2. Qumuqların yazılı ədəbiyyatı
Son dövrlərdə qumuq tarixini araşdıranlar qürurla Xəzər hövzəsində, Qafqazda, Ön Asiyada mövcud olan mədəniyyətin böyük bir hissəsinin onların ulu babaları - protoqumuqlar tərəfindən yaradıldığını yazırlar (Kadıradjuyev K., 1992:5)
Qumuqlar qədim keçmişləri ilə qürur duysalar da, uzun illər yazılı ədəbiyyatlarının tarixini XIX yüzildə yaşamış Yırçı Kazakla başlamışlar. Sovetlər Birliyi çökdükdən sonra bu ideoloji təsirlər də aradan qalxmağa başladı. Hələlik qumuqlar ədəbiyyatlarını zəngin folklorları və XV yüzildə yaşamış Ummu Kamal (Nuri) ilə başlayırlar. Həştərxan şəhərində oxumuş, xanı öldürdüyünə görə özü də öldürülmüş Amanxoru (1670-1706), şeirlərində zalımları, haqsızlığı, xanları və murzaları tənqid etdiyinə görə gözləri kor edilmiş Sayit Koçxurlunu (1767-1812), igidliyi tərənnüm edən, yurdu uğrunda savaşan cəsur insanları öyən Mirza Qaluqlunu (1696-1742) da qumuq ədəbiyyatına daxil edirlər (Merhan Aziz, 2008:13)
Bugünki Dağıstan Respublikasının ərazisi uzun illər ya tam, ya da qismən Şirvan bəylərbəyliyinin tərkibinə daxil olduğundan burada yetişən alim və şairlər də bugünki Azərbaycanla sıx bağlı olmuşlar.
A.K.Abdulatipov isə orta yüzillər qumuq ədəbiyyatından bəhs edən kitabında məşhur „Dərbəndnamə“ tarixi xronologiyasının müəllifi XVI-XVII yüzillərdə yaşamış Muhammat Avabi Ağdaşini qumuq nəsrinin banilərindən saydığı kimi XVII yüzildə yaşamış tarkovlu Əli Bağdadini (Bağdat Əli), Əliqulu xan Valeh Dağıstanini (1712-1756), endireyli Taşav Xacini (ölümü 1841), yaxsaylı Yusup Yaxsavini (Qılıcev), endreyli Idris Əfəndini (ölümü 1878), Maqomat Kazanbiyevi (1865-1926) də qumuq ədəbiyyatına daxil edir (Abdulatipov, A.K.,)
Əslində Endirey kəndində vəfat etmiş Muhammat Avabi Ağdaşi də yuxarıda adı ondan sonra çəkilənlər də qumuq olsalar da ana dillərində yazıb-yaratmamışlar. Mədrəsələrdə dərs deyən bu elm adamları əsərlərini əsasən ərəb və fars dillərində yazmışlar.
Türkiyəli araşdırıçı Çetin Pekacar qumuq yazılı ədəbiyyatını üç dövrə bölür. XIX yüzilə qədər olan dövrü Müştərək dönəm, XIX yüzildən 1917-ci ilədək olan dövrü Ekim (Oktyabr) devrimi öncesi dönem, üçüncü dövrü isə Ekim devrimi dönemi (XX yüzilin başlarından günümüzədək olan dövr) adlandırır.
Dostları ilə paylaş: |