XATİMƏTÜL-KİTAB
Bu Həzini bir kəminə xaksar,
Əhli-elm ayağı altında qübar.
Çün “Hədisi-ərbəin”i bən qərib,
Türki qıldum tərcümə, uş dil verib.
Taqətümcə sə’y edüb nəzm eylədüm,
Uş şikəstə-bəstə buni söylədüm.
Özitək bir neçə ali mübtədi’,
Buŋa bakub faidə alsun dedi.
Mübtədi’ olanlar içün aşikar,
Nəzm edüb qodum cəhanda yadigar.
Əhli-dillərdən təmənna eylərəm,
Ərz edüb xidmətlərində söylərəm.
Lütf edüb hər kim nəzər qılsa buŋa,
Nəzminə fikr etsə bunuŋ hər yaŋa,
Bula gər nəzmində bunuŋ bir səqəm,
Çəkməyə buŋavü əfv edə rəqəm.
Yaxud mə’nasında bula bir xələl,
Eybiŋ örtüb müşkilini edə həll.
Lütf edübən yanlışıŋ islah edə,
Kimdürür kim kamil ola dünyədə?!
Qanğı məclisdə okunsa bu kəlam,
Bir duadurur təmənna, vəssəlam.
Üç biŋ oldı həm səkiz yüz beyt bu,
Həqqə irişdi biəvni-fərdi-Hu.
Mustəfanıŋ hicrətindən, ey hümam,
Kim, doquz yüz otuz il keçdi təmam.
Nəzmə gəldi, çün təmam oldı kitab,
Pəs dedüm “vəllahu ə’ləm” bissəvab.
ÖN SÖZ
Azərbaycan ədəbiyyatı tarixinin ən məhsuldar dövrlərindən biri olan XVI yüzilliyin əlamətdar ədəbi hadisələrindən biri də ərəb və fars dillərindən ana dilimizə tərcümə edilmiş bir sıra dəyərli bədii tərcümə nümunələrinin ortaya çıxmasıdır. Dahi Füzulinin qüdrətli qələmindən çıxmış “Hədiqətüs-süəda” və “Hədisi-ərbəin”, Məhəmməd bin Hüseyn Katib Nişatinin “Şühədanamə” və “Şeyx Səfi təzkirəsi”, Məqsudi təxəllüslü şair-mütərcimin“Möcüz-namə”, Əbdulhadi Bəvazicinin “Kəvamilüt- təbir”, Mahmud Şirvaninin “Xəridətül-əcaib” kimi tərcümə əsərləri bu dövrün tərcümə ədəbiyyatının ən dəyərli nümunələridir. Bu tərcümə əsərlərindən birincisi və son ikincisi, eləcə də Nişatinin hər iki tərcüməsi nəsrlə, digərləri isə nəzmlədir. Bu isə o deməkdir ki, XVI əsrə aid tərcümə örnəklərimiz həm də dövrün bədii nəsr sənətinin tədqiqi baxımından olduqca dəyərli və əvəzsiz qaynaqlardır.
Adları çəkilən klassik Azərbaycan tərcümə nümunələri mövzu və məzmun baxımından da rəngarəngdir. Belə ki, onların içərisində bədii əsərlərlə yanaşı, orta əsrlər elminin müxtəlif sahələrinə aid əsərlərin tərcümələri də vardır. Son iki tərcümədən birincisi - “Kəvamilüt - təbir” yuxuyozmadan bəhs edir, sonuncusu - “Xəridətül - əcaib” isə tarixi coğrafiyaya aiddir. Bədii tərcümələrə gəldikdə isə, onlar, əsasən, dini və təsəvvüflə bağlı mövzuları əhatə edir.
Milli yazılı ədəbiyyatımızın janr və mövzu baxımından formalaşması və təkmilləşməsində müstəsna rol oynamış bu klassik tərcümə örnəkləri eyni zamanda ədəbi dilimizin hərtərəfli inkişafına da öz müsbət təsirini göstərmiş, nəticədə yazılı ədəbi dilimizin lüğət tərkibi bir sıra yeni anlayış və ifadələrlə daha da zənginləşmişdir.
XVI yüzülliyə aid Azərbaycan tərcümə ədəbiyyatının dəyərli nümunələrindən biri də Həzini təxəllüslü şair- mütərcimin ərəb dilindən çevirdiyi “Hədisi -ərbəin ” (Qırx hədis) tərcüməsidir. 930/1524-cü ildə tamamlanmış bu tərcümə nümünəsi, fikrimizcə, Azərbaycan ədəbiyyatında qırx hədis mövzusunda qələmə alınmış ilk bədii əsərdir və bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bundan əlavə orta yüzilliklərə aid ərəb, fars və türk dillərində yazılmış çoxsaylı “Qırx hədis”lərdən fərqli olaraq, burada hər bir hədisin məzmununa uyğun olaraq bir mənzum hekayət də qoşulmuşdur ki, bu da bir tərəfdən onu başqa hədis kitablarından fərqləndirir, digər tərəfdən isə əsərin estetik təsir gücünü, emosionallığını daha da qüvvələndirir.
Həzininin nəzmlə məsnəvi şəklində qələmə aldığı “Hədisi-ərbəin” tərcüməsi haqqında ilk məlumatı görkəmli Türkiyə alimi prof. Əbdülqadir Qaraxan vermişdir. İslam-Türk ədəbiyyatında qırx hədis mövzusunda ayrıca və dəyərli bir əsər yazan Ə. Qaraxan Həzininin “Qırx hədis”ini bu mövzuda türkcə yazılmış əsərlərin “edebi və müvaffak bir örnegi” kimi dəyərləndirmişdir (60). Alim həmçinin ilk dəfə olaraq “Həzininin” “Hədisi- ərbəin” tərcüməsinin Türkiyə kitabxanalarında saxlanılan iki əlyazması haqqında dəyərli bilgilər vermişdir.
Həzininin “Hədisi-ərbəin” tərcüməsinin daha bir əlyazmasını - Bakı nüsxəsini isə ilk dəfə olaraq bu sətirlərin müəllifi aşkara çıxarmış və onu dilçilik baxımından yığcam şəkildə araşdırmışdır (46, 157-193). Bundan əlavə tərcümədən müəyyən parçalar da ilk dəfə olaraq kicik təqdimatla tərəfimizdən nəşr edilmişdir ( 51,93-97).
Orta yüzülliklərdə yaşamış Azərbaycan mütərcimlərinin bir çoxu kimi, Həzini haqqında da əlimizdə, demək olar ki, heç bir məlumat - bilgi yoxdur. Şair- mütərcimin qələmindən çıxan yeganə əsər də elə “Hədisi-ərbəin” tərcüməsidir. Tərcümə üzərindəki müşahidələrə əsasən demək olar ki, Həzini islamı və təsəvvüfü incəliyinə qədər bilməklə yanaşı, klassik şeir sənətini də dərindən mənimsəmiş və onun bu sahədə kifayət qədər biliyi və müəyyən təcrübəsi də olmuşdur.
XVI əsr Azərbaycan şairi - mütərcimi Həzininin “Hədisi-ərbəin” tərcüməsi haqqında ilk müstəqil monoqrafik araşdırma olan bu kitabda əsər klassik Azərbaycan tərcümə ədəbiyyatı nümunəsi kimi yığcam şəkildə filoloji - tekstoloji araşdırmaya cəlb olunur.
Qeyd edək ki, araşdırma tərcümənin iki əlyazması – Bakı və Bursa nüsxələri üzərində aparılmışdır. Fürsətdən istifadə edərək tərcümənin Bursa əlyazmasının fotosurətinin əldə edilməsində bizə yardımçı olmuş dəyərli türk qardaşım Bəkir Şahinə dərin minnətdarlığımı bildirirəm.
Kitab şərti olaraq iki hissədən ibarətdir: öncə tərcümə mətnşünaslıq – dilçilik yönündə araşdırılır, sonra isə iki əlyazma əsaında hazırlanmış mətinin transfoneliterasiyası verilir. Mətindəki ərəbcə hədislər olduğu kimi saxlanılmış,mətinin sonunda onların dilimizə tərcüməsi verilmişdir (tərcümə ilahiyyat elmləri namizədi Zəkiyyə Əbilovanındır).
Türkcə mətinin daxilində olan Quran ayələri və ərəbcə ayrı – ayrı cümlələrdə ərəb əlifbası ilə verilmiş, hər səhifədəki çıxarışda onların tərcüməsi göstərilmişdir.
Dostları ilə paylaş: |