SIQARETIN ZƏRƏRLƏRI HAQQINDA
1. Siqaret tütün bitkisinin (Nicotina tabacum) qurudulmuş olan yarpaqlarından hazırlanır. Tütün müxtəlif vasitələrlə, yəni burunotu ilə, trubka ilə çəkilə bilir. Tütün istər trubka, istər müştüklə çəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın siqarlardan istifadə olunsun, bütün bunlar nikotinin insan orqanizminə göstərdiyi zərərli təsirin qarşısını ala bilməz. Tütünün və hər cür siqaretin zərərsiz olanı çəkilməyənidir. Bir sözlə, insan orqanizmi üçün ən zərərli olan şey, heç şübhəsiz ki, siqaret çəkmək vərdişidir.
2. Siqaretin tüstüsündə 4000-ə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilmişdir. Gördüyünüz kimi, siqaretin tüstüsündəki 4000-ə qədər mövcud olan maddənin heç birinin insan orqanizminə bir faydası yoxdur və bunların hamısı zərərlidir. Bunlardan ən zərərli olanları isə nikotin, qətran, karbon monoksid (CO) və xərçəng yarada bilən (kanserogen) maddələrdən ibarətdir.
Nikotindən tibbi məqsədlər üçün istifadə olunmur və o, zəhərli bir maddə olan sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir. Əgər 100-120 mq miqdarında nikotin hər hansı bir şəxsin damarına vurularsa, bu, həmin şəxsin ölümünə səbəb ola bilər. Burada məsələnin maraqlı cəhəti həmin həcmdə olan, yəni 100-120 mq miqdarındakı nikotinin iki qutu siqaretdə olmasıdır.
Məlumdur ki, gündə iki qutu siqaret çəkən insanlar çoxdur. Onlar bəs nə üçün zəhərlənmirlər? – deyə soruşula bilər. Buna cavab olaraq onu göstərmək lazımdır ki, əslində bütün siqaret çəkənlər yavaş-yavaş zəhərlənir. Siqaret çəkənlərin birdən-birə zəhərlənərək ölməmələrinin səbəbi isə onların siqareti yandıraraq çəkmələridir. Daha doğrusu, siqaret yandırılarkən, siqaretdəki nikotin havaya yayılır və yalnız nikotinin müəyyən bir hissəsi insan orqanizminə keçir. Sadəcə bir siqaret çəkən hər hansı bir şəxsin orqanizminə 1,2-2 mq miqdarında nikotin keçə bilir.
3. Nikotin böyrəküstü vəzilərdən adrenalin və noradrenalin hormonlarının ifraz olunmasına səbəb olur. Belə bir vəziyyət isə bir müddətdən sonra mədə yarasının yaranmasına gətirib çıxardır. Bundan başqa, siqaret çəkənlərin ürəyi daha sürətlə döyünür və bunun nəticəsində isə qan təzyiqi yüksəlir.
4. Davamlı olaraq siqaret çəkən adamlar bir müddət siqaret çəkmədikdə, bu zaman əl və ayaqlarına az qan gedir və həmin orqanlarda temperatur aşağı düşür. Belə vaxtlarda yalnız siqaret çəkildikdən 15-20 dəqiqə sonra əl və ayaqlardakı temperatur normal səviyyəsinə çatır.
5. Nikotinin mərkəzi sinir sisteminə təsiri nəticəsində qusma, baş gicəllənməsi kimi hallar meydana gələ bilir.
6. Əgər bir şəxsin damarına 2 mq nikotin vurulursa (bu, təqribən yalnız bir siqaretin çəkilməsi ilə orqanizmə qəbul olunan miqdardır), bu zaman ürək bir dəqiqə ərzində 15 dəfə daha çox döyünür. Ürəkdən vurulan qanın həcmi 10 litr olduğu halda, 12 litrə qədər artır. Belə bir halda siqaret çəkən şəxsin ürəyi, yerində sakit bir vəziyyətdə oturduğu və ya dayandığına baxmayaraq, sanki şəxs ağır bir iş görürmüş kimi daha çox işləyir. Buraya bir şeyi də əlavə etmək lazımdır ki, əvvəllər infarkt keçirmiş şəxslərdə ürək ağrıları siqaret çəkməklə yenidən başlaya bilir.
7. Göründüyü kimi, nikotin sakitləşdirici bir vasitə deyil, əksinə orqanizmi yoran bir maddədir.
8. Uzun illər boyu siqaret çəkənlərdə müxtəlif xəstəliklər özünü göstərə bilir. Belə xəstəliklərdən aşağıda qısaca bəhs olunur.
Dostları ilə paylaş: |