GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ


Etnotoponimlərin formalaşmasında ekstralinqvistik faktorların rolu



Yüklə 250,89 Kb.
səhifə9/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   5   6   7   8   9   10   11   12   ...   55
1.2. Etnotoponimlərin formalaşmasında ekstralinqvistik faktorların rolu
Gürcüstan ərazisində etnotoponimlərin “araşdırılmasında, eləcə də onun konkret bir probleminin həllində kompleks üsuldan, daha doğrusu, linqvistik faktorlarla yanaşı, ekstralinqvistik amillərin rolunun nəzərə alınması üsulunun vacibliyi” [40, s. 16] də əsas şərtlərdəndir. Ekstralinqvistik (dildənkənar) faktorlar dedikdə, etnonimika sahəsində tarixçilərin və coğrafiyaşünasların əldə etdikləri tədqiqat əsərləri yada düşür. Çünki leksikoloji vahidlərlə müqayisədə etnonimik adların “yaranmasında ekstralinqvistik faktorlar daha mühüm rol oynayır və mövcud olduğu bütün dövrlərdə bu faktorlarla idarə olunur...” [40, s. 16]. Hazırda digər toponimik qruplar kimi etnonimik adların araşdırılmasında ekstralinqvistik faktorlar nəzərə alınmaqla linqvistik təhlilə üstünlük verilir və dilçi-toponimistlərin əməyi yüksək dəyəndirilir. V.A.Juçkeviç də doğru olaraq göstərir ki, toponimikanın öyrənilməsində dilçilərin böyük zəhməti vardır. Onların əldə etdiyi nəticələr əsasında bir sıra əlaqələrin tarixi taleyi, ayrı-ayrı etnik qrupların keçmişdəki miqrasiyaları və s. haqqında inandırıcı fikirlər söylənilmişdir [158, s. 11]. Ekstralinqvistik faktorlardan istifadə etməklə müəyyən bir etnotoponimin hansı dövrün və ya hansı bir formasiyanın məhsulu olduğunu, konkret bir ərazidə yaşayan xalqın tarixi, ictimai-iqtisadi, sosioloji amilləri ilə bağlı hadisələri əks etdirdiyini meydana çıxarmaq mümkündür. Məsələn, Gürcüstanın Marneuli və Zalqa rayonlarında kənd adlarında mühafizə olunan Quşçu etnotoponiminin formalaşmasında hansı ekstralinqvistik faktorun rol oynadığını meydana çıxarmaq üçün heç şübhəsiz ki, bu etnoslarla bağlı tarix elminin əldə etdiyi nailiyyətlərə əsaslanmalıyıq. “Qədim Tiflis quberniyasının Borçalı qəzasının Aran bölgəsinin Ağcaqala nahiyəsində, sabiq Sarvan – Borçalı (indi Marneuli) rayonunda və Borçalının Dağ bölgəsinin Barmaqsız (indi Zalqa) rayonunda “Quşçu” etnonimi əsasında “Quşçu” yaşayış məntəqələrinin – etnooykonimlərinin adları düzəlibdir”. [29, s.38]. Tarixi mənbələr də əsaslı faktlarla sübut edir ki, vaxtilə dünya səhnəsində Quşan-Kuşan adlı dövlət olmuşdur. V.V.Bartold quşanların eradan əvvəl II əsrdə Orta Asiya hunlarının basqınına məruz qalmasından, onlar tərəfindən məğlub edilməsindən və qərbə sıxlaşdırılmasından geniş şəkildə bəhs edərək yazır ki, bu xalq adı Çin mənbələrində yoeçəni, daha dəqiq yoeşn adı ilə məlumdur ki, bu da Quşi etnoniminin Çin dilində tələffüz formasıdır. Orta Asiyada indiki Turfan şəhərinin yerləşdiyi əyalət də o zaman Quşi adlanmışdır. N.Piqulevskaya kuşanların içərisində türk tayfalarının olduğundan da yazır. [183, s. 82]. N.A.Aristov ilk dəfə kuşçu tayfasının hunlarla əlaqədar olduğunu söyləmiş, [135, s.397], Azərbaycan tarixçisi və etnoqrafı M.H.Vəliyev (Baharlı) isə quşçuların III-VI əsrlərdə Azərbaycana gəldiklərini qeyd etmişdir. “Azərbaycan tarixi”nin I cildində də göstərilir ki, quşçular Azərbaycana 227-ci ildə gəlmişlər [159, s. 196]. Ə.Hüseynzadə isə Quşçu etnosunun Azərbaycana gəlişini XIII əsrlə əlaqələndirir, yəni monqolların Şimali Qafqazı tutması ilə bağlayır ki, bu da inandırıcı görünmür [152, s. 95]. Fikrimizcə, bu mülahizələr içərisində ən ağlabatan fikri M.H.Vəliyev söyləmişdir. Deməli, Güney Qafqazın, Orta Asiyanın, Türkiyə və Cənubi Azərbaycanın çoxlu sayda toponimlərində paralel izlər qoymuş quşçu tayfası qədim hunların qalıqları olub və A.Qurbanovun fikrincə, 1223-cü ildə Gürcüstana gəlmişlər [84, s. 313]. Ekstralinqvistik faktorlar nəzərə alınmaqla Gürcüstan ərazisində mövcud olan etnotoponimlərin “linqvistik tədqiqi, istər dilçilik, istər tarixşünaslıq və istərsə də tarixi coğrafiya üçün daha etibarlı nəticələr verə bilər. Belə ki, etnonimlərin bu aspektdə tədqiqi ilə müxtəlif ərazilərdəki etnogenetik prosesləri, tarixən mövcud olmuş qəbilə, tayfa, tirə, etnik qrup və xalq adlarını müəyyənləşdirməklə yanaşı, onların Azərbaycan dili və Azərbaycan xalqının formalaşma və inkişafındakı rolunu, dil mənsubluğunu, müasir türk dilləri və dialektləri üçün arxaik sayılan dil (dialekt) elementlərinin üzə çıxarmaq, qədim türklərin (azərbaycanlıların) əski və yaddan çıxmış adət-ənənələrini bərpa etmək, xalqın məişət, maddi və mənəvi mədəniyyət fəaliyyətini, qədim dünyagörüşü və milli təfəkkürünü, sənət, peşə və məşğuliyyətini, miqrasiyalar nəticəsində onların parçalanıb birləşmələrini, yerdəyişmələrini, çıxdıqları və məskunlaşdıqları yerləri, dini əqidələrini, totem və onqonlarını, müxtəlif formasiyalardakı vəziyyətlərini, ayrı-ayrı tayfa, tirə və şəxslərə xas olan ləqəbləri, titulları, tarixən bu ərazidə fəaliyyət göstərən antroponimləri, tarixi şəxsiyyətlərinin adlarının yaranma və formalaşma yollarını, etnonimlərin törəməliyini, nomenlərlə reallaşdıqlarını və s. müəyyənləşdirmək mümkündür” [41, s. 4]

Əksər onomastik vahidlərdə olduğu kimi, etnotoponimlərdə də dilin sosial mahiyyəti, cəmiyyətin sosial və mədəni həyatı, ölkənin ictimai tarixi aydın şəkildə əks olunur. Əgər tarixən mövcud olan etnotoponimlər bu günümüzə qədər gəlib çıxmasaydılar heç şebhəsiz ki, xalqımızın etnogenetik problemlərinin həlli və tədqiqi də müşkül bir işə çevrilərdi. Buna görə də etnotoponimlər araşdırılarkən ilk növbədə ekstralinqvistik faktorlara daha çox üz tutulur. Məsələn, tarixi mənbələrin verdiyi məlumatlara görə, “Azərbaycan xalqının təşəkkülündə qaraqoyunlu və ağqoyunlu tayfalarının mühüm rolu olmuşdur. Bu tayfalar, əsasən, qoyunçuluqla məşğul olurdular. Qaraqoyunlu tayfa ittifaqının bayrağında “qara qoyun”, ağqoyunlu tayfa ittifaqının bayrağında isə “ağ qoyun” təsviri vardır. Mənşəcə oğuz tayfaları idilər. Ağqoyunlu hökmdarı Uzun Həsənin Şərqi Gürcüstana 1474-1477-ci illərdə yürüş etdiyi mənbələrdə də göstərilir. Sonuncu yürüşdə də onun 20 min süvarisi, 11 min piyada qoşunu vardır. Tiflis və Qori, eləcə də ölkənin mühüm hissəsi Ağqoyunlular tərəfindən işğal olundu. Uzun Həsənin gürcü hakimi VI Baqratla bağladığı sülhə görə (1477) Tiflis daxil olmaqla Şərqi Gürcüstan Ağqoyunlu hakimiyyəti altına düşdü” [5, s. 382]. Toponimik mənbələrin verdiyi məlumata görə, “Gürcüstanın Bolnisi rayonunda mövcud olan Qoçulu yaşayış məntəqə adı Ağqoyunlu tayfa ittifaqının adı ilə bağlı olaraq yaranmışdır. Bu tayfa xalq arasında sadəcə olaraq qoçlu adlanaraq onlara məxsus ərazilərdə “Qoçlu” toponimləri yaratmışdır” [52, s. 4].

Digər ərazilərin etnotoponimlərində olduğu kimi, Gürcüstandakı türk mənşəli tayfa, nəsil, tirə, xalq adları ekstralinqvistik aspektdə təhlil edilərkən tarixi hadisələrə, xronoloji və statistik məlumatlara, tarixi və coğrafi analizlərə əsas diqqət yetirilməlidir. Məsələn, götürək Gürcüstanın Marneuli rayonu ərazisində mövcud olan Araplı etnotoponimini. Əslində Ərəbli şəklində olan bu xüsusi ad rus mənbələrində Arapli, gürcü mənbələrində isə Araplo formalarında qeydə alınmışdır. Tarixi, coğrafi mənbələrdən, elmi tədqiqat əsərlərindən məlum olur ki, Zaqafqaziyada adında ərəb etnonimi iştirak etdiyi 29 kəndin 19-u Azərbaycanda, qalanları isə Gürcüstan və Ermənistan ərazilərində idi. “Azərbaycan toponimləri: Ensklopedik lüğəti”ndə qeyd edilir ki, VII əsrdən ərəb işğallarının başlanması ilə əlaqədar Xilafətin tərkibinə daxil olan ərazilərə, o cümlədən Azərbaycana xeyli ərəb tayfası (əsasən Bəzz, Qeys, Rəbiə və b.) köçürülmüşdü. Xəzər-Ərəb müharibələri dövründə təkcə Human ibn Mərvan 731-ci ildə şimal sərhədlərini qorumaq üçün Azərbaycanda Şamdan (Suriya) gəlmiş 40 min ərəb ailəsi yerləşdirmişdi. Ərəblərin Azərbaycana göçürülməsi sonralar kütləvi şəkil almışdı. Onların əksəriyyəti Şam, Mosul, Dnar, Rəbiə, Yəmən, Xeybər, Xillə, Kufə, Bəslə və s. dairələrdən idi. Həmin dövrdən başlayaraq Azərbaycanda ərəb etnonimi kənd adları meydana gəlməyə başlamışdı. Sonralar gəlmə ərəblər yerli əhali ilə qaynayıb qarışaraq onun dil və mədəniyyətini qəbul edib azərbaycanlaşmışdılar. Ərəblər Azərbaycanın əsasən şimal-qərb zonalarında məskunlaşmışdılar” [14, s. 220]. Bütün bu tarixi, yəni ekstralinqvistik faktorlar göstərir ki, ərəblər müxtəlif dövrlərdə müəyyən ictimai-iqtisadi hadisələrlə əlaqədar olaraq Azərbaycandan türkləşmiş vəziyyətdə Gürcüstan ərazilərinə də getmiş və yeni saldıqları yaşayış məntəqələrinə özlərinin etnik adlarını vermişlər. Bu da heç şübhəsiz ki, nəinki Gürcüstanda, bütövlükdə Zaqafqaziyada təkrarlanan adların yaranmasına səbəb olmuşdur.

Gürcüstan ərazisində etnotoponimlərin formalaşmasındakı ekstralinqvistik faktorlar bizi tarixin dərin qatlarına aparıb çıxarır. Tarix elmi də təkzibedilməz faktlarla sübut edir ki, XI-XII əsrlərdə Gürcüstan ərazisinə səlcuq-oğuz tayfaları, XIII-XIV əsrlərdə monqolların tərkibində bir sıra türk tayfaları, daha sonra XVI əsrdə Qızılbaş tayfalarına mənsub ellər də gəlib məskunlaşmışdır. Hətta Q.Qeybullayevin qeyd etdiyi kimi, XVIII əsrin sonlarında Qarabağa Gürcüstandan Boyəhmədli, Cinli, Qaracalar, Dəmirçihəsənli, Səfukürd, Kəngərli, Qazax və b. tayfalar da gəlmişdir [82, s. 114].



Gürcüstanın etnotoponimlərinin formalaşmasında “köçərilik” amili mühüm ekstralinqvistik xüsusiyyətlərdən biri olmuşdur. Belə ki, qədim türklər tarixin əksər dövrlərində əkin-biçin, yaşayış üçün yararlı yerləri özlərinə məskən seçmişlər. “Köçərilik” amilinə aydınlıq gətirən akademik T.Hacıyev də doğru olaraq göstərir ki, türk xalqlarının, o cümlədən, azərbaycanlıların dil kökünü aydınlaşdırmağa mane olan faktorlardan biri köçərilikdir. Daha doğrusu, ümumiyyətlə, köçərilik anlayışı (məs, qaraçılarda olan kimi) və türklərdə köçərilik məsələsi aydınlaşdırılmayıb. Əslində türk xalqlarından danışarkən “köçərilik” və “köçmək” sözləri fərqlənməlidir. Yəni türklərdə köç olub. Bu təsərrüfatla və iqlimlə bağlı hadisədir. Türk xalqları həm əkin-biçinlə, həm də heyvandarlıqla məşğul olublar. Heyvandarlıq kənd təsərrüfatının tərkib hissəsi olduğundan o, oturaqlıq anlayışına qarşı durmur. Köç kənd təsərrüfatını qorumağın əlamətidir; türk xalqları elə iqlimlərdə yaşayıblar ki, (bu Orta Asiya arealına da, Qafqaz arealına da aiddir) yayın istisindən heyvanı qorumaq üçün yaylağa, qışın soyuğundan qorumaq üçün qışlağa köçmək vacib olub. (Orta Asiyada və Azərbaycanda Qışlaq, Manqışlaq və s. kimi onlarla toponimi xatırlayın). Təsərrüfatın mühüm tərkib hissəsi olan heyvanı qorumaq niyə köçərilik sayılır? Həmin “yaylaq”la “qışlaq” nöqtələrinin arasında oturaqlıq məzmunu dayanır” [66, s. 26-27]. Bizcə, müxtəlif dövrlərdə Gürcüstan ərazisinə köçürülən və eyni zamanda ərazidən digər yerlərə köçürdülən türklərin taleyində iki mühüm faktor dayanır. Birincisi, könüllü köçürülmə və ya köçmədir ki, bu torpaqlara gələn əhali bu yerlərin havasını, suyunu, təbiətini bəyənir və daimi olaraq burada məskunlaşır. Məsələn, Marneuli rayonunun Sadaxlı kəndi ərazisində “Qazaxlıların yeri” oronimi ilə bərabər Gürcüstanın müxtəlif yerlərində qazax etnonimindən törənən etnotoponimlər onu göstərir ki, qazax tayfaları XI yüzilliyin sonlarında Gürcüstan ərazilərinə könüllü olaraq gəlib məskunlaşmışlar. Türk alimi M.F.Kirzioğlunun araşdırmaları göstərir ki, Qazax və Borçalı həm tarixən, həm də soy baxımındın bir-birilə bağlı və eyni taleli olmuşdur. Borçalı və Qazax adlı iki qola ayrılan bu xalq Qıpçaq (Kuman-Xəzər) uruğundan sayılırlar. Bu iki igid, atlı köçəri qəbilələrin Borçalı-Qazax çayları ətrafında 11-ci yüzilliyin sonlarında gəlib yerləşdikləri və 1064-cü ildə Səlcuq soltanı Alp-Arslan qarşısında elliklə islam dininin qəbul etdikləri, Türküstandakı, Qaraqalpaq-Qazax ləhcəsində qonuşduqları son dərəcə mühümdür [21, s. 81]. Bu xüsusda İ.Şopenin də fikirləri olduqca böyük maraq doğurur: “Qazax əyalətində yaşayan kəndlilər düşmənlərinə qarşı mübarizədə II Georgiyə yaxından kömək etdiklərinə və ona sədaqətli olduqlarına görə çar onlardan 1451 ailəni Gürcüstana köçürdür. Maraqlıdır ki, İ.Şopen öz araşdırmasına köçürülən tayfaların siyahısını da əlavə etmişdir: Qarapapaqlar-480 ailə; Kərimbəyli-55 ailə; Şeyxlər (Şixlar) -34 ailə; Dəmirçilər-31 ailə; Qafarlı-98 ailə; Qarabağlar-12 ailə; Cəfərli-16 ailə; Əli Şərurlu-12 ailə; Gədikli-24 ailə; Caxırlı-37 ailə; Kərkibanı-13 ailə” [194, s. 535]. Bütün bunlar göstərir ki, Gürcüstan ərazisində adları çəkilən bu tayfaların soykökündə qazaxlı və qazaxlılar mühüm rol oynamış, həmin yaşayış məntəqələrini salanların adları və nəsilləri ilə adlandırılmışdır.

Ümumiyyətlə, müxtəlif dövrlərdə Gürcüstanın müxtəlif zonalarına qaramanların, qacarların, qarabağlıların, komanlıların, çanaxçıların və onlarla belə türk tayfalarının könüllü şəkildə köçürülmələrinə rast gəlinməkdədir.

İkinci köçürmə məcburi köçürmədir ki, bunun da mərkəzində sürgünlər, deportasiyalar dayanır. Bu baxımdan qədim bun türklərinin törəmələri olan axısqa (mesxeti) türklərini tarix səhnəsindəki taleləri olduqca acınacaqlı olmuşdur. Qədim gürcü səlnamələrində bun türklərin adı dönə-dönə çəkilir və Borçalı torpaqlarının əzəl sakinlərinin bun türklər olduğu göstərilir. A.Qarabağlı da Gürcü mənbələrinə əsaslanaraq yazır ki, gürcü səlnaməsi “Kartlis Cxovreba”da Kaspi adlı şəhər-qalanın adı çəkilir və onun buntürklər (“nizəli, nizə ilə silahlanmış, nizə ilə vuruşan türklər”) tərəfindən salındığı göstərilir. İndiki Borçalı torpaqlarının ilk sakinləri olmuş bun türklər öz cəngavərlikləri ilə tanınmış və dəfələrlə qonşu gürcü tayfa birliklərinin köməyinə gəlmişlər. Onların əli ilə Sarkins-Sərkili adlı qala-şəhər də salınmışdır. Buntürklər Makedoniyalı İsgəndərin qoşunu ilə döyüşlərdə iştirak etmişlər. Mənbələrin verdiyi məlumata görə, buntürklərin bir qismi, yəni 28 min ailəsi miladdan öncə 6-cı yüzillikdə İveriyanın qədim paytaxtı Mesxetidən qərbə keçərək bu torpaqlarda məskunlaşmış, zaman ötdükcə adı da dəyişib mesxeti türkləri (axısqa türkləri) olmuşdur. Çar Rusiyası və Stalin represiyalarına məruz qalmış mesxeti türkləri kütləvi şəkildə Özbəkistana, Fərqanə vadisinə sürgün edilmişdir [78, s. 15].

Şübhəsiz ki, bu sürgün və deportasiyaların etnotoponimlərə də təsiri az olmamışdır. Qeyd etməliyik ki, Axısqa türkləri Özbəkistana deportasiya edilərkən özləri ilə birlikdə tayfa adlarını da aparmış və məskunlaşdıqları ərazilərin əksəriyyətini etnonimlə bağlı olaraq adlandırmışlar. Lakin istər Gürcüstan ərazisində, istərsə Özbəkistan ərazisində yaşadıqları dövrlərdə müxtəlif ekstralinqvistik amillər etnotoponimlərə də təsirsiz ötüşməmişdi. Elə bu amillərə görə də Axısqa etnotoponimlərinin çox bir hissəsi tanınmaz vəziyyətə düşmüşdür. Q.Kazımov da haqlı olaraq göstərir ki, Azərbaycan dilinə ekstralinqvistik amillər (bunu etnotoponimlərə də şamil etmək olar) nə qədər təsir etmişsə, onlar eyni dərəcədə axısqalıların dilinə də təsir etmişdir. Lakin bir xalq kimi azlığı, məhdud ərazidə məskunlaşması, baş verən təzyiq və köçürmələr, daim öz müstəqilliyini qorumaq cəhdi, yazılı və şifahi ədəbi dilinin inkişafı üçün əlverişli zəmin olmaması axısqalıların dilində qədim tayfa dillərindən gələn arxaik formaların qalmasına və ümumilikdə Axısqa dilinin bir türk dili kimi, Azərbaycan və Türk-Osmanlı dillərindən fərqlənməsinə səbəb olmuşdur. Ona görə də onların dilini Azərbaycan və ya Türk dili ilə qarışdırmaq və ya həmin dillərdən birinin dialekti kimi mənalandırmaq olmaz. Axısqalılar müstəqil bir xalq, axısqalıların dili müstəqil bir türk dilidir [79, s. 12]

Deməli, əksər türkdilli xalqlar yaşayan ərazilərdə olduğu kimi, Gürcüstandakı türkmənşəli etnotoponimlərin tədqiq edilməsi məsələsi o qədər mürəkkəb, o qədər çox cəhətlidir ki, bu məsələnin həllində təkcə dilçilik elminin əldə etdiyi nəticələrə istinad etməklə ötüşmək mümkün deyil və hətta bəzi hallarda belə istinad etmələr yanlış nəticələrin meydana çıxmasına səbəb ola bilər. “Lakin burası da aydındır ki, ayrı-ayrı tayfalar və tayfa birləşmələri xalqların yaranmasında çox böyük rol oynamışdır. Həm də xalq heç də tayfaların sadəcə yekcins birləşməsi deyil, müxtəlif etnik tərkibli tayfaların tarix boyu qaynayıb qarışmasından ibarətdir. Qonşu xalqlar və xüsusilə tarix boyu mövcud olmuş müxtəlif türkdilli tayfa birləşmələri ilə hərtərəfli etnogenetik və tarixi-mədəni əlaqələrini nəzərə almadan azərbaycanlıların və xüsusilə Azərbaycan dilinin mənşəyi məsələsini həll etmək olmaz” [96, s.12]. Bu əlaqələr isə müəyyən tədqiqat üsulları ilə birgə ekstralinqvistik faktorlar nəzərə alınmaqla səmərəli nəticələr verə bilər. Çünki etnotoponimik laylarda ekstralinqvistik amillər daha çox əks olunur və qədimdə hansı bir yaşayış məntəqəsinin hansı tayfa və tayfa birləşmələri tərəfindən nə vaxt salındığı və hansı tayfalara mənsubluğunu aydınlaşdırmağa imkan verir. Beləliklə, Azərbaycan xalqı və onun dilinin formalaşmasında iştirak etmiş türkdilli xalqların və tayfaların hansılarının daha çox rol oynadıqlarını ekstralinqvistik faktorlar nəzərə alınmaqla meydana çıxarmaq mümkün olur.


Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin