2.3. Ədəbiyyatda insanın iç aləminə diqqətin artması
1956-cı ildə quruluşun bütün nöqsanlarının I.V.Stalinin adina yazılması, 1937-ci il irticası qurbanlarına fiziki bəraət verilməsi, bir sözlə, rejimdə baş verən yumşalma ədəbiyyata da müsbət təsirini göstərdi. Noqay nəsrində sürətli bir dirçəliş baş verdi. Təəssüf ki, bu dirçəliş yeni yazılan əsərlərin məzmununda deyil, ən çox həcmində özünü göstərirdi. Nəşrlərin sayı artdığı kimi, roman, povest və hekayələrin həcmi böyüyür, mövzu dairəsi genişlənirdi.
1960-cı illərdə Sovet ədəbiyyatında baş verən dəyişiklik noqay ədəbiyyatından da yan keçə bilməzdi. Ədəbiyyatda “Altmişıncı illər nəsli” deyə bir ifadə işlədilməyə başladı. Bu nəslin nümayəndələri 1920-50-ci illərin ədəbi simaları kimi ideologiyaya daha çox önəm vermir, sənətkarlığı önə çəkir, bədii təsvir vasitələrinə üstünlük verirdilər. Bekbiyke Kuluncaxova (1946), Valeri Kazakov (1948), Isa Kapayev (1949) və b. kimi yeni nəsil peşəkar şair və yazıçıların meydana çıxması ədəbiyyata marağı artırdı. I.Kapayevin yaradıcılığı çağdaş problemlərə yönəlmişdir. Insanın gündəlik qayğıları yazıçının əsas mövzusudur. Onun qəhrəmanları insanlıq ləyaqəti, mənəvi borc, sevgi və qəhrəmanlıq haqqında düşünür. Yazıçı keçmişdən mənəvi dəyərləri alaraq gələcəklə birləşdirməyə çalışır. I.Kapayevin yaradıcılıq axtarışları bədii cəhətdən də dolğundur.
I.Kapayevin “Xurcun” (1975), “Sıntaslı Akında Tolgav” (1977), “Vokzal” (1980), “Sülder” (1989-91), V.Kazakovun “Qizıl kəmər” (1977), “Doqquz kapital” (1983), “Babay ulduzu” (1983), S.Kapayevin “Torpağın hərarəti” (1976), B. Kulunçakovanın “Çöl torağayı” (1980) kimi hekayə və povestlərinin nəşri noqay nəsrinin yeni çağının başlandığından xəbər verir (Türkiye dışındakı..., 2002:2, 21-ci cild).
Ümumtəhsil məktəblərində noqay dili və ədəbiyyatı tədris edilsə də, qalan fənlər rusca keçildiyindən, ölkədə rus dilinə xüsusi önəm verildiyindən noqay gənclərinin əksəriyyəti də rus dilinə daha çox diqqət yetirmişdir. Mərkəzdən maddi və mənəvi dəstək aldıqları üçün gənc noqay yazıçıları da fikirlərini daha çox sayda insana çatdırmaq, daha çox oxucu qazanmaq və məşhurlaşmaq üçün rus dilində yazıb-yaratmağa üstünlük verirdilər. Rusca yazmaq əcnəbi dillərə tərcümə olunmalarına şərait yaradırdı.
1960-cı illər nəsli insanın iç dünyasının bədii dillə təsvirinə diqqəti artırsa da, Kolumbiya yazıçısı Q.Q.Markesin yazdığı “Yüz il tənhalıqda” əsəri xalqların tarixinə, ilkin başlanğıca, miflərə marağını artırmışdır. Uzun illər tarixi mövzulara yalnız bayları, mirzələri, bir sözlə, hakim sinfi tənqid etmək məqsədilə müraciət edən yazıçı və şairlər indi keçmişlərinə tamam başqa gözlə baxmağa başlayıblar.
Dostları ilə paylaş: |