Ekosistem anlayışı ekologiyanın əsas anlayışıdır. Termin ingilis bioloqu Artur Tensli (1935) tərəfindən təklif olunub. Canlı orqanizmlərin və cansız yaşayış mühitinin məcmusu ekosistemi təşkil edir. Ekosistem – müxtəlif canlı orqanizmlərin (bitkilərin, heyvanların, mikroorqanizmlərin) bir-biri ilə və onları əhatə edən mühitlə qarşılıqlı əlaqədə olan elə toplusudur ki, bu toplu qeyri-müəyyən uzun müddət saxlana bilsin. Ekosistem ekologiyanın əsas obyektidir, o biosferin elementar funksional vahididir.
Hər hansı ətraf mühit ekoloji sistemlərdən (ekosistem) ibarətdir. Ekosistem konkret məkanda cansız və canlı komponentlərin qarşılıqlı əlaqəsi nəticəsində fəaliyyət göstərən sistemdir. Təbii proseslər nəticəsində əmələ gəlmiş sistemə təbii ekosistem, insanın yaratdığı sistemə antropogen ekosistem deyilir. Məsələn, okean, dəniz, göl, çay təbii ekosistem; akvarium, su anbarı və s. antropogen ekosistemdir.
Ekosistemlər müxtəlif ölçüdə (böyüklükdə) olur:
- mikroekosistemlər (çürüyən ağacın gövdəsi, akvarium, kiçik gölməçə və s.);
- mezoekosistemlər (meşə, çəmən, səhra);
- makroekosistemlər (kontinent, okean);
- qlobal sistem (Yerin biosferi).
Dostları ilə paylaş: |