Qatarların hərəkət qrafikinin əhəmiyyəti
Hərəkət qrafiki qatarların hərəkətinin əsasıdır. Qrafik stansiyaların, lokomotiv və vaqon depolarının, yol, işarəvermə və rabitə distansiyalarının işini əlaqələndir. Hərəkət qrafiki qatarların qəbul edilməsi, göndərilməsi və dayanacaqsız buraxılması vaxtlarını, mənzillər üzrə hərəkət müddətini, lokomtivlərin son stansiyalarda dayanacaqlarını müəyyən edir. Qrafik əsasında qatarların hərəkət cədvəli tərtib edilir. Hərəkət qrafiki qatarların hərəkətinin üfüqi zaman və şaquli məsafə koordinat oxlarında qrafiki təsviridir. Qatarların hərəkətinin qrafiki təsviri onların sahələr üzrə minimum dayanacaqlarla, yəni yüksək sürətlərlə təhlükəsiz hərəkətini təmin edir.
Hərəkət qrafikinə aşağıdakı tələblər irəli sürülür: sərnişinlərin və yüklərin böyük sürətlə daşınmasının təmin edilməsi; sərnişinlərin gedişi üçün əlverişli şəraitin yaradılması; lokomotivlərdən, vaqonlardan, dəmir yollarının qatarburaxma və stansiyaların emaletmə qabiliyyətindən yüksək istifadə səviyyəsi; lokomotiv briqadalarının fasiləsiz iş normalarına riayət edilməsi; vaqonların stansiyalarda emalının və sahələr üzrə işə buraxılmasının sürətləndirilməsi; hərəkətin təhlükəsizliyinin və daşımaların səmərəliliyinin təmin edilməsi.
Qrafikdə yolun, tikililərin, İMB və rabitə qurğularının cari təmiri üçün vaxt nəzərdə tutulmalıdır. Hərəkət qrafiki tərtib edildikdən sonra bir sıra istismar göstəriciləri təyin edilir: texniki və sahə sürəti, qatarların dayanacaqlarının sayı, lokomotivlərin orta sutkalıq yürüşü və s. bu göstəricilər sahələrin texniki təchizatı ilə yanaşı, hərəkətin təşkili üsulundan, yəni qrafikin tipindən də asılıdır.
Dostları ilə paylaş: |