İNDİ BİR AZ DA SƏN YE, MƏN MOVULDAYIM!
Birisi şorbaya çörək doğrayıb, əvvəl tikəni ağzına aparanda üzbəüzdə oturub gözünü onun əlinə tikən pişik movuldadı. Adam çarəsiz əlindəki tikəni pişiyin qabağına qoydu. O, ikinci tikəni götürüb, hələ ağzına aparmamışdı ki, genə pişik movuldadı. O, ikinci tikəni də pişiyin qabağına qoydu. Üçüncü, dördüncü tikələr də qabaqkı tikələrin tayı oldu. Adam bunu görəndə kasanı pişiyin qabağına qoyub dedi:
– İndi bir az da sən ye, mən movuldayım!
MƏN NADİR QULUYAM, PUL İSTƏYİRƏM!
Nəql edirlər Nadirşah Hindistanı tutandan sonra Dehli əhalisini yaman bezikdirir. Cana gəlmiş dehlililər bir gün çox oxunaqlı yazı ilə bu sözləri yazıb Nadirin gəlib keçdiyi yol üstə asırlar: “Sən əgər Allahsan, sənə biz də gərəkdir. Əgər şahsan, sənə rəiyyət gərəkdir. Bu qədər zülm, talan hindi xaraba qoyacaq”.
Nadirin gözü yazıya sataşcaq Mirzə Mehdi xandan soruşur:
– Oxu görüm, orada nə yazıblar?
Mirzə Mehdi xan yazılan sözləri oxuyur. Nadir bir az fikrə gedib sonra deyir:
– Bu sözlər mənim qulağıma girməz, nə bilim, mən Allaham, ya şaham, mən Nadirquluyam, pul istəyirəm.
Dostları ilə paylaş: |