Şübhə toxumlarının səpilməsi.
Şəkk-şübhə bəzən yaxşı və islahedici, bəzən isə zərərli və dağıdıcıdır.
İslahedici şəkk;
İnsan həddi-büluğa yetdikdən sonra araşdırmağa, həqiqəti tapmağa ehtiyac duyur. Elə buna görə də insan böyük inam bəslədiyi əqidəsi haqqında şübhələrlə qarşılaşır. Müəyyən yaş dövründə insan daxilində dalğalanan bu şübhələr islahedici və təbii şübhələrdir. Çünki bu, kifayət qədər biliyin olmamasından qaynaqlanır və nəticədə insanı araşdırmağa, etiqadi məsələlərini daha dəqiq, elmi və tutarlı dəlillər əsasında qəbul etməyə sövq edir. Belə hallarda insan araşdırmalı, tədqiqat aparmalı və qəti bir nəticə əldə etməlidir. Çünki Allah-Taala buyurur:
“Bizim uğrumuzda cihad edənləri öz yollarımıza qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir!” (“Ənkəbut”, 69)
Dağıdıcı şəkk.
Dağıdıcı şübhələr insan təfəkkürünü özünə məşğul edən təbii şəklərlə köklü şəkildə fərqlənir. Bu, qərəzli insanların meydana gətirdiyi, batili haqq kimi göstərmək səylərinin nəticəsində yaranan şəkdir. Bu kimi şübhələri yayan insanlar adətən, haqq yolunun şəxsi mənafeləri ilə üst-üstə düşmədiyi vasitələrdən insanları haqdan yayındırma üçün istifadə edirlər. Onlar insanları batilə aludə edib öz çirkin niyyətlərinə yetmək istəyirlər.
Doktor Ticani bu haqda yazır: “Bəzən batil haqq libası geyinərək insanları zəlalətə sürükləyir və əksər hallarda da məqsədinə çatır. Çünki insanlar sadədirlər. Belələrinə xoş gümanla yanaşırlar. Bəzən də batil onu dəstəkləyən qüvvələrin köməyi ilə uğur qazanır. Belə hallarda haqq tərəfdarları batili sıradan çıxarmaq üçün səbir etməli və Allahın verdiyi vədi gözləməlidirlər. Çünki batil gedəsidir”.1
Şiəliyi qəbul etmiş Məyuf Bədrani bu haqda yazır: “Nadanlıq üzündən əsən hər küləyin, eşitdikləri hər səsin ardınca gedən insanlar çox keçmədən müəyyən şübhələrlə qarşılaşırlar. Bu şübhələr həqiqəti dəyişərək sadə insanların beynini yanlış fikirlərlə doldurur”.2
Şiəliyi qəbul edənlərdən Məhəmməd Əli Mütəvəkkil yazır: “Şiəlik dinin özülü olduğu üçün tarix boyu ən rəhmsiz hücumlara, təxribatlara məruz qalmışdır”.1
Yasin Məyuf Bədrani yazır: “Şiəliyə nəzər saldıqda onun Bəni-Üməyyə, Bəni-Abbas və digər dövrlərdə olmazın problemlərlə üzləşdiyinin şahidi oluruq. Bizdə təəccüb doğuran budur ki, şiələr bütün bu sıxıntılara baxmayaraq öz məzhəblərini olduğu kimi qoruyub saxlaya bilmiş və bütün zalım padşahlara qarşı mübarizə aparmışlar”.2
Şiəliyi qəbul edənlərdən Əbd əl-Hüseyn Səravi yazır: “Müasir yazıçılarımızın böyük əksəriyyəti zalım padşahlar dönəmindəki zehniyyətlə yaşayırlar. Hansı ki, İslam düşmənləri müsəlmanların arasına gedib, yalanlar, iftiralar yaymışlar”.3
Şiəliyi qəbul edənlərdən Seyid Əhməd Mötəsim yazır: “Şiəliyə qarşı olan müxalif qüvvələr onun əleyhinə, həqiqətləri təhrif etmə, ona qarşı iftiralar yağdırma uğrunda bütün vasitələrdən istifadə etmişlər. Onlar öz məzhəblərinin ardıcılları arasında fasilə yaratmağı bacarmışlar”.4
O, yazır: “İslam ümmətinin böyük bir hissəsinin şiəlik haqqında məlumatsızlığı sözügedən yazıçıların səylərinin nəticəsidir. Onlar bu ümmətin üzərinə, şiəliyi tanımasın deyə cəhalət kölgəsi salmışlar”.1
Doktor Ticani Səmavi yazır: “İnsaflı tədqiqatçılar bunların təhrif, iftira olduğundan xəbərdar olduqda onlardan uzaqlaşır və bunu yalnız insanları doğru yoldan yayındırmaq üçün etdiklərini düşünürlər. Onlar müəyyən yazarlara büdcə ayırmış, onlara akademik titullar vermiş, şiəliyə qarşı iftiralar yağdırmağa səfərbər etmişlər”.2
Dostları ilə paylaş: |