HƏSƏNXOCALI – Bolnisi rayonunda kənd adı. Rayon mərkəzindən 13 km şərqdə yerləşir. Bu etnotoponim kök+kök+şəkilçi modeli əsasında formalaşmışdır. Vaxtilə kəndi Həsənxocalı nəslinə mənsub ailələr saldığı üçün belə adlandirilmişdir. Etnotoponimin əsasını “Həsən” və “xoca” sözləri təşkil edir. Orta əsrlərdə iri ticarətlə məşğul olan tacirlər, habelə məşhur din xadimləri “xoca” adlanırdı. Etnotoponimin tərkibindəki “-lı” komponenti mənsubluq, aidlik bildirir.
XONA – Adıgün rayonunda kənd adı. Etnotoponim “hun” türkdilli tayfa adının fonetik dəyişikliyə uğramış formasıdır. Mənbələrdə Mesxetiyada Xona kəndi, Kutaisi şəhəri yaxınlığında Xoni kəndi və Tiflisin cənubunda yerləşən Xunan qalası adlı etnotoponimlər qeydə alınmışdır. P.V.Qolden hun-xun etnoniminin Altay dillərinə məxsus söz olub, qədim türk dillərində “gün”, yəni “xalq” mənasında işləndiyini göstərmişdir.