3.3.3. Etnonimlərin bulaq adlarında əksi
V.İsrafilov “Azərbaycan oronim və hidronimlərinin Gürcüstan arealı kitabının son hissəsində bu bölgənin hidronimlər lüğətini vermiş və burada 160-dan çox hidronimdən bəhs etmişdir. Lüğətdə əksini tapan digər qrup hidronimlərə nicbətən etnonimlərdən törəmiş bulaq adları Gürcüstan ərazisində azlıq təşkil edir və bunlar aşağıdakılardır: Asqara bulağı, Qazaxlının bulağı, Dəllər bulağı, Kosalar bulağı, Lahıc bulağı, Şindi bulağı, Şıxlının bulağı.
ASQARA BULAĞI – Dmanisi rayonu ərazisində qeydə alınmış bu hidronim “as” və “qara” komponentlərindən ibarət olub, “qara as tayfalarının düzəltdiyi bulaq” mənasındadır. (etnonimik oykonimlər bölməsində “Asqara” etnonimindən bəhs etdiyimizdən burada danışmağı lazım bilmədik).
QAZAXLININ BULAĞI – Marneuli rayonunun Sadaxlı kəndi ərazisində qeydə alınmış bu etnohidronimin adı eyniadlı oronimdən götürülmüşdür. Etnohidronimin mənası “qazax tayfasının düzəltdiyi bulaq” deməkdir. (bu etnohidronimin semantikası ilə bağlı olaraq “Qazaxlıların yeri” toponimik oçerkə bax).
KOSALI BULAĞI – Tetrisxaro rayonunun Kosalı kəndi ərazisində qeydə alınmış bu etnohidronimin semantikası barədə toponimik ədəbiyyatlarda 2 fikrə rast gəlirik. Birincilər belə ehtimal edirlər ki, “kosa” komponentli toponimlərin əksəriyyəti XIX əsrin əvvəllərində Qarabağ xanı Mehdiqulu xana mənsub xəlfəli tayfasının “kosalar” tirəsinin adı ilə əlaqədardır. İkincilər belə güman edirlər ki, bu etnonim XIII əsrdə Türkiyə ərazisində monqolların dağıtdığı Kusakan şəhərindən gəlmiş ailələrin gətirdiyi addır [14, s.299]. Azərbaycanda 10-a qədər, Ermənistanda isə 6-dan çox toponimlərdə təkrarlanan “kosa” etnonimi A.Bakıxanovun “Gülüstani-İrəm” əsərində türk tayfa adları sırasında çəkilir [15, s. 25]. X.Əliyev “kosalar” etnonimini nəsil, tayfa, qəbilə adı ilə bağlılığını belə izah etmişdir: “Müasir dilimizdə “kosa” sözü üzündə tük olmayan və ya seyrək tüklü adamlara verilən ləqəbdir. Xalqımızın şifahi ədəbiyyat nümunələrində və qədim xalq oyunlarında da kosa komik qəhrəman obrazıdır. Araşdırmalardan məlum olur ki, kosanın ədəbi qəhrəman kimi ədəbiyyat nümunələrində əbədiləşməsi onun şəxs, nəsil, tayfa, qəbilə adı ilə bağlı olmasındadır” [49, s. 50]. “Koroğlu” dastanının qəhrəmanlarından olan Kosa Səfər antroponiminin tərkibindəki “Kosa” sözü ləqəb deyil, tayfa adı bildirən onimdir. “Gürcüstan əyalətinin müfəssəl dəftəri”ndə 3 dəfə (Kosalar, Kosalı camaatı, Kosalı Yaqub) adı çəkilən toponimlər də “kosalı” tayfası adı əsasında formalaşmışdır [93] . Beləliklə, Kosalı bulağının vaxtilə eyniadlı tayfa düzəltdiyi üçün hidronim belə adlandırılmışdır.
LAHIC BULAĞI – Marneuli rayonunun Sadaxlı kəndi ərazisində mövcud olan bu etnohidronim “lahıc” etnik qrup adını özündə əks etdirir. Lahıcların Gürcüstana nə vaxt və hansı yolla gəlmələri haqqında məlumatlar yoxdur. Lakin bu xalqın və ya etnik qrupun formalaşması haqqında mənbələrdə müəyyən məlumatlara rast gəlirik. “Lahıclar Sasani hökmdarı Xosrov Ənuşiravan dövründə (531-579) İranın Lahican əyalətindən köçüb gəlmişlər. Gətirilmə ad olduğu üçün toponimin mənası məlum deyildir. İlk dəfə ərəb mənbələrində (IX-XIII əsrlər) Lanzan, Layzan, Lancan və s. kimi adı çəkilir. 861-ci ildə Lahıc vadisini əhatə edən Lancanşahlıq kiçik feodal hakimliyi təşəkkül tapmışdı. 917-ci ildə feodal hakimliyin ərazisi Şirvanşahlar dövlətinə birləşdirilmişdi. XVIII-XIX əsrlərdə misgərlik və silah istehsalı mərkəzi kimi məşhur olan Lahıcda 30-dan çox sənət növü inkişaf etmişdi [14, s. 334]. Azərbaycanın İsmayıllı rayonunda 3, Goranboy rayonunda 1, Zaqatala rayonunda 1 toponimdə iz qoymuş lahıcların Gürcüstan ərazilərinə getmələri güman etmək olar ki, XIX əsrin sonlarına düşür. Tat mənşəli olan bu tayfanın Gürcüstan ərazisinə səfər etmələri və ya müvəqqəti olaraq məskunlaşması şübhəsiz ki, sənətkarlıqla bağlı olmuşdur. Lahıclar istehsal etdikləri əşyaları Gürcüstanın müxtəlif bölgələrində satmaq üçün bu yerlərə gəlmiş və müvəqqəti məskunlaşdıqları yerlər də bu tayfanın adı ilə bağlı olaraq adlandırılmışdır. Fikrimizi Marneuli rayonu ərazisində qeydə alınmış “Layışların yeri” (y-h; ş-c əvəzlənmələri ilə) etnooronimi də sübut edir.
QIRXBULAQ – Bu su obyekti Dağ Borçalının qərbində sıra dağlar arasında, “Kədə” çayının sol sahilində-indiki Darvaz kəndindən 3 km aralıda, Qırmızı körpü-Arıxlı-Darvaz ticarət yolunun üstündə yerləşmişdir [36, s. 49]. Qırxbulaq etnohidroniminin semantikasına “qırx” sakrimentik sayı ilə bağlamaq, fikrimizcə, düzgün deyildir. Tarixən bu ərazidə gursulu bir bulaq olmuşdur. Biz belə güman edirik ki, bu etnohidronim öz adında “qırq, qırık” türkdilli tayfa adını əks etdirir. Yuxarıda Qırıqlı etnooykonimi barədə geniş araşdırma apardığımızdan burada bu etnonim haqqında geniş təhlil verməyi lazım bilmirik.
ŞIXLI BULAĞI – Tetriskaro rayonu ərazisində qeydə alınmış bu hidronim qədim türkdilli qazax tayfasının “şıxlı” türkcəsinin adını əks etdirir. Dmanisi rayonunda Şıxlı adlı oykonim də qeydə alınmışdır. İstər Qazax, istərsə də şıxlar tayfaları xəzərlərdən törəmiş, Azərbaycanda 40-a qədər, Ermənistanda isə 8-dən artıq yer-yurd adlarında izlər buraxmışlar. Şıx/şeyx sözünün “nurani, “müqəddəs”, “dini icmanın başçısı” və s. kimi mənaları var. İ.Şopenin qeydlərinə görə, şıxlı tayfası Gürcüstana Azərbaycanın Qazax əyalətindən köçmüşlər [194, s. 401]. “Şıxlı bulağı” hidronimi “şıxlı tayfasına məxsus bulaq” mənasındadır.
Beləliklə, Gürcüstan ərazisindəki etnooykonimlərin, etnooronimlərin, etnohidronimlərin leksik-semantik istiqamətdə təhlili göstərir ki, çoxlu sayda etnotoponimik qruplar arasında keçid xətləri mövcud olmuşdur. Məsələn, Qazan kəndi- etnooykonim-Qazan qışlağı-Qazan yaylağı-Qazan dağı-etnooronimi, və yaxud; Çopur Alı-antroponim-Çopuralılar-etnooykonim-Çopuralı yeri-etnooronim; Şıxlı kəndi-etnooykonim-Şıxlı bulağı-etnohidronim. Deməli, bu regionda antroponim əsasında antropoetnonimin, antropoetnonimin əsasında etnooronimin, etnooykonimin əsasında etnohidronimin formalaşması daha çox müşahidə edilir.
NƏTİCƏ
1. Gürcüstan ərazisindəki türk mənşəli etnotoponimlərin sayca və areal baxımından coxluğu bu regiondakı etnotoponimlər üzərində araşdırma aparmağa böyük imkanlar yaradır. Ərazinin etnotoponimləri aydın şəkildə göstərir ki, Azərbaycan türkləri eramızdan çox-çox əvvəllər bu bölgədə məskunlaşmış və öz dillərinə uyğunlaşdırılmış formada yer-yurd adları yaratmışlar.
Uzun tarixi inkişaf prosesi keçmiş Gürcüstan bölgəsindəki etnotoponimlərin, demək olar ki, əksəriyyəti qədim türk tayfalarının adlarını özlərində əbədiləşdirmişdir. Etnosların yer adlarının yaranma və eyni zamanda onların formalaşmasında ekstralinqvistik faktorların rolunu hərtərəfli şəkildə müəyyənləşdirməklə dilimizin, tariximizin, maddi və mənəvi irsimizin qaranlıq məsələlərinə aydınlıq gətirmiş oluruq. Gürcüstan ərazisində xalqımızın və onun dilinin formalaşmasında iştirak etmiş türkdilli etnik qrupların və tayfaların hansılarının daha çox rol oynadıqlarını dildənkənar faktorlar nəzərə alınmaqla da meydana çıxarmaq mümkün olur.
2. Areal xüsusiyyətlər onu sübut edir ki, minilliklər boyu nəinki türk xalqları yaşayan ərazilərdə, həmçinin dünyanın əksər yerlərində Gürcüstan ərazisində tarixən bina tutan və əsl sahibləri türk tayfaları olan və bu tayfaların adı ilə bağlı çoxlu sayda etnotoponimlərin paralelləri mövcuddur. Bu da onların qədim və ilkin areallarının, etnik tərkibinin müəyyənləşdirilməsi üçün xeyli etnonimik materiallar verir.
3. Gürcüstan ərazisindəki etnotoponimlər tarixin müxtəlif dövrlərində meydana gəldiyindən, uzun bir inkişaf və təkamül yolu keçdiyindən mövcud olduğu makro və mikro ərazilərin ekstralinqvistik mənzərəsini çox dolğun şəkildə özündə əks etdirə bilir, etnotoponimləri leksik-semantik istiqamətdə araşdırmaq üçün dəyərli mənbəyə çevrilir.
4. Tədqiqatda xüsusi olaraq vurğulanır ki, Gürcüstan ərazisindəki etnotoponimlərin dəyişdirilməsi, gürcü dilinə tərcümə edilməsi (xüsusi adların tərcümə edilməsi inkişaf etmiş bütün dünya dillərində yasaq edilmişdir - H.Çobanova) və ya gürcü dilindəki apelyativlərlə Azərbaycan dilindəki coğrafi terminlərinəvəz edilməsi yolverilməzdir. Araşdırma onu da göstərir ki, türk mənşəli etnotoponimləri tarixi-linqivistik aspektdə tədqiq etməklə əsl həqiqətləri üzə çıxarmaq, bəzi üzdəniraq gürcü şovinistlərinin məkrli siyasətini, saxtakarlığını aşkar etmək mümkün olur.
5. Gürcüstan ərazisindəki etnotoponimlərin tarixi və müasir mənbələrdəki əksi onu göstərir ki, xüsusi adlar müfəssəl bir şəkildə araşdırma obyektinə çevrilmişdir. Aparılan tədqiqatda regionun etnooykonimləri, etnooronimləri, etnohidronimləri əhatəli bir şəkildə dilçilik, tarixi-linqvistik istiqamətlərdə tədqiq edilib və ilk dəfə olaraq bölgənin etnotoponimlərinə bu istiqamətdə münasibət bildirilib.
6. Tədqiqatda Gürcüstandakı şəxs adları əsasında formalaşmış antropoetnotoponimlərin semantik xüsusiyyətləri izlənilir, onların komponentlərinin hansı leksik vahidlərlə və coğrafi terminlərlə ifadə edilməsi dəqiqləşdirilir. Tarixi proses nəticəsində uğradıqları forma-semantik dəyişmələr müəyyənləşdirilir.
7. Araşdırma göstərir ki, Gürcüstan ərazisində tayfa adlarından törəmiş etnooykonimlərin leksik-semantik, morfoloji, sintaktik xüsusiyyətlərini öyrənməklə, onları bu aspektdə tədqiq etməklə xalqımızın zəngin mədəniyyət və qədim etnik tarixinin bəzi qaranlıq qalmış problemlərinə aydınlıq gətirmiş oluruq.
8. Tədqiqatda etnooronimlərin də araşdırılması zəruri hesab edilmiş, regionda mövcud olan etnooronimlərin tarixi köklərinin çox-çox qədim dövrlərə gedib çıxdığı və Azərbaycan xalqının etnogenez məsələlərinin öyrənilməsində çox mühüm əhəmiyyət kəsb etdiyi göstərilir, ərazidəki bəzi oronimlərinetnooykonimlərlə, bəzi oykonimlərin isə etnooronimlərlə transferi nəzərdən keçirilir.
9. Mövcud ərazidəki etnohidronimlərin də leksik-semantik istiqamətdə təhlili böyük elmi və prinsipial əhəmiyyət kəsb edir. Insanların yaşaması üçün su əsas şərt olduğu üçün onunla bağlı olan xüsusi adların əmələ gəlmə tarixi də çox qədim dövrlərə gedib çıxır və bu qədim izlər etnohidronimlərdə daha çox mühafizə edilir, araşdırma tipində müstəsna rol oynayır. Məhz buna görə də araşdırmada Gürcüstan ərazisində qeydə alınmış çay, göl, bulaq adları əsasında formalaşmış etnohidronimlərin leksik-semantik xüsusiyyətlərilə bir qədər əhatəli prizmadan yanaşılmışdır.
Dostları ilə paylaş: |