HƏZRƏT ƏLİNİN (Ə) ŞƏHADƏTİ
Həzrət Əli (ə) Nəhrəvan döyüşünü başa vurduqdan sonra Kufəyə qayıtdı və Şama hücum haqqında düşünməyə başladı. Əyalət hakimləri həzrətin fərmanına uyğun olaraq imkan həddində könüllü toplayır və təchiz olunmuş dəstələri imamın xidmətinə göndərirdilər.
Nəhayət, hicri 40-cı il şəbanın axırlarında əyalətlərdən göndərilən qüvvələr Kufəyə daxil olub, Nuxəylə düşərgəsinə qatıldılar. Həzrət Əli (ə) səfərbər olmuş qüvvələri hərbi nizama saldı. Həzrət gecə-gündüz çalışmaqla döyüşçülərin zəruri ehtiyaclarını ödəyirdi. Qəlbləri Müaviyə, xüsusi ilə də Əmr Asın hiylələri səbəbindən kinlə dolmuş sərkərdələr həzrətə kömək edirdilər. Nəhayət, hicri 40-cı il, mübarək ramazan ayının ikinci yarısında həzrət Əli (ə) bir xütbə ilə döyüşçülərin qəlbini riqqətə gətirib, onları Şama doğru hərəkət üçün hazırladı. Amma təqdir onun üçün başqa bir tale müəyyənləşdirmişdi.
Xəvaric fərariləri Məkkəni özləri üçün əməliyyat mərkəzi seçmişdilər. Əbdürrəhman ibn Mülcəm, Bərk ibn Abdullah və Əmr ibn Bəkr adlı üç xəvaric bir gecə əyləşib müsəlmanların keçmişi haqqında söhbət edirdilər. Söhbətin sonunda onlar belə bir qərara gəldilər ki, tökülən qanlarda Müaviyə, Əmr As və Əli (ə) günahkardır. Onların fikrinə görə əgər bu üç şəxs aradan götürülərdisə, müsəlmanlar rahatlığa çıxardılar. Nəhayət, həmin üç xəvaric belə bir razılığa gəlib and içdilər ki, hərəsi həmin üç şəxsdən birini öldürsün. İbn Mülcəm həzrət Əlini (ə), Əmr ibn Bəkr Əmr Ası, Bərk ibn Abdullah isə Müaviyəni öldürməyi öhdəyə götürdü. Onlar qılınclarına öldürücü zəhər çəkib qərarlarını həyata keçirmək üçün ramazan ayının on doqquzuncu gecəsini seçdilər. Hərə öz vəzifəsini icra etmək üçün yola düşdü. Əmr ibn Bəkr Misirə, Bərk ibn Abdullah Şama, İbn Mülcəm isə Kufəyə getdi.
Bərk ibn Abdullah qədr gecəsi Şam məscidində səcdəyə getmiş Müaviyəni yalnız yaralaya bildi. Ağır yaralanmış Müaviyə yatağa düşdü. İbn Abdullahı onun yanına gətirdilər. Müaviyə dedi: «Sən hansı cürətlə bu işi gördün?» İbn-Abdullah dedi: «Əmr məni bağışlasa, ona müjdə verərəm». Müaviyə soruşdu: «Məqsədin nədir?» Bərk dedi: «İndicə Əlini də öldürdülər». Müaviyə bu xəbərin düzgünlüyünü yoxlayanadək, onu zindana saldı. Verilən xəbərin düzgün olduğu sübuta yetdikdən sonra Müaviyə ibn Abdullahı azad etdi». (bəzi rəvayətlərə görə Müaviyə onun boynunu vurdurdu).
Müaviyəni müayinə edən həkim dedi: «Əgər əmir övlad istəmirsə, onun yarasını dərmanla müalicə etmək olar. Yox əgər övlad istəyirsə, yara yeri qızdırılmış dəmirlə dağlanmalıdır». Müaviyə dedi: «Qızdırılmış dəmirə dözümüm yoxdur. İki oğul mənə bəs edər».
Əmr ibn Bəkr də öz növbəsində gecə yarı Misirdə məscidə gedib, öz məqsədini həyata keçirmək istədi. Amma Əmr As şiddətli qızdırma içində olduğundan məscidə gələ bilmədi və oğlunun məsləhəti ilə şəhər qazisini camaat namazına göndərdi.
Namaz başladıqdan sonra birinci rəkətdə qazi səcdəyə gedərkən Əmr ibn Bəkr bir zərbə ilə onu qətlə yetirdi. Məsciddə hay-küy qopdu. Namaz yarıda qaldı, qatil misirlilərin əlinə keçdi. Camaat onu Əmr Asın ağır əzabları ilə qorxutduqları vaxt Əmr ibn Bəkr təəccüblə soruşdu: «Məgər Əmr As ölməyib?» Camaat ona bildirdi ki, onun öldürdüyü şəhər qazisi olub.
Əmr qazini nahaqdan öldürdüyü və məqsədini həyata keçirə bilmədiyi üçün ağlamağa başladı. Əmr As ondan ağlamasının səbəbini soruşduqda dedi: «Mən öz həyatım üçün ağlamıram. Təəssüf edirəm ki, qazini öldürmüşəm, sən isə sağ qalmısan. Heyf ki, dostlarım öz işini yerinə yetirdi, mən isə yox». Əmr As bu əhvalatı ondan soruşdu. Əmr dostları ilə birlikdə hazırladığı plandan danışdı. Əmr As göstəriş verdi ki, onun boynunu vursunlar. Bəli, Əmr Asın və Müaviyənin qətli planı baş tutmadı.
Əbdürrəhman ibn Mülcəmin taleyi başqa oldu. Bu şəxs hicri qırxıncı il şəban ayının axırlarında Kufəyə çatdı. Kimsə onun məqsədindən xəbərdar deyildi. İbn-Mülcəm tanışlarından birinin evində qalıb, mübarək ramazan ayının on doqquzuncu gecəsini gözləməyə başladı. Bir gün dostlarından birinin görüşünə gedərkən orada Qutam adlı gözəl bir qadınla rastlaşdı. Bu qadının atası və qardaşı Nəhrəvan döyüşündə öldürülmüşdü. İbn-Mülcəm bu qadınla ilk görüşdə onun gözəlliyinə aldandı və eşqini elan etdi. Qutam dedi: «Mənə mehriyyə nə verəcəksən?» İbn-Mülcəm dedi: «Hər nə istəsən». Qutam dedi: «Mənim mehriyyəm üç min dirhəm pul, bir kəniz, bir qulam və Əli ibn Əbu-Talibin qanıdır». Necə də ağır bir mehriyyə! Şair bu barədə deyir:
Dostları ilə paylaş: |