3.2. Etnooronimlərin leksik-semantik təhlili
Gürcüstan ərazisindəki etnotoponimlərin bir qrupu nəsil, tayfa, xalq, tirə adları ilə bağlı yaranmış oronimlər (oronim mənşəcə yunan sözü olub “oros” (dağ), “onim” (ad) sözlərindən əmələ gəlmişdir) təşkil edir. Oykonimlərdə olduğu kimi, Gürcüstanın oronimik landşaftında da etnonimlər müəyyən izlər qoymuşlar. Etnonimlə bağlı yaranan oronimlər də türklüyün tarix səhnəsindəki rolu, etnik-mədəni xüsusiyyətləri, türk tayfalarının gəlmə və getmə coğrafiyaları, ərazi fakt və hadisələri, Azərbaycan xalqının tarixi inkişafı, iqtisadi və mədəni əlaqələri, ən başlıcası isə dilimizin qədim xüsusiyyətləri haqqında dolğun məlumatların mənbəyidir. Bu qrupdan olan xüsusi adlara etnoorotoponimlər də adlandırmaq olar və digər yerlərdə olduğu kimi, Gürcüstan ərazisində də dağ, dərə, təpə, yal, aşırım, biçənək, qaya, gədik, eniş, yoxuş və s. coğrafi relyeflə bağlı yaranmış mikrotoponimlərdə dilimizin bir çox qatlarındakı leksik vahidlər, şivə xüsusiyyətləri, yerli coğrafi terminlər və müəyyən tarixi hadisələr öz ilkin formasını qoruyub saxlaya bilmişdir.
Gürcüstanın arealında Azərbaycandilli (türk mənşəli) oronim və hidronimlərin leksik-semantik xüsusiyyətlərindən bəhs edən V.İsrafilov da doğru olaraq göstərir ki, tədqiqata cəlb etdiyimiz ərazidəki Azərbaycandilli oronim və hidronimlərin öyrənilməsinin ilk növbədə ən böyük elmi əhəmiyyəti orada yaşayan azərbaycanlıların mənşəyinin öyrənilməsində, keçmiş mədəni irsimizin konkret nümunələrini üzə çıxarılmasında və xalqa çatdırılmasındadır. Müxtəlif tayfa adlarını bu gün də özündə qoruyub saxlayan, xüsusilə xalqımızın etnogenezesi ilə bağlı olan bir sıra məsələlərinin həlli üçün, həmin adlarda əksini tapan Qaramanlı, Quşçu, Baydarlı, Abdallı və s. tayfa adları Gürcüstan ərazisində yaşayan azərbaycanlıların tarixi məişəti və dilini öyrənmək üçün əvəzedilməz mənbələr hesab edilə bilər [73, s.9].
Bu amilləri nəzərə alaraq bu ərazidə qeydə alınmış etnoorotoponimlərin böyük əksəriyyətinin leksik-semantik istiqamətdə təhlilini verməyi zəruri hesab edirik.
SALARDAĞ – Gürcüstanın Axalsıx rayonunda olan bu dağın adı Oğuz tayfalarının “salar” tayfasının adı ilə bağlı olaraq yaranmışdır. Gürcüstanda bir qədər gürcü dili təsirinə məruz qalmış Salieti etnooykonimi də qeydə alınmışdır. Məlumdur ki, “Kitabi-Dədə Qorqud” dastanlarında Qazan xanın Salur tayfasından olması göstərilir. İlk orta əsrlərdə Azərbaycanda Salarilər adlı sülalə hökmranlıq etmişdir. Salar tayfa adı əsasında yaranmış yer-yurd adlarına “İrəvan əyalətinin icmal dəftəri”ndə (İrəvan əyalətinin Dərələyəz nahiyəsində Salçı kəndi), “Qafqazın beş verstinin xəritəsi”ndə (İrəvan quberniyasının Aleksandropol qəzasında Salut kəndi) [181, s.216]. Dağıstanda (Salian), Ermənistanda (2 Sallı kənd), Şimali Qafqazda (Sal çayı, Sal gölü), Krımda (Sala və kiçik Sala oronimləri) rast gəlinir. Böyük areallarda iz qoymuş bu etnosun mənşəyindən bəhs edən Q.Qeybullayev qeyd edir ki, sal tayfası hunlardandır [146, s. 56].
M.Seyidov V.V.Radlova əsaslanaraq yazır ki, “Sal”ın “ocaq”, “od yandırılan yer”, “çılğın”, “qızğın adam” anlamları vardır. Azərbaycan dilindəki “sal qaya” ifadəsindən görünür ki, “sal”, “bütöv”, “iri”, “möhkəm” anlamında da işlənir. “Or”un isə digər anlamları ilə yanaşı, “möhkəmlənmə”, “istehkam” anlamına da tuş oluruq. Salar, -yəni ucada (ola bilsin dağda) möhkəmlənmiş, istehkama çevrilmiş, ucada olan ocaq, od, od yandırılan yer, çılğın, qızğın adam deməkdir [117, s.111] Salar etnonimini Mahmud Kaşğari Salğur, Rəşidəddin Salur, Yazıçıoğlu Əli Salur, Əbülqazi xan Xilvəli Salar variantlarında yazıya almışlar. R.Eyvazova Çində Qaraman və Akuan qəbilələrindən ibarət olan Salar tayfasının (40 mindən çox) yaşadığını bildirir [40, s. 96]. Bu araşdırmadan belə qənaətə gəlmək olar ki, “sal” sözünün mənası “möhkəm”, “bütöv”, “iri” deməkdir. Deməli, Gürcüstan ərazisindəki Salardağ etnooroniminin mənası “möhkəm gücə malik salor tayfasının məskunlaşdığı dağ” anlamındadır.
QARAMANLI YERİ – Gürcüstanin Bolnisi rayonunda “qaraman” etnonimi ilə yaranmış etnooronimlərdən biri də belə adlanır. Səlcuq türklərinə mənsub müstəqil xanlığın adını əks etdirən “qaraman” etnonimi “qara” və “man” komponentlərindən ibarətdir. “Qara” sözü çoxanlamlı, çoxmənalı leksik vahiddir. Bu sözün arxaik məna çalarlarından bəhs edən T.Əhmədov qeyd edir ki, külli miqdarda və rəngarəng toponim və mikrotoponimlərin əsasən birinci komponenti kimi işlənən “qara” sözünün konkret toponimlərin tərkibində onun mənbələrdə qeydə alınan “rəng”, “siluet”, “yas”, “sadə (ibtidai)”, “sıravi”, “torpaq”, “təpəlik”, “dağlıq yer”, “kütlə”, “camaat”, “pis ruh”, “sıx keçilməz”, “qatı”, “bədbəxt”, “böyük”, “iri nəhəng, əzəmətli”, “qüvvətli, igid, cəsur” və s. mənalarından hansının daşıdığını müəyyənləşdirmək bir qədər çətindir. Şübhəsiz ki, etimoloji təhlil nəticəsində onlardan bir çoxunu bərpa etmək mümkündür [46, s. 271].
Fikrimizcə, “qaraman” etnonimindən “qara” sözü arxaik məna çalarına görə “qorxmaz, cəsarətli, igid” deməkdir. “Qaraman” etnoniminin leksik-semantik təhlilindən bəhs edərkən əksər araşdırmalarda da göstərilir ki, Qaraman səlcuq türklərinə məxsus müstəqil xanlığın adı olub. Xanlıq 1471-ci ildə Osmanlı dövləti ilə birləşmiş və əhalisinin bir qismi Azərbaycana köçmüşdür. Bizə elə gəlir ki, “qara” sözü arxaik məna çalarına görə “igid, qorxmaz, cəsarətli”, “man” isə “adam, insan” deməkdir: yəni “qorxmaz adam, cəsarətli adam” [78, s. 13].
MESXETİYA DƏRƏSİ – Gürcüstanın cənub hissəsində Ermənistan sərhədlərinə doğru uzanan bir dərənin adıdır. Azərbaycanın müxtəlif bölgələrinə səpələnmiş müasir axısqalılar belə hesab edirlər ki, “mesxeti//məhsəti” sözü onların xalqına gürcülər tərəfindən verilmiş digər bir addır. Bu xüsusda prof. İ.Kazımov yazır ki, axısqalılar indi “Mesxet” sözündən xoşlanmasa da, fikrimizcə, bu söz gürcü mənşəli deyil, türk sözüdür. Axısqa və Mosox – Mesx sözləri eyni köklü sözlərdir və hər ikisinin əsasında Sak sözü durur: mo-sak, ar-sak-a. Onların bir hissəsi də Türkiyənin Anadolu bölgəsində orta yüzilliklərdən yaşamaqdadırlar. Bu gün Doğu Anadolu bölgəsində (Ərzurum-Oltu, Hadman, Artvin-Şavşat (Yusifeli, Ardahan, Qars kimi şəhərlərdə) dağınıq olaraq yaşayan Axısqa türklərinin danışdığı türkcə - vaxtilə Gürcüstan sərhədlərində yaşamış Axısqa türklərinin danışdığı türkcə ilə eynidir [79, s. 44-45]. Qeyd etməliyik ki, nəinki Azərbaycan dilçiliyində, o cümlədən türkologiyada “mosox/mesxet” sözlərinin semantikasına aydınlıq gətirilməlidir. Fikrimizcə, bu sözlər Azərbaycanın Gədəbəy rayonunda mövcud olan Masxut dağ adı və Zaqatala rayonunda axan Matsex çay adı və Matsex kənd adı ilə yaxından səsləşir. E.M.Murzaev qeyd edir ki, “mes/mex” sözü türk dillərində “dağın cənub, meşəsiz tərəfi” deməkdir [175, s. 369]. Bəzi tədqiqatçılar motsi/mest/mesx sözlərini udin mənşəli hesab edərək göstərirlər ki, bu leksik vahidlər “ağ” mənasını bildirir [14, s. 347]. Bu semantik çalarların hər ikisini “mosox/mesx/mesxet” sözlərinə aid etsək, onda belə güman etmək olar ki, Mesxetiya oroetnotoponiminin mənası “masaxların/mesxlərin (mosaqların) yaşadıqları dağ deməkdir.
QAZAXLILARIN YERİ – Bu etnotoponim Gürcüstanın Marneuli rayonunda Sadaxlı kəndi ərazisində qeydə alınmışdır. “Qazax” etnoniminin semantikası haqqında türkoloqlar 200 ildən çoxdur ki, araşdırmalar aparırlar. Türkdilli xalqların etnogenezi ilə məşğul olan tarixçiləri, türkoloqları, qafqazşünasları “qazax” sözünün mənası zaman-zaman düşündürmüş və onlar biri-birindən maraqlı mülahizələr söyləməyə çalışmışlar. Bu mülahizələrin əksəriyyəti mübahisəlidir və yaxud da bir-birinin təkrarıdır. V.V.Bartold da özünəqədərki “qazaq” sözünün araşdırmalarından çıxarılan nəticələri mübahisəli saymışdır [138, s. 217]. Azərbaycan xalqının etnogenezində mühüm rol oynayan “qazaq” tayfa adını “qazuq”la eyniləşdirən P.Budkov onun “lüt”, “kasıb” mənasında olduğunu iddia edir [140, s. 188]. “Qazax” sözünü “muzdlu döyüşçü”, “muzdlu sərhədçi”, “qazanc üçün yurdunu tərk edənlər” mənalarında izah edənlər də vardır [168, s. 249]. V.V.Radlov qeyd etmişdir ki, bir çox türkdilli xalqlar, o sıradan qırğızlar, şorlar, teleytlar və b. azad, asılı olmayan, sərgərdan, macəra axtaran adam “qazax” deyirmişlər və bu söz “quldur”, “qazaq” anlamında da işlənirmiş [184, s. 364]. M.Seyidov “qazax” etnonimi ilə bağlı 20-dən artıq türkoloq-alimin mülahizələrini nəzərdən keçirmiş, belə qənaətə gəlmişdir ki, bunların əksəriyyəti yanlışdır və o, düşünür ki, bu etnonimi “qaz” və “aq” komponentlərinə ayırıb təhlil etmək daha düzgündür [117, s.103]. A.Bayramov da Alakas və Kasak toponimlərinin semantikasından danışarkən, bu etnooykonim və etnohidronimin tərkibindəki “kas” leksemini xəzərlərlə bağlı etnonim hesab edir [16, s. 94]. Beləliklə, türk dillərində, o cümlədən Azərbaycan dilində “q-k” və “z-s” səs əvəzlənmələrinin qanunauyğun hal olduğunu nəzərə alsaq, “qazax//qazaq” etnoniminin tərkibində “qaz//kaz//xəz” leksik vahidlərin işləndiyi qənaətinə gəlirik. İstər “qaz”, istərsə də “kaz//xəz” sözləri “uca, yüksək” mənasını verir; sözün ikinci komponenti “aq//ax” isə cəmlik, topluluq anlayışını bildirir.
QARABAĞ KÖVŞƏNLİYİ – Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndi ərazisində “qarabağ” etnonimi və “kövşən” coğrafi termini əsasında yaranmış etnooronimlərdən biri belə adlanır. Azərbaycanda, Şimali Qafqazda, Ermənistanda, Özbəkistanda, Türkmənistanda, Əfqanıstanda, Türkiyədə və başqa ölkələrdə “qarabağ” etnonimi əsasında xeyli sayda toponimlər formalaşmışdır. “Qarabağ” onimi Azərbaycanın öz daxilində və qədim mənbələrdə Qarabağ mahalı, Qarabağ əyaləti, Qarabağ düzənliyi, Qarabağ şəhəri, Qarabağ xanlığı və nəhayət, Qarabağ vilayəti kimi etnonimlər tez-tez xatırlanır.
Qarabağ etnonimi “qara” və “bağ” komponentlərindən ibarətdir. Etnonimin birinci komponentində işlənən “qara” sözü çoxmənalı olduğundan bəzi tədqiqatçılar bu sözün rəng anlamına üstünlük vermiş və beləliklə də, Qarabağ toponimini “qara rəngli bağ” mənasında izah etmişlər. Əslində isə bu, qətiyyən düzgün deyil. N.Məmmədov da düzgün olaraq qeyd edir ki, Qarabağ coğrafi adında “qara” sözünü ayıranlar bunu nəzərə almışlar ki, əgər Qarabağ – “böyük bağ” mənasını versəydi, onda “Kiçik bağ” mənasını verən coğrafi adının tayfa adı olması fikri daha ağlabatandır [92, s. 56]. A.Qarabağlı da göstərir ki, öncə Qarabağ – etnoxoronimdir, yəni bu diyar, bölgə, ölkə öz adını eyniadlı etnosdan almışdır. “Qara” – böyük, “baq/bağ” (bəzən “bak”) – tayfa, soy, el mənasındadır. “Böyük el-oba” deməkdir [81, s. 24]. Zaqafqaziya ərazisində “qara” komponentli toponimlərin çox geniş areala malik olmasından və “qara” leksik vahidinin çoxmənalılığından bəhs edən N.Məmmədov yazır ki, hələ inqilabdan əvvəlki mənəbələrdə Qafqazda 300-ə qədər “qara” sözü ilə ifadə edilən kənd, çay və dağ adları olduğu qeydə alınmışdır. Apardığımız tədqiqatlar göstərir ki, qara tərkibli bu toponimlərin bəziləri Azərbaycana hazır şəkildə gətirilmişdir. Azərbaycan ərazisində “qara” sözü toponim yaradıcılığında müxtəlif mənalar daşıyır: 1) “şəxs” mənasında; 2) “böyük” mənasında (çox az miqdar toponimdə); 3) “qara torpaq” mənasında; 4) “camaat” mənasında (qara camaat); 5) “sıxlıq” (meşə, kolluq) mənasında. Bundan əlavə inqilabdan əvvəl Azərbaycanın bəzi rayonlarında “qara” sözü ilə həm də hər bir ailəyə mənsub pay torpaq səhəsi də nəzərdə tutulurdu” [92, s. 57].
Tarixi qaynaqlar da sübut edir ki, qədim kəngər-peçeneqlərin tərkibində “qarabağ” adlı tayfa da var idi. Peçeneqlər hələ eramızın əvvəllərindən Azərbaycanda yaşamışlar [14, s. 125].
Qarabağ etnoslarının tarixi qədim olsa da, onların Gürcüstan ərazilərinə köçürülməsi XIX əsrin ortalarına təsadüf edir. Şopenin qeyd etdiyi kimi, bu dövrdə Azərbaycanın Qazax əyalətindən Gürcüstana qarabağ tayfasına məxsus 12 ailə köçürdülmüşdür [194, s. 535].
Beləliklə, təhlilə cəlb etdiyimiz etnooronimin mənası “qarabağ tayfasının kövşənliyi, əkin-biçin sahəsi, otlaq ərazisi” anlamındadır.
ÇIRAQ QALA – Gürcüstanın Bolnisi rayonunun Qoçulu kəndi ərazisində qeydə alınmış bu etnotoponimin birinci komponentində işlənən “çıraq” sözü qədim mənbələrdə müxtəlif fonetik variantlarda verilən “siraq /şiraq/sir” tayfasının adıdır. “Orxon-Yenisey” abidələrində “sir” xalqının adı bir neçə dəfə çəkilir: “Türk sir bodun yerintə bod kalmadı. (Türk-sir xalqının ölkəsində (xanlıq) taxta qalmadı); Türk-sir bodun yerintmə idi yorımazun (Türk-sir xalqının ölkəsində hökmdar olmasın) [117, s. 246]. Sirlər/siraqlar/çıraqlar eradan qabaq birinci minillikdən tutmuş ta yeni eranın VII-VIII yüzilliyinə qədər tarix səhnəsində başlıca olaraq hərbi-demokrat qəbilə birləşməsi olmuşdur. “Siraqlar / Sirlər Orta Asiya, Kuban, Ön Qafqaz, o cümlədən Azərbaycan, Gürcüstan, Ermənistanda yaşamışlar” [116, s. 54]. Siraq tayfa adının “çıraq” formasına düşməsi türk dilləri üçün xarakterik olan s//ç səsdəyişməsi nəticəsində baş vermişdir. Azərbaycan ərazisində “çıraq” sözü ilə bağlı olaraq yaranmış 9 toponim qeydə alınmışdır. “Çıraq qala” adlı etnooronim Şabran rayonu ərazisində də vardır. Tədqiqatçılar bu etnooronimin tərkibindəki “çıraq” sözünü “od, məşəl” mənasında izah edirlər [14, s. 540]. Deməli, “...qədim tayfa, qəbilə və xalqların əksəriyyəti ulu babalarının inanc yeri olan baş onqonun, tanrının adını özlərinə ad götürmüşlər. Siraqlar da ən qədim dövrlərdən oda, işığa, nura sitayiş etdiklərinə görə, onların onqonu od, işıq olmuşdur. Siraqlar/Şiraqlar/Sirlər özlərini ulu babasının, ulu onqonun, ulu tanrının adı ilə adlandırmışlar. Siraq/Şiraq “işıq, şüa verən”, “şüa buraxan” mənasındadır” [116, s. 55].
Beləliklə, fikrimizi yekunlaşdıraraq belə qənaətə gələ bilərik ki, Gürcüstan ərazisindəki Çıraq qala etnooronimi türk mənşəli “sirak” etnonimi əsasında yaranmış və “oda, işığa, nura sitayiş edən Sirak/Çıraq tayfasının inşa etdiyi qala” mənasındadır.
LEQQIR – Gürcüstanın Dmanisi rayonunun Qarabulaq kəndi yaxınlığındakı ərazilərdən birinin adıdır. Bu etnooronim “leq” və “qır” komponentlərindən ibarətdir. “Leq” sözü qədim türk tayfalarından birinin adıdır. A.Qurbanov yazır ki, Azərbaycan ərazisində mövcud olan Lək (Bərdə, Ucar, Goranboy), Ləkər (Lerik), Ləkit, Ləkit Kötüklü, Ləkit Malax (Qax), Ləkətağ (Culfa), Ləkin (Cəlilabad), Ləkçılpaq (Göyçay), Ləkərqışlaq (Qusar) toponimləri çox güman ki, öz adını qədim türk tayfası olan leq etnonimindən götürmüşdür. Burada da e-ə, q-k fonetik əvəzlənməsi nəticəsində həmin etnonim “lək” formasına düşmüşdür [86, s.306]. “Antik müəlliflərdən Strabon, Feofan, Plutarx və başqaları leqlər haqqında məlumat vermişlər. Mənbələrdə legk, legi, ləgz formasında qeyd olunan bu tayfa bəzi tədqiqatçılara görə, müasir ləzgilərin əcdadları olmuşdur” [14, s.336]. Leqqır etnooroniminin ikinci komponentində olan “qır” sözü Azərbaycan dilinin ən qədim elementlərindən olub, “qar” formasında müxtəlif coğrafi adların tərkibində işlənmişdir: Əyriqar, Yastıqar, Babaqar, Nazikqar və s. “Əksər türk dillərində “qır-“təpəlik yer”, “hamar çöl”, “dağ yamacı” mənalarındadır” [93, s.23]. Bəzən tədqiqatçılar Qır dağı, Qır düzü, Qırlar kimi coğrafi adları da “qır” termini ilə bağlayaraq, onları etnotoponim kimi deyil, sadəcə olaraq oronim kimi təhlil etmişlər. Bizcə, hər iki qədim leksik vahid eyni cür səslənsələr də, müxtəlif mənalar ifadə etməyə xidmət göstərir. Ona görə də bu sözləri bir-birindən ayırıb semantik baxımdan təhlil etmək daha düzgündür. Beləliklə, deyə bilərik ki, Leqqır etnooronimi “Leq tayfasına məxsus təpə, çöl, yamac, dağ” mənasını bildirir. Qır dağı, Qır düzü, Qırlar kimi etnotoponimlər isə “qır/kır tayfasına məxsus dağ, düz, yaşayış məskəni” anlamındadır.
CİNLİ BİNƏ – Gürcüstanın Bolnisi rayonu ərazisindəki bu etnooronimin birinci komponentində olan “cinli” sözü qədim türk tayfalarından birinin adıdır. Gürcüstan ərazisində Cinli təpə (Dmanisi rayonu), Cinli qutan etnooronimləri də “cinli” tayfasının adını əks etdirir. Tarixi araşdırmalarda cinlilərin III-IV əsrlərdə Qafqaza-Gürcüstana və Ermənistana gəlmələri göstərilir. Mirzə Adıgözəl bəy yazır ki, cinli tayfası keçmişdə Gürcüstanda yaşamış, XVIII əsrin axırlarında Qarabağa köçmüşdür [80, s. 31]. Xalqımızın mifik təfəkkürü ilə bağlı olaraq yaranmış “cinli” komponenti etnooronimlərin izlərindən danışan N.Məmmədov göstərir ki, Qazax rayonu ərazisində Cinli təpə, Naxçıvan Muxtar Respublikası Sədərək rayonu Qazançı kəndinin ərazisində Cinli yeri, Şahbuz rayonu ərazisində Cindağı, Qazax rayonu Birinci Şıxlı kəndi ərazisində Cindaşa, Masallı rayonu Ərkivan kəndi ərazisində Cindərə, Astara rayonu Cıhəkəran kəndinin yaxınlığında Cindağ adlı toponimlər qeydə alınmışdır [93, s. 165]. “Qədim gürcü mənbələrində cinlilər Volqaboyundan gəlmiş türkdilli tayfa kimi qeyd olunub. Ermənistan ərazisində məskunlaşmış cinlilərdən mamikonnanlar, gürcüstandakı cinlilərdən isə orbelianlar nəsli məşhur idilər. Cinli tayfası ilə əlaqədar toponimlər çoxdur. XIX əsrdə Cənubi Qafqazda Cinlu, Cinabi, Cinal, Cinqala və s. toponimlər vardır” [14, s. 560]. “Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti” kitabının müəllifləri yazırlar ki, eramızın III əsrində şimaldan Cin Bakurun başçılığı ilə Gürcüstana gəlib məskunlaşmış Cinli tayfasına Orbet (gürcücə “Qartal yurdu” deməkdir) adı verilmişdir. Cinlilərin başçıları da orta əsrlərdə həmin qalanın adı ilə Orbelianlar adlanmışdır. Cinlilər Orbet qalasını “üç ox” adlandırmışlar ki, indi gürcülər ona Şamşvilde (gürcücə “üç ox” deməkdir) deyirlər. 1117-ci ildə Lori qalasına çəkilmiş Orbelianların çoxunu gürcülər qırmış, bir hissəsi Zəngəzura (o vaxt Sisianapa) gəlmiş və xristianlığı qəbul etmişlər [69, s. 27]. Cinlilər həm də indiki Çildır, Axalkalak və Axısxa bölgələrini əhatə edən Cavax əyalətində (gürcücə Cavaxeti) yaşadıqlarına görə Cin-Cavan (yəni “cavaxetidə yaşayan cinlilər”) adlanırdılar. Əgər Orbet qalası sonrakı Şamşivildirsə və Şamşvilde “üç ox” mənasındadırsa, onda belə nəticə alınır ki, Cin Türküstanından gəldiklərinə görə Cinli adlanmış bu elin etnik adı Üç ox idi ki, bu da “Kitabi-Dədə Qorqud”da oğuzlarının bir hissəsinin “üç ox” adlanması ilə təsdiqlənir. Cinlilərin digər hissəsi erkən orta əsrlərdə Kür çayı sahillərində yaşayırdılar. XI əsrə aid mənbədə yazılır ki, Dvində oturan ərəb valisi Mərvan ibn Məhəmməd (685-705) 696-cı ildə xəzərlərə qarşı səfərə çıxaraq “Cinlərin ölkəsinə” kür sahilinə gəlmiş, çayın sol sahilində yaşayan hökmdar Cin – Bakura elçi göndərərək, 90 min nəfər xidmətçi qadın tələb etmişdi. Cin-Bakur 70 min silahlı kişini arabalarda qadın paltarında çayın kənarına gətirərək valiyə xəbər çatdırır ki, onları aparmaq üçün adam göndərsin. Mərvanın ordusu çayı keçən kimi arabalardakı kişilər sıçrayıb ordunun üstünə tökülüşdülər və hamısını qırdılar [159, s. 74]. Bu məlumatdan görünür ki, Cinli kifayət qədər böyük el idi. Sonralar onlar islam dinini qəbul etmiş və Qazax ellərinə qarışmışlar. XVIII əsrin ortalarında cinlilər bir neçə tayfa ilə birlikdə gürcü hakimiyyətinə boyun əyməkdən imtina edərək Qarabağa və indi də mövcud olan bir neçə Cinli kəndini yaratmışlar [24, s. 432-433].
Semantik təhlilə cəlb etdiyimiz Cinli təpə, Cinli binə, Cinli qutan etnooronimlərində olan “təpə”, “binə”, “qutan” leksik vahidləri coğrafi terminlər olub, “təpə” - ətəyi ilə zirvəsi arasında nisbi hündürlüyü 200 metrdən artıq olmayan yüksəkliyə, “binə” – maldarların saldığı yurd yerlərinə, “qutan” isə bəzi türk dillərində “kutan”, “kutun”, “kotan” formalarında [177, s. 336] işlənir və heyvanlar üçün tikilmiş dama, tövləyə, pəyəyə deyilir. Deməli, Cinli təpə etnooronimi “cinlilərə məxsus təpə”, Cinli binə etnooronimi “cinli tayfasının heyvandarlıq təsərrüfatı üçün saldıqları yurd yeri”, Cinli qutan etnooronimi isə “cinli tayfasının mal-qara üçün tikdiyi dam, tövlə, pəyə” mənasındadır.
TUMANIN QALASI – Gürcüstan ərazisindəki türkmənşəli etnooronimlərindən biri də belə adlanır. Dmanisi-Başkeçid ərazisində yerləşən bu coğrafi adın işlənmə coğrafiyası son dərəcə əhatəlidir. Türkdilli xalqlar yaşayan ərazilərdə “qala” coğrafi termini ilə yaranmış üç minə qədər oronim qeydə alınmışdır ki, bunlardan da yarıdan bir qədər az hissəsi etnooronimlərin payına düşür. Gürcüstan toponimiyasının məşhur tədqiqatçıları M.Çobanlı və M.Çobanov haqlı olaraq “tuman” leksik vahidinin semantikasını eyniadlı tayfa adlarında axtarmış və söylənilən müxtəlif etimoloji təhlillərə münasibətlərini aşağıdakı şəkildə bildirmişlər və biz də öz növbəmizdə bu fikirlərlə tam razıyıq: Dmanisi (tərkibində “tuman” sözü var - H.Çobanov) oykonimi barədə toponimikada müxtəlif fikir və mülahizələr söylənilir. Birinci qrup toponimistlər Dmanisinin təbii-coğrafi relyefini nəzərə alaraq, onun türkköklü “duman” və “çən, çiskin, sis” sözlərinin birləşməsindən düzəlməsi fikrini söyləyirlər. Bu toponimin “Dumanis” variantında olmasını qeyd edirlər. İkinci qrup toponimistlərin ehtimalına görə, Dumanisi “Tuman” türk tayfasının adı əsasında yaranıb. Üçüncü mülahizəyə görə. Dumanisi “Tuman” şəxs adı əsasında formalaşıb. Ancaq bu mülahizələrdən Dmanisi toponiminin türkköklü “Tuman” tayfa adı əsasında düzəlməsi fikri daha elmi və ağlabatan götünür. Çünki “Tuman” tayfaları Özbəkistanda, Quzey Qafqazda Terek çayının aşağı vadilərində, Sibirdə də yaşamışlar.
İndi Dmanisi toponiminin tarixi mənbələrdə işlənməsinə nəzər salaq: Bu toponimin adı ilk dəfə VII əsrə aid hadisələrlə bağlı olaraq ərəb mənbələrində Əl-Kufi ərəb qoşunlarının sərkərdəsi Mərvan ibn Məhəmmədin Tumanın qalasını fəth etdiyini qeyd etmişdir. 1590-cı ilə aid Osmanlı mənbələrində “Tuman”, 1728-ci ilə aid mənbələrdə Tumanisi kimi qeyd olunmuş və onun Tiflis əyalətinin bir nahiyəsi olduğu göstərilmişdir. Bunlardan başqa, V-VII əsrlərin ən möhtəşəm mədəniyyət xəzinəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanlarının XI boyunda da “Tumanın qalası”nın və “Tumanın dərəsi”nin adı çəkilir. Bu da təsadüfi deyil, çünki dastandakı hadisələr geniş bir ərazidə , həmçinin də Tumanın dağlarında cərəyan edir. “Salur Qazan dustaq olub, oğlu Uruz çıxardığı boyu bəyan edər” boyunda belə bir epizod var: “Xan Qazan bir gün “ov yerinə” (bəlkə, Tumanın ətrafındakı ov dərəsinə - M.Ç.) gedir. Tumanın qələsinə hücum edir, ala bilmir, onu yatdığı yerdə kafirlər tutub qələyə salırlar... Oğlu Uruz gəlib Qazan xanı azad edir...” [36, s. 136-137].
XƏZƏRLİ DƏRƏ – Bu etnonimik oronim qədim xəzər tayfasının adını əks etdirir. Xəzərlərin VI-VIII əsrlərdə Şərqi Gürcüstanda hegemonluğu barədə mənbələrdə xeyli məlumatlara rast gəlirik. [72, s. 22] Xəzərlərin Cənubi Qafqazda görünmələrini e.ə. IV əsrə aid edənlər də vardır. ”Kartlis Sxovreba” (“Gürcüstanın həyatı”) adlı qədim gürcü mənbələrində e.ə. IV əsrdə kartlidə əhalinin altı dildə, o cümlədən xəzər dilində danışdığı qeyd olunub. “Azərbaycan toponimləri. Ensklopedik lüğəti”ndə göstərilir ki, xəzərlərin Azərbaycana axını I-III əsrlərdə daha da gücləndi. Sasani hökmdarı II Şapur (309-379) və Xosrov Ənuşiravani (531-579) dövründə 10 minlərlə xəzər ailəsi Azərbaycanda yerləşdirildi .629-cu ildə xəzərlər Appanı tutaraq, yüz əlli ildən çox burada hökmranlıq etmişlər. Azərbaycanı işğal etməyə çalışan ərəblərlə xəzərlər arasında təqribən yüz il davam edən müharıbə Xilafətin xeyrinə nəticələndi. 965-ci ildə Kiyev knyazı Svyatoslav Xəzər xağanlığına can qoyduqdan sonra xəzərlər siyasi fəaliyyət meydanından çıxdılar və tədricən müxtəlif türk xalqları, o cümlədən azərbaycanlılarla qaynayıb-qarışdılar [14, s. 499].
Gürcüstanın Bolnisi rayonu ərazisində qeydə alınmış “Xəzərli dərə” etnooroniminin əsasını təşkil edən “Xəzər” sözü şübhəsiz ki, kas//kaz//xaz qədim leksik vahidlərindən törəmiş və bunun etnonimik səciyyə kəsb etməsi türkologiyada dəfələrlə sübuta yetirilmişdir. Etnooykonim vaxtilə xəzərlərin yurd yeri olduğu üçün belə adlandırılmışdır.
SUL DƏRƏ – Gürcüstanın Bolnisi rayonunun Dəlilər kəndi və Tetri-tsxaro rayonunun Kosalar kəndi ərazisində “sul/çul” komponentli (“Sul dərə” və “Çullu Alının yeri”) 2 etnooronim qeydə alınmışdır. Bu etnooronimlərin hər ikisinin kökündə qədim türk etnonimi olan “çul” tayfasının adı dayanır və erkən orta əsrlərdə Albaniyada və Gürcüstan ərazisində yaşamış “çul” tayfasının adını əks etdirir. Azərbaycan və Ermənistan ərazilərində də geniş areallara məlik olan çol/çul/sul komponentli etnooronimlərin semantikası haqqında Musa Kalankatlı, Strabon, S.T.Yeremeyev, K.V.Trever, A.P.Novoseltsev, V.Q.Kotoviç, J.Vaydenbaum, Ət-Təbəri, Q.Qeybullayev, R.Eyvazova, Q.Məşədiyev, S.Aşurbəyli, M.Seyidov, T.Əhmədov və başqa tədqiqatçılar yazmışlar. Tədqiqatçıların əksəriyyəti çol/çul/sul etnonimini türkmənşəli söz hesab etmiş və onun çuvaş dilində “daş, qaya, dərə” mənasında [154, s. 39], bəziləri onu “dar dərə” mənasında [176, s. 39], bəziləri isə “düzənlikdə geniş yayılmış xəstəlik” mənasında izah etmişlər. Eramızın V əsrində yazılı abidələrdə qeydə alınmış çol/çul/sul etnonimindən bəhs edən Q.Qeybullayev göstərir ki, Albaniyada Çol, Çar, Sul şəhərlərinin adı Xəzərin Şərq sahilində yayılmış “çor, çöl, sul” etnonimlərinin mənşəyi ilə eynidir. Q. Qeybullayev onu da qeyd edir ki, Albaniyada “çol” toponimi masqunlar arasında yaşayan türk icma çol tayfasının adını əks etdirir [144, s. 38]. Fikrimizcə, Gürcüstan ərazisində olan Sul dərə etnooronimi “sul/çul/çöl” tayfasına məxsus daşlı, qayalı dərə”, Çullu Alının yeri” etnooronimi isə “çul tayfasından olan Alının daşlı, qayalı yeri” mənasındadır. Fikrimizi həmin ərazilərin coğrafi relyefi də sübut edir.
XUNUD QALASI – Gürcüstanın Bolnisi rayonu ərazisində qeydə alınmış bu etnooronimin birinci komponentində olan “Xunud” sözü kök+(xun-hun) şəkilçi (ud) modeli əsasında formalaşmışdır. “Xunud” etnonimi XIX əsrdə Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında “Hünüd” [182, s. 561] şəklində qeydə alınmışdır. Qədim türkdilli hunlar haqqında istər qədim, istərsə də müasir mənbələrdə xeyli məlumatlara rast gəlirik. Bu mənbələrdə hunların Cənubi Qafqaza gəlmiş və bu ərazilərdə məskunlaşması IV əsrin sonlarına aid edilir. Eramızdan əvvəl III əsrdə formalaşan hun dövlətinin sərhədləri Baykaldan Tibetə, Orta Asiyadan Xuanxeyədək uzanırdı. Hunların Zaqafqaziyada, o sıradan Gürcüstana gəlişi IV əsrin sonlarına təsadüf edir. X.Əliyev qeyd edir ki, hun tayfası Çin mənbələrində eramızdan əvvəl 1764-cü ildə Xun adı ilə tanınmışdır. Dilimizdə “x-h” əvəzlənməsi səciyyəvi haldır. Oronimin tərkibindəki Xun etnonim, “ud” məkan bildirən şəkilçidir [50, s.87]. Azərbaycan xalqının soykökündə fəal iştirak edən türkdilli qəbilə birləşmələrindən olan hunların adı təkcə Tovuz rayonunda 6 oronimdə mühafizə olunmuşdur: Hunan düzü, Hunan şəhər xarabalığı, Hunan qalası, Hunan arxı, Hunan təpəsi, Hunan dərəsi [70, s. 41]. Hun sözünün etimologiyası haqqında Azərbaycan dilçiliyində ara-sıra qeydlərə də rast gəlirik. E.Əzizov O.Süleymanovaya əsaslanaraq göstərir ki, Hun etnonimi Altay dillərinə məxsus leksik vahid olub, “xalq, camaat” mənasını verir [62, s. 53]. Bu etimoloji izahı əsas götürərək deyə bilərik ki, Xunud qalası etnooronimi “hun/xun xalqının, camaatının inşa etdiyi, tikdiyi qala” mənasındadır.
ÇAXIRLI YERİ – Gürcüstanın Marneuli rayonu ərazisində mövcud olan bu etnooronim mənbələrdə müxtəlif fonetik variantlarda qeydə alınmış “çəkərli/çakar/çakır/çaxır/çaxırlı/çakər” tayfasının adı ilə əlaqədar olaraq formalaşmışdır. “Çəkərlilər eramızın əvvəllərində Şimali Qafqazda yaşamış türkdilli bulqarların çakar tayfasından təşəkkül tapmışlar. Bu tayfanın müəyyən hissəsi erkən orta əsrlərdə Azərbaycana gələrək burada məskunlaşmışdır” [14, s. 534] N.Vəlişov yazır ki, Azərbaycanın Cəbrayıl, İmişli, Göyçay, Masallı rayonlarındakı Çaxırlı kəndləri, Masallı rayonundakı Çaxırlı təpəsi, İmişli rayonundakı Çaxırlı Qobusu oronimləri, “çakar/çakır/çaxır tayfasının adını daşıyır. Çakar/çakır sözü monqol dilində “xidmətçi, qoruyucu, xanın xidmətçiləri” deməkdir. Fars dilində çakar/çaxır sözünün “quyu, çənə çuxuru, zənəxdan” mənaları da vardır [124, s. 151]. Bu mənalardan birincisinin (“xidmətçi, qoruyucu, xanın xidmətçiləri”) Çaxırlı etnoniminə uyğun gəldiyini nəzərə alıb bu tayfa adı əsasında yaranmış “Çaxırlı yeri” etnooronimini “xanın özünün qoruyucularına, mühafizəçilərinə bağışladığı yer” anlamında izah etmək olar. Çaxırlılar Gürcüstan ərazisinə XIX əsrin əvvəllərində Azərbaycanın Qazax bölgəsindən köçürülmüşlər.
KOTANLI YERİ – Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndi ərazisində qeydə alınmış bu etnooronim “kotanlı” türk tayfası adını əks etdirir. “tarixən əkinçilikdə kotan işlədən tayfaya Kotançı deyərmişlər. Türk dillərində “kotan” sözü “saban”, “kotançı” sözü isə “sabançı” formasında da işlənmişdir” [98, s. 313]. Q.Qeybullayev yazır ki, kotan etnonimi Kotandağ oronimində (Dəvəçi və Naxçıvan rayonları) əks olunmuşdur. XIX əsrdə İrəvan quberniyasında Kotanlı və Xaraba Kotanlı qeydə alınmışdır [145, s. 50].
XIII-XIV əsrlərdəki ərəb mənbələrində “kotyan” şəklində qeyd olunmuş bu etnonimi Q.Qeybullayev qıpçaq mənşəli hesab edir [145, s. 48]. Kotanlı tayfasının Gürcüstan ərazisinə köçmə tarixini dəqiq şəkildə təyin etmək mümkün olmasa da, güman etmək olar ki, tarixin müxtəlif dövrlərində bu ərazilərdə kotanlı tayfasına məxsus yaşayış məntəqələri olmuş, onlar müəyyən səbəblər ucbatından Azərbaycana və Ermənistana miqrasiya etdiklərindən öz izlərini “Kotanlı yeri” etnooronimində saxlamışlar.
QAZAN QAYASI – Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndi ərazisində mövcud olan “qazan” komponentli bu etnooronimin izlərinə türk xalqları yaşayan əksər yerlərdə rast gəlmək mümkündür. Azərbaycan ərazisində “qazan” tayfa adı əsasında formalaşmış 14-dən çox oykonim, oronim, hidronim mövcuddur. Əksər mənbələrdə göstərilir ki, “qazan/kazan” komponentli toponimlər türkdilli qədim bulqarların eyniadlı tayfasının adıdır. Bu tayfa ilk dəfə e.ə. II əsrdə bulqarların tərkibində Zaqafqaziya ərazisinə gəlmişlər. Eramızın ilk əsrlərində hunların, onların ardınca suvar və avarların, daha sonralar isə xəzərlərin tərkibində Azərbaycanda məskunlaşmışlar. İnqilaba qədər Qafqazda “qazan” etnonimi ilə bağlı 24 coğrafi ad vardır. Cənubi Azərbaycan ərazisində, habelə Ukrayna, Başqırdıstan, Tatarıstan, Qərbi Sibir və s. yerlərdə də qazanlarla bağlı toponimlər var [14, s. 112].
Gürcüstanın Nonosminda rayonundakı Borçalının yaylaq yurdlarından biri də “Qazan təpə” adlanır. Fikrimizcə, hər iki etnooronim (Qazan qayası – Qazan təpə) “Dədə Qorqud” qəhrəmanı Qazan xanın adından çox-çox əvvəllər formalaşmışdır. Araşdırıcıların da əksəriyyəti “Qazan” komponentli coğrafi adları “qaz/qas” və “an” hissələrinə ayıraraq təhlil etmişlər. Bu təhlillərdən belə aydınlaşır ki, qaz/qaslar eranın ilk yüzilliklərində tayfa kimi tam şəkildə formalaşmışdılar [116, s. 107]. V.V.Radlov doğru olaraq göstərir ki, “kaz//qaz” və onun kas//qas fonetik variantının qırğız, sağay, koybal dillərində “yüksəklik”, “ucalıq” anlamları vardır [184, s. 345]. R.Eyvazova qeyd edir ki, “qaz/qas” sözü yer, çay, hətta cins atlarında da işlənmişdir. Qazan adında “qaz” - uca, yüksək, ulu, -“an” isə feli sifət şəkilçisidir. Hər iki tərkibdən yaranmış, “Qazan” - ucalan, yüksələn, ululaşan anlamındadır [40, s. 83].
Beləliklə, təhlilə cəlb etdiyimiz “qazan” komponentli hər iki etnooronim “qaz/qas” tayfa adını özlərində əks etdirir və “ucalığı, yüksəkliyi sevən türklərin qayası, təpəsi” anlamını bildirir.
SAKDAĞ – Bu etnooronim Gürcüstanın Kaspi rayonu ərazisində qeydə alınmışdır. Antik müəlliflərin verdikləri məlumatlara görə, qədim türklər “saka” adlanmışlar. Dağın adı eradan əvvəl Şimali Qafqaza, o cümlədən, Azərbaycan, Gürcüstan, Ermənistan ərazilərinə gəlmiş saka/şaka tayfasının adı ilə bağlıdır. Türkiyədə, Azərbaycanda, İranda, Özbəkistanda, Qırğızıstanda, Tatarıstanda sak/şak komponentli çoxlu sayda etnotoponim qeydə alınmışdır. Bu söz türkdilli qazaxlarda “şaqa”, özbəklərdə “şaklar” formalarında işlənir. Hələ Bizans tarixçisi Menandr 568-ci ildə yazmışdır ki, türklər qədimdə “saka” adlanırdılar [14, s. 569].
ŞİNDİ DAĞI – Bu dağ Gürcüstanın Dmanisi rayonunun Şindilər kəndi ərazisində yerləşir. Şindi dağı oronimini V.F.Minorsk etnonim mənşəli söz hesab edərək göstərir ki, III əsrdə Sasanilər Şind qalasının bünövrəsini qoymuşlar [90, s. 168]. XX əsrin əvvəllərinə kimi Qərbi Azərbaycanın (indiki Ermənistan) Amasiya rayonunda Şindilər adlı yaşayış məntəqəsi mövcud olmuşdur. Q.Qeybullayev və B.Budaqov qeyd edirlər ki, 1918-ci ildə Şindilər kəndinin əhalisi ermənilər tərəfindən qovulmuşdur. 1922-ci ildən sonra əhalisinin bir hissəsi geri qayıtmışdır. 1948-1949-cu illərdə əhali Azərbaycana köçürüldükdən sonra kənd ləğv edilmişdir. Borçalı qəzasında (indi Dmanisi rayonunda) Şindi dağı və Şindilər kəndi adları ilə mənşəcə eynidir [14, s.441]. Şindi etnoniminin mənasını aydınlaşdırmaq çətin olsa da, belə ehtimal etmək olar ki, Şindi oronimi və Şindilər oykonimi Şindi tayfa adı ilə bağlı yaranmışdır. Şəki rayonundakı Şin çayının və Şin kəndinin adları da güman ki, “şind” tayfasının adı ilə bağlıdır.
KAVADAĞ – Gürcüstanın Borçalı ərazisində qeydə alınmış bu etnotoponim Azərbaycanın dialekt və şivələrində işlənən “kav” (“dağ keçidi” mənasında) sözü ilə bağlayıb izah etmək düzgün olmazdı [36, s. 46]. Ehtimal ki, etnooronim özündə qədim türkdilli “kov/qov” etnonimini əks etdirir. “Qov” sözünün “kava” şəklinə düşməsi Azərbaycan dilinin fonetik qanunlarına uyğundur. Azərbaycan ərazisində “qov” etnonimi əsasında formalaşmış 8-dən çox etnotoponim qeydə alınmışdır: Qovdağ silsiləsi (İsmayıllı rayonu); Qovlar kəndi (Sabirabad rayonu); Qovlar kəndi (Tovuz rayonu); Qovlarası (Samux rayonu); Qovlu (Qazax rayonu); Kabdar (Cəbrayıl rayonu); Qovşudlu (Cəbrayıl rayonu); Kovlu (Qərbi Azərbaycan) və s.
Mənbələrdə qeyd edilir ki, bu tayfa türkdilli peçeneqlərin tərkibində VIII-IX əsrlərdə Azərbaycana gəlmişlər. Qədim rus salnamələrində “qov” tayfasının adı “koy” kimi çəkilir. Bəzi müəlliflərə görə bu tayfa Azərbaycana peçeneqlərin tərkibində IX-XI əsrlərdə gəlmişdir.
QACARDAĞ – XIX əsrə aid sənədlərdə Tiflis quberniyasının Tiflis qəzasında bu adda etnonimik oronim qeydə alınmışdır. Bu etnooronimin əsasını “qacar” tayfa adı təşkil edir. Mənbələrdə qeyd edilir ki, İranda Şah Abbas hakimiyyət başında olan dövrdə qacarlar Azərbaycanın Gəncə bölgəsinə, buradan isə Borçalıya köçürülmüşlər [36, s. 69]. Tiflis əyalətinin Baydar və Dəmirçi Həsənli nahiyələrində Qacar və Qacarlı yaşayış məntəqələri də olmuşdur. “XIII-XIV əsrlərdə Ön Asiyada sulduz, cəlair və tancıt tayfaları əsasında yaranmış qacarların bir qismi əvvəlcə Suriyada yaşamışlar. Sonralar qacarları Teymur (1370-1405) İrana köçürmüşdü. Qacarların bir hissəsi XVII əsrdə Qarabağ və Gəncə zonasında yerləşdirilmişdi. XV əsrdə qızılbaşların tərkibinə daxil olmuş qacarlar Səfəvilərin hakimiyyətə keçmələrinə yaxından köməklik etmişdilər. İranda qacarlar sülaləsi də qacar tayfasından idi. İnqilabdan əvvəl Qafqazda Qacar adlı 10-dan çox kənd vardı” [14, s. 150].
Beləliklə, nəzərdən keçirdiyimiz bu etnooronimlər göstərir ki, Gürcüstan ərazisində müxtəlif türk etnoslarının tarixi kökləri çox-çox qədimlərə gedib çıxır və Azərbaycan xalqının etnogenez məsələlərinin öyrənilməsində çox mühüm əhəmiyyət kəsb edir. Araşdırmalar onu da sübut edir ki, bu ərazidəki bəzi oronimlər etnooykonimlərə, bəzi oykonimlər isə etnooronimlərə ayrı-ayrı dövrlərdə transfer edilmişdir.
Dostları ilə paylaş: |