4.2. Əmək mühafizəsinin əsas prinsipləri və işçinin hüququnun təminatı Dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunmasının əsas prinsipləri dövlət hakimiyyəti orqanlarının, mülkiyyətçilərin, işəgötürənlərin işçilərin əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına, istehsal qəzalarının, xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş fəaliyyətindən; işçinin həyatının və sağlamlığının müəssisənin istehsal fəaliyyətinin nəticələrindən üstün tutulmasından; bütün müəssisələr üçün əməyin mühafizəsi sahəsində vahid tələblərin müəyyən edilməsi və ona nəzarətdən; ümumbəşəri elmi-texniki tərəqqi və qabaqcıl təcrübədən geniş istifadə edən, habelə təhlükəsizlik texnikasının və texnologiyanın səmərəli mühafizə vasitələrini hazırlayan və tətbiq edən işəgötürənlərin müvafiq qayda və vəsaitlərlə həvəsləndirilməsi ilə yanaşı, əməyin mühafizəsi normalarının müntəzəm olaraq təkmilləşdirilməsindən ibarətdir.
İşçilərin fərdi mühafizə vasitələri ilə, müalicə-profilaktik tədbirlərilə, yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsi; təhsil müəssisələrində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması; istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən təhqiq edilməsi, uçota alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi; istehsalatda bədbəxt hadisələrdən zərərçəkmiş və ya peşə xəstəliklərinə tutulmuş işçilərin mənafelərinin sosial, maddi və mənəvi müdafiəsi; həmkarlar ittifaqının, müəssisələrin və ayrı-ayrı fiziki, hüquqi şəxslərin əməyin mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması; əməyin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq münasibətlərinin genişləndirilməsi məsələləri də əməyin mühafizəsinin əsas prinsiplərinə aid edilir.
İşəgötürənlə işçi arasında əmək müqaviləsinin bağlanması şərtləri, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır. Əmək müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam və təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəliliyi göstərilməlidir. İşçi peşə xəstəliyinə tutulmağa yüksək təhlükə mənbəyi olan işə qəbul edilərkən belə, xəstəliyə tutulmağın ehtimal olunan müddəti barədə işəgötürən onu hökmən xəbərdar etməlidir. Bu halda, həmin müddətdə məhdudlaşan müddətli əmək müqaviləsi bağlanmalı və onun müddəti bitdikdən sonra işçiyə əvvəlki orta əmək haqqı saxlanılmaq şərti ilə başqa iş verilməlidir.
Həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilər istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari sığorta edilməlidir.
Ağır, zərərli və təhlükəli istehsalatlarda işçilərlə əmək müqaviləsi bağlanarkən, onların hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı icbari tibbi müayinələrdən keçməsi işəgötürənin hesabına təmin edilməlidir.
İşçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin mühafizəsi qaydalarının pozulması nəticəsində işin dayandırıldığı müddətdə, onların iş yeri, vəzifəsi və orta əmək haqqı saxlanılır.
İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə və bununla əlaqədar işçinin sağlamlığı və ya həyatı üçün təhlükə olduqda, işçi əmək funksiyasının icrasından imtina edə bilər. Bu halda, işçi hər hansı məsuliyyət daşımır və həmin əmək mübahisəsi müəyyən olunmuş qaydada həll edilir.
Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların razılığı ilə tibbi rəyə uyğun olaraq, daha yüngül müvafiq işə müvəqqəti və ya daimi keçirməyə borcludur.
İşçi, sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda, işçilərin yüngül isə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi üzrə orta əmək haqqı saxlanılır.
İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və Tibbi Sosial Ekspert Komissiyasının rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik müəyyən edildiyi vaxtadək ödənilməlidir.
İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraiti təmin edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət məsuliyyətinə cəlb edilir.
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi” nəzarət etdiyi sənaye obyektlərində işlərin təhlükəsiz yerinə yetirilməsi qayda, norma və təlimatlarının ardıcıl olaraq pozulması hallarında, işəgötürənləri inzibati qaydada müəyyən edilmiş məbləğdə cərimə etmək hüququna malikdir.
Səhiyyə Nazirliyinin sanitariya-epidemiologiya xidmətinin vəzifəli şəxsləri işçilərin iş yerlərində sanitariya-gigiyena və epidemiyaya qarşı sanitariya norma və qaydalarının pozulmasına görə işəgötürənləri, inzibati qaydada müəyyən edilmiş məbləğdə, cərimə etmək hüququna malikdirlər.
İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsiri olan işəgötürən, həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona təqaüd, müavinətlər verilməsi ilə əlaqədar sosial sığorta orqanları tərəfindən çəkilən xərclərin əvəzini bütövlükdə ödəməlidir.
İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Bu ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.