GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ


Leksik-semantik yolla düzələn etnotoponimlər



Yüklə 250,89 Kb.
səhifə13/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   9   10   11   12   13   14   15   16   ...   55
2.2. Leksik-semantik yolla düzələn etnotoponimlər
Gürcüstan ərazisindəki türkmənşəli etnonimlər tarixin müxtəlif dövrlərində meydana gəlmişdir. Bu regionda mövcud olan etnotoponimlərin əksəriyyəti qədim dövrlərə məxsus olduğundan həmin dövrlərin də leksik-semantik xüsusiyyətlərini özlərində yaşadır. Ümumiyyətlə, Azərbaycan toponimiyasında yer-yurd adları araşdırma obyektinə çevrilərkən digər üsullar kimi leksik-semantik üsula da üstünlük verilir və bu yolla yaranmış xüsusi adların ilkin formasının hansı şəkildə olması, toponim yaranma kimi həmin leksik vahidlərin hansı mənalar bildirməsi və s. məsələlər şərh edilir. Belə elmi təhlil və izahlarda bir qismi etnotoponimlərin öz ilkin formasını saxlaması, bir qisminin fonetik dəyişməyə məruz qalması, bəzi etnotoponimlərin müəyyən səbəblər ucbatından bir şəkildən başqa şəklə salınması, mənsub olduqları dialekt və şivə təsirlərinə məruz qalması, hansı dövrlərə aidliyi mütləq nəzərə alınır. Gürcüstan ərazisində elə türkmənşəli etnotoponimlərə rast gəlirik ki, onların komponentlərindən biri müasir dilimiz baxımından tamamilə arxaikləşmiş, ya da başqa türk dillərində hal-hazırda öz izlərini qoruyub saxlamışdır. Deməli, dilçilik üçün xüsusi əhəmiyyət kəsb edən və leksik-semantik yolla düzələn etnotoponimləri tədqiqata cəlb edərkən ilk növbədə, etimoloji metoda üstünlük verməli, etnotoponimin müasir dövrlərin forması ilə tarixi dövrdəki şəkli müqayisə predmetinə çevrilməlidir. Məsələn, götürək Dmanisi rayonu ərazisində mövcud olan Bəzəkli etnooykonimini. Bəzəkli etnonimi kök+şəkilçi modeli əsasında formalaşmışdır. Bu yaşayış məntəqə adının əsasında dayanan “bəzək” sözü müasir dilimizdə “ziynət, gözəllik verən şey” [3, s. 622] anlamındadır. Bu söz qədim dövrlərdə “bozal” şəklində olmuş və tarixən tamamilə başqa məna daşımışdır. Bozal etnotoponimi yerli şivənin təsiri nəticəsində “bəzəkli” şəklinə düşmüşdür. Qədim dövrlərdə “bozallar” “üç oxlar” kimi də adlandırılmışdır. Ta qədimdən “bozal-bizal” tayfaları türk xalqlarının etnik tarixində mühüm rol oynamışlar. Azərbaycanlılar Qərbi Azərbaycandan (indiki Ermənistandan) deportasiya olunana qədər Üçkilsə rayonunda da Bəzəkli adlı yaşayış məntəqəsi olmuşdur. Belə qədim tarixə malik və müasir dilimiz üçün tanınmaz şəkilə düşmüş bəzi etnotoponimlərin ayrı-ayrılıqda leksik-semantik xüsusiyyətlərini burada verməyi məqsədəmüvafiq hesab edirik.

DMANİSİ – Eyniadlı rayon mərkəzinin adıdır. Qaynaqlarda göstərilir ki, Oğuz ellərinin XIV xanı Qanlı Yaqubun atasının adı Tuman olmuşdur. O, 90 il hökmranlıq etmiş, bu müddətdə Qorqud ona müşavir olmuşdur. Belə güman etmək olar ki, Tumanisi-Dmanisi sözü ilə ilişgəli və əlaqəlidir. Bunu həm sözlərin fonetik qabığı, həm də Dmanisi rayonunun qədim tarixə malik olması təsdiqləyir [74, s. 21].

Dmanisi etnotoponiminin müasir dilimizdə işlənən “duman”, “çən”, “çiskin” sözləri ilə bağlayanlar da vardır ki, fikrimizcə, bu etimologiya özünü göstərmir.

Gürcü mənbələrində bu etnotoponim “Tumanisi-Dumanisi-Dmanisi” formalarında qeyd edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, Tuman tarixən şəxs adı olmuş, sonralar tayfa adına çevrilmişdir. Etnotoponimin sonundakı gürcü dilinə məxsus “is, isi” şəkilçisi sözə çox sonralar artırılmışdır. Qeyd etməliyik ki, bu topoformant Azərbaycan dilindəki “-lı” şəkilçisinin toponimyaratmadakı funksiyasını yerinə yetirir.

QIPÇAQ Qədim Borçalıda yaşayış məntəqəsinin – kəndin adı olub. Qərbi Azərbaycanda (indi Ermənistan) İrəvan əyalətinin Şirakel nahiyəsində də kənd adı olub (129,s. 122). Bu yaşayış məntəqəsinin adı XVII əsrin əvvəllərində qeyd olunub. Şirak əyalətindəki kilsə də qədim türk mənşəli Qıpçaq tayfasının adı ilə adlandırılmışdır. 1878-ci ildə kəndin türkköklü əhalisi qovulmuş və həmin kənddə xaricdən köçürülmüş ermənilər yerləşdirilmişdir (17, s. 165). Qıpçaqlar ilk dəfə bizim eranın əvvəllərində qərbi azərbaycan ərazisində (indi Ermənistan) məskunlaşmışlar (144, s.45). İrəvan quberniyasının Aleksandropol qəzasında da qıpçaq adlı kənd olub (182, s. 134).

Yuxarıda qeyd olunduğundan göründüyü kimi Qıpcaq etnooykonimi qədim türkköklü “qıpçaq” tayfası­nın adı əsasında təşəkkül tapmış və eyni adlı yaşayış məntəqə­sinin-kəndin adını bildirmişdir. Həmçinin, Şumer-Altay dilləri ailəsinin Qərbi Hun budağının Oğuz-karluq-qıpçaq qrupunun (eramızdan əvvəl III əsrə qədər Hun dövrü və inkişaf etmiş Orta əsrlər epokası X-XV əsrlər) adını bildirir (38,s.28). Azərbaycanın Qax rayonunda da Qıpçaq adlı kənd var­­dır (8,s. 123).

Qədim Gürcüstanın Şərq bölgəsində, o cümlədən, Borçalı bölgəsində də məskunlaşan sakinlər arasında Şumer-Türk köklü tayfalardan biri də qıpçaqlar olmuşdur. Azərbaycan türklərinin etnogenezisinin təşəkkül etməsində və inkişafında yaxından iştirak edən tayfalardan biri də “qıpçaq” tayfa birliyi olmuşdur. Bu etnooykonim Azərbaycan-türk dilinin daxili leksik qanun­la­rı əsasında sadə kök söz-“qıpçaq” etnonimindən yaşayış mən­tə­qə­sinin adını bildirən “Qıpçaq” kənd adı düzəlmişdir. Qərbi Azərbacanın (indiki Ermənistanın) Artik rayonunun əra­zi­sin­də də “qıpçaq” etnonimi ilə düzələn Qıpçaq adlı kənd olub (19, səh.13, 349). Onu da qeyd edək ki, “Qıpçaq” tayfasının adı da xal­qı­mı­zın tarixən təşəkkül tapmış zəngin mədəniyyət xəzinə­si­nin ən möh­təşəm incisi olan məşhur “Kitabi-Dədə Qorqud” dastan­la­rı­nın yaranması dövrü ilə səsləşir...

Türkmənistanın Aşqabad rayonunda da qədim türkköklü “qıp­jak” (qıpçaq) adlı yaşayış məntəqəsi vardır. Burada xəzər­lər və təkəlilər tayfalarının nümayəndələri yaşayır. (37,s.413).

Qazaxıstanda da “ Kipçaq” adlı etnonimlər olub, indi də eyni adlı yaşayış məntəqələri vardır. (153, s.11).

Türkköklü xalqların tarixinə dərindən nəzər saldıqda məlum olur ki, hələ, X-XII əsrlərdən Başkir etnonimin dördünçü qohum-nəsil layında Oğuz Qıpçaqları da fəal mövqedə olmuşlar. Deməli, həmin bölgədə də “qıpçaq” etnonimi əsasında düzələn etnooykonimlər mövcud olmuşdur (164, s. 18).

BAYBURT – XX əsrin əvvəllərinə kimi Borçalıda eyniadlı yaşayış məntəqəsinin adı olub. Bu etnonim “bay” və “burt” sözləri əsasında formalaşıb. Mənbələrdə “Bayburt” kimi də qeydə alınmışdır. Qədim türk dillərində “bay/bəy” sözünün rütbə, titul bildirməsi ilə bərabər “varlı, zəngin” anlamlar ifadə etməsi məlumdur. Etnotoponimin ikinci komponentində işlənən “burt/berd” sözü gürcü dilində “qala, istehkam” deməkdir. “Kitabi-Dədə Qorqud” dastanlarında adı çəkilən Bayburt antroponimi ilə eyniyyət təşkil edir.

AĞMƏMMƏDLİ – Marneuli rayonunda Debet çayının sağ sahilində, rayon mərkəzindən 17 km cənubda yerləşən bu yaşayış məntəqəsinin adı “ağ” və “Məmməd” leksik vahidləri əsasında formalaşmışdır. Fikrimizcə, etnotoponimin birinci komponentində işlənən “ağ” sözü müasir anlamındakı rəng mənasını daşıyır. Arxaik məna çalarına görə bu sözü “kiçik, balaca” mənasını da ifadə etmişdir. Deməli semantik çalarını əsas götürsək, bu etnotoponimin “kiçik, balaca Məmmədin yaşayış yeri, məskəni” mənası ifadə etdiyi qənaətinə gələ bilərik. Burada “ağ” leksik vahidi Məmmədin boy-buxununun kiçiyliyini deyil, onun nəslindən olanların sayca azlığını bildirir.

AĞBABALI – XIX əstin birinci yarısına qədər Borçalı nahiyyəsində eyniadlı yaşayış məntəqəsi olub. Ağbabalı etnotoponimi kök+kök+şəkilçi modeli əsasında formalaşmışdır. Etnotoponimin tərkibindəki “ağ” komponentinin arxaik semantik çalarları haqqında toponimlər arasında vahid fikir yoxdur. Qədim türk dillərində “ağ” sözü “ak” şəklində işlənmişdir. Ağbabalı etnotoponiminin tərkibindəki “ağ” sözü arxaik semantik çalarına görə “müqəddəs” anlamı da daşımışdır. Etnotoponimin ikinci komponentində işlənən “baba” sözü semantik çalara görə 6 məna kəsb etmişdir: 1. Dədə; 2. Bəzi bölgələrdə ata üçün işlədilən söz; 3. Yaşlı kişilərə hörmət əlaməti olaraq müraciət forması; 4. Çox hörmətli adam; 5. Sadə, məzlum, fəqir anlamında; 6. Ulu əcdad, nəslin qurucusu, ağsaqqal, böyük [3, s. 79].

Deməli, Ağbabalı etnotoponimi “müqəddəs, çox böyük hörmət və nüfuza sahib olan şəxsin törəmələrinin yurd yeri, yaşayış məskəni” anlamındadır.

ARIXLI – Bolnisi rayonunda kənd adıdır. Kök+şəkilçi modeli əsasında formalaşmış bu etnotoponimin əsasında qədim türk dillərində işlənmiş və hal-hazırda passiv fonda keçmiş “ərik/arik” sözü dayanır. Mənbələrdə bu sözün qədim türk dillərində “düşərgə, dayanacaq” mənasında işlənməsi göstərilmişdir [14, s. 42] Müasir türk dillərinin bəzilərində “arıx” sözü “zəif, cılız, sısqa” anlamında işlənir [80, s. 52]. Qədim türk lüğətlərində “arıx” sözü “erik/eri/ari” formalarında da qeydə alınmış, “təmiz, saf, pak” mənasında izah edilmişdir [154, s. 51].

Arıxlı kəndinin adını “arıq, zəif, sısqa, cılız adamların yeri, yurdu” mənasında izah etmək elmi baxımdan ağlabatan deyildir.

XIII əsrdə F.Rəşidəddin “Oğuznamə” əsərində Arıxlı Arslan xan adlı şəxsin adını çəkir. “Arıxlı Arslan xanın kiçik yaşlı bir oğlu vardır” [113, s. 48-49.

Müasir dövrümüzdə “arıx” formasında gəlib çıxmış Arıxlı etnotoponimi oğuz tayfalarından olmuş. Toponimin semantik nüvəsində “müqəddəs, əziz, təmiz, pak” anlamlarını qoruyub saxlamışdır.

BAYSALLI – Marneuli rayonunda eyniadlı etnooronim qeydə alınmışdır. Etnooronimin tərkib hissəsi “”boy”, “sal” və “-lı” komponentlərindən ibarətdir. Qədim türk dillərində “bay” sözü “böyük” anlamında da işlənmişdir [13, s. 64]. “Sal” sözü müasir dilimizdə “hamar daş, qaya” mənasını ifadə edir. Sözün sonundakı “-lı” şəkilçisi çoxluq bildirir. Bu etnooronimi “böyük daşlıq, qayalıq olan yer” mənasında izah etmək elmi baxımdan inandırıcı görünmür. Əslində isə bu etnooronim türk tayfalarından olan Sal/Sallı etnoniminin öz adında əks etdirir. Sal tayfasının VI əsrdə Şimalı Qafqaza gəlmələri tarixi mənbələrdən məlumdur. Sal etnonimi Gürcüstanda Salieti (gürcü dilində “eti” “ölkə, yer” deməkdir), Ermənistanda keçmiş Sallı kəndlərinin adlarında da əksini tapmışdır [13, s. 424].

BOZANLI – Tiflis əyalətinin Ağcaqala nahiyəsində kənd adı olub. Azərbaycan ərazisində “boz” komponentli 20-yə qədər, Gürcüstanda isə 5-dən çox yer-yurd adları qeydə alınmışdır [14, s. 90-91; 36, s. 93]. “Boz” sözü müasir məna çalarına görə “rəng” mənasını bildirir. Gürcüstan ərazisində mövcud olmuş Bozanlı etnotoponiminin tərkibindəki “boz” sözünün “rəng” bildirmə anlamı ilə heç bir əlaqəsi yoxdur. Əslində bu etnooronim “bozallı, bizallı” şəklində olmalıdır. Bozal/bizal tayfaları vaxtilə xəzər tayfa birləşməsinə daxil olmuş, türk xalqlarının etnogenezində fəal iştirak etmişlər. Qədim türk dillərində “bozal/bizal sözü “dönməz, əyilməz, sərt” mənalarında işlənmişdir. Deməli, Bozanlı adı etnotoponimə verilərkən tayfanın xarakterik xüsusiyyəti əsas götürülmüşdür.

CIĞALLI – Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd adı olub [36, s. 95]. İlk baxışda etnotoponimin əsasını təşkil edən “cığal” sözünün müasir anlamda işlənən “oyunu pozan, yola getməyən” mənası göz önündə canlanır. Əslində isə leksik-semantik aspektdə bu xüsusi adı araşdırdıqda məlum olur ki, bu etnotoponimin özülündə türkdilli “cigil” tayfasının adı dayanır. Mənbələrdə göstərilir ki, cingillər erkən orta əsrlərdə İssıqkul gölünün şimal-şərqində məskunlaşmışdılar. VII əsrdə Qərbi Türk xaqanlığı dövründə cingillər dulu tayfa ittifaqına daxil idilər. Türkmən oğuzları Amudəryadan Çinə qədərki ərazidə yaşayan şərq türklərini cingillər adlandırırdılar. X-XI əsrin əvvəllərində tədricən oturaq həyat keçmişdilər [14, s. 538].

Azərbaycanın Şamaxı və Xızı rayonlarında axan bir çayın adı da Cigil adlanır. Vaxtilə oğuzların tərkibində Azərbaycana gəlmiş cingillərin adları Xəzər dənizində, Bakı arxipenalığında bir ada və Sumqayıt çayının sol qolunun adında izlərini saxlamışdır. Cingillərin Gürcüstan ərazisində məskunlaşması ehtimal ki, XI əsrə aid ola bilər.

ƏMƏKLİ – Tiflis əyalətinin Pənbək nahiyəsində kənd adı olub. Bu etnotoponimin əsasında dayanan “əmək” sözünün müasir dilimizdə sinonimi “zəhmət” leksemidir, yəni çalışmaq, bir işin görülməsində sərf edilən fiziki və zehni güc. Deməli, bu etnotoponimin müasir anlamdakı yozumu “əməyi, zəhməti sevənlər” deməkdir. Lakin M.Çobanlı belə ehtimal edir ki, bu toponim “kaymak” tayfasının “imək” qolunun adı əsasında yaranıb [36, s. 97]. Biz bu tapımın Gürcüstan toponimlərinin mahir tədqiqatçısının bu fikri ilə şərikik.

KARLI – XIX əsrdə Tiflis əyalətində kənd adı olub. Kök+şəkilçi modeli əsasında formalaşmış etnotoponimdir. Müasir Azərbaycan dilində “kar” sözü bir neçə mənada işlənir: kar adam-eşitmə qabiliyyətini itirmiş adam; karsız-işə yaramayan hər hansı bir şəxs; karlı-varlı, dövlətli, zəngin adam; kar samit-qalın samitlər; məcazi mənasında; kara salmaq, kara gəlmək; kara düşmək və s.

“Kar” lekseminin vaxtilə etnotoponimə transferi baş vermişdir. Belə ki, bu mənalardan biri (varlı, dövlətli, zəngin anlamı – Hüsniyyə Çobanova) toponimə çevrilmişdir və şahsevənlərin karlar tayfasının adında əbədiləşmişdir. Kürdəmir rayonunda Şirvan düzündə mövcud olan Karrar kənd adı şahsevənlərin karrar tayfasının adı ilə bağlıdır. Hazırda kənddəki nəsillərdən biri də karrar adlanır [14, s. 279]. Gürcüstan ərazisində mövcud olan Karlı etnotoponimini “varlı, dövlərli, zəngin tayfa, nəsil” mənasındadır.

QAMIŞLI – Başkeçid rayonunda kənd adıdır. Bu yaşayış məntəqəsi Dəmirçi Həsənli nahiyəsinə məxsus olmuşdur. Kəndin coğrafi relyefi elədir ki, orda qamış bitkisi bitmir. Deməli, toponim bitki adı ilə əlaqədar olaraq yaranmayıb. M.Çobanov yazır ki, XVI əsrdə qızılbaşların Qaradağlı tayfasının bir tirəsinin adı Komuşlu (Qamışlı) adlanırdı. Vaxtilə kəndin bünövrəsinin qamışlı-komuşlu tayfası qoyduğuna görə yaşayış məntəqəsinin adı belə adlandırılmışdır. Azərbaycanda “qamış” sözü ilə bağlı olaraq 8-ə qədər toponim qeydə alınmışdır [14, s. 120-121].

TAĞILI – Bolnisi rayonunda kənd adıdır. Antroponimlə ifadə olunan bu etnotoponimin əsasında Tağı şəxs adı dayanır. Kəndin adı ilk sakinlərindən olan Tağı adlı şəxsin adı ilə bağlıdır. Etnotoponimin tərkibindəki -lı şəkilçisi mənsubluq, aidlik bildirir. Etnotoponim “Tağının nəslindən olanlar, tağıgillər” mənasındadır.

GÖDƏKLƏR – Zalqa rayonunda, rayon mərkəzindən 22 km şimal-qərbdə yerləşən kəndin adıdır. Bu etnotoponimin əsasında “gödək” sözü dayanır. Deməli, bu leksik vahidin sinonimi “qısa, balaca” sözüdür. Güman ki, gödəklər nəslinə mənsub olanlar boyca balaca olduqlarına görə etnotoponim belə adlandırılmışdır. Xələc tayfasının bir qolu olan Gödəklərin Gürcüstan ərazisinə gəlişi XIX əsrin əvvəllərinə təsadüf edir. Azərbaycanda 5-ə qədər “ködək” komponentli yer-yurd adları qeydə alınmışdır [36, s. 116].

MIĞIRLI – Bolnisi rayonunda kənd adıdır. Azərbaycan dilinin izahlı və dialektoloji lüğətində “mığır” sözünün semantikası ilə bağlı izahlara rast gəlmədik. Lakin toponimik lüğətlərdə Laçın rayonunda Mığıdərə, Ermənistan ərazisində Mığrı, Mığı kənd adları qeydə alınmışdır. Hələlik “mığı” komponentli etnotoponimlərin semantikası ilə bağlı müəyyən fikir söyləmək çətindir. M.Çobanov qeyd edir ki, bu etnooykonim “mığırlı” tayfasının adı əsasında təşəkkül tapıb [36, s. 186].

AXIL MAHMUDLU – Marneuli rayonunda kənd adıdır. Etnotoponimin birinci komponentində işlənən “axıl” sözündə “ğ-x” samiti əvəzlənməsi baş vermişdir ki, bu da Azərbaycan dilinin dialekt və şivələri üçün qanunauyğun fonetik hadisələrdəndir. “Ağıl” ərəb dilindən alınma söz olub, mənası “zəka, idrak” deməkdir. Bir xalq məsələsində bu söz işlənmişdir: “Ağıl yaşda olmaz, başda olar”. Azərbaycan dilinin bəzi dialekt və şivələrində “ağıl” sözü “mal-qara, qoyun saxlanılan və ətrafı hasarlanmış üstü açıq yer” mənasında işlənir. “Dədə Qorqud” dastanlarının dilində də bu söz işlənmişdir: “Ağılın qapısını bərkitdi. Üç yerdən təpə kimi daş yığdı, ala qollu sapantı əlinə aldı”. Axıl Mahmudlu etnotoponiminin birinci komponenti haqqında Mahmud Keşəli yazır ki, bu toponimin tərkibindəki “axıl” sözü ikinci mənaya uyğundur [36, s. 200].

Mənbələrdə qeyd edilir ki, mahmudlu tayfası XVI-XVII əsrlərdə Türkiyə ərazisində Van gölündən şərqdə yaşamış, sonralar bir hissəsi Zaqafqaziyaya gəlmişlər. XIX əsrdə Gəncə-Qazax bölgəsində mahmudlular 8 oymaqdan ibarət idilər. Azərbaycanda Mahmud komponentli 7-yə qədər yer-yurd adı qeydə alınmışdır [13, s. 347-348].

HASANALILAR – Kaspi rayonunda kənd adıdır. Tarixən “Hasan” (Həsən) və “Alı” sözlərindən şəxs adları kimi istifadə olunmuş və müəyyən bir dövrdə bu xüsusi adlar birləşərək bir şəxsin adını bildirmişdir. Yaşayış məntəqəsinin təməli qoyulduqdan sonra həmin şəxs adı etnotoponimə çevrilir ki, bu məqamda şəxs adının semantikasında konkret olaraq müəyyən dəyişiklik baş verir. Hasanalılar etnotoponiminin semantik dəyişməsi bu istiqamətdə olmuşdur: Hasanlı – şəxs adı; Hasanalılar – nəsil adı; Hasanalılar – etnotoponim.

Beləliklə, deyə bilərik ki, hər bir xüsusi ad etnotoponimə çevrilə bilər. Bu çevrilmə müəyyən şərtlər daxilində baş verir. Belə ki, etnotoponimin daşıyıcısı olan şəxsin ya torpaq mülki, sahibkar olmalı, ya da hər hansı bir yaşayış obyektinin ilkin olaraq bünövrəsini qoymalıdır. Bunlarla yanaşı müəyyən ümumi leksik vahidlər də xüsusiləşdirilmə nəticəsində etnotoponimə transfer edilə bilər. Məsələn, Gürcüstanın Kaspi rayonunda qeydə alınmış “Qarabağlılar” yaşayış məntəqəsi adını götürək: Bu etnotoponimin əsasında “qara” və “bağ” leksik vahidləri dayanır. “Qara” və “bağ” sözləri toponimi formalaşdırmadan əvvəl, yəni ilk yarandığı dövrlərdə ümumilik xüsusiyyəti danılmış, yer adına çevriləndən sonra xüsusiləşmişdir. Müasir dilimizdə “qara” sözü rəng çaları ifadə etsə də, tarixi dövrlərdə “böyük, iri” mənasını bildirmişdir. Etnotoponimin ikinci komponentində işlənən “bağ” sözü də arxaikləşmiş və sözdə k-ğ samit əvəzlənməsi baş vermişdir. Müasir dilimizdə bu söz “bağ, bağça” mənası bildirsə, qədim türk dillərində bu söz “el”, “tayfa”, “soy” mənaları ifadə etmişdir. Deməli. Leksik-semantik yolla Qarabağlılar etnotoponimini araşdırdıqda belə məlum olur ki, bu yer adı “böyük el”, “böyük tayfa”, “böyük soy” anlamımdadır. Bu tayfa qədimdə kəngər peçeneqlərin tərkibində olmuş, Türkiyə, Azərbaycan, Şimali Qafqaz, Özbəkistan, Əfqanıstan, Gürcüstan ərazilərində yaşamışlar.

Göründüyü kimi, etnotoponimlərin formalaşmasında iştirak edən leksik vahidlərin ilkin formalarının aşkar edilməsi, onların yer-yurd adlarının formalaşmasında iştirak etmə səbəblərinin müəyyənləşdirilməsi maraqlı və səmərəli nəticələr əldə etməyə imkan yaradır.



Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin