5. Yanaşı gəlir və xərclərə düzəliş edilməsi
Xüsusi bazarlar "üçüncü şəxsin effekt"inə uyğunlaşmaq qabiliyyətində deyildir. Nəticədə əgər yanaşı xərclər çox yer tutarsa, onda daha çox mal istehlak olunur, axı istehlakçılar bütün xərcləri ödəmədiyindən mallar onlara ucuz başa gələcək. Əgər yanaşı faydalar çox olarsa, həmin maldan az istehsal olunacaq, çünki yanaşı fayda əldə edən insanlar onların haqqını ödəmirlər.
Bazarın dayanıqsızlığına gətirib çıxaran bu halları aradan qaldırmaq məqsədilə dövlət istehsala və istehlaka vergilər tətbiq edir. Yanaşı effektləri daha yaxşı başa düşmək üçün bir misala müraciət edək. Tutaq ki, Əhmədin ailəsi böyük torpaq ərazisinin sahibidir. Onların gözəl və rahat evi var. Ətrafında güllər səliqə ilə əkilmiş və təmizlik hökm sürür. Lakin, bütün torpaq sahəsini əkib-becərmək çətin olduğundan onlar torpağın bir hissəsini satmaq qərarına gəlirlər.
Əhmədin ailəsi zibili həmişə məhv edir. Bəzən onu doldurmağa xəndək qazır, bəzən isə yandırır. Yeni qonşu özünü çox pinti göstərir, zibili düz hasarın yanına tökür. Çox keçmir ki, evin ətrafı ərzaq tullantıları, qarpız, yemiş qabıqları ilə çirklənir və çox pis iy verir. Ətrafı milçək və ağcaqanadlar bürüyür. Əhmədin qonşusu ilə danışıqları baş tutmur, o öz bildiyini edir və bunu onunla əsaslandırır ki, torpaq onundur və nə istəsə onu da edə bilər. Əgər belə bir hal "təmiz" və "səliqəsiz" sakinləri olan kənddə baş verərdisə, onda necə olardı? Bu zaman kəndin kim tərəfindən və nə qədər çirkləndiyini müəyyənləşdirmək çətindir. Problemin həlli məqsədilə bütün sakinlər arasında maliyyə sövdələşməsini həyata keçirmək mümkün deyil və bunun üçün dövlətin qayda müəyyənləşdirməsi tələb olunur. Çirklənmənin əksər problemləri hava, dəniz, çay, meşə və sahibi xüsusi şəxslər olmayan digər resurslarla bağlıdır. Ətraf mühitin çirklənməsi - yanaşı effektin klassik nümunəsidir. Bununla bağlı başqa hallar da vardır, məsələn, siqaret çəkənlərin vurduğu ziyanlar. Bundan siqaret çəkməyənlərə də zərər düşür. Və yaxud alkoqollu içkilərdən istifadəyə görə xərclər. Bunu da keflilərin qurbanı olan ayıq insanlar ödəməyə məcburdurlar. Yanaşı faydaya misal kimi aşağıdakıları göstərmək olar. Qripə qarşı peyvənddən hamının faydalanması mümkündür. Bu proseduranı keçən insanların xəstələnmək şansı azalır. Və yaxud insanların orta təhsil səviyyəsinin yüksəlməsi cinayətkarlığın azalmasına gətirib çıxarır.
Dostları ilə paylaş: |