“İSMƏT” MƏSƏLƏSİLƏ BAĞLI İRADLAR
Peyğəmbər və mə’sum imamların “ismət”i ilə bağlı yaranan mühüm suallardan biri budur ki, “Onların mə’sumluğu məcburi yönə malik deyilmi? Əgər ismət məqamı xüsusi bəxş edilən ilahi bir hədiyyədirsə, peyğəmbər və imamlar günah edə bilmirlərsə, yaxud Allah-taala onları günaha çəkə bilən amillərin qarşısını alırsa, onda ismət məqamını necə fəzilət hesab etmək olarmı?”
Qısa şəkildə deyirik ki, mə’sumların ismətinin mahiyyəti araşdırılmadan qavrana bilməz. Onların belə misilsiz təqvası “zati” və “iktisabi” (kəsbi) yolla əldə olunan güclü iman, yüksək elm və bilikdən qaynaqlanır. Məsələn, savadlı bir həkim müxtəlif analizlər vasitəsilə mikrobla dolu olduğu sübuta yetən bir sudan içməz. Halbuki adi bir insanın bu işə əl atması təəccüblü deyil. Həkimin belə çirkli və mikroblu suyu içməməsi tamamilə ixtiyaridir. Burada onun qəti elmi bu işə səhlənkarlıqla yanaşmasına mane olur. O, belə hallarda iradə azadlığı baxımından mə’sum peyğəmbər və imamlara bənzəyir.1
***
Başqa bir sual: İmamlar öz kəlamlarında xəta və günah etdiklərini e’tiraf edirlərsə, onları necə mə’sum hesab etmək olar? Onlar öz dualarında Allahdan günahlarının bağışlanmasını istəyirlər. Bu istək onların mə’sum olmadığını göstərir. İmam Əmirəl-mö’minin Əli (ə) “Nəhcül-bəlağə”nin 216-cı xütbəsində buyurur:
اِنِّى لَسْتُ فِى نَفْسِى بِفَوْقِ اَنْ اُخْطِى وَلا آمَنُ ذالِكَ مِنْ فِعْلِى اِلاّ اَنْ يَكْفِىَ اللهُ مِنْ نَفْسِى ما هُوَ اَمْلَكُ بِهِ مِنِّى:
“Mən (bir insan kimi) özümü xəta və səhvə yol verməkdən üstün bilmirəm. Əgər Allah məni qorumasa, səhvdən amanda deyiləm!”2
Bu irad Qur’ani-kərimdə peyğəmbərlərin sərgüzəşti ilə bağlı bir sıra hallara da aiddir. Burada qısa şəkildə bir neçə məsələni açıqlamalıyıq:
1. Mə’sumlar əksər hallarda insanlara örnək və nümunə olaraq fikirlərini bildirmişlər. Onların kəlamları tə’lim xarakterlidir. Amma Alusi “Ruhul-məani” kitabında imam Əli (ə) barəsində bu iradı irəli sürdükdən sonra yazır: “Peyğəmbərin (s) bə’zi dualarının tə’lim xarakterli olması mə’lumdur, amma onu Əlinin kəlamlarına aid etmək çətindir!”1
Əlbəttə, bu tanınmış təfsirçi alimin sözləri yalnız təəssübkeşlikdən qaynaqlanır.
2. Mə’sumlar belə kəlamlarla demək istəyirlər ki, biz Allahın lütf və mərhəmətinə sığınmadan öz-özlüyümüzdə heçik! Bu ilahi yardım, müvəffəqiyyət və hədiyyələrlə günahlardan qorunuruq. Başqa sözlə, imam Əlidən (ə) nəql olunan kəlam əslində irad tutanların əksinə olaraq, ilahi lütf və mərhəmət sayəsində həzrətin mə’sum olmasına bir dəlildir. Çünki İmam (ə) demək istəyir ki, mənim özüm (Allahın yardımı olmadan) xəta və günahdan amanda deyiləm, bu mə’nəvi hədiyyə və günahdan çəkinmə hissi məhz Allahın yardımı sayəsindədir.
3. Adətən, ayə və dualarda gələn “günah” ifadələri “tərki-övla”dan ibarətdir. Başqa sözlə, bu, “həsənatul-əbrari səyyiatul-muqərrəbin” – ifadəsinin xarici nümunəsidir; yə’ni saleh insanların yaxşı əməlləri Allaha daha yaxın və müqərrəblər üçün günah sayılır. Bunu da qeyd etmək lazımdır ki, “tərki-övla”dan məqsəd vacib əməl yox, daha müstəhəb əməli mübah və ya müstəhəb bir əməllə əvəz etməkdir. Aydındır ki, üstün bir müstəhəb əməli tərk edib, başqa bir müstəhəb əməli yerinə yetirmək şəriətdə xilaf iş sayılmır. Sadəcə, “tərki-övla” adlanır. Lakin başqa şəxslərin belə işi nəinki xilaf deyil, əksinə müstəhəb və öz növbəsində fəzilətdir. İlahi insanlar isə bunu özləri üçün günah hesab edirlər.
İnsanın qıldığı adi namaz onun üçün məqbul və layiqli sayıldığı halda, böyük bir alim üçün “tərki-övla”dır. Mə’sum şəxsin namazı isə o alimin namazından üstün olmalıdır. (Əlavə mə’lumat əldə etmək istəyənlər “Peyami-Qur’an” kitabının 7-ci cildinə müracət etsinlər.)2
İMAMLARA XAS XÜSUSİYYƏTLƏR
Dəfələrlə qeyd etdiyimiz kimi, mə’sum imamların vəzifələri bir çox məqamlarda peyğəmbərlərlə eynidir; bu fərqlə ki, onlara vəhy nazil olmur və şəriət sahibi deyillər. Onlar peyğəmbərlərin yolunu davam etdirdikləri üçün malik olduqları xüsusiyyətlərdə peyğəmbərlərlə eynidirlər. Bu nöqtələr Qur’an ayələrinə əsaslanmaqla “Peyğəmbərlərin ümumi xüsusiyyətləri” bölməsində geniş şərh olunduğu üçün burada qısa izahla kifayətlənirik. İlahi rəhbərlər və mə’sum imamlar “elm” və “ismət” məqamından əlavə, aşağıdakı xüsusiyyətlərə də malikdirlər:
1. Doğru danışmaq: Bu xüsusiyyət olmazsa, örnək seçilən şəxslə ona qoşulanlar arasındakı mə’nəvi bağlılığı tə’min edən e’timad yaranmaz.
2. Və’d və əhd-peymanlara sadiq qalmaq: Onların də’vətlərində böyük əhəmiyyət daşıyan cəhət öz və’d və əhd-peymanlarına vəfalı qalmalarıdır. Əgər onlar sadiq və vəfalı olmasalar, xalqın e’timadını itirərlər.
3. Şəriətin və ilahi hökmlərin qorunmasında əmanətdarlıq: Bu da e’timadın əsas şərtlərindən biridir.
4. İnsanlara məhəbbət və ürək yandırmaq: Əgər bu xüsusiyyət olmazsa, camaatla, xüsusilə nadan, təəssübkeş və inadkar insanlarla keçinmək çətinliklər və əzab-əziyyətlərlə müşayiət olunar.
5. İxlas: İlahi rəhbərlər maddi baxımdan təmənnasızdırlar. Onların bütün işləri ixlas və saf niyyət üzərindədir. Əks təqdirdə onların də’vət və çağırışları e’tibarsız olar.
6. Xeyirxahlıq və yaxşılıq: İmam yer üzündə mehribanlıq cilvəsidir. Bu isə rəhbər şəxslə ardıcılları arasında mə’nəvi bağlılığı qorumaq üçün zəruridir.
7. Şücaət: Şücaət və Allahdan qeyrisindən qorxmamaq ilahi şəxslərin əsas xüsusiyyətlərindəndir. Ümumiyyətlə, müvəffəqiyyətin əsas rəmzi budur! Ona malik olmayan şəxs rəhbərlik edə bilməz.
8. Allaha mütləq şəkildə təvəkkül edib güvənmək: Bə’zən ilahi rəhbər tək-tənha qalır. Yaşadığı mühit, ona hakim fitnə-fəsad rəhbərə qarşı olur. Belə hallarda yalnız Allaha güvənməsə, yolundan dönməməsi çox çətin olacaqdır.
9. Gözəl əxlaq və mülayimlik: Bütün ilahi rəhbərlərin (istər peyğəmbər, istərsə də mə’sum imamların) xüsusiyyətlərindən biri də gözəl əxlaq, camaatla mülayim davranmaqdır. Tünd və sərt xasiyyət, daşürəklilik camaatın onlardan uzaqlaşmasına, ətrafından dağılmasına, eləcə də hədəf və məqsədə çatmamalarına səbəb olacaqdır.
10. Ağır sınaqlardan keçmək: Qur’ani-kərimdə buyurulduğu kimi, İbrahim peyğəmbər özü ağır imtahan və sınaqlardan keçdikdən sonra imamət məqamına nail oldu.
Əslində mə’sum rəhbərlər çətin imtahanlardan qalib çıxmalıdırlar ki, mö’minlərə cismən və ruhən rəhbərlik edə bilsinlər.
***
Dostları ilə paylaş: |