İMAMLARIN MƏ’SUM VƏ GÜNAHSIZ OLMASI
İşarə:
Xəta, səhv, unutqanlıq və günahdan uzaqlıq ilahi imamların ümumi səciyyələridir. Həqiqətdə, imamların məs’uliyyətləri peyğəmbərlərin məs’uliyyətlərinə yaxın olduğundan, peyğəmbərlərin mə’sum və günahsızlığına dəlalət edən bütün imtiyazlar onlara da aiddir. Düzdür, şəriət sahibi Peyğəmbəri-əkrəmdir (s) və birbaşa vəhylə əlaqə saxlayır. Lakin imamlar da onun şəriətini qoruyur. Hərçənd, onlara vəhy nazil olmur. Onlar insanların hidayəti, ilahi hökmlərin icrası və dini maarifin kamil şəkildə çatdırılmasında Peyğəmbərin (s) ardınca hərkət edirlər. Buna görə də imamlar Peyğəmbərlə (s) əksər xüsusiyyətlərdə müştərəkdir və bir-birinə bənzəyirlər. Buna əsasən, peyğəmbərlərin isməti ilə əlaqədar bütün dəlillər mə’sum imamlara da aiddir.
***
Söhbətə bu barədə nazil olan Qur’an ayələrindən bir neçəsinə istinad etməklə başlayırıq:
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
“Həqiqətən, Allahın istək və iradəsi budur ki, siz Əhli-beytdən çirkinliyi uzaqlaşdırsın, sizi (hər cəhətdən) pak-pakizə etsin!”2
Ötən bəhslərdə imamət və vilayət məqamının əzəmət və böyüklüyü haqda İbrahim peyğəmbərin əhvalatını açıqlayan “Bəqərə” surəsinin 124-cü ayəsini qeyd etdik. Dedik ki, Allah-taala o böyük peyğəmbəri bir çox ağır sınaqlara çəkəndən və Həzrət də onların öhdəsindən layiqincə gələndən sonra buyurdu: “Həqiqətən, Mən səni insanlara imam tə’yin etdim.” (Burada “imamət” bəşərin cisminə, canına, ruhuna və tə’lim-tərbiyəsinə rəhbərlik mə’nasındadır!) İbrahim (ə) da övladlarının bu məqama yiyələnməsini istədikdə, Allah-taala şərti cavab verərək buyurdu: “Mənim (imamət) əhdim zülmkarlara çatmaz!” (Yə’ni sənin övladlarından yalnız pak və mə’sum olanlara bu məqam veriləcək!)
Bu ayənin düzgün təfsiri imamların və ilahi rəhbərlərin mə’sum və günahsız olduğunu göstərir. Əqidəsi şirk və küfrlə dolu olan, yaxud əməllərində zülm və haqsızlıq görünənlər bu məqama layiq deyillər. Çünki zülm geniş mə’nada həm şirk, küfr və əqidə azğınlığına, həm də başqalarına, eləcə də, bir şəxsin günah etməklə özünə rəva gördüyü haqsızlığa da şamil olur. Bir sözlə, Qur’ani-kərim baxımından imamlıq və ilahi rəhbərlik şərtlərindən biri ismət və günahsızlıqdır.
Burada yenidən “Təthir” ayəsinə qayıdır və bu ayədə açıqlanan ismət məsələsini araşdırırıq:
Bu ayə Peyğəmbərin (s) zövcələrindən söz açan ayələrin arasında yerləşsə də fərqli tona və mühüm bir hədəfə malikdir. Çünki ondan əvvəl və sonrakı bütün ayələrin əvəzlikləri qadın cinsinin cəm, (bu ayədə isə kişi cinsinin cəm formasında) işlənmişdir. Bu ayənin başlanğıcında Peyğəmbərin (s) zövcələrinə göstəriş verilir ki, öz evlərində otursunlar, cahillik dövrünün adət-ən’ənələrinə uyğun camaat arasına çıxmasınlar, iffətlərini qorusunlar, namaz qılıb zəkat versinlər, Allaha və Rəsuluna tabe olsunlar. Ayədəki altı əvəzliyin hamısı qadın cinsinin cəm formasındadır. Sonra isə ayənin üslubu və deyiliş tərzi dəyişir və buyurulur:
إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَيُطَهِّرَكُمْ تَطْهِيرًا
“Allah siz Əhli-beytdən çirkinlik və günahı uzaqlaşdırıb, sizi tamamilə pak-pakizə qərar vermək istəyir!”
Ayənin bu hissəsindəki əvəzliklərin hər ikisi kişi cinsinin cəm formasındadır. Adətən, hər bir ayənin əvvəli ilə axırı eyni bir məsələni bəyan edir. Lakin bu o zaman baş verir ki, ona qarşı dəlil olmasın. Belə isə ayənin bu hissəsinin də Peyğəmbər (s) zövcələrinə aid olduğunu deyənlər yanılırlar. Çünki ayənin hissələri arasındakı zahiri fərq tam aydındır və əvəzliklər də bir-birindən fərqlənir. Bundan əlavə, şiə və sünni alimləri Peyğəmbəri-əkrəmdən (s) çoxlu rəvayət nəql etmişlər. Hər iki firqənin məşhur və məqbul mənbələrində bu fakt müşahidə olunur. Bütün bu rəvayətlərə görə, hazırkı ayə İslam peyğəmbərinin (s) zövcələrinə yox, yalnız Həzrətin özünə, imam Əliyə (ə), Fatiməyə (ə.s), imam Həsənə (ə) və imam Hüseynə (ə) aiddir. (Bu barədə geniş izahat veriləcək.)
Rəvayətləri araşdırmazdan öncə “Təthir” ayəsində işlədilən söz və ifadələri şərh etmək zəruri görünür:
“İnnəma” sözü adətən, “həsr və inhisar” üçün işlədilir və dilimizdə “yalnız”, “ancaq” və “təkcə” mə’nalarını bildirir.
“Yuridu” (Allah istəyir, iradə edir) fe’li Allahın “təkvini” iradəsini bildirir. Yə’ni Allah-taala qəti qərar vermişdir ki, Əhli-beyti bütün çirkinliklərdən pak və uzaq etsin. Burada məqsəd “təşrii” iradə ola bilməz. Çünki “təşrii” iradə onların çirkinliklərdən qorunmağa vəzifəli olduğunu bildirəcək. Bu isə təkcə Peyğəmbər (s) Əhli-beytinin yox, bütün müsəlmanların vəzifəsidir.
Bə’zilərində belə təsəvvür oyana bilər ki, “təkvini” iradə bir növ məcburiyyət yaradır və bu iradə əsasında mə’sumluğun heç bir fəziləti yoxdur.
Burada qısa şəkildə deməliyik ki, mə’sumlar iki növ məqama malikdirlər: “zati məqam” və “iktisabi (əməllərlə qazanılan) məqam”. Bunların heç biri onların ixtiyarsız olduğunu göstərmir. Başqa sözlə, ilahi iradə uca məqama nail olmaq və müvəffəqiyyət üçün zəmin hazırlayır. Onları qazanmaq isə mə’sumların öz iradəsindən asılıdır. Onların günahı tərk etməsi cəbri yox, iradi hissə əsaslanır. Məsələn, bir din aliminin şərabı özü ilə məscidə aparıb, camaatın qarşısına çıxaraq içməsi qeyri-mümkündür. Lakin bu iş zatən qeyri-mümkün deyil. Onun adi və ixtiyari qeyri-mümkün sayırıq. Ağıllı bir insan heç vaxt küçə-bazara çılpaq vəziyyətdə çıxmaz. Amma onun belə bir iş görməsi qeyri-mümkün deyil. Onun abır-həyası, düşüncə və mə’rifəti bu işə yol vermir. Amma həmin işin yerinə yetirilməsi, yaxud tərki onun öz ixtiyarındadır. Peyğəmbər və imamların da günahları tərk etməsi bu qəbildəndir. Doğrudur ki, mə’sumluq və günahsızlıq ilahi yardım sayılır. Lakin ilahi yardımlar da hesab-kitabsız deyil. Qur’ani-kərimdə İbrahim (ə) haqda buyurulur ki, o həzrət ağır və mühüm sınaqlardan sonra yüksək imamət və rəhbərlik məqamına nail oldu.1
Ayədə qeyd olunan “rics” sözü lüğətdə “çirkin şey” mə’nasını bildirir. İstər insanın təbiətinə uyğun gəlməyən və nifrət doğuran şey, istər əqli və şər’i baxımdan çirkin şey, istərsə də hər bir çirkin şey. Rağib İsfahani “Müfrədat” kitabında “rics”i “çirkin şey” mə’nalandırdıqdan sonra (yuxarıda qeyd etdiyimiz kimi,) həmin dörd surəti qeyd edir (insanın təbiəti ilə uyğun gəlməyən, əqli və şər’i baxımdan, yaxud bütünlüklə hər bir çirkin şey).
Əgər bə’zi alimlər “rics”i “günah”, yaxud “şirk”, yaxud “batil əqidə”, yaxud da “paxıllıq və həsəd” kimi mə’nalandırmışlarsa, əslində bu sözün geniş mə’nada nümunələrini göstərmişlər. Ümumiyyətlə, ayədə qeyd olunan “ər-rics” sözündəki “əlif və lam” artiklinin ümumi cinsi bildirməsi ilə ayənin mə’nası belə olacaq: “Allah siz Əhli-beytdən hər növ çirkinliyi uzaqlaşdırıb, sizi pak-pakizə qarar vermək istəyir.”
“Və yutəhhirəkum təthirən” cümləsi (“təthir” sözünün “pak-pakizə etmək” mə’nasına diqqət yetirməklə) Əhli-beytin pak-pakizə və çirkinlikdən uzaq olmasına əlavə tə’kiddir. Məsdərin tə’kid formasında işlədilən “təthirən” sözü bu mə’nanı bir daha təsdiqləyir.
Nəticə: Allah-taala müxtəlif tə’kidlərlə İslam peyğəmbərinin (s) Əhli-beytini hər bir çirkinlik və aludəlikdən pak etdiyini bildirir. Şübhəsiz, ilk növbədə evin əsl sahibi Peyğəmbəri-əkrəmin (s) özüdür. Lakin Əhli-beytin kimlərdən ibarət olduğu haqda geniş izahata ehtiyac duyulur.
***
Dostları ilə paylaş: |