GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ



Yüklə 250,89 Kb.
səhifə21/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   17   18   19   20   21   22   23   24   ...   55
3.1.1. Antroponimik oykonimlər
Gürcüstan ərazisindəki etnotoponimlərin bir hissəsini antroponimlər əsasında əmələ gəlmiş coğrafi adlar təşkil edir ki, bunlar həm şəxs adlarından, həm də titul, ayama, ləqəb ilə şəxs adlarının birləşməsindən əmələ gəlmişdir. Bu regionda antroponimlər əsasında formalaşan toponimlərin demək olar ki, əksəriyyəti Azərbaycan dili ilə bağlıdır. Belə ki, Gürcüstan ərazisindəki yaşayış məntəqələrinin müəyyən hissəsinin tarixini müxtəlif dövrlərində Azəri türkləri salmış və bu torpaq mülklərinə də özlərinə məxsus xüsusi adlar vermişlər ki, bunların leksik-semantik istiqamətdə təhlili olduqca mühüm əhəmiyyətə malikdir.

CƏFƏRLİ – Gürcüstanın Bolnisi rayonundakı bu etnonimik antroponim əsasında formalaşan oykonimlərdən biridir. Araşdırmalarımız göstərir ki, Azərbaycanın Cəbrayıl (Cəfərabad kəndi), Şəki (Cəfərabad kəndi), Ağcabədi (Cəfərbəyli kəndi), Qəbələ (Cəfəryaylaq dağı), Ağsu (Cəfərli kəndi), Qazax (Cəfərli kəndi), İmişli (Cəfərli kəndi), Gədəbəy (Cəfərli kəndi), Cəlilabad (Cəfərli kəndi), Cəlilabad (Cəfərxanlı kəndi) rayonlarındakı bu toponimlərin hamısını “cəfərli” nəslinin və ya tirəsinin adı ilə bağlamaq düzgün olmazdı. Belə ki, Gürcüstanın Bolnisi və Azərbaycanın Qazax rayonlarındakı Cəfərli adlı yaşayış məntəqələri qazaxların qafarlı tayfasının bir qolu olmuş “cəfərli” elinin adı əsasında yaranmışdır. Lakin Cəbrayıl və Şəki rayonlarındakı Cəfərabad kəndlərinin adları Xoy hakimi Cəfərqulu xana məxsus ailələr saldığı üçün, Ağcabədi rayonundakı Cəfərbəyli kəndini kəbirli tayfasının eyniadlı tirəsinin vaxtilə məskunlaşmasına, Ağsu rayonundakı Cəfərli kəndini Muğanlı tayfasının cəfərli tirəsi saldığına, İmişli rayonundakı Cəfərli yaşayış məntəqəsini sarıxanlı tayfasının Cəfərli tirəsi məskunlaşdığına, Cəlilabad rayonundakı Cəfərli kəndini muğanlı tayfasının cəfərli tirəsi bina etdiyinə görə belə adlandırmışdır. Göründüyü kimi, müxtəlif ərazilərdə təkrarlanan bu etnotoponimlər adlandırma baxımından paralellik təşkil etsələr də, əksəriyyəti təsadüfi xarakter kəsb edir. Qeyd etməliyik ki, XVIII əsrin əvvəllərində və XIX əsrin ortalarında indiki Ermənistanın Dərələyəz və Vedi nahiyələrində mövcud olan Cəfərli kəndlərinin əhalisi Qazax elinin Cəfərli tayfasına mənsub olmuş və onlar həmin dövrlərdə Gürcüstana köç etmişlər [24, s. 431].

ƏMİRXANLI – Vaxtilə Tiflis əyalətinin Pənbək nahiyəsində bu adda kənd olub. Eyniadlı kənd Tiflis əyalətinin Baydar nahiyəsində də qeydə alınmışdır. Qədim dövrlərdə “əmir” və “xan” sözləri rütbə, titul bildirən leksik vahidlər olmuş, sonralar isə “Əmir” şəxs adına çevrilmişdir. “Xan” sözü isə antroponimə qoşularaq mürəkkəb xüsusi adı formalaşmışdır. Etnooykonim Əmirxanlı nəslinə mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır.

YOLÇUOĞLU HƏSƏN – Qədim Borçalı ərazisində kənd adı olub. Bu etnoantroponim “Yolçu adlı bir şəxsin oğlu Həsənin saldığı kənd” mənasındadır. Hazırda Borçalının Darvaz kəndində Yolçuoğlular adlı nəsil yaşamaqdadır. Bu etnotoponimdə “Həsən” şəxs adı düşmüş, xalq tərəfindən sadələşdirilməyə üstünlük verilmişdir.

YAQUBLU – Gürcüstanın Dmanisi rayonu ərazisində “Yaqub” şəxs adı əsasında yaranan bu etnotoponimin izləri göstərir ki, Azərbaycan və Ermənistan ərazisindəki eyniadlı yaşayış məntəqə adları ilə onun paralelliyi təsadüfi xarakter daşımır. Belə ki, mənbələrdə də göstərildiyi kimi, XIX əsrdə İrəvan quberniyasının Aleksandropol, İrəvan quberniyasının Eçmiədzin qəzalarında Yaqublu adlı yaşayış məntəqələri mövcud olmuşdur. 1945-ci ilə kimi Quqark (ermənicə) rayonun adı Yaqublu olmuşdur [182, s. 305; 24, s. 272]. Müxtəlif illərdəki erməni genosidi nəticəsində azərbaycanlı əhali bu kəndlərdən didərgin salınmış və onların bir qismi Şəki rayonu, digər bir qismi isə Oğuz rayonu ərazilərində məskunlaşmışlar. 1728-ci ildə tərtib edilmiş “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə “Yaqub” şəxs adı ilə bağlı yaranmış 2, “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə 3 Yaqublu oymağının adı çəkilir. Bu tarixi sənədlərin hər ikisində qeyd edilir ki, Yaqub adlı şəxs Kosalı tayfasına məxsus idi. Deməli, Kosalı türk tayfasının bir qolu olan yaqubluların Azərbaycan ərazisinə gəlmələri Ermənistandan olmuş, Gürcüstan ərazisinə getmələri isə XVIII əsrin əvvəllərinə təsadüf edir.

CAVANŞİRLİ – Tiflis əyalətinin Borçalı mahalının Baydar nahiyəsində bir oymağın adı olub. XVI əsrin ortalarında cavanşirli tayfası Qarabağdan Qazax mahalına, oradan isə Gürcüstan ərazisinə köçmüşlər. Cavanşirli tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yarandığına görə həmin tayfanın adını daşıyır. Ağqoyunlular dövründə Cavanşir şəxs adı olmuşdur. “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə (1728) “Cavanşir” komponentli 2 etnotoponim qeydə alınmışdır: Cavanşir-Pəhləvanlı və Cavanşir-Kəbirli. Bu etnooykonimlərin hər ikisinin tərəfləri müxtəlif tayfa adları ilə ifadə olunmuşdur.

SARIVƏLLİ – XIX əsrdə Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində bir elin adı olub. Etnotoponim rəng bildirən “sarı”, şəxs adı bildirən “Vəli” və -li topoformantı əsasında formalaşmışdır. Yerli məlumata görə, yaşayış məntəqəsinin XVIII əsrin əvvəllərində Gəncə-Qazax bölgəsindən gəlmiş Sarı Vəli adlı şəxs saldığına görə belə adlanmışdır. Azərbaycan ərazisində “sarı” komponentli 20-dən çox, “Vəli” komponentli isə 5-ə qədər yer-yurd adı qeydə alınmışdır [14, s. 428].

SALMANLI – Tiflis əyalətinin Pənbək nahiyəsində XX əsrin əvvəllərinə kimi eyniadlı yaşayış məntəqəsi olub. Bu antropoetnotoponim əsasında “Salman” şəxs adı dayanır. Mənbələrdə qeyd edilir ki, Qızılbaşların yemaclı tayfasında Salman adlı bir nəfər olub və yemaclı tayfasının başçıları ona Azərbaycan və digər ərazilərdə çoxlu kəndlər bağışlamışlar. Ehtimal ki, Gürcüstan ərazilərində ona bağışlanmış kəndlərdən biri də Salmanlı olmuşdur. Etnotoponim “Salmana məxsus kənd” mənasındadır [14, s.424].

BABAKİŞİLƏR – Gürcüstanın Bolnisi rayonundakı antroponim əsasında yaranan Azərbaycan mənşəli etnotoponimlərdən biridir. “Kəndin adı rəsmi sənədlərdə Musopriani, Poçxviriani adlansa da, regionda yenə də qədim adı ilə “Babakişilər” adlanır”. Vələsli, Pir, Şişdağ dağlarının əhatəsində yerləşir [49, s. 67].

D.D.Pagirev Qərbi Azərbaycanın İrəvan quberniyasının Eçmiədzin və İrəvan quberniyasının Novobayazid qəzalarında “Babakişi” adlı 2 yaşayış məntəqəsinin adını çəkir [182, s. 156]. Mənbələrdən məlum olur ki, XIX əsrdə Babakişi adlı şəxs mülkədar olmuşdur. Çox güman ki, 1878-ci ildə Babakişi kəndindən Azərbaycan türklərindən ibarət əhali sıxışdırıldıqdan sonra Gürcüstana pənah gətirmişlər. Babakişilər ayrumlara məxsus nəslin adıdır [23, s. 142].

QASIMLI – Gürcüstanın Marneuli rayonu ərazisində yerləşən bu kəndin adı “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə çəkilir [91, s. 62] “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə də Qasımlı kimidir [72, s. 142]. Həmin mənbədə qasımlılar Avşar da adlandırılır [86, s.142]. İranda XIX əsrdə Əfşar tayfasının bir qolunun adı Qasumlu idi [24, s. 195]. Azərbaycanda Qasım şəxs adı əsasında formalaşmış 13-ə qədər etnotoponim qeydə alınmışdır [14, s. 147-148]. Bütün bunların hamısının təkcə bir “Qasım” adlı şəxsin adından yarandığı fikrindən tam uzağıq. Sadəcə olaraq mənbələrdə əksini tapmış bu etnotoponimləri bir-biri ilə tutuşdurmaqla, müqayisələr aparmaqla, hansının hansı tayfadan çıxdığını müəyyənləşdirməklə müəyyən obyektiv nəticələr əldə etmək mümkündür. Belə ki, Masallı rayonundakı Qasımlı kənd adı mənşəcə şahsevən tayfalarının Qasımlı adlı tirəsinin adını əks etdirdiyi halda, Gürcüstanın Bolnisi, Qərbi Azərbaycanda (indi Ermənistan) 2 dəfə təkrarlanan Qasımlı adlı etnooykonimlərində Əfşar tayfasının Qasımlı adlı tirəsinin adı əbədiləşmişdir.

FAXRALI – Mürəkkəb quruluşa malik bu etnotoponim Gürcüstanın Bolnisi rayonunda qeydə alınmışdır. Faxralı etnotoponimi “fəxr” və “Əli//Alı” komponentlərindən ibarət olub, “fəxr edilən, öyünülən Əli//Alı” anlamındadır. Bu etnotoponimin birinci komponentində işlənən “fəxr” leksemi ləqəb bildirən sözdür. Faxr//fəxr sözü bəzi dialektlərdə “bilikli, ağıllı, savadlı” (adam) mənasında da işlədilir. (Sabirabad rayonu) [6, s. 402]. “Fəxr edilən, öyünülən, örnək, nümunə göstərilən Alı” mənasındakı bu etnotoponimin izlərinə Azərbaycanda da rast gəlirik. “Goranboy rayonunda Gəncə-Qazax düzənliyində yerləşən Faxralı kəndinin əhalisi XVIII əsrdə Gürcüstan ərazisində baş vermiş siyasi hadisələrlə əlaqədar olaraq bu bölgəyə köçmüşlər” [14, s. 485].

XƏLƏFLİ – XIX əsrdə Borçalı qəzasında kənd olub. Bu etnotoponimin əsasında “Xələf” şəxs adı dayanır. “Xələf” ərəb dilindən alınma söz olub, “varis, övlad” deməkdir. Yerli məlumata görə, yaşayış məntəqəsinin “Xələf” adlı şəxs saldığı üçün belə adlanmışdır. Antropoetnotoponimin sonundakı “-li” formantı aidlik, mənsubluq bildirir. Azərbaycanın Qax, Cəbrayıl, Füzuli rayonlarında “xələf” komponentli 5-ə qədər yer-yurd adı qeydə alınmışdır [14, s. 499-500].

ƏLƏMDARLI – XIX əsrdə Tiflis əyalətinin Baydar, Dəmirçi Həsənli, İmir Həsənli nahiyələrində 3 Ələmdarlı etnotoponimi qeydə alınmışdır. M.Çobanov qeyd edir ki, İmirli tayfasının bir qolu “Ələmdarlı” adlanırdı. Ələmdarlı qışlağı, Ələmdarlı kəndlərinin bünövrəsi eyniadlı şəxsin törəmələri tərəfindən qoyulduğuna görə etnotoponimlər belə adlanmışdır [36, s. 78].

ƏLİCANLI – XIX əsrdə Tiflis əyalətinin Pənbək nahiyəsində Əlicanlı adlı yaşayış məntəqəsi olub. Bu yaşayış məntəqəsinin adı İmirli tayfasının Əlicanlı tirəsinin adını özündə əks etdirir. Bu antropoetnonim kök+kök+şəkilçi modeli əsasında formalaşmışdır.

MƏMİŞLİ – Gürcüstanın Dmanisi rayonunda bu adda 2 etnotoponim qeydə alınmışdır: Məmişli və Məmişlilər. “Məmiş” onimi “Məhəmməd” şəxs adının əzizləmə çalarında işlədilən şəklidir. Tarixi proses nəticəsində Məhəmməd antroponiminin transformasiya istiqaməti belə olmuşdur: Məhəmməd-Məmməd-Məmiş. Əslində isə 22-yə qədər qeydə alınmış və Məmməd və Məhəmməd şəxs adlarından törənən etnotoponimlərin əksəriyyəti ayrı-ayrılıqda təsadüfi xarakter kəsb edir. Lakin toponimik mənbələr təsdiq edirlər ki, Azərbaycanın Sabirabad və Şuşa rayonlarındakı Məmişlilər yaşayış məntəqə adları ilə Gürcüstanın Dmanisi rayonundakı Məmişlilər eyni tayfanın törəmələridirlər. Tarixi mənbələr onu da sübut edir ki, XIX əsrin əvvəllərində Qarabağlı Mehdiqulu xana məxsus xəlfəli tayfasına mənsub məmişlilərin bir qismi Azərbaycan ərazilərində məskunlaşsa da, digər bir qismi müxtəlif bölgələrə səpələnmişlər. Güman ki, Gürcüstan ərazilərinə, o cümlədən Dmanisi-Başkeçid bölgəsində də onlar özləri üçün yaşayış yerləri seçə bilmiş, o dövrlərdən bu yerlərdə məskunlaşmışlar.

HÜSEYNKƏND – “Hüseyn” şəxs adı və ”kənd” coğrafi termini ilə yaranmış bu etnooykonim Gürcüstanın Dmanisi rayonunda qeydə alınmışdır. Azərbaycanda müxtəlif morfem və apelyativlərin artırılması ilə düzələn 11-dən çox etnotoponim də “Hüseyn” antroponiminin məzmunu ilə bağlıdır. “Hüseyn” şəxs adı ilə əlaqədar Ermənistanda da yer adlarının yaranması həmin ərazidə Hüseyn nəslindən olanların yaşadığını göstərir. Ümumiyyətlə, türkdilli xalqlar yaşayan ərazilərdə ərəb dilindən alınmalardan olub, “gözəl, göyçək” mənasını bildirən Hüseyn antroponimi və etnotoponimləri olduqca işlək vəziyyətdədir. Gürcüstanın Dmanisi rayonundakı Hüseynkənd yaşayış məntəqəsinin vaxtilə hacılı icmasına mənsub Hüseyn adlı şəxs və onun övladları saldığına görə belə adlandırılmışdır.

CALALOĞLULAR – XIX əsrdə Tiflis quberniyasının Borçalı qəzasında Calaloğulular adlı yaşayış məntəqəsi olmuşdur. Antroponimlə ifadə olunan bu etnotoponim kök+kök+şəkilçi modelinə malikdir. Mənbələrin verdiyi məlumata görə, XVI əsrin ortalarında qızılbaşların Çənni tayfasının əmirinin adı Məhəmməd bəy Calal olmuşdur. Kəndin bünövrəsi Məhəmməd bəy Calal tərəfindən qoyulduğuna görə etnotoponim belə adlandırılmışdır. M.Çobanlov yazır ki, Calaloğlular kəndinə XIX əsrin ikinci yarısında ruslar, XX əsrin əvvəllərində isə Türkiyədən ermənilər köçürüldüyündən yaşayış məntəqəsinin adı dəyişdirilərək “Stepanavan” qoyulmuşdur [36, s.284].

NƏSİBLƏR – Qədim Borçalı mahalında kənd adı olub. Bu antropoetnotoponim kök+şəkilçi modeli əsasında formalaşmışdır. “Nəsib” sözü ərəb dilindən alınmalardan olub “tale, qismət” deməkdir. Etnotoponimin sonundakı –lər şəkilçisi dilimizdə əsasən cəmlik bildirən qrammatik forma kimi tapılsa da, burada sözdüzəldici şəkilçi kimi çıxış etmiş, mənsubluq bildirmişdir. A.Qurbanov da doğru olaraq göstərir ki, ümumiyyətlə, onomastik vahidlərin yaranmasında -lar, -lər sırf onoformant kimi fəal iştirak edir [83, s. 462].

HASANXOCALI – Mürəkkəb quruluşa malik olan bu etnotoponim Gürcüstanın Bolnisi rayonu ərazisində qeydə alınmışdır. Etnotoponimin birinci komponentindəki Hasan (Həsən) şəxs adı, ikinci komponentindəki “xoca” sözü titul bildirir. Belə ki, keçmişdə mədrəsə təhsili almış şəxslər, din xadimləri və başqaları fəxri xoca titulu daşıyırdılar. Hal-hazırda Türkiyədə tərbiyəçiyə, müəllimə “xoca” – deyə müraciət edirlər. Deməli, Hasanxocalı etnotoponiminin tərkibində işlənən “xoca” leksemi birbaşa Hasan adlı şəxsə deyil, onun mənsub olduğu nəslə, soya aiddir. Belə ki, Hasanın ulu babaları oxumuş, savadlı, bilikli olduqlarına görə “xoca” titulunu qazanmış və çox sonralar “xoca” sözü toponim yaradıcılığında mühüm rol oynamışdır. Hasanxocalı etnotoponimi “Hasan xocalıların saldıqları kənd, məskunlaşdıqları yer” mənasındadır.

ŞAHMARLI – Dmanisi rayonunda Maşaven çayının sahilində, rayon mərkəzindən 8 km qərbdə, dəniz səviyyəsindən 1388 m yüksəklikdə, Qəmərli kəndi ilə qonşuluqda yerləşən bir kəndin adı belədir. Bu antroponimik oykonim çox güman ki, şahmarlı nəslinin adı ilə bağlı olaraq yaranmışdır.

SARIMƏMMƏDLİ – Gürcüstanın Bolnisi rayonunda azərbaycanlılar yaşayan kəndlərindən biri belə adlanır. Kök+kök+şəkilçi (sarı+məmməd+li) modeli əsasında formalaşmış bu antropoetnotoponiminin birinci komponentində işlənən “sarı” sözü müasir dilimizdə əsasən bir məna çalarını saxlamasına baxmayaraq, qədim dövr leksik-semantik arxaizmləri fonunda çoxmənalı leksik vahid olmuşdur. “Sarı” komponentli türkmənşəli etnooykonimlərdən bəhs edərkən V.B.Radlov onların “sarı” sözü ilə bağlı olaraq yarandığını və “mərdlik, igidlik, cəsarət qüvvət, güc” mənası kəsb etdiyini göstərmişdir [184, s. 314]. Ola bilsin ki, Sarıməmmədli oykonimindəki “sarı” topoformantı rəng mənasında da işlənsin. Belə bir fikri əsas götürsək, onda antropotoponimin tarixiliyinə kölgə salmış olarıq. Əksər toponimik araşdırmalarda da “sarı” topoformantlı etnooykonimlərin (Sarıhacılı, Sarıçoban, Sarıhəsənli və s.) hər birində bu leksik vahidin arxaik məna çaları nəzərə alınaraq leksik-semantik aspektdə təhlil edilmişdir. Deməli, Sarıməmmədli toponiminin tərkibindəki ”sarı” topoformantı ayıma, ləqəb bildirir. “Məmməd” xüsusi adı isə tarixən olduğu kimi, müasir dövrümüzdə də ən işlək şəxs adlarından biridir. Beləliklə, Sarıməmmədli antropotoponiminin mənası “sarı ləqəbli Məmməd adlı şəxsin və onun törəmələrinin saldığı kənd, yaşayış yeri” anlamındadır.

BABAXANLI – Tiflis əyalətinin Borçalı qəzasında qeydə alınmış bu etnotoponimin əsasında “Babaxan” şəxs adı dayanır. “Babaxanlı” antropoetnonimi “baba” və “xan” leksik vahidləri, “-lı” morfoloji vahidi əsasında düzəlmişdir. XV əsrdə qızılbaşların bir qolu bozçaylı adlanırdı ki, bu qolun əmirlərindən birinin adı babaxan olmuşdur. Babaxanlı etnooykonimi həmin şəxsin şərəfinə belə adlandırılmışdır. XVII əsrdə İrəvan xanlığının Şörəyel nahiyəsində Babaxanlı adlı yaşayış məntəqəsi olmuşdur.

CANƏHMƏDLİ – Tiflis quberniyasının Borçalı qəzasında mövcud olmuş bu etnotoponim “Canəhməd” şəxs adı və -lı topoformantı əsasında yaranmışdır. XVI əsrdə qarapapaqların bir qolu canəhmədli adlanırdı. XIX əsrdə Borçalı mahalında bir oymağın adı da “Canəhmədli” idi.

NƏCMƏDDİNLİ – “Tiflis əyalətinin müfəssəl dəftəri”ndə Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində bir elin, camaatın adı “Nəcməddinli Molla Mahmud camaatı, eli” formasında qeydə alınmışdır. XVIII əsrin 20-ci illərinin sonlarında Baydar nahiyəsində də eyniadlı oymağın adı göstərilmişdir. Sonrakı dövrlərdə sintaktik üsulla formalaşmış bu etnotoponim tərkibindəki “molla, Mahmud, camaat, el” leksik vahidləri atılmış və yer adı sadəcə olaraq “Nəcməddinli” adlanmışdır.

Beləliklə, Gürcüstan ərazisində şəxs adları əsasında formalaşmış etnoantroponimlərin semantik əhatəsi genişdir; bu sahələrin komponentləri müxtəlif rəng bildirən sözlərlə (Sarıməmmədli (Bolnisi rayonu), Sarallar (Bolnisi rayonu), Ağməmmədli (Dmanisi rayonu), dini, titul, rütbə bildirən sözlərlə Hasanxocalı (Bolnisi rayonu), Mollaəhmədli (Bolnisi rayonu), Mehdiağalar (Dmanisi rayonu), Məhəmmədağalar (Dmanisi rayonu), Seydiqocalı (Marneuli rayonu), şəxs adları bildirən sözlərlə Sayalıoğlu (Bolnisi rayonu), Cəfərli (Bolnisi rayonu), Şəmşöy (Bolnisi rayonu), Məmişli (Dmanisi rayonu ) Səfərli (Dmanisi rayonu), Şahmarlı (Dmanisi rayonu), Mecitli (Marneuli rayonu), Nəzərli (Qardabani rayonu), Novruzalı (Zalqa rayonu), Nəbilər (Zalqa rayonu), Həsənlər (Kaspi rayonu), Culuflu (Zalqa rayonu) ifadə olunmuşdur.



Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin