(Hüseynov Sadıq, 1977:13).
Çox təəssüf ki, Seyid Əzimin və babası Molla Hüseynin yaşamının Yaxsay dövrü gərəyincə öyrənilməmişdir. Mədrəsədə yeniyetmə Əzimə kimlər dərs deyib, kimlərlə dostluq edib, sonralar qumuq ziyalılarından kimlərlə ünsiyyətdə olub? Bu suallara cavab verən araşdırmaya hələ rast gəlməmişik. Seyid Əzimlə M.E.Osmanovun arasında yaş fərqi o qədər də çox deyildi. Hər ikisi eyni mədrəsədə oxumuşdur. Yəqin ki, bir-birini tanıyırmışlar.
Azərbaycan qaynaqlarında Yaqsay və Aksay, Ağsay (Dağıstan ədəbiyyatı antologiyası, 1959, ASE. 1980, 8-ci cild, Köçərli Firidun, 1981) kimi yazılan bu kənddə M.E.Osmanov, M.Alibekov, N. və Z.Batırmurzayevlər, A.Muhammadov, A.P.Salavatov, A.V.Suleymanov, S.Toqbolatov, Ş.Alberiyev, M.Atabayev, L.Hajaqayev, M.A.Adilxanov Y.Alimxanov kimi şair, yazıçı, publisistlər, Ahmat Sayıp Əfəndi kimi alim və pedaqoq, Rəşid xan Qaplanov kimi dövlət xadimi, rus yazıçısı M.Bulqakovun dostu və onunla birlikdə pyes yazmış, uzun illər Vladiqafqazda hüquqşünas işləmiş Tajuttin Penzullayev və b. aydınlar doğulub boya-başa çatmışlar. Bu kənddə oxumuşların adlarını da əlavə etsək böyük bir siyahı yaranar.
Azərbaycan Xalq Cümhuriyyətinin naziri olmuş Rəşid xan Zabit oğlu Qaplanov da 1883-cü ildə Yaxsayda doğulmuşdur. Mədrəsəni bitirdikdən sonra Vladiqafqazdakı realnı gimnaziyada oxumuşdur. Sonra Parisə gedərək Sarbon Universitetinin hüquq fakültəsinə qəbul olunmuşdur. 1910-cu ildə universiteti bitirəndə onu Istanbula Darülfününda işə dəvət etmişlər. R.Qaplanov 1913-cü ilədək orada müəllim işlədikdən sonra yenidən Vladiqafqaza gələrək dairə məhkəməsi sədrinin köməkçisi işləmişdir.
Rusiya əsarətində olan Dağlı xalqlarını, eləcə də türk-müsəlman xalqlarını azad və firavan görmək istəyən R.Qaplanov ölkədə baş verən hadisələrə müşahidəçi kimi baxa bilməmiş, Rusiyada gedən siyasi proseslərdə fəal iştirak etmiş, Quzey Qafqaz xalqlarının müstəqil dövlətlərini qurması üçün əlindən gələni əsirgəməmişdir. Çərkəz-Dağıstan və Quzey Qafqaz Dağlı Xalqları Ittifaqı Respublikası hökumətlərində müxtəlif nazir vəzifələrində çalısmışdır. Rusiyanın hərbi qüvvələri gənc hökuməti dağıtdıqdan sonra, yəni 1919 ilin əvvəllərində R.Qaplanov Bakıya gələrək Azərbaycan Xalq Cümhuriyyətində Nəsib bəy Yusifbəylinin martın 14-də təşkil etdiyi 4-cü hökumətdə maarif və dini etiqad naziri vəzifəsinə təyin olunmuşdur.
Vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirən R.Qaplanov nazir işlədiyi dövrdə ana dilində məktəblər açılmış, dərsliklər, tədris proqramları yaradılmışdır. Hazırki Bakı Dövlət Universitetinin açılmasında yaxından iştirak edən R.Qaplanov nazir vəzifəsini yerinə yetirməklə yanaşı, universitetdə “Osmanlı ədəbiyyatı tarixi”ndən dərs demişdir.
Onun işgüzarlığını, işinə məsuliyyətlə yanaşmasını dəyərləndirərək Azərbaycan Xalq Cümhuriyyətinin 5-ci hökumətdə də maliyyə naziri təyin etmişlər. R.Qaplanov dövriyyəyə buraxılan pulların qiymətdən düşməməsi və devalvasiyaya uğramaması üçün böyük səy göstərmişdir. 1920-ci il fevralın əvvəlində Bakı bonlarının Zaqafqaziya pullarının dəyişdirilməsini dayandırmaq haqqında, 1920-ci ilin aprelində Batuma ixrac edilən neft və neft məhsulları üçün rüsumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sərəncam vermişdir.
Bolşeviklər həmişəki kimi yenə də vədlərinə əməl etməyərək 1920-ci ilin aprelində Azərbaycanı işğal etdikdə kütləvi həbslərə başlamışlar. Beləcə iyun ayında keçmiş nazir, peşəkər hüquqşünas R.Qaplanov da Bakıda həbs olunmuşdur. Onu əvvəlcə Vladiqafqaza, sonra isə Moskvaya göndərmişlər.
R.Qaplanov kimi savadlı və vicdanlı kadra bolşeviklərin böyük ehtiyacı olduğundan həbsdən azad olduqdan sonra onu Moskvadakı Şərq Xalqları Universitetində işə götürmüşlər. Universitetdə “Osmanlı imperiyası tarixi”ndən dərs deyən və vəkil kimi fəaliyyət göstərən R.Qaplanovun mühazirələrini dərslik kimi çap etmişlər. Xoş görünən bu münasibət o qədər də uzun sürməmişdir. 1937-ci ildə onu da həbs etmişlər.
Qumuq yazıçı və şairlərinin yetişməsində Yaxsay kəndi ilə yanaşı Töben Qazanış kəndinin də rolu az olmamışdır. I.Ibrahimov, T.Biybolatov, N.Xanmurzayev, A.Abakarov, A.H.Tatamov, A.M.Məcidov, M.Ş.Minatullayev, A.Hamidov, M.H.Xalilov, A.Zalimxanov, N.Muhammadov və b. ədiblər bu kənddə dünyaya gəlmişlər. Bu onu göstərir ki, həmin kəndlərdə ədəbi mühit formalaşmışdır. Ədəbi mühitin formalaşmasında oradakı mədrəsələrin də rolu böyük olmuşdur. Əslində mədrəsələr təhsil ocağı olmaqla yanaşı, bir elmi mərkəz, ədəbi məclis rolunu da oynamışdır.
Dostları ilə paylaş: |