2.4.2. II növ ismi söz birləşməsi şəklində olan etnotoponimlər Azərbaycan dilinin sintaksis bölməsinə həsr edilmiş dərsliklərdə qeyd edilir ki, II növ ismi söz birləşməsinin birinci tərəfi şəkilçisiz, ikinci tərəfi isə mənsubiyyət şəkilçisi qəbul edərək düzəlir. Bu cür birləşmələrin birinci tərəfi, əsasən, isimlərdən, ikinci tərəfi isə mənsubiyyət şəkilçili sözlərdən ibarət olur. Həm də II növ ismi söz birləşmələrinin tərəfləri arasında qarşılıqlı tabelilik əlaqəsi var; birinci tərəf idarə əlaqəsi ilə ikinci tərəfə, iknci tərəf isə uzlaşma əlaqəsi ilə birinci tərəfə tabe olur [1, s. 44]. A.Qurbanov bu cür onomastik vahidləri kök+kök+şəkilçi modeli əsasında qurulan sintaktik-morfoloji qaydada yaranan onomastik vahidlər sisteminə aid edir [83, s. 33]. Əlbəttə, araşdırdığımız etnotoponimlərin formalaşmasında sintaktik-morfoloji əlamət iştirak edir. Fikrimizcə, Gürcüstan ərazisindəki Koxa bulağı, Şor çayı, Avar eli, Qazan kənd, Uruz qışlaq, Kazret kənd, Mollaoba, Hacıkənd, Qarasavir kəndi və s. onlarla etnotoponimlər II növ birləşmə altında izah olunmalıdır. “Çünki belə olduqda mürəkkəb onomastik vahid şəklində olan onomastik vahidlərlə, söz birləşməsi şəklində olan onomastik vahidlərin sərhədi müəyyənləşmiş olur. Həm də bunların fərqləndirilməsi məsələsi asanlaşır” [74, s. 74].