Mürəkkəb zülallar – proteidlər zülalsız hissənin kimyəvi təbiətindən asılı olaraq fosfoproteidlər, qlikoproteidlər, lipoproteidlər, xromoproteidlər və nukleproteidlər qrupuna ayrılır. Fosfoproteidlərdə fosfor turşusu, qlikoproteidlərdə karbohidratlar, lipoproteidlərdə yağ, nukleproteidlərdə isə həyat üçün vacib sayılan ribonuklein və dezoksiribonuklein turşuları vardır.
Vitaminlər – insanların qidalanmasında əsas qida maddələrinə (karbohidrat, yağ, zülal və mineral maddələr) nisbətən cüzi miqdarda tələb olunan müxtəlif kimyəvi tərkibə və quruluşa malik olan bioloji fəal üzvi birləşmələrdir. Hazırda 30-dan çox vitamin məlumdur. Vitaminlər həllolma qabiliyyətinə görə 2 qrupa bölünür:
Suda həll olan vitaminlərə B1, B2, B6, PP, B3, B12, B9, H, C, P, B15 və başqaları aiddir.
Yağda həll olanlara isə A, D, E, K vitaminləri aiddir.
Əsas vitaminlərlə yanaşı ərzaq məhsullarında vitaminəbənzər maddələrdən orot və lipoy turşuları, xolin-xlorid, ubixinon, U vitamini, polidoymamış yağ turşuları (linol, linolen, araxidon) da vardır. Bu maddələr vitaminlərə xas olan bütün xassələrə malik olmasalar da, gündəlik qidanın tərkibinə mütləq daxil edilməlidir.
Vitamin C – askorbin turşusu – əsasən bitki mənşəli məhsullarda olur. Gündəlik tələbat 70-100 mq-dır. Ağbaş kələmdə 25-60, kartofda – 5-50, pomidorda – 20-40, limonda – 55, itburnu meyvəsində – 450 mq% C vitamini vardır. Çatışmadıqda əsəb sistemi pozulur, yuxusuzluq və həddən artıq hissiyyat yaranır.