Şərab içməyin günahları haqqında
Spirtli içkilər və sərxoşluq insan həyatının böyük və ən qədim düşmənidir.
İnsanın cismi və ruh sağlamlığını təmin edən, insanın saədətini düşünən, insan və cəmiyyətin təkamülü üçün ən mütərəqqi qanunlar verən islam dininin sərxoşluq və spirtli içkilərin zərər – ziyanı haqqında etdiyi xəbərdarlıqlar insan həyatının sağlamlığında çox əhəmiyyətlidir. Öz vaxtında İbn-Sina şərab haqqında belə demişdir.
Şərab sərxoşun düşməni, mötədilin dostudur.
Az miqdarda zəhərə çarə, çox miqdarda zəhərdir.
Ata məşvərəti kimi acı, Ata öyüdü kimi faydalıdır.
Ağıllıya icazə, səfehlərə qadağandır.
Təkcə islam dini deyil, bütün səmavi dinlər Allah Təbarəkə Təala tərəfindən göndərilən peyğəmbərlər, alimlər və həkimlər spirtli içkiləri pisləyib insanı ondan çəkindirmişlər. İçki ağlın düşmənidir. Hansı ağıllı insan öz ağlını öz əli ilə puç edər? İnsanın böyük məziyyəti onun ağlıdır, insan bu qüvvəni və məziyyəti əldən verdikdə öz insanlığını itirir və hətta heyvandan da alçaq mərtəbəyə enir. Sərxoş olanlar nəinki öz sağlamlıqlarını, əxlaq və ağıllarını da pozurlar, hətta başqalarına da təhlükəli olurlar.
Müqəddəs kitabımızda sərxoş edən içkilər, qumar və digər şeytan fitnə - fəsadlarına aid olan buyruqlar çoxdur. “Qurani Kərim”də bu barədə 11 surədə və 20 ayədə Allah kəlamları vardır. Bunlar dünyada və axirətdə insanların varlığına və ruhuna təsir edən əks amillərdir. Şərab və qumar haqqında olan ayələr müxtəlif vaxtlarda nazil olmuşdur. Bu barədə bir çox kitablarda və risalələrdə bəzi yazılara rast gəlmək olar. Həmin ayələr Muhəmməd Peyğəmbərə (s.ə.v.) onun peyğəmbərliyi dövründə (23 il ərzində) nazil olmuşdur. Bu mənada əsasən şərab nəzərdə tutulur. Ərəbcə “sakar” və ya “şakar” hərfi mənada sərxoş edən içki kimi tərcümə olunur. Bu haqda birinci ayə Məkkədə nazil olmuşdur, lakin şərab içməkdən çəkindirmək haqqında ayə Mədinədə nazil olunub. Ona görə də şərabın haram edilməsini daha dəqiq bilmək üçün bu barədə nazil olunan ayələri xronoloji qaydada izah etmək vacibdir.
“Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab (yaxud sirkə) və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz. Şübhəsiz ki, bunda da ağılla düşünənlər üçün bir ibrət vardır.” (ən – Nəhl, 16/67).
Qeyd etmək lazımdır ki, bu ayə içki haram edilməzdən əvvəl Məkkədə nazil olub.
Bu ayə Məkkədə nazil olmuşdur və ayənin mənası ondadır ki, üzümün emalından alınan və insanları sərxoş edən şərab onu içməyi bacaranlar üçün nəzərdə tutulur. Bəs onu içməyin həddini kim bilir? Bunun həddini hamı bilməlidir. Artıq əl – Bəqərə surəsində Muhəmməd Peyğəmbərdən (s.ə.v.) şərab haqqında soruşduqda Allahın belə buyurduğunu demişdir:
(Ya Muhamməd!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! ...(əl – Bəqərə, 2/219).
Bu surə Mədinədə nazil olmuşdur və qeyd olunur ki, şərab içməkdə xeyrdən çox, günah var. Bəs nə üçün şərabın içilməsi birdəfəlik qadağan edilmirdi? İş burasındadır ki, “Qurani Kərim” nazil olana qədər insanlarda şərab içməyə və qumar oynamağa meyillilik vardı. “Qurani Kərim”in hikməti hər işdə tədricilik və ardıcıllıq (məntiqlik) göstərilməklə daimiliyə nail olmağa çağırışdır. Əgər bu və ya digər iş qədim dövrdən mövcud olmaqla ictimai ənənələrə, adətlərə və qaydalara toxunursa, onların dəyişdirilməsinə və ya qadağan edilməsinə ehtiyatlı olmaq lazımdır. Ona görə də şərab haqqında olan Allah kəlamlarını insanlara incəliklə anlatmağa çağırılır. Ayədə deyildiyi kimi şərabda xeyirdən çox ziyan (günah) var. Məhz buna görə də Yaradan öz buyruğunu, onun fikrini insanların dərk etməsini istəmişdir.
“Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan (şəhvətini cilovlamaq və itaətin çətinliyinə dözmək baxımından) zəif yaradılmışdır”. (ən – Nisa, 4/28).
Ən – Nisa surəsində deyilir ki, insan çox zərif yaranıb. Buradan aydın olur ki, insanın ruhu ilə onun fiziki hissiyyatı arasında münaqişə yaranır. Nəticədə insan şərab içməyə meyl edir. Şərab içdikdən sonra başı dumanlanır və sərxoş olur. Nəticədə insanın zəifliyi aşkar təzahür edir. Elə ona görə də insan sərxoş vaxtı Yaradana müraciət etməsin deyə xüsusi ayədə vurğulanmışdır.
“Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman – yol ötən müsafirlər müstəsnadır- qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstamaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!” (ən – Nisa, 4/43).
Görüldüyü kimi, “Qurani-Kərim” necə ehtiyatla, ardıcıllıqla şərabdan imtina etməyə çağırır. Lakin bunlar hələ şərabın qadağan olunması demək deyil. Qeyd olunan ayədəki buyruqlar bir daha insanlara dəqiq göstərir ki, Allah Təbarəkə Təala şərab içməyi təqdir etmir (icazə vermir), tövsiyə etmir. Bəs nə üçün belə olur? Əgər “Qurani Kərim”də sərxoş halda namaza durmamaq buyurulursa, deməli belə hallar əvvəllər mövcud olmuşdur.
“Qurani-Kərim” bunun səbəbini bizə açıq aydın göstərir. Şeytan axirət gününə qədər Allah Təaladan əbəs yerə möhlət istəməmişdi. Şeytan insanı yolundan çıxardır. Bu barədə Əl – Maidə surəsində deyilir: Ey insan, şeytanın fitvasına qarşı dayana biləcəksənmi?
“Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (əl – Maidə, 5/91).
Bu ayənin məzmunu da şərabın tam qadağan olunmasını demir. “Artıq bu işə son qoyacaqsınızmı?” deyilir.
Əgər şərabın içilməsinə qadağa qoyulmursa, ona əməl olunmursa və ona qarşı birbaşa izahat və müraciət yoxdursa, onda bəs nə qalır? Bunun Allah Təalanın xoşuna gəlməyən əməl olduğu elan edilməlidir. Yenə də insan seçim qarşısındadır. “Qurani-Kərim”də buyrulur.
“Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (əl – Maidə, 5/90).
“Qurani-Kərim” ciddi surətdə xəbərdarlıq edir: Bu işdən uzaqlaşın! Bu işdən çəkinin! Əgər siz doğurdanda Allahı sevirsinizsə və özünüzə xoşbəxtlik arzulayırsınızsa, onda onun buyruqlarına əməl edin. Bu anda “Qurani-Kərim”dən bir ayə də yada düşür. Ayədə buyurulur:
“Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş Cənnət müqabilində satın almışdır. Allahdan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu böyük qurtuluşdur (uğurdur)!” (ət-Tovbə, 9/111).
Bu o deməkdir ki, sizin xoşbəxtliyinizin ölçüsü sizin Allaha sevginizin dərəcəsi ilə təyin olunur. Nə üçün belədir? Ayənin digər hissəsində buyurulur: “Allahdan daha çox əhdə vəfa edən kimdir?”. Deməli biz hərəkətlərimizin seçimini özümüz müəyyən etməliyik. Ali – İmran surəsində deyildiyi kimi: “Bu sizin özünüzdədir”. Buna cavab yenə “Qurani-Kərim”də verilir.
“Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır! ).” (əl – Muddassir, 74/38).
İnsan haqqında söylənilən bir söhbət çox düzgün deyilib. “Qurani-Kərim”də insanın xarakteristikası haqqında digər buyruq var.
“Həqiqətən insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır!” (əl-Məaric, 70/19)
Bəs necə olmaq lazımdır? Dünyada görüldüyü kimi müxtəlifliklər çoxdur. Qurani Kərimdə buyurulur.
“Biz yer üzündə olanları onun (sakinləri, yer əhli) üçün (və ya onun özünəməxsus) bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək”. (əl-Kəhf, 18/7).
Deməli, “Qurani-Kərim” izah edir, bizi başa salır, köməklik göstərir ki, biz həyatda atdığımız hər bir addım üçün özümüz cavabdeh olaq. Ona görə də “Qurani-Kərim”dən şərab haqqında deyilən bütün buyruqlar insanı öz seçiminə buraxır. Əgər bizlərdən kimsə şeytanın fitnəsinə davam gətirməyib şəraba qurşanırsa, nə olacaq? Bu barədə “Qurani-Kərim”də belə buyrulur:
“Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr (müxtəlif mükafatlar və cəzalar) vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!” (əl-Ənam, 6/132).
Lakin Peyğəmbərimizin (s.ə.v.) hədislərində şərəb içilməsi haqqında daha kəskin və qəti qadağalar qoyulmuşdur.
Dostları ilə paylaş: |