Həyat fəALİYYƏTİ TƏHLÜKƏSİZLİYİNİn nəZƏRİ Əsaslari


Əmək mühafizəsi üzrə qaydalar, standartlar və təlimatlar



Yüklə 3,52 Mb.
səhifə34/98
tarix13.12.2023
ölçüsü3,52 Mb.
#139882
1   ...   30   31   32   33   34   35   36   37   ...   98
476737273-C-fakepath-hft-muhazir-docx

4.3. Əmək mühafizəsi üzrə qaydalar, standartlar və təlimatlar
Əmək mühafizəsinə aid qaydalar təsir sahəsinə görə üç qrupa bölünürlər:
- vahid ümumdövlət qaydaları;
- sahələrarası qaydalar;
- sahə qaydaları.
Vahid ümumdövlət qaydaları bütün təsərrüfat sahələrinə aid edilir. Bunlar, hər bir sənaye obyektinin quruluşuna və istismarına aid əsas tələbləri müəyyən edirlər. İş vaxtı, qadınların və yeniyetmələrin əmək şəraiti, əmək mühafizəsi üzrə tədbirlərin planlaşdırılması, bədbəxt hadisələrin təhqiq edilməsi və uçota alınması haqqında qaydalar vahid ümumdövlət qaydalarıdır. İnşaat norma və qaydaları, sənaye müəssisələrinin layihəsini hazırlamaq üzrə sanitariya normaları da vahid ümumdövlət qayda və normalarına aiddirlər.
Sahələrarası qaydalar, təsərrüfatların bir neçə müxtəlif sahələrində rast gələn ayrı-ayrı istehsalat işlərini və avadanlığı­nı əhatə edən qaydalardır. Məsələn, partlayış işləri zamanı vahid təhlükəsizlik qaydaları, yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları, elektrik qurğularının istismarı zamanı təhlükəsizlik qaydaları sahələrarası qaydalara aiddirlər.
Sahə qaydaları, ancaq ayrı-ayrı təsərrüfat sahələrinə aid olub, onların spesifik xüsusiyyətlərini və başqa sahələrdən fərqli iş şəraitlərini nəzərə alan qaydalardır. Məsələn, neft və qaz sənayesində təhlükəsizlik qaydaları sahə qaydalarına aiddir.
Respublika əmək qanunvericiliyinə uyğun olaraq əmək mühafizəsi qaydaları, bütün təsərrüfat sahələri üçün vahid olan qaydalar və ya sahələrarası qaydalar Azərbaycan Respublikası Nazirlər kabineti tərəfindən, yaxud da onun tapşırığı ilə digər dövlət orqanları tərəfindən həmkarlar ittifaqları ilə birlikdə hazırlanır və onların razılığı ilə təsdiq edilir.
Sahələr üzrə əmək mühafizəsi qaydaları nazirliklər, idarə­lər, dövlət nəzarəti orqanları tərəfindən müvafiq həmkar­lar ittifaqlarının mərkəzi komitələri ilə birlikdə və ya onların razılığı ilə təsdiq edilir.
Əmək mühafizəsi üzrə təlimatlar müəssisənin, idarənin, təşkilatın rəhbərliyi tərəfindən həmkarlar ittifaqının şirkət, zavod yerli komitəsi ilə birlikdə işlənib hazırlanır və təsdiq edilir.
Respublika əmək qanunvericiliyinə uyğun olaraq, nazir­lik­lər və idarələr əsas peşələrdə çalışan işçilər üçün həmkarlar ittifaqları mərkəzi komitələrinin, lazım olan hallarda isə müva­fiq dövlət nəzarəti orqanlarının razılığı ilə əmək mühafizəsi üzrə bir tipli təlimatlar hazırlayıb təsdiq edə bilərlər.
Əmək mühafizəsi üzrə qayda və normalarla yanaşı, əməyin təhlükəsizliyi üzrə standartlar sistemi fəaliyyət göstərir. Bu standartlar dövlət standartı, sahə standartı və respublika standartı formasında ola bilərlər.
Standartların aşağıdakı sinifləri mövcuddur:
1 – təhlükəli və zərərli istehsalat amillərinin növləri üzrə ümumi tələblər və normalar üzrə standartlar;
2 – istehsalat avadanlığına ümumi təhlükəsizlik tələbləri üzrə standartlar;
3 – istehsal proseslərinə ümumi təhlükəsizlik tələbləri üzrə standartlar;
4 – işçiləri mühafizə edən vasitələrə tələblər üzrə stan­dart­lar.
Qeyd etmək lazımdır ki, əməyin mühafizəsi və təhlükəsizliyi (ƏMT) üzrə standart beynəlxalq miqyasda ilk dəfə 1996-cı ildə İngilis Standartları İnstitutu (BSI) tərəfindən “BS8800 - Əməyin mühafizəsi və Təhlükəsizliyi idarəetmə sisteminə rəhbərlik” adı ilə hazırlanmışdır. Lakin, bu Standart Sertifikatlaşma ilə məşğul olan digər qurumlara tam şəkildə şamil edilə bilmədiyindən İngiltərə, Yaponiya, İrlandiya və digər nüfuzlu dövlətlərin iştirakı ilə təşkil edilmiş birgə komissiyanın qərarına əsasən 1999-cu ildə OHSAS 18001 (Occuрationаl Health and Safety Assessment Series) “Əməyin mühafizəsi və Təhlükəsizliyi İdarəetmə Sistemi” qəbul edilmişdir. Bu standart Türk Standartlar İnstitutu tərəfindən qəbul olunmuş və hal hazırda TS 18001:2008 standartları adını daşıyır.
Hal-hazırda Azərbaycanda bir sıra müəssisələr TS 18001: 2008 “Əməyin Mühafizəsi və Təhlükəsizliyi İdarə­etmə Sistemi” beynəlxalq standartının sertifikatına malik­dirlər.
Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əmək mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər. Onlar əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini və iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını təmin etməlidirlər.
İşəgötürən sağlam və təhlükəsiz əmək şəraitinə, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil edir və bu sahədə baş vermiş dəyişiklik barədə işçilərə müntəzəm və vaxtında məlumat verir.
İşəgötürən əmək şəraitinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin edilməsinə və işçilərin sağlamlığının qorunmasına yönəldilmiş perspektiv və illik tədbirlər planı hazırlayır və həyata keçirir.
İşəgötürən həmkarlar ittifaqları təşkilatının iştirakı ilə vaxtaşırı iş yerlərinin əməyin mühafizəsi normalarına və qaydalarına uyğunluğu üzrə attestasiyasını aparmalıdır. Attestasiyanın nəticələri barədə əmək kollektivinə məlumat verməlidir. İşəgötürən iş yerləri attestasiyasının nəticələrinə əsasən, onları əməyin mühafizəsi üzrə qüvvədə olan normativ aktlara uyğunlaşdırmaq üçün tədbirlər görməlidir.
Əməyin mühafizəsi üzrə normalarda, qaydalarda və təlimatlarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək, əməyin mühafizəsi qaydalarının bütün pozuntuları haqqında, həmçinin baş vermiş qəzalar və bədbəxt hadisələr haqqında işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək, müntəzəm olaraq əməyin mühafizəsi normaları və qaydaları barədə biliklərini artırmaq, əməyin mühafizəsi məsələləri ilə əlaqədar işəgötürənin, iş yeri üzrə rəhbərinin, mütəxəssislərin tapşırıqlarına, məsləhətlərinə əməl etmək hər bir içinin əsas vəzifələrindən biridir.
İşçilər iş yerlərində əməyin mühafizəsi şəraiti, həmin şəraitə uyğun olaraq, onlara müəyyən edilmiş fərdi mühafizə vasitələri, güzəştlər və təminatlar haqqında məlumatları tələb etmək hüququna malikdirlər. İşəgötürən bu tələbləri yerinə yetirməyə borcludur.



Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin