Firmanın təşkili
Firmanın yaradılması təsisçi adlanan şəxs tərəfindən həyata keçirilir. Təsisçi kimi vətəndaş da, müəssisə də çıxış edə bilər. Təsisçilər yaratdıqları müəssisələri qeydiyyatdan keçirmək üçün tələb olunan bütün sənədləri qanuna müvafiq surətdə hazırlayırlar. Onlardan ən başlıcası təsis müqaviləsi və nizamnamədir. Təsis müqaviləsi təsisçilərin hüquq və öhdəliklərini tənzimləyir. Burda təsisçilərin adı, onların öhdəliklərinin bölgüsü, onlardan hər birinin qoyduğu payların həcmi və s. göstərilir.
Nizamnamə bütün səhmdarların hüquq və öhdəliklərini tənzimləməklə yanaşı firmanın əsas fəaliyyət prinsiplərini də müəyyənləşdirir, xüsusilə də, firmanın adını, onun fəaliyyətini, vəzifə və məqsədlərini, yerləşdiyi yeri, nizamnamə kapitalının həcmini, səhmlərin növlərini və onların nominal dəyərini, idarəetmə orqanlarının strukturunu, qərarların qəbulu proseduralarını, mühasibat uçotunun aparılması, mənfəətin bölüşdürülməsi qaydalarını tənzimləyir.
Firmanın qeydiyyatı məcburi xarakter daşıyır və müxtəlif məqsədlərə xidmət edir. Belə ki, bu zaman:
- firmaların yaranması və ləğvi ilə bağlı dövlət nəzarəti həyata keçirilir;
- kommersiya fəaliyyətində qeyri-qanuni amillər aşkar olunur;
- vergiqoyma həyata keçirilir.
Qeydiyyat dövlət reyestrinə salınma yolu ilə aparılır. Qeydiyyat yeri və qaydaları müxtəlif ölkələr üzrə fərqlidir və dövrü olaraq dəyişə bilər.
Məsələn, bizim respublikada 90-cı illərin əvvəllərində bu iş hər bir inzibati rayonun icra hakimiyyətinə həvalə olunmuşdursa, hazırda qeydiyyat məsələləri ilə bütövlükdə Ədliyyə Nazirliyi və onun bölgələr üzrə nümayəndəlikləri məşğul olurlar.
Firma adı özündə bəzən onun bir və ya bir neçə sahibinin adını əks etdirir. Məsələn, "Ford", "Kraysler", "Fillps", "Dovqan". Firmalarının adı fəaliyyətin xarakterini də özündə əks etdirə bilər: məsələn, «Ceneral Motors», «Coca-Cola» və s.
Firma adı birləşmənin xarakterini də göstərməlidir. Məsələn, Səhmdar Cəmiyyətlər bizdə SC ilə, Fransada, Belçikada, İspaniya və İtaliyada "SA", Almaniyada "AG" ilə ifadə olunur. Və ya məhdud məsuliyyətli cəmiyyət Azərbaycanda "MMC", Rusiyada "OOO", Britaniyada "LTD" ilə işarələnir.
Dostları ilə paylaş: |