Abusupiyan Akayev (1872, Tersk vilayətinin Töben Qazanış kəndi-1931, Rusiya Federasiyası, Arxangelsk vilayətinin Kotlas şəhəri). Qazı Akayın bir oğlu dünyaya gəlir və onun adını Abusupiyan qoyurlar. Bu elə bir zaman idi ki, Rusiyanın Qafqazı işğalından 70 ildən çox keçməsinə baxmayaraq, oranı hələ də istədiyi kimi, yəni ölkənin hər yerində işlək olan qanunlarla idarə edə bilmirdi. Rusiyada mövcud olan qanunların bəziləri Qafqaz xalqlarına, eləcə də əsarət altına aldığı müsəlman xalqlarına aid edilmirdi.
Rusiyada ictimai yerlərdə mülki şəxslərin qılınc, xəncər və b. kəsici silahlarla görünməsi qadağan olduğu halda, Qafqaz xalqlarının nümayəndələrinin xəncərlə gəzməsi milli atribut sayilırdı. Müsəlman xalqları aralarında mübahisələr, ziddiyyətlər düşdükdə, hətta problem ölüb-öldürməyə gəldikdə belə Rusiyanın məhkəmə orqanlarına deyil, müsəlman qazilərinə müraciət edirdilər. Rusiyanın hakim dairələri də zor gücünə də olsa, bunun qarşısını ala bilmədiklərindən qaziləri saxlamağa məcbur oldular. Beləliklə ölkədə iki məhkəmə sistemi mövcud oldu.
Abusupiyanın atası Akay da dini təhsil gördüyündən, islami ehkamları yaxşı bildiyindən onu qazi seçmişdilər. Çar məmurları qazilərin işinə nəzarət etsələr də, onlar cəzaları Rusiyanın qanunlarına görə deyil, şəriət qanunlarına görə müəyyənləşdirir, hökm verərkən Qurani-Kərimi əsas götürürdülər.
Abusupiyan da ilk təhsilini evdə atasından aldı. Quran oxumağı, şəriəti, fars və ərəb klassiklərinin bədii-nəsihətamiz əsərlərini oxumağı öyrəndi. Sonra onu Töben Qazanış kəndindəki məktəbə göndərdilər. Bu məktəblərdə dərs tədris proqramı ilə deyil, şagirdin proqramı mənimsəməsi ilə ölçülürdü. Iti zəkalı, dərslərini yaxşı mənimsəyən şagirdləri müəllim-molla zəif oxuyanlara rəhbər təyin edirdi.
Fitri istedadı ilə seçilən Abusupiyan yaşıdlarına və özündən yaşda böyük olsalar da proqramı mənimsəməyənlərə rəhbər təyin etilir. Necə deyərlər, balaca Abusupiyan öyrənməklə yanaşı, həm də öyrədir. Bununla da, özünün oxuduqlarını bir daha təkrarlamış olur.
Abusupiyan doğulduğu kənddəki ibtidai məktəbi bitirdikdən sonra, atası onu Güngüteydəki mədrəsədə oxumağa göndərir. Oradakı tədris proqramını birincilər sırasında başa vurur. Atası Akay dövrünün elm adamlarını və pedaqoqlarını yaxşı tanidiğından oğlunu Teymurxanşuradakı, Soğratdakı, Tarqutdakı mədrəsələrə göndərir və bununla da Abusupiyanın Dağıstanın tanınmış alimlərindən dərs almasına, dini elmlərlə yanaşı, dünyəvi elmləri də dərindən mənimsəməsinə şərait yaradır.
O, türk, fars, ərəb dillərini, ədəbiyyat, tarix, astronomiya, astrologiya, fəlsəfə, fizika, riyaziyyat, həndəsə, coğrafiya və b. fənləri bilən bir gənc kimi doğma kəndlərinə qayıdır. Kənddə yeni məktəb açaraq bildiklərini həmyerlilərinin övladlarına öyrətməyə çalışır. Onun sorağı tezliklə ətraf kəndlərə də yayilır. Bölgənin sayılıb-seçilən adamları uşaqlarını Abusupiyanın yanina gətirirlər. Beləcə az zamanda onun şagirdlərinin sayı xeyli artır.
Abusupiyan müəllim işlədikcə təhsil və tədrisdəki nöqsanları görmək imkanı əldə edir. Keçmiş mədrəsə proqramlarının zamanın nəbzini tutmadığının şahidi olur. Odur ki, həm təhsilini artırmaq, həm də təcrübə qazanmaq üçün Kazan və Orenburq şəhərlərində oxumağa gedir.
1902-ci ildə təhsilini tamamlayaraq təcrübə qazanan Abusupiyan Akayev Dağıstana, yəni doğma kəndi Töben Qazanışa dönərək yeni məktəb açmağı planlayır. Lakin bu dəfə mədrəsə açmaq istəmir. Çünki mədrəsələrin tədris proqramı onu qane etmirdi. Yeni qaydalı – “Üsuli-cədid” məktəbini açmaq istəyir. Bu məktəb üçün dərslik və metodik vəsait çatmadığından yaxın dostu Mahammat Mirza Mavrayev ilə birlikdə Kırıma, Ismayıl bəy Qaspıralının yanında gedir.
1902-1903-cü illərdə orada mətbəə, nəşriyyat işlərini öyrənir. “Tərcüman” və başqa qəzet-jurnallara məqalələr yazmaqla yanaşı, Baxçasaray və Akmescitdə (Simferepol) özünün yazdığı kitabları da çap etdirir. 1903-cü ildə Baxçasarayda nəşr etdirdiyi “Macmu al-aşgar al-acamiyat” adlı topluya yırları, sarınları, atışmaları, atalar sözləri, qumuq şairlərindən Yırçı Kazakın, M.A.Osmanovun, M.Alibekovun və özünün bəzi ədəbi əsərlərini daxil edir.
Qumuq Abusupiyan Akayev Ismayil bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” tezisinə ürəkdən bağlı olsa da, onu Dağıstanda həyata keçirə bilməyəcəyini görür.
Abusupiyan Akayev yaxşı başa düşürdü ki, bölgə xalqlarını türk dili vastəsilə bir araya gətirmək olmaz. Çünki kəndlilərin çoxu ömürləri boyu bəlkə bir dəfə də olsun doğulduğu yerdən uzağa getməyib, orada doğulub, yaşayıb və ölürdülər. Buna görə də çoxdilli bir bölgədə ümumi işlək və ünsiyyət dili kimi türk dilinin yayılmasına calışsa da, bu xalqları birləşdirəcək yeganə vasitənin islam dini olduğunu görürdü.
Abusupiyan da dinin yayılmasına və dini təbliğata xüsusu önəm verir. Yaxşı bilirdi ki, Şeyx Şamil də islam dininin birləşdirici gücündən bacarıqla yararlanaraq Rusiya kimi hərbi qüdrəti dünyanı lərzəyə salan dövlətə otuz il müqavimət göstərə bilmişdi.
Istanbulda, Kırımda təcrübə keçib Dağıstana qayıdan Abusupiyan Akayev kənddə məktəb açmaq fikrindən daşınır. Bölgənin ən böyük yaşayış məskənlərindən olan Teymurxanşuraya gələrək 1904-cü ildə orada Mahammat Mirza Mavrayev ilə birlikdə ilk milli mətbəə qurur. O, ərəbcə yazılarında ad və soyadını Abusupiyan ibn Akay al-Dağıstani al-Qazanışı al-Kubra şəklində yazır, bəzən də Arslanbekov soyadını işlədir.
Abusupiyan Akayevin Teymurxanşurada Mahammat Mirza Mavrayev ilə birlikdə qurduğu ilk milli mətbəə böyük uğur qazanır. Azərbaycanın ictimai-siyasi xadimləri və ədiblərindən Şeyx Məhəmməd Xiyabani, “Əkinçi” qəzetinin müxbirlərindən Məmnun Əlqadari, Mirzə Əbdürrəhim Talıbov və b. Abusupiyan Akayevlə sıx əməkdaşlıq edir, kitablarını onun mətbəəsində çap etdirir, onun ərəb dilində nəşr etdiyi “Bəyan ül-həqiqət” jurnalına məqalə yazırlar.
Abusupiyan Akayev əsas ağırlığı islam dininə dair kitabların nəşrinə verməklə yanaşı, özü də islam dininin təbliğinə dair kitablar yazır. O, yalnız din alimi və dini ədəbiyyatı yayan naşir olmaqla qalmır, qumuq folklorunu toplayıb nəşr edir, müxtəlif dillərdən qumuq dilinə tərcümələr edir.
Müəllimlik etməklə yanaşı, Doğu ədəbiyyatına dair araşdırmalar aparan, folklor nümunələri toplayıb çap etdirən Abusupiyanın qələmindən 40-dan çox kitab çıxmışdır.
1917-20-ci illərdə bölgədə gedən savaşlar Abusupiyanın fəaliyyətinə də mənfi təsir göstərir. 1920-ci ildə bölgəni işğal edən bolşeviklər Abusupiyan kimi nüfuzlu, əlində təbliğat vasitəsi və mətbəəsi olan bir insanın gücündən məharətlə istifadə edirlər.
Abusupiyan da Sovet hökumətinin sülh, bərabərlik, azadlıq və s. şüarlarına aldanaraq onlarla əməkdaşlığa razılaşır. Internasional marşını qumuq türkcəsinə tərcümə edən Abusupiyan, qumuq türkcəsində ilk bolşevik qəzeti „Işçi xalq“ı da nəşr edir və bir müddət onun redaktoru da olur.
Ilk kitabını 1900-cü ildə nəşr etdirən A.Akayev dərs deyib gənc nəslin tərbiyəsi ilə məşğul olmaqla yanaşı, “Sullam al-lisan” lüğətini hazırlayır. Bu dörd dilli sözlükdə ərəb-qumuq-avar-rus dillərindən alınmış sözlərin izahı verilir. Qumuq türkcəsinin söz xəzinəsini zənginləşdirmək üçün 200 səhifəlik bir terminlər sözlüyü də hazırlayır. Onun “Totuname”, „Dahir ilə Zahra“, “Yusup ilə Zulayxa” kitabları tatarcanın qumuqcaya uyğunlaşdırılmasıdırsa, dərmanların hazırlanması qaydalarından bəhs edən “Hazir darman“ kitabı, eləcə də “Əxlaq kitabı”, “Yüz ilin asan təqvimi”, “Qumuq folkloru və ədəbiyyat əsərləri antologiyası”, “Bozoğlan” və b. kitabları bir araşdırıcı zəhmətinin, axtarışlarının bəhrəsidir.
Sovet hökumətinin şüarlarına aldanaraq onun gəlişini alqışlayan, möhkəmlənməsi üçün var qüvvəsi ilə çalışan, bolşeviklərin açdığı qəzetdə onların ideologiyasını yayan alim-yazıçı sonradan yanlışlığa yol verdiyini anlayır və xəyal qırıqlığına uğrayır. Bolşeviklərin də ona göstərdiyi diqqət və qayğı uzun sürmür. Qadınlara çadralarını, kişilərə papaqlarını atdırma kampaniyası, dinə qarşı təzyiqlər, min ildən çox istifadə edilən ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi Abusupiyanın ürəyindən olmur. Hökumətin siyasətinə açıq narazılığını bildirir.
Abusupiyan Akayev və bölgənin bir çox ziyalıları, hətta partiya-sovet işçiləri Moskvaya Dağıstan xalqları arasında ortaq ünsiyyət vasitəsi olan türkcənin rus dili ilə əvəzlənməsinə etiraz edirlər. Təklif edirlər ki, Moskva uzaq olduğundan ora ilə əlaqə qurmaq çətindir, buna görə də Dağıstan MSSR Azərbaycan Respublikasının tərkibinə verilsin.
Sovet xüsusi xidmət orqanları sərt tədbirlər həyata keçirir. Onlarla ziyalı və partiya-sovet işçisi həbs edilir, sürgünə göndərilir, vəzifədən uzaqlaşdırılır.
1929-cu ildə Abusupiyan Akayevin mətbəəsi bağlanılır və özü də həbs edilərək Perm vilayətindəki Pinug stansiyasında dəmiryolu çəkilişində işləməyə göndərilir. Oradan da Arxangelsk vilayətinin Kotlas şəhərinə göndərilən yazıçı-alim ilk dəfə həbsxanada siyasi aclıq aksiyasını təşkil edən Azərbaycanlı siyasi məhbusları ilə görüşür. Bu yer daha çox Solovki kimi tanınır. Rus yazıçısı Soljenitsinin Nobel mükafatına layiq görülən “QULAQ arxipelaqı” romanı da burada baş verən hadisələrdən bəhs edir.
A.Akayev orada həbsdə olan Azərbaycan siyasi məhbusları ilə görüşür və onların mübarizəsini dəstəkləyir. 1931-ci ildə həbsdə ölən ictimai xadim, şair, naşir, tərcüməçinin həyat yolunun və yaradıcılığının öyrənilməsinə maraq Sovet hökumətinin çöküşündən sonra başlayır. Nə yazıq ki, hələ də onun fəaliyyəti layiqincə qiymətləndirilməmiş, əsərlərinin hamısı çap olunub araşdırılmamışdır.
Abusupiyan 1929-cu ildə həbs edilməsinə, 1931-ci ildə ölməsinə baxmayaraq 1937-ci ildə tutulanların müstəntiqə verdikləri ifadələrdə onun adı da var. SSRI-ni dağıdaraq Vahid Türk-Tatar Respublikası yaratmaq istəyənlərdən söz gedəndə Bəkir Çobanzadə onun rəhbərlik etdiyi gizli təşkilatda Quzey Qafqaz qrupuna aşağıdakı şəxslərin daxil olduğunun deyir: Alim Paşa-Solqar (Alimpaşa Salavatovun adı bu şəkildə yazılıb-Ə.Ş.), Abusufyan-Kumuk, Ədhəm Feyzi, Şövqi Bektora (Babayev Adil, 2003:85).
Ensiklopediyaçı bilgin, şair, bacarıqlı nasir Abusupiyan Akayevin acı taleyi də qumuq ədəbiyyatına ağır zərbə olmuşdur.
* * *
Yırçı Kazakdan öncə yaşamış Ummu Kamalın və ya onunla çağdaş olmuş Abdulrahman Kakaşuralunun (Atlıboyunlu), Mahammat apendi Osmanovun, Abusupiyan Akayevin (baxmayaraq ki, onun əsərlərinin bir çoxu ədəbiyyatı mövzuca yeniləşdirmə dövrünə təsadüf edirdi, hətta Sovet dövründə yazdığı əsərləri də vardı) adları ənənəvi Doğu şeir üslubunda - didaktik, əxlaqi, lirik şeir yazdıqlarından Sovet dövründə o qədər də təbliğ olunmurdular. Yırçı Kazakın və şeirlərində dövrün nöqsanlarını tənqid etməyə üstünlük verən, zəmanədəki haqsızlıqlardan şikayətlənən Manay Alibekovun və onlar kimi haqsızlıqları tənqid edən şairlərin əsərlərinə ədəbiyyatşünaslar, mətbuatda geniş yer ayırmişlar.
Bu tarixşünaslıqda da özünü göstərirdi. Ulu babaları qüdrətli türk dövlətləri qurmuş qumuqlara XVII-XIX yüzillərdə mövcud olmuş yerli özünüidarə qurumları, yəni yerli feodalların hakim olduğu Pargu şavhallığı, Mehtulu xanlığı, Endrey, Köstek və Yaxsay bəylikləri qumuq dövlətləri kimi tanıdılır və bunlarla qürur duymaları təbliğ olunurdu. Onlar ulu babalarının qurduqları qüdrətli dövlətlərdən uzaqlaşdırıldıqca, həmin mühitdə yaşayıb-yaratmış şair və yazıçılardan, elm adamlarından da uzaqlaşdırılırdılar. Beləliklə, cismən olduğu kimi, şüurca da ümumtürk varlığından ayrılmış olurdular.
Bütün bunlara baxmayaraq Yırçı Kazak da, Abdulrahman Kakaşuralunlu (Atlıboyunlu) da, Mahammat apendi Osmanov da, Abusupiyan Akayev də, hətta Aşıq Ensar da (1860-1934) qumuq ədəbiyyatının klassiklərindən sayılmalıdırlar. Əslində onların yaradıcılığı istər dil-üslub, istərsə də mövzu baxımından çağdaşları olan Azərbaycanda, Ön Asiyada, Kırımda, Türkmənistanda yaşamış el şairlərinin, aşıqların əsərlərindən o qədər də seçilmir.
Çox təəssüf ki, qumuqların, eləcə də Dağıstanda yaşayan xalqların aşıqları lazımınca öyrənilməmişdir. Bununda başlıca səbəbi aşıqların şeirlərinin və söylədikləri dastanlar vaxtında toplanıb nəşr edilməməsidir. Qaynaqlar isə bölgədən aşıqların olduğunu xəbər verir.
Dostları ilə paylaş: |