8. Şiəlikdə dəyişkənlik;
O, yazır: “Şiə əqidəsi və şiələrin fikirləri daim dəyişərək inkişaf edir.Yaradıldığı dövrdəki erkən şiəliklə sonrakı dövrlərdəki şiəlik tamamilə fərqlidir. Şiə öz erkən çağlarında Əlini (ə) Osmandan öndə görənlərə deyilirdi”3.
Cavab: Birincisi, öncə də qeyd etdiyimiz kimi, şiələrin Əhli-beytin (ə) imaməti haqqındakı əqidəsi ilk olaraq Quran və Peyğəmbər (s) sünnəsindən əxz edilmişdir. Bir çox səhabə həmin əqidədə olmuşdur. Bu əqidə tarix boyu davam etmiş və etməkdədir. İnkişaf isə şiələrin daim artan sayındadır.
İkincisi, bəli, şiə əqidəsi müəyyən mənada inkişafdadır və günü-gündən çiçəklənir. Belə ki, şiə öndərləri tarix boyu şiə əqidəsini isbatlayan arqumentləri genişləndirir, fiqh, kəlam (sxolastika), əxlaq və digər sahələri, təməl pirinsiplərini qorumaq şərti ilə müasir tələblərlə ayaqlaşacaq tərzdə izah edir və günsəlləşdirirlər.
Üçüncüsü, öncə də qeyd etdiyimiz kimi, şiəlik əsasən üç mənada işlədilmişdir.
Məhəbbət (sevgi) şiəliyi: Burada məqsəd Əhli-beyti (ə) sonsuz fəzilətə malik olduqları üçün sevənlərdir. Buraya, nisbətən zəif olmasına baxmayaraq, əhli-sünnə mənsublarını da aid etmək olar. Misal üçün, Şafeinin Əhli-beytə (ə) hədsiz məhəbbətini görənlər, onu şiə kimi təqdim etmişlər.
Siyasi şiəlik: Bu kateqoriya Əlini (ə) digər səhabələrdən, xüsusilə Osmandan üstün hesab edənlərə aid edilirdi. İmam Əli (ə), Həsən (ə) və Hüseyn (ə) dönəmindəki kufəliləri bu qismə daxil etmək olar.
Etiqadi şiəlik: Buraya Əlinin (ə) Peyğəmbərdən (s) sonra fasiləsiz imam və xəlifə olduğuna əqidə bəsləyən və onun on bir övladının bir-birinin ardınca müsəlmanların imamı olduğuna inanan hər bir fərd daxildir. Bu əqidə Peyğəmbər (s) dönəmindən günümüzədək olmuşdur və daim inkişaf edərək genişlənməkdədir.
Dostları ilə paylaş: |