2.4. Sintaktik yolla düzələn etnotoponimlər
Gürcüstan ərazisində topoladığımız toponimləri araşdırdığımız zaman küllü miqdarda sintaktik üsulla düzələn etnotoponimlər əldə etdik.
Ümumiyyətlə, sintaktik üsulla düzələn isimlər əsasən, müstəqil, ayrılıqda müəyyən leksik mənaya malik olan sözlərdən yaranır. Bu baxımdan sintaktik üsulla düzələn isimlər və ya etnotoponimlər ən azı iki müstəqil mənalı leksik vahiddən düzəlir. Bu mənada mürəkkəb isimlər və ya etnotoponimlər bəzən iki, bəzən isə üc sözün (iki sadə sözün, sadə sözlə düzəltmə sözün, iki düzəltmə sözün, iki düzəltmə sözün və etnotoponimlərin) birləşməsindən ibarət olur.
Azərbaycan dilinin ümumi lüğət tərkibində sadə sözlər – leksik üsulla düzələn, morfoloji üsulla düzələn sözlər düzəltmə sözlər olduğu kimi, dilimizdəki sözlərin bir qismi də sintaktik üsulla düzəldiyi kimi, dilimizin toponimlər sisteminə daxil olan etnotoponimlər də (etnooykonimlər, etnooronimlər) mürəkkəb sözlər (mürəkkəb toponimlər) və ya mürəkkəb anlayışları ifadə edən söz birləşmələri və ya mürəkkəb sözlər adlanır.
Dilimizdə mürəkkəb sözlər və ya mürəkkəb etnooykonimlər, etnooronimlər ,etnohidronimlər digər sözdüzəltmə üsullar ilə yaradılan sözlərdən və ya toponimlərdən onunla fərqlənir ki, burada dilimizdə əvvəlcədən mövcud olan iki və daha çox söz və ya etnonim bir-biri ilə əlaqəyə girərək semantik, morfoloji, sintaktik və həmçinin fonetik cəhətdən tam mənası ilə formalaşmış vahid bir söz və ya etnotoponim əmələ gətirir.
Azərbaycan dilində mürəkkəb sözlər və ya toponimlər semantik zənginliyinə, komponentlərin (tərəflərin) quruluşuna, əmələ gəlmə üsullarına və ya qaydalarına görə olduqca çox müxtəlif və rəngarəngdir:
ÇÜRÜK QƏMƏRLİ – Tiflis quberniyasının Bağ Borçalısının mərkəzində -Bolulusda, indiki Bolnisi rayonunun qərbində kəndin adı olub. Bu oykonim qədim türkkölü “çoruk” və “kəmərli” tayfa adlarının sintaktik üsulla birləşməsindən düzələn mürəkkəb etnooykonimdir. 1941-ci ildə sabiq Lüksemburq qəsəbəsinin (indiki Bolnisi rayonu) alman əsilli əhalisi sürgün edildikdən sonra “Çürük Qəmərli” kəndinin əhalisi Bolnisi qəsəbəsinin qəsəbəətrafı küçələrinə köçürülüb və qəsəbənin maldarlıq və qoyunculuq təsərrüfatı onlara həvalə edilmişdir. Beləliklə də, 1940-ci illərdə bu kənd ləğv olunmuşdur. Lakin Çürük Qəmərlinin taleyinə, sanki, ikinci köçkünlük həyatı yazılmışdır. XX əsrin 80-ci illərinin sonunda ölkədə baş qaldıran milli ədavət nəticəsində onlar da doğma vətənlərindən çıxarıldı və Azərbaycana köç etdilər.
Danışıq prosesində “çoruk” etnonimi “çürük” kimi, “kəmərli” etnonimi isə “qəmərli” kimi dilimizdə tarixləşmişdir. Gürcüstanın – Borçalının Dağ bölgəsində Başkeçid rayonunda (indiki Dmanisi) “Qəmərli” adlı kənd vardır.
Yelizavetpol (gəncə) quberniyasının Zəngəzur qəzasında (Azərbaycanın Şimal-Qərb bölgəsində (indi Ermənistanda) “Qəməran” İrəvan xanlığının Karbibasar mahalında da “Qəmərli”, Eçmiədzin rayonunda da “Qəmərli” adlı kəndlər olubdur [22, s.199].
YOR MUĞANLI – Tiflis quberniyasının Sığınaq (Siqnaxi) qəzasının sabiq Qaraca Yurdu – indiki Saqareco rayonunda kənd adıdır. Bu oykonim güman ki, “Lori” sözünün təhrif olunmuş “Yor” variantı (oronimi) ilə “muğ” – “Muğan”lı tayfa adının sintaktik üsulla birləşməsindən yaranıb. Həmçinin, Tiflis quberniyasının Borçalı qəzasında Bağ Borçalısında (indi Bolnisi rayonunda) kənd adıdır [182, s.178]. Aran Borçalısında – Qrayazıda (indi Qardabani rayonunda) və Qazax – Borçalı bölgəsində də Muğanlı adlı yaşayış məntəqəsi olub [92, s.162]. Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində də Muğançı Əhməd adlı yaşayış məntəqəsinin adı olub [92, s.160]. “Yor Muğanlı”nın qədim adı “Qaracöp” olub. Yor yaylasında, Yor çayının sağ sahilində, rayon mərkəzindən 33 km gündoğarda, dəniz səviyyəsindən 460 m yüksəklikdə yerləşir. Qərbi Azərbaycanın (indiki Ermənistanın) Eçmiədzin və Artaşat rayonlarında Muğan, Gorus rayonunda Muğançıq, həmçinin, Aştarat və digər rayonlarında da bir neçə Muğanlı adlı kəndlər olubdur.
DAŞLI QULLAR (DAŞQULLAR) – Qədim Borçalının türklər-azərbaycanlılar yaşayan kəndlərdən birinin adıdır. Bağ Borçalısının Bolulus (indiki Bolnisi rayonu) bölgəsində Qullar kəndindən bir qədər qərbdə qədim Borçalının mərkəzi bölgəsində yerləşən kəndlərdən biri də Daşlıqullardır. Coğrafi mövqedən yanaşdıqda belə ehtimal etmək olar ki, Qullar İç Oğuza, Daşlıqullar isə Daş Oğuza aiddir. Mülahizələrimizi “Kitabi-Dədə Qorqud” dastanındakı hadisələr və faktlar da təsdiq edir.
“Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının qədim dövr tarixini özündə əks etdirən ən möhtəşəm, ən nadir və ən zəngin bir salnaməsidir. Bu eposda zamanına görə, müasirlik güclü olduğu qədər, tarixilik də güclüdür. Hadisə və əhvalatlar islamiyyətdən qabaqkı V-VI əsrlər və ondan da əvvəlki dövrlərlə səsləşir. Həmçinin, dastandakı hadisələrin müəyyən hissəsi Gürcüstan əraziində (Qədim Borçalı ərazisində), yəni Gürcüstanla həmsərhəd olan coğrafi mövqelərdə cərəyan edir.
Dastanda “İç Oğuz” və “Daş Oğuz” tayfalarından bəhs olunur. Deməli, Daş Oğuzun ümumi mənası Uzaq Oğuz deməkdir. İstər qədim mənbələrdə, istərsə də dastanda oğuz anlayışı türk mənasına uyğun gəlir.
Əgər dastandakı hadisələrin V-VI əsrlər və ondan da əvvəlki dövrlərlə səsləşdiyini nəzərə alsaq, onda İç Oğuzların bizim eradan 1500 il əvvəl Güney Qafqazda, o cümlədən, Azərbaycanda sakin olmuş türkdilli qəbilə və tayfaların birinci axını dövründə məskunlaşmış olduğu aydınlaşır.
“Daş Oğuz” dedikdə bizim eranın III-VII əsrlərində Azərbaycana yeni gələn türkdilli tayfalar (ikinci axın zamanı) nəzərdə tutulur. Birinci axın zamanı Azərbaycana gəlib məskunlaşan qədim türklər, ikinci axın zamanı Azərbaycana və onun ətraf rayonlarına gəlib məskunlaşan həmtayfalarını “Daş Oğuz”, yəni uzaqda yerləşən oğuzlar adlandırmışlar.
“Daş Oğuz” termininin birinci komponenti indi də Borçalının bir neçə oykonimində qorunub saxlanmışdır. Bolulus nahiyəsində (indiki Bolnisi rayonunda) Daşlıqullar (Daşqul) adlı kənd vardır. Bu kəndin adı iki sözün birləşməsindən əmələ gəlib. Oykonimin birinci komponenti “daş” sözü ilə əlaqədar olub, “uzaq” mənasını bildirdiyi halda, ikinci komponenti, yəni “qul” sözü qədim türkdilli “qul” tayfasının adı ilə bağlıdır. Beləliklə, bu etnooykonimin ümumi mənası “Uzaq Qullar” deməkdir. Qullar etnonimi ilə bağlı oykonimlər Azərbaycanda da geniş yayılmışdır. Məsələn, Balakən, Ağdaş, Bərdə və Qusar rayonlarında Qullar, Daşkəsən rayonunda isə Qaraqullar adlı kənd vardır [8, s.55]. Gürcüstanın Bolnisi rayonundakı Qardaşlı (indi Aşağı Güləvər), Marneuli rayonunun Sadaxlı kəndi yaxınlığında Qaradaş kəndinin adını bildirən oykonimlər də, güman ki, Daş Oğuzlarla bağlıdır. Bu oykonimlərin birinci komponenti hələ qədim zamanlardan türk dilində “böyük” mənasında işlənən “qara”, ikinci komponenti isə Daş Oğuz, yəni uzaqda yaşayan oğuz etnonimi ilə bağlıdır. Ümumilikdə isə, bu oykonimin mənası uzaqda yaşayan Oğuz tayfası deməkdir. Güman ki, Marneuli rayonundakı Daştəpə oykonimi də Daş Oğuzların qədim məskən ilə bağlıdır.
SARTCALA (SƏRTCALA MUĞANLI) – Tiflis quberniyasının Borçalı qəzasının Aran bölgəsində, sabiq Qarayazı nahiyəsində (indiki Qardabani rayonunda) kənd adıdır [182, s.220]. Yor nahiyəsində Samqor düzündə, Yor (Qavrı-Qabırrı) çayının sağ sahilində, Alvan (Alban –H.Ç.) dağının ətəyində, rayon mərkəzindən 47 km quzeydə, Tbilisi-Kaxet avtomobil şose yolunun 45 kilometrliyində, dəniz səviyyəsindən 740 m yüksəklikdə yerləşən kəndin adıdır. Xalq etimologiyasına görə kəndin adı “sərt cala” coğrafi obyektin adı ilə “muğanlı” etnoniminin birləşməsindən düzəlib. Ümumi mənası Sərtcala çayının sahilində yaşayan Muğanlı deməkdir.
Sartcala etnooykoniminə tarixi və elmi baxımdan yanaşdıqda məlum olur ki, hələ, X-XII əsrlərdə “başkir” etnoniminin dördüncü qohum nəsil layında Oğuz-Qıpçaq tayfa birliklərinə daxil olan “sart”, “abdel” (avdal), “qızılbaş” tayfaları da mühüm rol oynamışdır.
Sartcala etnooykoniminin birinci komponenti türkköklü “sart” tayfa adı, ikinci komponenti isə “cala” coğrafi adının sintaktik üsulla birləşməsindən düzəlmişdir.
Sərtcala – Tiflis günbatarındakı Avcala (Ovcala), gündoğardakı Ortacala toponimləriylə zəncirvari həlqə təşkil edir. Bu oykonimin birinci tərəfi “sart” etnonimi və “cala” sözlərinin birləşməsindən əmələ gəlmişdir. Ümumi mənası “sartların calası” deməkdir. Sartlar türkdilli qədim etnoslardan biri olublar. Bu oykonimin ikinci tərəfi isə “muğanlı” etnonimindən ibarətdir. Qədim zamanlarda özbəklərin oturaq həyat keçirən bir qrupu da sartlar adlanırdı. Güman ki, sartlar Şərqi Gürcüstana XI əsrdə güclü axınla gələn türdilli tayfalardan biri olmuşdur. Bu kənd el arasında Sərtcala Muğanlı adlanır.
Azərbaycanın Şimal-Qərb bölgəsində də (indi Ermənistanda) “Sarı cala” adlı kənd olub [22, s.366].
AĞQULA – Qədim Borçalı (indiki Marneuli) rayonunda kənd adıdır. Bu etnooykonim qədim türk dillərində “kiçik” mənasında işlədilən sadə “ağ” sözünün sadə “qul” tayfa adının sintaktik üsulla birləşməsi nəticəsində alınan mürəkkəb “ağqul” sözü ilə “a” topoformatının birləşməsindən düzəlmişdir. Rayon mərkəzindən 26 km güneydə, dəniz səviyyəsindən 630 m yüksəklikdə yerləşən Ağula və Qullar kəndinin adı qədim türkdilli “qul” etnonimi (qəbilə, tayfa) ilə bağlıdır. Çünki hər bir qəbilə və tayfa öz tarixi varlığını və mənliyini qoruyub saxladığı kimi, mənsub olduğu tayfanın adını da nəsildən-nəsilə verərək qoruyub saxlayır. Buradan aydın olur ki, Qullar qədim türkköklü “bulqar” və “qıpçaq” tayfalarının bir qolu olan “qul” tayfasının adından götürülmüş oykonim (yaşayış məntəqəsi) olduğu kimi, Ağqula da qədim türk dilində “kiçik” mənasında işlənmiş “ağ” sözü ilə “qul” etnoniminin birləşməsindən əmələ gəlmiş etnooykonimdir. Beləliklə aydın olur ki, “ağqula”nın ümumi mənası Kiçik Qullar tayfası deməkdir.
Azərbaycanın Daşkəsən rayonunda Qaraqullar adlı kənd vardır [8, s.152]. Qaraqullar oykonimi də qədim türk dilində “böyük” mənasında işlənmiş “qara” və “qullar” etnonimindən düzəlmişdir. Qaraqulların ümumi mənası isə Böyük Qullar tayfası deməkdir. Göründüyü kimi, Qullar etnonimi həm eyniadlı oykonimlərin, həm də “ağ” (kiçik), “qara” (böyük) topoformatların köməyi ilə etnooykonimlər düzəlmişdir. Qərbi Azərbaycanın (indiki Ermənistanın) Talin rayonunda da Qaraqula adlı yaşayış məntəqəsi – dəmiryol qəsəbəsi olub. [19, s.383]. “Qaraqula” etnooykonimi türkköklü “qara” böyük mənasını bildirən sözlə “qul” etnoniminin sintaktik üsulla birləşməsindən düzəlib. Qaraqula qəsəbəsinin adı 31 iyul 1950-ci ildə dəyişdirilərək erməniləşdirilmiş və Getap qoyulmuşdur.
AZQANLI (Azgəyliyən) – Qədim Borçalının Başkeçid bölgəsində (indiki Dmanisi rayonunda) kənd adıdır. Xalq arasında “Gəyliyən” kimi tanınmışdır. ”Azqanlı” kəndinin adı gürcü dilində “Azqaqliani” kimi qeyd olunmuşdur. Azgəyliyən “azqanlı” etnonimik oykoniminin gürcü dilində təhrif olunmuş variantından törəmişdir. “Azqanlı” oykonimi isə iki qədim türkdilli tayfa adının birləşməsindən əmələ gəlmişdir. Başqa sözlə desək, “Azqanlı” oykonimi “az” və “qanlı” tayfa adlarının sintaktik üsulla birləşməsindən əmələ gəlmiş mürəkkəb etnotoponimdir (etnooykonimdir). Güman ki, həmin kəndin sakinlərinin etnogenezisində həm “az”, həm də “qanlı” tayfasının iştirakı olmuşdur. İndi isə “az//as” və “qanlı” tayfalarının tarixi mənşəyinə nəzər salaq. Yuxarıda qeyd olunanalardan başqa “az//as” tayfalarının mövcudluğu barədə türkdilli yazılı mənbələrdə “as” tayfasının adı qeyd olunur. Hətta, özbək tayfaları arasında “aslar” adlı böyük tayfalar qeyd olunur. Özbəklərin bəzi bölgələrində isə Azərbaycan-türk xalq dilinin təşəkkülündə fəal iştirak edən “az” tayfasının adını “as” kimi tələffüz edirlər [153, s. 80].
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, “az” tayfası bəzi türk dillərində işlənsə də, Azərbaycan-türk dilinin inkişaf etməsində başlıca rol oynayan tayfalardan biri olubdur. “Azqanlı” kəndinin adı uzun müddət gürcü dili sənədlərində qeydə alınarkən, “Azqanliani”, “Azkakliani” şəklində təhriflə yazılmışdır. Gürcüstanda Demokratik hakimiyyət qurulduqdan sonra türkdilli mətbuatda həmin kəndin adı ilkin tarixi əsasda yox, bir növ gürcü dili qanunları əsasında formalaşmış “Azqaqliani” sözündən yenidən Azərbaycan-türk dilinə transferasiya edilmiş və eləcə də, danışıq dilində, bir növ təhrif olunmuş Azgəyliyən şəklində sabitləşmişdir. “Qanlı” tayfasının adı Azərbaycan-türk bayatılarında da öz əksini tapmışdır:
Əzizim dözə qanlı
Sürmə çək gözə qanlı,
Qorxuram qərib öləm,
Yerimdə gəzə qanlı
Bayatının dördüncü misrasındakı “qanlı” sözü də tayfa adı mənasında işlənmişdir. “Az” etnonimi əsasında düzələn mürəkkəb etnotoponim və etnooykonimə Azərbaycanın Ordubad rayonundakı “Aza” qəsəbəsinin, Astara rayonundakı “Azazu” kəndinin, Dağlıq Qarabağdakı “Azik” kəndinin və “Azıx” mağarasının adlarının tərkib hissəsində də təsadüf etmək olur [8, s.139]. Həmçinin, “az” etnonimi əsasında düzələn toponimik adlara, demək olar ki, bütün türk dünyasının ərazilərində, o cümlədən, Altaydan tutmuş Orta asiya, Krıma və Balkan yarımadasına qədər hər yerdə rast gəlininr. Yeri gəlmişkən onu da qeyd edək ki, Azərbaycan sözünün əsasında da “az” etnonimi dayanır və onun məntiqi bünövrəsində Az-ər-bay-can makro toponimi yranmışdır. Deməli “azlar” bu ərazilərdə lap qədim dövrlərdən yaşamış və tarixi möhrünü irs qoymuşlar. Onu da əlavə edək ki, xalqımızın etnogenezisində fəal iştirak etmiş olan “qanlı” tayfasının adını özündə saxlayan etnooykonimlərə Azərbaycanın bir sıra rayonlarında da təsadüf etmək olar. O cümlədən, Kəlbəcər rayonunda “Qanlı”, Tovuz rayonunda “Bozalqanlı” adlanan kəndlər, şimal-qərbi Azərbaycanın (indiki Ermənistanın) Basarkeçər rayonunda “Qanlı”, Axuryan rayonunda “Qanlıca” adlı kəndlər olmuşdur [19, s.383]. Həmin kəndlərin tarixi adları da “qanlı” etnonimi əsasında təşəkkül tapmışdır. Onu da qeyd edək ki, Azgəyliyən etnooykonimi “azqanlı” sözü mürəkkəb etnonimi əsasında düzəlmişdir. Bu mürəkkəb etnonim sadə “az” və düzəltmə “qan-lı” etnonimlərinin birləşməsindən düzəlmişdir.
LÖK (LƏK) – CANDAR - Qədim Borçalının Dağ Borçalısının Başkeçid bölgəsində (indiki Dmanisi rayonu) kənd adıdır. Bu toponim (oykonim) türkköklü “lök” (lək) və “candar” tayfa adlarının sintaktik üsulla birləşməsi nəticəsində təşəkkül tapan mürəkkəb etnotoponim (etnooykonimdir) [36, s.50]. “Lök” sözü qədim türk tayfalarından birinin adı olan “lək” etnonimindən ibarətdir. Danışıq dilində “ə” səsi “ö” səsinə çevrilmişdir. Bu etnooykonim ilk dəfə prof. M. Çobanov və M. Çobanlı tərəfindən tədqiqata cəlb olunmuşdur [36, s.50].
“Lək” tayfası XIII əsrdə İrandan Azərbaycana köçürülmüşdür. Bu tayfanın adı ilə bağlı Azərbaycanın Ağdaş rayonunda Aşağı Ləki, Ucar, Bərdə və Göygöl rayonlarında Lək kənd adları vardır. Bu toponimin ikinci komponenti Candar dilimizdə tayfa-nəsil anlamında işlədilir. Gürcüstanın Qarayazı (indiki Qardabani) və sabiq Sarvan – Borçalı (indiki Marneuli) rayonlarında da Candar adlı kəndlər vardır. Güman ki, Azərbaycanın Quba və Zəngilan rayonlarındakı Candar kəndlərinin adı da eyni kökdən ibarətdir. Azərbaycanın Şimal-Qərb bölgəsində İrəvan xanlığının Zəngibasar mahalında da (indiki Ermənistanda) Lək adlı, kənd olub. Başqa bir mənbədə Vedi nahiyəsində də Lək adlı toponim (oykonim) olduğu qeyd olunur [72, s.106]. Prof. Ə.Dəmirçizadəyə əsasən Mahmud Keşəli isə, “lök” sözünün vaxtı ilə “dəvə” mənasında işlənən bir söz olduğunu göstərərək qeyd edirdi ki, Bakı ətrafında bataqlıqlardan biri “Ceyranbatan”, digəri “Lökbatan” (dəvə batan yer) adlanır və çox ehtimal ki, əhali Lök dağının formasını dəvəyə bənzətdiyi üçün belə adlandırmış və onun yaxınlığında məskunlaşmışdır. Candar tayfası da öz yeni yaşayış məntəqələrinə həmin dağın adını vermişdir [39, s.80].
İMİRHƏSƏN – Qədim Bağ Borçalının Bolulus nahiyəsində (indiki Bolnisi) rayonunda kənd adıdır. Bu oykonim türk Oğuzlarının Eymur-Əymur tayfasının, yaxud noqaylarda indi də yaşayan İmir tayfasının adı əsasında formalaşıb. Çox güman ki, İmir tayfasına mənsub olan şəxs – Həsənli bu kəndin özülünü qoyduğu üçün kəndin adını da həm mənsub olduğu tayfasının adını, həm də özünün soyadını saxlamışdır. 1728-ci ildə tərtib olunmuş “Dəftəri-müfəssəli-əyaləti-Tiflis”də Baydar nahiyəsinin İmirli kəndi [182, s.102], həmin kəndin İmirli məhəlləsi, başqa İmirli məhəlləsi, Onbaş məhəlləsi, Xızır Məhəlləsinin adı qeyd olunmuşdur. Bu qrup etnotoponimlərə Türküyədə də rast gəlmək olur. Mənbəyini Dağ Borçalısından alıb Aran Borçalısına doğru axan Maşaver çayının sağ sahilində, rayon mərkəzindən 13 km gündoğarda, Tiflis-Kazret dəmiryolunun kənarında, dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşir. İrəvan quberniyasının Eçmiədzin qəzasında da İmirli adlı kənd olub. Bu kəndi əhalisi Ağqoyunlulara mənsub olan “əmirli” tayfasındandır [92, s.160]. Tayfanın bir qolu da XIX əsrin əvvəllərində Qarabağda yaşamışdır [182, s.102].
İMİR ƏHMƏDLİ – Qədim Borçalı mahalında – Tiflis əyalətinin Baydar nahiyəsində bir elin adı olub. Bu oykonim “imir” tayfa adı ilə Əhmədli tirəsinin – nəslinin adının birləşməsi əsasında yaranıb. Başqa bir İmir Əhmədli adlı el adı da Dəmirçi Həsənli nahiyəsində olub [92, s.160]. Şimal-qərbi azərbaycanın İrəvan quberniyasının Aleksandropol qəzasında (indi Ermənistanın) Artik rayonunda da İmirxan adlı yaşayış məntəqəsi – kənd olub [182, s.102]. Bu oykonim “imir” etnonimi – tayfa adının keçmişdə inzibati vəzifə bildirən “xan” sözünün sintaktik üsulla birləşməsindən düzəlib, İmirxan kəndinin adı 1.06.1940-cı ildə dəyişdirilmiş Saratak qoyulmuşdur [72, s.129].
QAZANKƏND – Tarixi Borçalının ərazisində yaşayış məntəqəsinin – kəndin adı olub [182, s.92]. Bu etnooykonim qədim türkköklü “Qazan” tayfa adı ilə yaşayış məntəqəsinin ümumi adını bildirən “kənd” sözünün birləşməsindən sintaktik üsulla birləşməsindən yaranıb. Bu etnooykonim elə ilk baxışdan məşhur “Kitabi-Dədə Qorqud” dastanlarındakı Qazan xanı yada salır. Azərbaycanın Zaqatala rayonunda da Qazangül, Goranboy rayonunda Qazanbulaq, Cəbrayıl rayonunda Qazanzəmi, Zəngilan, Culfa rayonlarında Qazançı adlı kənd vardır [8, s.150]. Qərbi Azərbaycanın (indiki Ermənistanın) Sisyan rayonunda da Qazançı adlı kənd olub. Bu oykonim də “Qazançı” etnonimi əsasında düzəlib. Türkmənistanın Qazantaqan (Qarabekevül) və Xojambaz rayonlarında da qədim türkköklü “qazan” tayfa adı ilə “taqan” tirə adının birləşməsindən düzələn yaşayış məntəqəsinin adı vardır [197, s. 22, 61].
Gürcüstan ərazisində müşahidə olunan çoxlu sayda etnotoponimlər sintaktik üsulla yaranmışdır ki, toponimiyada bu üsul çox məhsuldar bir üsul hesab edilir. Bu o, deməkdir ki, bu bölgədəki türkmənşəli etnotoponimlərin çox hissəsi coğrafi nomenlərin bilavasitə köməyi ilə əmələ gəlmişdir. Bu xüsusiyyət toponimlərin bir növü kimi etnotoponimlər üçün də xarakterikdir. “Dilimizdə mürəkkəb sözlər və ya mürəkkəb etnooykonimlər digər sözdüzəltmə üsullar ilə yaradılan sözlərdən və ya toponimlərdən onunla fərqlənir ki, burada dilimizdə əvvəlcədən mövcud olan iki və daha çox söz və ya etnonim bir-biri ilə əlaqəyə girərək semantik, morfoloji, sintaktik və həmçinin fonetik cəhətdən tam mənası ilə formalaşmış vahid bir söz və ya etnotoponim əmələ gətirir” [31, s.121]. Bu baxımdan Gürcüstanın türk mənşəli mürəkkəb quruluşlu etnotoponimlərini aşağıdakı kimi nəzərdən keçirə bilərik:
Birinci tərəfi antroponimlərlə ifadə olunan etnoantroponimlər: Hüseynkənd, Abdullağa qışlağı, Abdulmülk, Abdulla qışlağı, Əlimərdanoğlu qışlağı, Mehdiağalar kəndi, Məhəmmədağalar kəndi, Həsənxocalı kəndi və s.
Birinci tərəfi dini sözlərlə ifadə olunan etnotoponimlər: Mollaoba, Hacıkənd, Hacıoğlu qışlağı, Mollamusalı, Seyid-Xocalı və s.
Birinci tərəfi rəng bildirən leksik vahidlərlə ifadə olunan etnotoponimlər: Ağ Təhlə, Qara Təhlə, Ağqula kəndi, Ağməmmədli, Qarasavirlər, Ağsaqlar, Qaraçobanlar, Qaramanlı, Qaraqoyunlu, Qaraöküzlü, Qara dəmirçi, Ağəhmədoba, Sarıvəlli, Yaşılbaş oğlu Əhməd kəndi, Qızılhacılı, Sarıməmmədli kəndi və s.
Birinci tərəfi rütbə, titul bildirən sözlərlə ifadə olunan etnotoponimlər: Bayburt, Baydarlı, Baysunqur, Bayəhmədli, Bəytəkər, Şahbuzlu, Xancıqazlı və s.
Birinci tərəfi etnonimlə ifadə olunan etnotoponimlər: Qazankənd, Qazanqaya, Qazantəpə, Qazankünbəz, Tumanqala, Uruzqışlaq, Uruzbaylaq, Alanyurt, Saburtala, Avar eli, Muğan qışlağı, Sakdağ, Saratkənd, İmirəhmədli, Cavanşirkəbirli, Qazaxyol, İncəoğlu, Kazret kəndi, Savir kənd, Xəzərli dərə, Cinli binə, Sul dərə və s.
Birinci tərəfi sənət və peşə bildirən sözlərlə ifadə olunan etnotoponimlər: Dərzioğlu kəndi, Dəmirçi-Həsənli kəndi və s.
Birinci tərəfi saylarla ifadə olunan etnotoponimlər: Yüzbaşılı kəndi, Qırxlar bulağı, Minsazkənd, Birinci Kosalı, İkinci Kosalı və s.
Birinci tərəfi fərqləndirici əlamət bildirən sözlərlə (böyük, kiçik, balaca, orta, aşağı, yuxarı) ifadə olunan etnotoponimlər: Böyük Qaçağan, Orta Qaçağan, Böyük Heydərli, Kiçik Heydərli, Böyük Dəmirçi Həsənli, Böyük Ulaşlı, Aşağı Kəpənəkçi, Aşağı Cinis, Aşağı Oruzman, Yuxarı Oruzman, Bala Muğanlı, Aşağı Saral, Yuxarı Saral və s.
Birinci tərəfi relyef bildirən sözlər əsasında formalaşan etnotoponimlər: Dağ Şıxlı, Dağ Qızılhacılı, Dağ Muğanlı, Dağ Arıxlı, Dağ Dəllər və s.
Birinci tərəfi müxtəlif mənalı sözlər əsasında formalaşmış etnotoponimlər: Yor Muğanlı, Sərt Muğanlı, Didi Türkoba və s.
Araşdırdığımız bu etnotoponimik materiallardan da göründüyü kimi, belə xüsusi onomastik vahidlərin bir qismi I növ ismi söz birləşməsi modelindədir.
Dostları ilə paylaş: |