Rəqabət baxımından bazarlar aşağıdakı formada fərqləndirilir:
1. Mükəmməl bazar (xalis rəqabətli);
2. İnhisar rəqabətli;
3. Oliqopoliya;
4. İnhisar.
Onların hər birini ayrı-ayrılıqda xarakterizə edək.
XALİS RƏQABƏTLİ (MÜKƏMMƏL) BAZAR
Bazarın birinci tipi olan xalis rəqabətli bazarda eyni adlı məhsul istehsal edən və satan çoxsaylı kiçik müstəqil firmalar çıxış edir.
İstehlakçılar istənilən halda onlara lazım olan malları, daha doğrusu, istehsalçıdan eyni adlı və oxşar qiymətli məhsulları alır. Bütün hallarda, ayrıca götürülmüş xırda istehsalçı bazar (tarazlıq) qiymətinə, heç cür təsir göstərə bilmir. Əgər o öz malının qiymətini əhəmiyyətli dərəcədə qaldırarsa, sadəcə olaraq onun malı nadir hallarda satılacaq, çoxlu sayda istehlakçılar malı almaqdan imtina edərək, başqa dükanlarda daha ucuz qiymətə satılan məhsullara üstünlük verəcək. Onların fəaliyyəti heç cürə bütövlükdə bazar qiymətinə təsir göstərə bilmir. Çünki, belə firmaların istehsal etdikləri və yaxud, satdıqları məhsulların oxşar mallar üzrə ümumi yekunda xüsusi çəkisi cüzi payı ifadə edir. Əgər, xalis rəqabət şəraitində istehsalçı qiymətləri əhəmiyyətli dərəcədə aşağı salarsa, bu halda da onun qərarı bazarın tarazlıq qiymətinə heç cürə təsir göstərə bilməyəcək. Nəticədə, sadəcə olaraq onun ucuz qiymətə təklif etdiyi malları tez bir zaman ərzində satılıb qurtaracaq və sahibkar kiçik mənfəətlə qənaətlənir.
Belə tip bazara giriş və çıxış sərbəstdir. Daha doğrusu, eyni məhsul istehsal edən yeni müəssisə asanlıqla yarana və bağlana bilər. Çünki bu bazarda heç kim onların fəaliyyətinə əngəl törədə bilmir. Mükəmməl bazarda "qeyri-qiymət" rəqabəti mövcud olmur. Praktiki olaraq bütün firmalar oxşar məhsul istehsal edib, müxtəlif qiymətə satdığına görə onlar arasında rəqabət yalnız məhsulların qiyməti ətrafında gedir.
Xalis rəqabətli bazarda ayrıca firmalar öz qiymətlərini təyin edərkən bazardakı tarazlıq qiymətini nəzərə almağa məhkumdurlar. Bu bazara giriş və çıxış asandır.
Dostları ilə paylaş: |