Həqiqətlərin təhrif olunması;
İslam ümmətinin Peyğəmbərin (s) vəfatından bugünədək üzləşdiyi problemlərdən biri budur ki, bəziləri öz şəxsi mənfəətlərinə, arzu və istəklərinə yetmək üçün şəriəti, din maarifini təhrif edir, dəyişir, azaldır və ya çoxaldırlar. Bu çirkin əllər müxtəlif yollarla haqqı gizlətmək, batillə qarışdırmaq, ayırdedilməz hala salmaq məqsədi daşıyırlar. Bu arada bir çox həqiqətlər İslam ümmətindən gizlədildi və bunun nəticəsində bir çoxları azğınlığa, zəlalətə yuvarlandılar. Bu, şiəliyi qəbul etmək istəyənlərin qarşılaşdığı problemlərdən biridir.
Doktor Ticani əhli-sünnəyə müraciətlə deyir: “Ey mənim həmvətənlərim! Sizi haqqı araşdırmağa, təəssübdən kənar olmağa dəvət edirəm. Biz Bəni-Üməyyə və Abbasilərin qurbanlarıyıq. Biz sələflərmizin qoyub getdiyi qara tarixin qurbanlarıyıq”.1
Şiəliyi qəbul etmiş Yasin Bədrani bu haqda yazır: “Çoxlu sayda hədislər quraşdırıldı və bu vasitə ilə bir çox şəxsiyyətsiz insanların nüfuzu artırıldı, Allahın fəzilət, elm, təqva, hidayət mənbəyi olaraq göstərdiyi şəxslər isə unutduruldu. Bəli, Əməvi və Abbasi hakimyyətləri Allahın yolundan çıxıb yalanlar qondarmağa başladılar. Bizi duyanların bu yanlışlıqlara uymamasını, məsələlərə hissiyyata qapılmadan yanaşmasını ümid edirik. Onlara tövsiyə edirik ki, tədqiqatlarında, fikir və mütaliələrində azad və insaflı olsunlar”.2
Doktor Ticani yazır: “Müşahidələrim göstərir ki, əhli-sünnə alimlərinin böyük əksəriyyəti tarixi baxımdan danılmaz acı həqiqətlərlə qarşılaşdıqda onları yozmağa, təhlükəli vəziyyətdən çıxmağa çalışırlar. Bu, gülməli olması ilə yanaşı, ağlamalı haldır.3
Şiəliyi qəbul edənlərdən İdris Hüseyni Məğribi bu haqda yazır: “Bu, insanları cəhalətə sürükləmək deyilmi?! Əhli-sünnə alimləri öz savadsız və xəbərsiz xalqları üçün kitab yazır, lakin zərrəcə təqvalı davranmırlar”.4
Misirli Saleh əl-Vərdani bu məsələyə toxunaraq yazır:
“Yozmaq metodu əhli-sünnə etiqadını əsaslandırdıqları başlıca prinsipdir. Bu, onların üzlərinə tutduqları yeganə silahdır”.5
Suriyanın Hələb şəhərinin müftisi, insaflı əhli-sünnə alimlərindən olan Şeyx Məhəmməd əl-Həssun əhli-sünnə mənsublarına müraciətlə yazır: “Biz şiəlik yayılar, təbliğ olunar qorxusu ilə Əhli-beytdən (ə) ayrı düşmüşük. Şübhəsiz, siyasi qüvvələr həqiqətlərin üzə çıxmasına mane olurlar. Bu, hədis kitablarında da özünü göstərir. Misal üçün, mövcud “Səhih” kitablarında Əbu Bəkr, Ömər və Osmanın fəziləti haqqındakı rəvayətlərə geniş yer verildiyi halda seyidimiz Əlinin (ə) fəziləti haqqındakı rəvayətlərə yalnız bir-iki səhifə ayrılmışdır. Təsadüfi deyil ki, Əhməd ibn Hənbəl öz “Müsnəd” əsərinin 46 səhifəsini seyidimiz Əlinin (ə) fəziləti ilə bağlı rəvayətlər üçün ayırmışdır. Bunu gördükdə maraqlı bir sual yaranır ki, nə üçün bundan öncəki kitablarımızda o həzrətin (ə) fəziləti haqqında bu qədər rəvayət yoxdur. Əminəm ki, əgər digər bir İslam ölkəsində çap olunan “Müsnədi-Əhməd”dən 46 səhifəsinin çıxarıldığını görsən, düşündüklərim sənə aydın olar və tarixin necə hiylə ilə dəyişdirildiyini anlayarsan”.1
Digər insaflı əhli-sünnə alimi Qahirə Dilçilik İnstitutunun Ərəb ədəbiyyatı müəllimi Doktor Hamid Hənəfi yazır: “Burada düşüncəli oxucu üçün aydınlaşdıra bilərəm ki, şiəlik yolunu azmışların, Əbu Süfyan tərəfdarlarının düşündüyü kimi sırf ənənəvi (nəqli), xurafata əsaslanan, Abdullah ibn Səba və ya digər mifik şəxslərin meydana çıxardığı məzhəb deyil. Şiəlik bizim yeni elmi üslubumuza görə onların düşündüyünün tam əksinə olan bir məzhəbdir. Şiəlik ənənəvi (nəqli) və rasional (əqli) dəlillərə xüsusi diqqət yetirən ilk məzhəb olmuş və İslam məzhəbləri arasında özünə geniş yer açmışdır. Əgər şiəlik ənənəvi və rasional sahələri özündə cəmləməyə bilməsəydi, ictihadda yenilik ruhuna malik olub zaman və məkan şəraiti ilə dinə qarşı çıxmayacaq şəkildə ayaqlaşa bilməzdi”.1
O, Əllamə Əsgərinin “Abdullah ibn Səba və digər əfsanələr” adlı kitabına verdiyi rəydə yazır: “İslam tarixindən on üç əsr keçməsinə baxmayaraq, biz hələ də alimlər tərəfindən şiəlik əleyhinə emosional fətvaların səsləndirildiyinin şahidi oluruq. Bu yanlış metod İslam məzhəbləri arasında fasilə yaranmasına gətirib çıxarmışdır. Nəticədə isə elm və eləcə də İslam alimləri bu məzhəbin öndərlərinin elmlərindən məhrum olmuşlar. Əslində bunun elmə və elm adamlarına dəyən ziyanı şiəliyə aid olmayan xurafatların yayılması ilə şiəliyə dəyən ziyandan olduqca çoxdur”.2
Misirin əl-Əzhər universitetinin İslam fəlsəfəsi müəllimi Əbu əl-Vəfa Qənimi Taftazani yazır: “Şiəlik haqqında söhbət açan bir çox tədqiqatçılar şiəlik əleyhinə heç bir yazılı və ya əqli əsası olmayan çoxlu yanlışlıqlara uymuşlar. Sıravi insanlar da bu yanlış hökmlərin doğru olub-olmadığını müəyyənləşdirmədən ağızdan-ağıza salıb şiələri ittiham edirlər. Onların şiəlik haqqında belə insafsızcasına davranmalarının səbəblərindən biri də şiə qaynaqlarından xəbərsiz olmalarıdır. Çünki onlar şiələrə qarşı ittihamlarında yalnız şiəliyə qarşı düşmən mövqedə olanların qələmə aldığı kitablara əsaslanırlar”.3
Dostları ilə paylaş: |