Nəsnə//nəstənə - şey:
Dedi, ya qızım, bu sözi söyləmə,
Bilmədügin nəsnəyə səy eyləmə...
"Yemiş ola, yoxsa qeyr nəstənə,
Şad olub könli anlan əglənə".
Qədim türk sözlərindən olan "nəsnə" əski türk mətnlərində (70, 358), eləcə də orta əsrlərin türkdilli, o sıradan Azərbaycan yazılı abidələrində (166, IV, 2844; 39, 45; 21, 89; 18, 22; 115,) əsasən "nəsnə" şəklində bol-bol işlənmişdir. "Ət-töhfə" əsərində bu söz iki şəkildədir: "nəsnə", "nəstə" (71, 352. Xətainin dilində və "Şühədanamə"də isə bu sözə yalnız "nəstə" şəklində rast gəlirik (12, 69; 121, 10a). Yazılı abidələrdə bu sözün "nəstənə" variantına təsadüf etmədik. Dilimizin qərb qrupu şivələrində, eləcə də Bakı şivəsində bu söz "nəstə" şəklində qorunub saxlanılmışdır (7, 187;9,230). Bu sözün "nə" sual əvəzliyi ilə bağlı olması güman edilir (12, 69).
Oxranmaq - kişnəmək:
Orxanur - kişnər, ün eylər biməhəl,
Anda vardır munca bu kari-dəğəl.
Göründüyü kimi, bu beytdə "oxranmaq", "kişnəmək" və "ün eyləmək" felləri sinonim kimi işlənmişdir. Bu felin "oqramaq" şəklində "Kitabi-Dədə Qorqud"da və XVI-XVIII yüzilliklərə aid türkdilli yazılı abidələrdə işlənməsi qeydə alınmışdır (118, V, 2945-2946). "Oqramaq" feli əski türk mətnlərindən yalnız Qaşğarinin lüğətində işlənmişdir (70, 369). Maraqlıdır ki, bu söz dilimizin qərb qrupu şivələrində "oxrammaq" şəklində işlənir (9, 231)..
Oxumaq- çağırmaq, səsləmək, dəvət etmək.
Der Əli, bu sözə istərsən dəlil,
Mal yığanı daim oxurlar bəxil.
“Oxumaq” feli istər qədim türk mətnlərində (Ə.H.343), istərsə də orta yüzilliklərə aid yazılı abidələrdə (Z,H,24) bu mənada sıx-sıx işlənmişdir. “Oxumaq” sözü çağdaş ədəbi dilimizdə işlənən “meydan oxumaq” sabit söz birləşməsində əski mənasını qoruyub saxlamışdır. Ümumiyyətlə götürdükdə isə çağdaş ədəbi dilimizdə bu söz leksik-semantik cəhətdən daralmaya məruz qalmış yalnız “oxumaq”, mütaliə etmək”, ifa etmək” mənalarında işlənir.
Dostları ilə paylaş: |