GüRCÜstan əraziSİNDƏKİ TÜrk məNŞƏLİ etnotoponiMLƏRİn linqviSTİk xüsusiYYƏTLƏRİ


Morfoloji yolla düzələn etnotoponimlər



Yüklə 250,89 Kb.
səhifə14/55
tarix06.01.2022
ölçüsü250,89 Kb.
#112457
1   ...   10   11   12   13   14   15   16   17   ...   55
2.3. Morfoloji yolla düzələn etnotoponimlər
Azərbaycan-Türk dilinin lüğət tərkibindəki ümumi sözlərin müəyyən hissəsini kök sözlərdən ibarət olan sadə isimlər təşkil edir. Bu qrup sadə isimlər dilin əsas lüğət fondunu təşkil etməklə yanaşı, həm də dilimizin morfoloji və sintaktik üsulla yeni sözyaratma bazasını təşkil edir. Başqa sözlə desək, dilimizin lüğət tərkibindəki mövcud isimlərin geniş bir hissəsi semantik baxımdan yeni məzmun kəsb edərək xüsusi adların (şəxs adları, yer-yurd adları, su adları və s.) yaranmasını həddi-hüdudu bilinməyən geniş imkanlar yaradır. Yəni, kök sözlə leksik şəkilçilərin morfoloji üsulla birləşməsindən ibarət olan sayı-hesabı bilinməyən düzəltmə sözlər yaranır...

Biz isə bu tədqiqat işində ümumilikdə düzəltmə sözlərdən yox, bir qrup morfoloji üsulla düzələn etnotoponimlərdən (etnooykonimlərdən, etnooronimdən, etnohidronimdən) bəhs etməyi nəzərdə tutmuşuq...

Tədqiqata cəlb olunan etnotoponimlərə dərindən nəzər saldıqda məlum olur ki, etnotoponimlərin (etnooykonimlər, etnooronimlər və etnohidronimlər) də düzəltməsi və yaranması, inkişaf etməsi hər şeydən əvvəl, Azərbaycan dilinin daxili inkişaf qanunlarına və dildə mövcud olan digər müvafiq qaydalara və modellərə əsaslanır.

Dilimizdə morfoloji üsulla yeni sözyaratma mümkün olduğu kimi, sadə kök sözə-etnonimə müxtəlif leksik şəkilçilərdən birinin artirilması ilə etnotoponimlər (etnooykonimlər, etnooronimlər və etnohidronimlər) düzəlir.

Etnotoponim yaradıcılığı da müəyyən linqvistik faktorlarla bağlı olaraq formalaşmışdır. Linqvistik faktorlar dilin təbii qanunauyğunluqlarına əsaslanır. R.Əliyevanın qeyd etdiyi kimi, “dildə sadə sözlərdən mürəkkəb sözlər düzəlir, sonra mürəkkəb sözün komponentlərindən biri öz mənasını itirərək şəkilçiləşir. Daha doğrusu şəkilçi də öz mənasını itirir və həmin söz sadə sözə çevrilir. Bu baxımdan Çilov, Murquz, Xaldan, Çürkan, Saray, Corat, Zirə, Bakı, Şəki, Zirik, lerik və başqa adlar indi dilimizdə sadə xüsusi isimlər hesab olunur. Buna baxmayaraq, toponimlərin tərkibində üst-üstə düşən və ya müxtəlif variantlarla çıxış edən topoformantlar istər-istəməz diqqəti cəlb edir. Qeyd edək ki, toponimik tədqiqatlarda topoformant mövqeyində duran sözdüzəldici şəkilçilərin az bir hissəsi (daha çox işlək olanlar) haqqında məlumat verilir. Toponim yaradıcılığında öz zəngin məna çalarlığı və qədimliyi ilə seçilən topoformantlar isə ya tamamilə unudulur, ya da onlar ayrı-ayrı toponimlərin etimoloji təhlili zamanı bir-iki cümlə ilə yad edilir. Fikrimizcə, belə topoformantların sistem halında toplanması və tədqiqi Azərbaycan toponimlərinin düzgün etimiloji təhlilini vermək üçün açar ola bilər. Eyni zamanda bu topoformantların üzə çıxarılması Azərbaycan dilçiliyində artıq itib-batmaqda olan sözdüzəldici şəkilçilərin toponimlərin tərkibində qorunub saxlanmasını bir daha sübut etmiş olar” [52, s. 86-87].

Gürcüstan ərazisindəki müxtəlif linqvistik faktorları nəzərə alaraq etnotoponim yaradıçılığında mühüm rol oynayan topoformantları aşağıdakı kimi nəzərdən keçirə bilərik:

-lı, -li, -lu, -lü şəkilçisinin iştirakı ilə formalaşan etnotoponimlər.

Azərbaycan dilində geniş funksiyaya malik olan bu şəkilçi söz yaradıcılığında ən fəal morfoloji göstəricilərdən hesab olunur. S.Cəfərov qeyd edir ki, bu şəkilçi söz yaradıcılığında altı funksiya yerinə yetirir [27, s. 72]. M.Hüseynzadə göstərir ki, -lı, -li, -lu, -lü şəkilçiləri vasitəsilə isim köklərindən cümlədəki yerlərinə görə yer münasibəti, keyfiyyət, sahiblik, familiya, əlamət, nəsil, ailə və kəmiyyət mənalarını ifadə edən düzəltmə isim əmələ gəlir. R.Əliyeva yazır ki, bu şəkilçi -lıq, -lik, -luq, -lük // -laq, -lək şəkilçisinin törəməsi olub ən çox etnonim və toponimlərin yaranmasında iştirak edir. Bu topoformantın köməyi ilə mövcudluq, məxsusluq, mənsubiyyət bildirən, həmçinin müəyyən peşə və sənətlə bağlı etnoqrafik toponimlər düzəlir [52, s. 92], Toponim yaradıcılığında -lı, -li, -lu, -lü şəkilçisi özünə məxsus olan bütün funksiyaları yerinə yetirə bilmir. Etnotoponimlərdə bu şəkilçi etnonimlər – nəsil, tayfa, tirə, xalq, qəbilə, antropoetnotoponimlərdə isə şəxs adlarına artırılaraq məkan, yaşayış yeri mənasını bildirir. Gürcüstan ərazisində bu şəkilçinin köməyi ilə çoxlu sayda etnooykonim, etnooronim və etnohidronim yaranmışdır ki, onları da aşağıdakı şəkildə qruplaşdıra bilərik:

a) Tayfa, qəbilə, nəsil, tirə adlarına -lı, -li, -lu, -lü şəkilçisinin əlavə olunması həmin ərazidə adı çəkilən nəslin, tayfanın, tirənin, qəbilənin bir hissəsinin yaşadığını bildirir. Bu qəbildən olanlara daha çox etnooykonimlər aiddir. Bunlara Ulaçlı, Şıxlı, Abdallı, Araplı, Arıxlı, Bəzəkli, Qırıxlı, Qoçulu, Muğanlı, Mığırlı, Saraclı, Təkəli və başqa etnooykonimləri misal göstərə bilərik.

b) Şəxs adlarına əlavə olunan -lı, -li, -lu, -lü şəkilçisi adı çəkilən törəmələrindən olanların, ya da həmin şəxsə mənsub olan əhalinin yaşadığı ərazini bildirir. Bunlara antropoetnotoponimlər aiddir: Ağaməmmədli, Qasımlı, Cəfərli, İlməzli, Yaqublu, Məmişli, Xocalı, Şahmarlı, Səfərli, Sarıməmmədli və s.

c) Etnooykonimlərdən fərqli olaraq, etnooronimlərin tərkibində çox vacib coğrafi obyekt növünü bildirən terminlər də işlənir. Buna görə etnooronimlər ismi söz birləşmələri modelində olur. Bu yolla yaranan etnooronimlərin birinci tərəfi -lı, -li, -lu, -lü şəkilçisi vasitəsilə formalaşan tayfa, tirə, nəsil, şəxs adları, ikinci tərəfi relyef, peşə və təsərrüfatın müxtəlif sahələrini bildirən coğrafi obyekt növlərini bildirir. Bu qəbildən olanlara Qazaxlı yeri, Qaramanlı yeri, Xəzərli dərə, Çaxırlı yeri, Kotanlı yeri, Dəmirli təpə, Keçəli düzü və s. etnooronimlərini nümunə göstərə bilərik.

e) Etnooykonim, etnooronimlərdə olduğu kimi etnohidronimlərdə də -lı, li, -lu, -lü şəkilçisi məxsusluq, aidlik bildirir. Bu qəbildən olan etnohidronimlər Gürcüstan ərazisində demək olar ki, az müşahidə olunur: Qazaxlı bulağı, Kosalı bulağı, Şıxlı bulağı və s.

2. -lar, -lər şəkilçisi ilə yaranan etnotoponimlər.

Bu şəkilçi dilimizdə qrammatik şəkilçi hesab olunur, kəmiyyət kateqoriyasını yaratmağa xidmət edir. Lakin toponim yaradıcılığında bu şəkilçi sözdüzəltmə funksiyasını icra edir. Gürcüstan ərazisindəki etnotoponimlərin yaranmasında bu şəkilçi daha çox işlənir. -lar, -lər şəkilçisinin də başqa topoformantlar kimi etnotoponim yaradıcılığında bəzi xüsusiyyətləri özünü göstərir.

-lar, lər şəkilçisi etnotoponimlərə qoşulduqda tayfa, nəsil, tirə daşıyıcılarının bir qrupunun həmin ərazidə yaşadığını göstərir: Qaracalar, Dəllər, Kosalar, Qullar, Dəmirçilər, Qarasavirlər, Qurdlar, Kürdlər, Şindilər etnooykonimlərində bunları aydın görmək olar.

X.Əliyev Gürcüstan ərazisində -lar, -lər şəkilçisi ilə düzəlmiş etnooronimlərdən bəhs edərək göstərir ki, bu şəkilçi vasitəsilə yaranan etnooronimlərin bəzisi vaxtilə yaşayış yerləri olduğundan coğrafi obyekt adı bildirən sözlərlə birgə işlənərək mənsubiyyət şəkilçisi də qəbul edir: Boyaxçılar, Qazaxların yeri, Dəmirçilər, Duşduranların yolu, Ətdiklərin yurdu, Kotanlıların yurdu, Layışların yeri və s.

b) -lar, -lər şəkilçisi patronimik şəxs adlarına artırıldıqda cəmlik deyil, etnonim bildirir: Babakişilər, Baxçalar, Bəylər, Əsmələr, Məmişlilər, Sarallar, Çopuralılar və başqa oykonimlərdə bu məna aydın görünür [49, s. 117].

3. -çı, -çi, -çu, -çü şəkilçisinin iştirakı ilə formalaşan etnotoponimlər.

Bu şəkilçi vasitəsilə isimlərdən peşə, sənət, məşğuliyyət, adət, xasiyyət, əqidə, meyl, təmayül, hal-vəziyyət, keyfiyyət və s. mənaları ifadə edən düzəltmə isimlər əmələ gəlir. Gürcüstan ərazisində bu şəkilçinin iştirakı ilə 2 etnooykonim (Quşçu, Kəpənəkçi) və 3 etnooronim (Dəmirçi təpəsi, Naxırçı kilsəsi, Çanaxçı təpəsi) qeydə alınmışdır ki, etnotoponimlərdə həmin etnik qrupların yaşadığı ərazi adlarını, etnooronimlərdə isə coğrafi terminlərlə birgə peşə və sənət anlayışını bildirir.

4. -an, -ən şəkilçisinin iştirakı ilə formalaşan etnotoponimlər.

Etnotoponim yaradıcılığında ən məhsuldar morfoloji göstərici kimi iştirak edən bu şəkilçi ilə düzəlmiş yer-yurd adları Azərbaycan toponimiyasında xeyli saydadır və buraya ən qədim toponimlər aid edilir. Təhlilə cəlb etdiyimiz Gürcüstan ərazisində mövcud olan etnotoponimlər də göstərir ki, -an, -ən topoformantlı oykonimlər istər tarixən, istərsə də müasir dövrümüzdə çoxluq təşkil edir. Buna nümunə olaraq Muğan, Tuban, Abastuban, Qurutuban, Qaratuban, Zeduban və s. etnotoponimlərini göstərə bilərik.

R.Əliyeva Azərbaycan toponim yaradıcılığında bu şəkilçinin intensivliyindən bəhs edərək yazır ki, bu topoformantın hələ eradan əvvələ aid mənbələrdə qeydə alınmış Azərbaycan toponimlərinin tərkibində rast gəlirik. Deməli, bu topoformantın həm də çox etnotoponimlərin yaranmasında iştirak etməsinin şahidi oluruq: Alpan, Xaldan, Qurqan, Gilan, Zərgəran, Əhən, Mican, Muğan, Gərcan, Seyidan, Avaran, Zəncan, Bayan, Qafan, Tapan, Gavran və s. Lakin bu şəkilçinin feli sifətin əlaməti olan -an, -ən şəkilçisi ilə qarışdırmaq olmaz. Düzdür, hər iki şəkilçi toponim yaradıcılığında iştirak edir. Lakin əvvala, birincilər adlara, ikincilər isə feillərə qoşulur, ikincisi, birincilər morfoloji yolla toponim yaratdığı halda, ikincilər sintaktik yolla toponimlər yaradır. Bunu yuxarıda sadaladığımız toponimlərlə Ceyranbatan, Lökbatan, Quzuqıran, Canqurtaran, Dəvə çomaq atan və s. toponimlərin müqayisəsində aydın görmək olar [52, s. 88].

5.-ar, -ər, -ir formantı ilə düzələn etnotoponimlər.

Bu formantla düzəlmiş etnotoponimlərə Qarasavir kəndi, Cavanşir-Kəbir kəndi, Qacar dağı, Bəytəkər, Xəzər yeri, Cəlaur kəndi etnooykonim və etnooronimlərinin (Qarasav+ir; Bəydüg+ər, Cavanşir-Kəb+ir; Qac+ar; Cəla+ir, Xəz+ər) tərkibində rast gəlirik. Bir sıra tədqiqatçıların fikrincə, göstərilən etnonimlər qədim türk xalqlarının dillərində “adam, ər, kişi” mənasında işlənmış “ar, ər, ir” sözünün yardımı ilə yaradılmışdır. T.Əhmədov toponimiyada əks olunmuş bu qəbildən olan etnonimlərin bəzilərinin Azərbaycan ərazisindən kənarda, tamamilə yad areallarda və şəraitlərdə, Azərbaycan dili materiallarının iştirakı olmadan yarandığını və bizə hazır şəkildə gəldiyini, eləcə də müasir dil və dialektlərimiz baxımından komponentlərinə ayrılmadığını nəzərə alıb, onları da həm toponimik və həm də etnonimik (qrammatik) səviyyələrdə sadə etnonim və etnotoponimlər adlandırır [46, s. 157].

-ar, -ər, -ir formantını İran mənşəli hesab edənlər də var. Tədqiqatçıların əksəriyyəti isə onun türk mənşəli olduğunu göstərir. Məsələn, B.K.Kelmakov yazır ki, keçən əsrdə “ar” sözünün mənşəyi ilə əsasən etnoqrafik və tarixçilər məşğul olmuşlar. Onların isə etimolojiyaları söz oyunu üzərində qurulmuş, sözün təsadüfi uyğunluğuna əsaslanmışlar. Bizə isə münasib görünəni Jiran Mikloşun fərziyyələridir ki, “ar” etnonimi etimoloji cəhətdən “adam, kişi” mənalı türk sözü olan “eri, er, ir” sözünə, daha doğrusu, arxa sıra vokalizmi variantına (müqayisə et: çuv+ar) uyğun gəlir. Elə buna görə də, o tədqiqatçılar haqlıdırlar ki, onlar “ar” sözünün etimoloji təhlilində türk dilləri materiallarından çıxış edirlər [162, s. 189-193; 190, s. 177-188; 146, 148].

E.Əhmədova qeyd edir ki, qədim bir tarixə və geniş bir areala malik olan -ar, -ər, -ir komponentli etnonimlərin bir çoxuna Azərbaycanda da rast gəlirik: xəzər, tatar, bulqar, avar, suvar, kəngər, padar, ləgər, qusar, qacar, cəlair, kövər//köbər//kəbər, kəmər//qəmər, bazar, düyər və s. belə adların əksəriyyəti tarixi mənbələrdə və bir sıra Azərbaycan etnotoponimlərinin tərkibində mühafizə olunmuş, bəziləri isə hətta indiyədək adını daşıdığı tayfa ilə yaşamaqdadır [41, s. 96].

Göründüyü kimi, “Azərbaycan dilinin zəngin lüğət tərkibində mövcud olan söz köklərinə - əsaslarına müxtəlif leksik şəkilçilərin artırılması nəticəsində yeni sözlər əmələ gəldiyi kimi, Azərbaycan toponimiyasında, xüsusilə onun etnotoponimlər (etnooykonimlər, etnooronimlər) sistemində mövcud olan ayrı-ayrı etnonimlərə (ailə-nəsil, tirə, qəbilə, tayfa, xalq, millət) ədəbi dilimiz üçün səciyyəvi olan müxtəlif leksik şəkilçilərin artırılması yolu ilə müxtəlif etnooykonimlər (yaşayış məntəqələrinin adları) və etnooronimlər (ölkədə və ya onun bir ərazisində olan müxtəlif dağların, təpələrin, düzənliklərin və s. adları) düzəlmişdir” [32, s.224].

DƏMİRÇİLƏR Bu etnooykonim Tiflis Quberniyasının Borçalı Qəzasında, həmçinin, Şimal-Qərbi Azərbaycanın (indiki Ermənistan) Qaşir rayonunda kənd adı olub. Onu da qeyd edək ki, Tiflis Quberniyasının geniş əraziyə malik olan Dəmirçi Həsənli nahiyyəsi olub [182, s. 78]. Həmin nahiyyənin əhalisi Azərbaycan türkləri olub. “Dəmirçilər” etnotoponimi (etnooykonimi) morfoloji baxımdan birinci mərhələdə sadə söz kök-isimlə və sözdüzəldici şəkilçisinin birləşməsi nəticəsində düzəltmə “Dəmir+ çi” etnotoponimi (etnooykonimi) yaranmışdır. İkinci mərhələdə isə “Dəmirçi” etnotoponimi (etnooykonimi) ilə cəm şəkilçisinin morfoloji üsulla birləşməsi nəticəsində “Dəmirçilər” etnotoponimi (etnooykonimi) yaranmışdır.

Dəmirçi Həsənli nahiyəsinin yerli əhalisini – Azərbaycan türklərini Borçalının Şimal-Qərb bölgəsinə, o cümlədən, sabiq Başkeçid (indiki Dmanisi) rayonundakı Şindi dağının cənub yamacına köçürdülər. Beləliklə də, “Gürcüstanın Bolnisi (sabiq Bolulus H. Ç.) rayonunda Dəmirli, Başkeçid rayonunda Böyük Dəmirçi-Həsənli (indi Qızılkilsə) Kiçik Dəmirçi-Həsənli (indi Şindilər) adlı kəndlər saldılar” [36,s.43]. Yuxarıda adları qeyd olunan kəndlərin hamısının adlarının yaranması Azərbaycan türklərinin “etnogenezində yaxından iştirak edən dəmirçilər tayfasının adı ilə bağlıdır” [36, s.43]. Azərbaycan türkləri bu Aran ərazilərindən qışlaq kimi malqaralarını və qoyunlarını otarmaq üçün istifadə edirdilər. İrəvan Quberniyasının Şərur-Dərələyəz qəzasında da Dəmirçilər adlı kənd olub [182, s.78]. 1988-ci ildə həmin kəndin yerli əhalisi-türklər öz dədə-baba yurdlarından qovalanmışlar.

QULLAR Bu etnooykonim sadə “qul” etnonimi ilə “-lar” cəm şəkilçilərinin topoformantının birləşməsindən düzəlib. Qədim Borçalı (indiki Marneuli) rayonunda kənd adıdır. Borçalıda Aşağı Qullar və Yuxarı Qullar adlı iki kənd mövcuddur. Ehram (Xram) çayının sahilində, rayon mərkəzindən 22 km cənub-şərqdə, dəniz səviyyəsindən 325 m yüksəklikdə yerləşir. XVIII əsrədək Naxçıvanda da Qullar adında kənd mövcud olmuşdur. 1728-ci ildə tərtib olunmuş Tiflis əyalətinin inzibati-ərazi bölgüsünü və hər bir yaşayış məntəqəsindəki ailələrin sayını göstərən “Dəftəri-müfəssəli-əyaləti-Tiflis”də Baydar nahiyəsində yerləşən Qullar kəndinin adı çəkilir və 50 evdən ibarət olduğu qeyd olunur [91, s.102].

HUNLAR Qədim Borçalıda kənd adı olub. Bu etnooykonim qədim “Hun” tayfa adı ilə “-lar” topoformantı əsasında təşəkkül tapıb. Bu tayfalar Azərbaycan-türk xalqının etnogenezində yaxından iştirak edib. Onu da qeyd edək ki, eramızın ilk əsrlərindən Azərbaycan türklərinin söykökünün təşəkkül etməsində Oğuz, Avşar (Əfşar), Sak və digər tayfa birləşmə ilə yanaşı Hunlar da fəal iştirak etmişdir.

Hun Dəmirçi Həsənli nahiyəsində məhəllə adı olub. Çox güman ki, ilk mərhələdə az bir qrup “hun” tayfa nümayəndələri gəlib məskən salıb. Onlar azlıq təşkil etdiyinə görə, yerli kəndlər-əhali onları məhəllə adlandırıblar. “Hun” qədim türk dillərinə məxsus sadə sözdür.

Qədim türklərin tarixinə dərindən nəzər saldıqda məlum olur ki, Başqırd bölgələrində də etnik, tarixi və mədəni-məişət baxımdan bir-birilə əlaqədar olan qədim tayfalar arasında türkdilli “Hun” adlı tayfa və ya “Hunlar” adlı tayfa birliyi də olubdur. Bu eramızdan əvvəl II-I əsrlərdə güclü bir axınla Qazaxıstan və Orta Asiya səhralarından keçərək, Şərqi və qərbi Avropaya, çox güman ki, elə həmin dövrdə də onların bir hissəsi cənub istiqamətində Qafqaza və oradan da Güney Qafqaza-Azərbaycan ərazisinə gəlib orada məskunlaşmışlar. Bu tayfalar arasında “Hunlar”, “On oğur” tayfaları da olmuş və həmin tayfalar Ulu babalarımızın adını yaşatmaq məqsədilə öz tayfalarının adlarını yaşayış məntəqələrinin adına qoymuşlar [36, s.86].

QAZANÇIbu etnooykonim sadə söz kök “Qazan” etnonimi ilə “çı” leksik şəkilçinin birləşməsi əsasında düzəlib. Qərbi Azərbaycanın (indiki Ermənistanın) Artik rayonunda da Qazançı adlı kənd olub. İrəvan xanlığının Sürməli mahalında, Vedibasar mahalında, İrəvan əyalətinin Sürəgəl nahiyəsində [72, s.30], İrəvan əyalətinin Mərzə nahiyəsində [72, s.67], İrəvan quberniyasının Aleksandropol qəzasında (182.s.107), İrəvan quberniyasının İrəvan qəzasında kənd adı (yenə orada səh. 108), həmçinin Artik rayonunda kənd adı olub (129,s.5). Onu da qeyd edək ki, yuxarıda adları qeyd olunan kəndlərin hamısının adı “kazan” tayfa adı əsasında düzəlmişdir. Bunlardan başqa, Azərbaycanın Şimal-Qərb bölgəsində İrəvan əyalətinin Qırxbulaq bölgəsində “Qazançılı” adlı kənd olub [129, s.3].

Azərbaycanın Zəngilan rayonunda da “Qazançı” adlı kənd vardır [107, s.205]. Yerli xalqın yaşlı nəslinin söylədiklərinə görə, bu kəndin adı “Kitabi-Dədə Qorqud” dastanında Qazan xanın adı ilə bağlı olub.

KƏPƏNƏKÇİ Qədim Borçalının Bağ bölgəsinin ən böyük uluslarından biri də hələ erkən orta əsrlərdən (VI əsrdən) tarixi sənədlərdə qeydə alınan Kəpənəkçi (Bolulus Kəpənəkçi-indiki Bolnis-Kəpənəkçi) kəndidir. Bolnis çayının sahilində, rayon mərkəzindən 6 km güneydə, dəniz səviyyəsindən 600 m yüksəklikdə yerləşən həmin kənd indi gürcü dilində Kvemo-Bolnisi (Aşağı Bolnisi) adlanır. Tarixi Borçalının mətkəzində - indiki Marneuli rayonunda Kürüstü Kəpənəkçi, Qardabani (Qarayazı) rayonunda və Azərbaycanın Zaqatala rayonunda da Kəpənəkçi adlı kəndlər vardır. XVI əsrin sonunda Gəncənin Yevlax nahiyəsində yaşayan Otuzikilər tayfasından biri də Kəpənəkçi camaatı adlanırdı. XIX əsrin əvvəllərindən Kaxetiyada Telavi şəhərinin yaxınlığında da Kəpənəkçi adlı kənd olmuşdur. Keçmiş İrəvan Quberniyasının ərazisində də Böyük Kəpənəkçi, Kiçik Kəpənəkçi adlı kəndlər olmuş, sonradan isə onların adı dəyişdirilmişdir.

“Bolnis-Kəpənəkçi” ifadəsindən məlum olur ki, Bolnisinin əsas çayı vaxtı ilə Kəpənəkçi tayfasının adını daşımışdır (həmin çayı xalq indi də Kəpənəkçi çayı adlandırırlar). Bu o deməkdir ki, həmin ərazidə Kəpənəkçi tayfasının məskən saldıqdan sonra çayı da öz tayfasının adı ilə adlandırmışdır [36, s.86]. Bu da təbiidir. Göründüyü kimi, Kəpənəkçi qədim oğuz uluslarından biri olub. Təxminən “Kitabi-Dədə Qorqud” dastanlarındakı hadisələrin cərəyan etdiyi dövrdə tayfa kimi formalaşmışdır. Bəs, Kəpənəkçi etnooykonimi necə yaranmışdır? Bu tayfa və onun sakin olduğu kənd öz adını tayfanın ümumi peşəsi, məşğuliyyəti və sənəti ilə yaxından bağlı olan kəpənək sözündən almışdır. Qədim türk yazılı abidələrində, “Kitabi-Dədə qorqud”, “Koroğlu” dastanlarında, klassik şairlərimizin irsində “kəpənək” sözünün “yapıncı” mənasında işləndiyi məlumdur. “Kitabi-Dədə qorqud”da oxuyuruq : “Çaxmaq çaxıb, od yaxdı, kəpənəyindən qurumsu edib yarasına basdı” (s. 31), “Oğluna qara kəpənək geydirmişlərdir, qapı eşiyi üzərində ərquru buraxmışlardı” (s.78), “Qıl kəpənək boyuncuğun sürər, degil!” (s.79), “Çoban kəpənəyini üzərlərinə atdı, pəri qızının birini tutdu” (s.113).

“Koroğlu”da deyilir: “Yaxınlaşanda Koroğlu baxdı ki, bu çiynində kəpənəyi, əlində dəyənəyi olan cavan bir oğlandır” və s. XIV əsrin klassik şairi İmadəddin Nəsiminin əsərlərində də o söz həmin mənada işlənmişdir. (Lakin dilimizin sonrakı inkişaf dövrlərində “kəpənək ” sözündə tədricən semantik daralma baş vermiş və o. hazırda “böcək” qavramını ifadə edir).

Yuxarıdakı nümunələrdə işlənmiş “kəpənək ” sözü ilə peşə və məşğuliyyət bildirən “-çi” şəkilçisinin birləşməsindən də Kəpənəkçi sözü yaranmışdır. Onun ümumi mənası yapıncı salma peşəsi ilə məşğul olan tayfa deməkdir. Beləliklə də, həmin söz əsasında Kəpənəkçi etnooykonimi yaranır.

TƏKƏLİ – Tiflis quberniyasının Tiflis əyalətinin Ağcaqala nahiyəsində Təkəli yaşayış məntəqəsinin Aran bölgəsinin sabiq Borçalı mahalında (indiki Marneuli) kənd adı olub. Bu kənd rayon mərkəzindən 27 km cənub-şərqdə, Marneuli-Sınıqkörpü avtomobil yolunun kənarında, dəniz səviyyəsindən 310 m yüksəklikdə yerləşən qədim bir türk kəndidir. Tarixdə “Təkəli”lər döyüşkən və mübariz tayfa kimi şöhrət tapmışlar. “Təkəli” – qədim Borçalının Aran bölgəsində məskunlaşmış ən böyük tayfalardan biri olub. Bu oykonim təkəli etnonimindən əmələ gəlmişdir. Oğuz-türkmənsoylu Təkəli tayfasının, qıpçaqların Tək (təkə) tayfasının və ya Qızılbaşların Təkəli tayfasının adını xatırladır. Təkəlilər Səfəvilər dövründə Azərbaycanda güclü türk tayfa birləşməsindən biri olmuş, saray münaqişələri ilə əlaqədar olaraq qiyamlar etmişlər. Kəndin qədim məzarlığında at, qoç abidələri indi də qalmaqdadır [36, s.37].

QƏMƏRLİ Tiflis əyalətinin Dəmirçi Həsənli nahəyəsində kənd adı olub [92, s.160]. Bu oykonim eramızdan əvvəl VIII əsrdə Şimali Qafqaz istiqamətindən Güney Qafqaza gələn qədim türk köklü “Qəmər” və ya “qəmərli” (bəzi mənbələrdə “kəmərli” kimi gedir) tayfasını adı əsasında təşəkkül tapıb. Azərbaycanın Qəbələ rayonunda da Qəmərvan adlı kənd var [8, s.155].

Qərbi Azərbaycanın (indiki Ermənistanın) Artaşat və Eçmiədzin rayonlarında da Qəmərli adlı kəndlər olub. Bu etnonim və etnooykonim qədim türkköklü sadə söz “qəmər” tayfa adı ilə “-li” leksik şəkilçisinin birləşməsindən düzəlibdir. Borçalının Dağ bölgəsinin Başkeçid yaylasında, rayon mərkəzindən 7 km günbatar səmtdə, dəniz səviyyəsindən 1390 m yüksəklikdə yerləşən kənd də Qəmərli adlanır.

KASPİ Gürcüstanın orta zonasında inzibati-ərazi bildirən rayon və rayon tabeliyində olan şəhər adıdır. Bu oykonim türkköklü “Kas” tayfa adı ilə fars mənşəli “ - pi” şəkilçisinin birləşməsindən yaranıb. “Kaspi” (“Xəzər”) oykoniminin adının mənasını nəzərə aldıqda belə qənaətə gəlmək olur ki, həmin kəndin özülünü qoyanlar da türkköklü “kas” tayfası olubdur. Gürcü tarixçilərinin araşdırmalarına görə, Kaspi yaşayış məntəqəsi XI əsrdən məlum olsa da, həmin məntəqə bizim eradan əvvəl V əsrdə yaranıb.

Azərbaycanın qədim toponimik adları əsasında Kaspiana da vardır. Bu toponimin etimolojiyası ilə bağlı olaraq prof. Ə.Dəmirçizadə yazır: “Xəzər və onunla paralel surətdə işlənən Kaspi əslində bir sözün iki müxtəlif dilə məxsus cəm şəkilçisi ilə formalaşmış variantıdır. Sözün əsli qas – xasdir; -pi cəm şəkilçisi olduğu kimi, -ər də cəm şəkilçisidir. Deməli, Kaspi və Xəzər sözlərinin hər biri eyni mənalı, eyni kök əsasında düzələn iki müxtəlif dildəki ifadəsidir. Bu isə, çox qədim zamanlarda Kaspi dənizinin sahillərində, xüsusən Şimal-Qərb sahillərində xəzərlərin, yəni kas və ya xas adlı tayfanın yaşamış olmasına dəlalət edir [39, s.125].

XI əsrin birinci yarısında Şərqi Gürcüstanda türkdilli tayfaların kütləvi şəkildə sakin olması və “Didi türkoba” (Böyük Türklüyün) yaranması ilə bağlı olaraq, soydaşlarımız həmin ərazilərdə daha da çoxalmışdır. Bu bölgələrdə Azərbaycan türklərinin qədim dövrlərdən məskunlaşdığını, yəni bölgənin ilk sakini olduğunu arxeoloji qazıntılar da sübut edir. Onu da qeyd edək ki, Xəzər dənizinin tarixən 40-dan çox adı olsa da Beynəlxalq aləmdə “Kaspi” Türk dünyasında isə Xəzər adı ilə tanınır.

Hazırda Kaspi inzibati-rayonun və inzibati rayon mərkəzinin adını bildirir. Kaspi rayonunda 4000-ə yaxın azərbaycanlı yaşayır, Lakin təəssüflər olsun ki, bu kənddə soydaşlarımızın Ana dilində məktəbi yoxdur.

KAZRET Qədim Borçalının Bağ bölgəsinin güney tərəfdən meşəli dağların qoynunda Bolulus (indi Bolnisi) rayonunda Maşaver çayının vadisində, rayon mərkəzindən 18 km günbatarda, dəniz səviyyəsindən 680 m yüksəklikdə salınmış qəsəbənin adıdır. Bu oykonim qədim türkköklü “Xəzər” “-kas” etnonimi əsasında yaranıb. Başqa sözlə desək, qədim türkköklü sadə kök söz “kas” etnonimi ilə gürcü dilinə məxsus olub müəyyən sözün sonuna artırılaraq, yeni məkanı sözlər düzəldən “ret” sonluq birləşməsindən “kazret” etnooykonimi yaranmışdır [39, s.125]. Deməli, bu kəndin (sonralar qəsəbənin) ilk sakinləri soydaşlarımız olub, hətta, bu kəndin yaxınlığında “Xəzərli dərə” deyilən dərə və yer adı da vardır.

QANLI / KANLI–qədim turk səlcuq-oğuzlarının tayfalarından biri olub, Azərbaycan türklərinin etnogenezesində yaxından iştirak edib. Qədim Borçalıda “Qanlı” tayfasının adını yaşa­dan eyni adlı kənd də olub. Ha­zırda “Qanlı” tayfasının adı Dağ Borçalısıın Başkeçid (indiki Dma­nisi) bölgəsindəki “Az­qan­lı” (Azgəyliyən) kəndi­nin adı­nın tərkibində öz izini sax­la­maq­dadır.

Azərbaycanın Kəlbəcər rayonunda da “qanlı” tayfasının adı əsasında düzələn Qanlıkənd adlı yaşayış məntəqəsi vardır [8, s. 151]. Həmçinin, Qərbi Azərbaycanın (indiki Ermənistanın) Vardenis rayonunda Qanlı, Axuryan rayonunda isə Yuxarı Qanlıca və Aşağı Qanlıca adlı kəndlər vardır. Həmçinin, Dərələyəzin sabiq Keşkənd (Yegeqnadzor) rayonunda da Qanlı adlı kənd olub.

Tarixi mənbələrin verdiyi məlumatlara görə, Güney Qaf­qazın Oğuz-Səlcuq türkləri tərəfindən işğal edilməsi zamanı hə­min hərbi hərəkatlarda Qanlı//Kanlı tayfası da fəal iştirak etmişdir. Bu tayfanın ayrı-ayrı qrupları Tarixi Azərbaycan əra­zi­sinə həm qazaxların, həm də, monqol işğalçılarının tərki­bin­də həm Şimaldan, həm də Cənubdan gəlmişlər. Mor­foloji baxım­dan «kan», “qanlı” və ya “kanlı” etnonimi sadə kök söz - “qan//kan” sözü ilə “-lı” leksik şəkilçisinin birləşməsindən düzəlib, “qanlı” etnonimini yaratmışdır. “Qanlı” etnonimi tari­xən Özbək topo­nimikasında geniş halda işlənmiş və indi də iş­lənməkdədir [170, s.14]. Eyni zamanda, XIII-XIV əsr­lər­də Başkir etnoniminin beşinci qohum-nəsl layında «qıp­çaq» tayfaları ilə yanaşı, «qanlı» (kanlı) tayfasının da adı qeyd olunmuşdur [164, s. 18].

MUĞANLI Qədim Borçalının Bağ bölgəsinin mərkəzi hissəsində Bolulus (indiki Bolnisi) rayonunda (xalq arasında bu kənd) Bala Muğanlı adlanır. İndi kənd gürcü dilində “Veneti” adlanır. Marneuli rayonunda Böyük Muğanlı, Qaş Muğanlı, Kirəc Muğanlı adlı kəndlər vardır. Başkeçid rayonunda Muğanlı (Dağ Muğanlı) 1990-cı ildə azərbaycanlılar burdan qovulmuş və kənd “gürcüləşdirilmişdir” –M.Ç.). Saqareco (Qaraca yurdu) rayonunda Yor Muğanlı, Qarayazı rayonunda Sartcala Muğanlı adlı kəndlər vardır. Muğanlı etnooykonimi Azərbaycanda da geniş yayılmışdır. Ağdam, Ağcabədi, Bərdə, Qazax, Qubadlı, Zaqatala, Zəngilan, Kürdəmir və Şamaxı rayonlarında Muğanlı, Şirvan şəhərində Muğan adlı şəhər tipli qəsəbə, Biləsuvar rayonunda Muğan adlı qəsəbə, Sabirabad rayonunda Muğan Gəncəli, Naxçıvanda Muğancıq Mehrab, Muğanlı Müslüm adlı kəndlər vardır [8, s.183]. Yuxarıda adı qeyd olunan etnooykonimlərin hamısı “Muğ” və ya “Mağ” (tayfa adı) etnonimləri əsasında təşəkkül tapmış “muğanlı” tayfa adə ilə bağlıdır. Bütün bunlar göstərir ki, Azərbaycan xalqının etnogenezində “muğ” və ya “mağ” tayfaları böyük rol oynamışdır.

Tarixi Azərbaycan ərazilərində geniş yayılmış “Muğanlı”lar şahsevən tayfa birliyinin ən böyük qollarından birini təşkil edir.

Azərbaycanın Qubadlı və Zəngilan rayonlarında üç Muğanlı adlı kənd və Goruş rayonunda isə Muğancıq (kiçik Muğanlı mənasında) həmçinin, Dərələyəz nahiyəsində də Muğanlı adlı kəndlər vardır.

Azərbaycanın Şirvan Şəhərini tabeliyində olan şəhər tipli qəsəbə də Muğan adlanır [8, s.97].

SAYATLI Tiflis əyalətinin Ağcaqala nahiyəsində kənd adı olub [92.s. 162]. Bu oykonim “Yüzbaşı tayfalarının Sayatlı qolunun” adı əsasında yaranıb. Türkmənistanda Amudərya çayının orta axın sahilində Sayat adlı yaşayış məntəqəsi vardır [197, s. 202].


Yüklə 250,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin