İkinci hissə Peyğəmbərdən sonra PEYĞƏMBƏRİN REHLƏTİ (DÜNYASINI DƏYİŞMƏSİ)
Həzrət Peyğəmbər həccətul-vida (son həcc) səfərindən qayıtdıqdan sonra Üsamə ibn Zeydin komandanlığı altında qoşun hazırlayıb Şama, din düşmənləri üzərinə göndərdi. Həzrət öz həyatının son günlərini yaşadığını bildiyindən həzrət Əlinin (ə) Qədire-Xumda elan olunmuş canişinliyinə müxalifəti zərərsizləşdirmək üçün mühacir və ənsarları, eləcə də, Əbu-Bəkr, Ömər və Əbu-Übeydəyə Üsamənin qoşunu ilə getmək əmri verdi. Həzrət istəyirdi ki, bu adamlar onun vəfatı zamanı Mədinədə olmasınlar. Amma tarixçilərin yazdığına görə, adı çəkilən şəxslər həzrətin göstərişindən çıxıb, Üsaməyə qoşulmadılar.
Həmin günlərdə həzrət xəstələndi, əvvəlcə Ümmü-Sələmənin, sonra isə Aişənin evində yataq xəstəsi oldu. Müsəlmanlar həzrətin görüşünə gəlir və o da görüşə gələnlərə nəsihət verirdi. Həzrət xüsusi ilə öz itrəti, ailəsini müsəlmanlara tapşırırdı.
Həmin günlərdən birində həzrət xəstə halda məscidə namaza getdiyi vaxt Əbu-Bəkr və Öməri gördü və onların Üsamə ilə getməməlirinin səbəbini soruşdu. Əbu-Bəkr dedi: «Mən Üsamənin qoşununda idim. Qayıtdım ki, sizin halınızdan xəbər tutum». Ömər isə belə dedi: «Mən sizin halınızı başqalarından soruşmayıb, özüm xəbər tutmaq üçün qoşunla getmədim».
Həzrət Peyğəmbər (s), onlara Üsamənin qoşununa çatmağı tapşırdı və bu göstərişini üç dəfə təkrarladı. Bununla belə həmin iki şəxs həzrətin göstərişini yerinə yetirmədilər.1
Həzrətin xəstəliyi günbəgün ağırlaşırdı. Müsəlmanlar öz Peyğəmbərlərinin vəziyyətinə görə narahat idilər. Həmin günlərdən birində səhabələr Peyğəmbərin xidmətində olarkən həzrət buyurdu: «Mürəkkəb və kağız gətirin, məndən sonra yolunuzu azmamağınız üçün bir şey yazım». Ömər dedi: «O sayaqlayır, özündə deyil. Allahın kitabı bizim üçün bəsdir». Bu vaxt məclisdəkilər səs-küy qaldırdılar. Həzrət Peyğəmbər buyurdu: «Qalxın və bayıra çıxın. Mənim hüzurumda mübahisə etməyiniz yaxşı deyil».2
Şübhəsiz ki, Ömər Peyğəmbərin Əlinin canişinliyi haqqında göstəriş verəcəyini bilirdi. Buna görə də mürəkkəb və kağız gətirilməsinə mane oldu. İbn-Abbasın nəql etdiyi hədisə əsasən Ömər etiraf etmişdir ki, Peyğəmbərin Əlinin (ə) canişinliyi haqqında yazacağını hiss edibmiş. («Şərhe-nəhcül-bəlağə» İbn Əbül Hədid 1-ci cild, səh. 134).
Həmin vaxt Ömərdən soruşan olmadı ki, məsum bir şəxsin sayaqlamasını dilinə necə gətirir?! Yalnız Allahın dediklərini insanlara çatdıran Peyğəmbər haqqında belə sözlər demək olardımı? Axı Allah-təala Qurani-Kərimdə buyurur ki, o öz könül istəyi ilə danışmır. İkincisi, Ömər xalqın xeyrini Peyğəmbərdən yaxşımı bilirdi?! Onun bütün bu hərəkətlərindən məlum olur ki, həzrətin məqamını düzgün tanımamışdır. Böyük sünni alimi Qütbəddin Şafii Şirazi «Kəşful-ğüyub» kitabında yazır ki, həmin gün Ömərin Peyğəmbərlə bağlı dediyi sözlər təəccüb doğurur; onun Quran olan yerdə rəhbərə ehtiyac olmadığını iddia etməsi tibbi kitab olan yerdə həkimə ehtiyac olmaması kimi bir şeydir. Əlbəttə ki, belə bir məntiqi qəbul etmək olmaz.
Qurani-Kərimə hər kəs öz düşüncə tərzi ilə yanaşa bilməz. Bu işdə mütəxəssislərin rəyi əsas götürülməlidir.1 Həqiqi kitab elm əhlinin köksüdür. Bu məsələ «Ənkəbut» surəsinin qırx səkkizinci ayəsində də təsdiqlənilir. Bu səbəbdən də Əli buyurur: «Mən Allahın natiq kitabıyam».2
Həzrət Peyğəmbərin xəstəliyi gücləndi və o hicri on birinci il səfər ayının axırlarında (bəzi mənbələrin bildirdiyinə görə rəbiül-əvvəl on ikisində) bir ömür mücahidələrdən sonra altmış üç yaşında dünyasını dəyişdi. Həzrət Əli (ə) Abbas və başqa bir neçə haşimi ilə həzrətin cənazəsinə qüsl verib, onu kəfənlədilər. Həzrət Peyğəmbər dünyasını dəyişdiyi yerdə dəfn olundu.
Dostları ilə paylaş: |