Folklor instituti


Noqay folklorunun toplanması və yayımlanması



Yüklə 4,03 Mb.
səhifə83/211
tarix01.01.2022
ölçüsü4,03 Mb.
#102992
1   ...   79   80   81   82   83   84   85   86   ...   211
1.3. Noqay folklorunun toplanması və yayımlanması
Noqay folklorunun və ədəbiyyat tarixinin araşdırıcılarından A.I.Siqaliyev (Şeyxalıyev) noqayların yaşadıqları bölgəni aşağıdakı ki­mi təsvir edir: “Noqaylar (özlərini noqay, norkaylı adlandirırlar) türkdilli xalqlardan biridir. Onların əksəriyyəti Noqay çöllərində – Stavropol diyarının Neftekum rayonunda yaşayır­lar. Dağıstan ərazisində isə Noqay, Tarumov, Kizler, Babayurt rayonlarında, həmçinin balıqçılıq qəsəbələri olan Klavsudar və Klavlopatində yerləşmişlər.

Noqaylar həmçinin Kizler, Xasavyurt və Mahaçkala şəhər­lərində də yaşayırlar. Çeçen Respublikasının Şelkov rayonunda da noqaylar məskunlaşmışlar. Stavropol diyarının Mineralvodı və Koçibeyev rayonlarında, Kuzey Osetiyanın Mazdok ra­yonunda, eyni zamanda Adıgey Respublikası hüdudlarında no­qayların yaşadıqları kəndlər vardır. Karaçay-Çərkəzin noqay əhalisi, əsasən, Adıge-Habl, Habez, Kuban ətrafı rayonlarında, o cümlədən Erkinşəhər qəsəbəsində və Çerkessk şəhərində yaşayırlar”. (Sikаliеv А., 1994:3).



Noqaylar bu gün, əsasən, Qafqazın quzeyində toplu halda və qa­rışıq yaşasalar da, onların folklor və yazılı ədəbiyyat nü­munə­ləri Avrasiya məkanının geniş ərazisində - Almatıda, Həştər­xan­da, Buxarestdə, Varşavada, Istanbulda və b. şəhər­lər­də saxlanılır. XVIII yüzilədək olan abidələr runi-uyğur və ərəb əlifbaları ilə, sonrakı yüzildə isə bütövlükdə ərəb əlifbası ilədir. Keçmiş SSRI-də türk, müsəlman xalqlarının əlifbası dəyişi­lən­də, yəni 1928-ci ildə noqaylar da ərəb əlifbasından latın qra­fikalı əlifbaya, 1938-ci ildə isə latın qrafikalı əlifbadan kiril əlifbasına keçirildilər.

Hər bir xalqın yazılı ədəbiyyatı onun yüzillər boyu yaratmış və yaşatmış olduğu folklor nümunələri əsasında formalaşır. Ədəbiyyat, bir növ, xalqın tarixinin, mənəviyyatının, mədəniy­yətinin güzgüsü rolunu oynayır. Noqay xalqının folkloru və yazılı ədəbiyyatı həm də bu xalqın tarixini yazmaq üçün əvəz­siz qaynaqdır.

Çox təəssüf ki, bu dəyərli mənəvi sərvət vaxtında gərəyincə toplanıb araşdırılmamışdır. Aparılmış araşdırmalardakı meto­do­loji səhvlər də ümumi işə böyük ziyan vurmuşdur. Ürək ağrıdan odur ki, metodoloji səhvlər bugün də davam edir.

Işğal altına aldıqları xalqları uzun illər əsarətdə saxlamaq üçün Rusiya strateqləri uzunmüddətli plan hazırlamış və onu gerçəkləşdirmişlər. Bu planın bəndlərindən biri də eyni dildə danışan, eyni tarixə və mədəniyyətə malik toplumu bir-birin­dən ayırmaq üçün az qala hər dialektdən bir müstəqil dil, hər tayfadan bir xalq yaratmaq, bir sözlə, xalqı kiçik parçalara ayır­maq, gücdən salmaq, kökündən uzaqlaşdırmaqla idarə etməkdir.

Bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra çar Rusiyasının varisliyindən sözdə imtina etdiklərini elan etsələr də, «parçala, hökm sür!» siyasətindən əl götürmədilər. Sovetlər Birliyi da­ğıl­sa da, onun yeritdiyi siyasət hələ də beyinlərdən təmizlənməmişdir.

Son illər noqay ovsunlarının poetikasını araşdıran A.I.M.Si­qaliyev və noqay epik mahnılarını öyrənən B.B.Kardanova araş­dırdıqları mövzuların zamanında öyrənilməməsinin mədə­niy­yətimizə vurduğu ağır zərbədən ürək ağrısı ilə yazırlar. (Vеstnik..., 1999:167, 229). Lakin onlar bu gün də məhəlli­çi­likdən irəli gedə bilmirlər. Yalnız məhdud dairədə noqaylardan toplanmış folklor nümunələrini öyrənməklə yetərlənirlər. Möv­zuya bir az geniş anlamda, ümumtürk kontekstində yanaşsalar, noqay folklor nümunəsi kimi təqdim etdikləri materialların əksəriyyətinin qazaxlarda, qırğızlarda, tatarlarda, başqırdlarda, türkmənlərdə, özbəklərdə, türklərdə və b. türk xalqlarında da olduğunu görərlər. Türk xalqlarının folklorçu bilginləri də janrların bölgülərə ayrılması və araşdırılması sahəsində xeyli iş görmüşlər. Sadəcə bunları oxuyub ümumiləşdirmək gərəkdir.

Keçmiş Rusiya ərazisində yaşayan türk xalqlarının folklor nümunələrinin toplanmasında, nəşrində və araşdırılmasında ox­şarlıq çox olduğundan onları ayrı-ayrılıqda araşdırmağa ehti­yac duymuruq. Buna “Yedigey” dastanı ilə “Koroğlu” dasta­nının toplanması, nəşri və tədqiqini misal göstərmək olar.

Milliyyətcə polyak olan Aleksandr Xodzko 1830-cu ildə Həştərxan noqaylarından olan Ali bey Şarapovdan “Yedigey” eposunu toplamış, onun yardımı ilə eposun nəsr hissəsini fars­caya çevirmiş və 1842-ci ildə Londonda çap etdirmişdir (Si­kаliеv А., 1994:6). “Koroğlu” dastanı haqqında da eyni şey­ləri yazmaq olar. Burada dəyişən dastanın söyləndiyi yer, il və söyləyən şəxsdir. Belə ki, A.Xodzkoya “Koroğlu” dastanını 1832-ci ildə Iranın quzeyində Aşıq Sadıq söyləmişdir. Mahmud xan Dünbüli Dirsuydan toplanmış dastanı Mirzə Abdulvahab yazıya almışdır. A.Xodzko dastanın nəsr hissəsini yuxarıda adı çəkilən şəxsin köməyi ilə türkcədən farscaya çevirmiş və 1842-ci ildə Londonda ingiliscə çap etdirmişdir (Koroğlu, 1999:6).

Noqay folklorunun Avropa metodları ilə toplanması və öy­rə­nilməsi də Rusiya işğalı altında olan türk xalqlarında olan­larla eynidir. Qaynaqların verdiyi bilgiyə görə, Ivanom Dobro­volski Həştərxanda çap olunan “Aziatskiy muzıkalnıy jur­nal”ın 1817-ci il 3-cü sayında “Pesni Astraxanskix tatarov” və həmin jurnalın 1818-ci il 8-ci sayında “Noqayskie pesni” yazılarını nəşr etdirmişdir. A.P.Arxipovun “Kafkas” qəzetinin 1850, 1851-ci il saylarında (Sikаliеv А., 1994:6) və “Mos­kvityanin” toplusunun 1852-ci il saylarında (Arxipov A. «Kaf­kas», 1850, sayı 78-79, Tayki Kuraz, «Kafkas», 1851, sayı 70-71), universitetdə müəllim işləyən, milliyyətcə qumuq olan M.E.Osmanovun 1883-cü ildə Sankt-Peterburqda yayım­lat­dığı “Nоqайskiе i kumskskiе tеksts (Sbоrnik nоqай­skiх i kumskskiх pеsеn, prеdаniй, pоqоvоrоk, pоslо­viц), I.N.Berezinin “Turetskaya xrestomatiya” kitabında, (Be­rezin N. 1-3, 1907, sayı 6, 233-250) K.Krebenskinin “Niva” jurnalında yayımlatdığı materialları noqay folklorunun öyrənil­məsi və araşdırılmasında ilk addımlar saymaq olar.

Altay dilləri nəzəriyyəsinin qurucusu Q.J.Ramsted də 1904-cü ilin sonlarında Dağıstanda olarkən buradan noqay türk­cə­sində də xeyli materiallar toplayaraq araşdırmalar aparmışdır. Çox təəssüf ki, bu mətnlər zamanında çap olunmadığından uzun illər elmi ictimaiyyətin diqqətindən kənarda qalmışdır. Nə yaxşı ki, professor Emine Gürsoy-Naskali bu məsələyə diqqət yetirərək 1991-ci ildə Helsinkidə ingiliscəyə tərcümələri ilə birlikdə onu bir kitab halında çap etdirmişdir.

H.A.Baskakovun, S.E.Malovun, V.V.Radlovun, A.Umero­vun (Ömərov), M.Osmanovun, Ç.Ç.Vəlixanovun əsərləri, elə­cə də SMOMPK-un buraxılışları noqay folklorunun öyrənil­məsi baxımından olduqca dəyərli qaynaqlardır.

Bolşeviklərin hakimiyyətə gəlişi və ədəbiyyata sinfi möv­qedən yanaşmaları bir çox janrlarda folklorun toplanmasına və tədqiqinə olan marağı artırdı. Bu sahə ilə məşğul olan milli kadrlar yetişməyə başladı. Noqay folklorunun, ədəbiyyatının, tarixinin öyrənilməsində ictimai xadim A.Ş.Canıbekovun xid­məti olduqca böyükdür. O yalnız xalqının dilini, tarixini, folk­lo­runu, ədəbiyyatını tədqiq etməklə yetərlənməmiş, övladlarını da bu ruhda tərbiyə etmişdir. Odur ki, qızları Sofiya Kalmikova, Roza Canıbekova, oğlu Ənvər ömürlərini elmi-tədqiqata həsr etmiş və onlar noqayların mənəvi sərvətinin öyrənilmə­sində çox işlər görmüşlər.

1955-ci ildə Çerkesskdə S.Kalmıkovanın tərtibatı ilə çap olunan “Yırlar, erteqiler, aytubaklar, yumaklar” (Nəğmələr, na­ğıllar, atasözləri və tapmacalar) və 1969-cu ildə Moskvada S.Kal­mıkova və A.Siqaliyevin topladığı və S.Kalmıkovanın tər­tib etdiyi “Noqay xalk yırları” (Noqayskiye narodnıye pesni) kitabları noqay folklorunun təbliğində böyük rol oynamışdır.

Son illərdə isə noqay folklorunun və ədəbiyyatının öyrənil­məsi və təbliği sahəsində A.I.M.Siqaliyev ardıcıl çalışır. O, 1991-ci ildə Mahaçqalada “Noqaydın kırk batiri”, 1994-cü ildə Çerkesskdə “Noqayskiy qeroiçeskiy epos” və “Osiyet” (Və­siy­yət) kitablarını çap etdirmişdir.




Yüklə 4,03 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin