağıstan Pedaqoji Institutunun qiyabi şöbəsində oxumuş, 1945-ci ildə institutun dil və ədəbiyyat fakültəsini bitirərək kəndlərində rus dili müəllimi və məktəb direktoru işləmişdir.
1947-49-cu illərdə “Lenin yolu” qəzetində ədəbi işçi işlədikdən sonra Moskvada SSRI EA Dilçilik Institutunun aspiranturasında oxumuşdur. Dilçilikdən yazdığı elmi işə görə ona 1953-cü ildə filologiya elmləri namizədi adı verilir. Sonralar filologiya elmləri doktoru, professor olan Ibrahim Kerimov Dağıstan Pedaqoji Institutunda ümumi dillər kafedrasının müdiri və Dağıstan məktəblərinə müəllim kadrlarının hazırlanması sahəsində çalışır.
Ilk yaradıcılığa rayon və respublika qəzetlərində çap etdirdiyi şeirlərlə başlayan Ibrahim Kerimovun 1947-ci ildə “Narat” (Şam ağacı) şeir kitabı nəşr olunmuşdur. 1949-cu ildə “Gəlişmiş” (Nişanlı) poemasını nəşr etdirən şair 1950-ci ildən nəsr yaradıcılığına keçir. “Suvnu şavası” (Suyun parıltısı), “Ullu Ural” (1953), “Ürtlü qızlar” (1958), rusca “Altyus üfüqü” (1954), “Yolun başı” (1956), “Maqaç”, “Teren bulak” adlı roman, povest və hekayələrini çap etdirir və 1986-cı ildə “Yırçı Kazak” romanını yazır (Literaturadan, 1986: 129-130). Bu roman I.Kerimovun öncəki əsərləri ilə müqayisədə keçmişə baxışda, milli dəyərlərə münasibətdə xeyli fərqlənir. A.S.Puşkin, T.Şevçenko, L.Tolstoy, A.Çexovun əsərlərini ana dilinə tərcümə edən I.Kerimovun “Moskvayla görüş”, “Aulda səhər”, “Dəmirçi” şeirlərini Ə.Ziyatay Azərbaycan oxucularına təqdim etmişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959:212-214).
Dağıstan Dövlət Pedaqoji Institutunun professoru olan I.Kerimovun otuza yaxın kitabı çap olunmuşdur. Ona Dağıstan MSSR-in Əməkdar Incəsənət xadimi və Dağıstan MSSR-in Əməkdar Müəllimi adı verilmişdir.
Dostları ilə paylaş: |