İqtisadi sistemlər
XVI- XVIII əsrlərdə əksər Avropa ölkələri merkantilizm iqtisadi nəzəriyyəsinin təsiri altında idi.
Merkantilistlər hesab edirlər ki, ölkə, eləcə də onun əhalisi nə qədər çox qızıl ehtiyatına malikdirsə, dövlət bir o qədər də sərvətli, əhali isə varlı hesab olunmalıdır.
Onların gəldiyi nəticəyə görə hökumət elə qanunlar qəbul etməlidir ki, sənaye və ticarəti müdafiə edə bilsin və beləliklə də ölkə aldığından çox satmaq imkanı qazansın. Bu zaman ölkə satdığı malın müqabilində qızıl və gümüş qazanar ki, bu da pul ehtiyatını artırar və son nəticədə də millətin yaşayış səviyyəsi yüksələ bilər.
Bu nəzəriyyə müstəmləkələrin meydana gəlməsinə şərait yaratdığından, Avropanın başlıca dövlətləri yeni ərazilər işğal etməyə və onların ucuz işçi qüvvəsini və xammalını istismar etməyə meyl göstərirdilər.
XVIII əsrdə bir qrup fransız iqtisadçıları fərqli nəzəriyyə təklif etdilər. Onların fikrincə, real sərvət torpaqda, daha doğrusu kənd təsərrüfatında yaranır. Ona görə də, hökumət biznesin tənzimlənməsi sahəsində heç bir iş görməməli və hadisələrin inkişafını təbii amillərin öhdəsinə buraxmalıdır. Bu dövrdə iqtisadi problemlərin həllinə dövlətin qarışmaması ideyasına üstünlük verənləri fiziokratlar adlandırırdılar.
İqtisadi inkişafın müxtəlif dövrlərində mövcud olmuş nəzəriyyələrin heç biri iqtisadiyyatın qarşısında duran başlıca vəzifəni -istehsal amillərinin bölüşdürülməsinin daha səmərəli qaydalarının seçilməsi və məhdud imkanlar problemini həll edə bilməmişdir.
Cəmiyyət bu məsələni həll etməzdən əvvəl iqtisadiyyatın üç əsas sualını cavablandırmalıdır.
Dostları ilə paylaş: |