6.2. İş zonası havasına sanitariya-gigiyena tələbləri Ətraf mühitin temperaturunun müəyyən zaman daxilində dəyişməsi insan orqanizmi ilə mühit arasında istilik mübadiləsinin əmələ gəlməsinə səbəb olur. Orqanizmdə gedən daxili biokimyəvi reaksiyalar və əzələ gərginliyi nəticəsində alınan istilik ətraf mühitə və ya əşyalara verilir. Beləliklə, “insan-mühit” istilik mübadiləsi yaranmış olur. Bu mübadilənin sabit qalması üçün ətraf mühitin temperaturu müəyyən optimal qiymətlər daxilində olmalıdır. Ətraf mühitin temperaturunun yüksəlməsi insan bədənindən suyun (tərin), bununla da müxtəlif duzların, vitaminlərin buxarlanmasına, qanın qatılığının artmasına, ürək-damar sisteminin ritmik işinin pozulmasına, hərəkətin koordinasiyasının pisləşməsinə, diqqətin azalmasına və digər mənfi amillərin əmələ gəlməsinə səbəb olur. Ətraf mühitin temperaturunun aşağı düşməsi isə orqanizmin artıq dərəcədə istilik itirməsi və soyuması ilə nəticələnir. Bu zaman orqanizmdə müxtəlif iltihab, spazma halları müşahidə edilir. Deyilənlərlə əlaqədar olaraq insanlar işləyən binalar daxilində müəyyən optimal temperaturun saxlanılması vacibdir.
İstehsalat otaqlarındakı iş sonası, işçilərin daim və ya müvəqqəti olduqları yerlərdə döşəmədən 2 m hündürlüyə qədər olan fəza sayılır. İşçinin ətrafındakı havanın temperaturu, nəmliyi və hərəkət sürəti iş zonasında mikroiqlimin parametrlərini təşkil edirlər.
Mikroiqlim şəraiti iki yerə ayrılır:– optimal və buraxılabilən (yol verilən) mikroiqlim şəraiti.
Optimal mikroiqlim şəraiti – mikroiqlim parametrlərinin elə bir uyğunluğudur ki, bu şərait insan orqanizminə uzun müddət sistematik təsir etdikdə, onun normal funksional halının saxlanılmasını təmin edir.
Yol verilən mikroiqlim şəraiti – mikroiqlimin parametrlərinin elə bir uyğunluğudur ki, bu şəraitdə insan orqanizmi normal funksional və istilik vəziyyətinin tez keçib gedən dəyişməsinə məruz qala bilər. Bu zaman, sağlamlığın pozulması təsadüf edilmir, müvəqqəti olaraq qeyri-komfort istilik hissi, əhvalın pisləşməsi və əmək qabiliyyətinin aşağı düşməsi baş verir.
İş zonasının havası dövlət standartına əsasən üç göstəricidən asılı olaraq normallaşdırılır: – ilin dövrü, görülən işin kateqoriyası, otaqda izafi istiliyin mövcud olması.
İl iki dövrə ayrılır: 1) ilin isti dövrü – xarici havanın orta sutkalıq temperaturu +100C-dən yüksək olan dövr; 2) ilin soyuq və keçid dövrü; xarici havanın orta sutkalıq temperaturu +100C-dən aşağı olan dövr.
Görülən işlər ağırlıq dərəcəsinə görə (enerji sərfinə görə) beş kateqoriyaya bölünür:
yüngül iş – Ia kateqoriyası (enerji sərfi 120kkal/saat-a qədər);
yüngül iş – Ib kateqoriyası (enerji sərfi121-150kkal/saat);
orta ağırlıqlı iş – IIa kateqoriyası (enerji sərfi 151-200kkal/saat);
orta ağırlıqlı iş – IIb kateqoriyası (enerji sərfi 201-250kkal/saat);
ağır iş – III kateqoriya (enerji sərfi 250kkal/saatdan artıq).
Cədvəl 6.1- də ilin dövründən və görülən işlərin kateqoriyasından asılı olaraq, istehsal otaqlarında havanın temperaturunun, nisbi nəmliyinin və hərəkət sürətinin optimal və yol verilən normaları verilmişdir.
İş zonasında mikroiqlim parametrlərinin normal səviyyədə saxlanılmasını isitmə, ventilyasiya və kondisionerləşdirmə sistemlərinin tətbiqi və səmərəli istismarı ilə təmin etmək olar.
Cədvəl 6.1
Havanın temperaturunun, nisbi nəmliyinin və hərəkət sürətinin normaları