Bitki örtüyü: Hirkan florası tərkibində coğrafi baxımdan müxtəlif tip arealların flora elementləri ilə zəngindir. Burada Boreal və Aralıqdənizi mənşəli bitki qruplarının elementləri xüsusi yerə malikdir.
Məlum olduğu kimi buzlaşmadan əvvəl hirkan tipli meşələrə oxşar areallar, indi olduğundan qat-qat geniş olmuşdur. Hirkan meşələrinin bəzi elementləri (yalanqoz, azat, şümşad, pırkal və s.) buzlaşmadan sonrakı dövrdə yenidən tədricən buzlaşmaya qədər yayıldığı ərazilərə təkrarən yayılmağa başlamış və özünün areallarını genişləndirmişdir. Bəzi növlər özünün mövcud məkanlarını tərk etməmiş və yalnız uyğunlaşdığı iqlimə müvafiq ərazilərdə inkişaf etmişdir. Buzlaşmadan sonra floranın areal mübadiləsi qarşılıqlı olmuşdur, belə ki, qeyri hirkan florası da hirkan ərazilərinə miqrasiya etmiş və burada flora tərkibini daha da zənginləşməsinə səbəb olmuşdur.
Elbrus dağlarında mövcud hirkan tipli meşələrin Talış meşələri ilə eyni kökdən olmasına baxmayaraq, floraların təkibində bir sıra fərqlər mövcuddur. İran ərazisində yerləşən hirkan tipli meşələrdə 2000-2500 m yüksəkliklərdə tozağacının olması yəqin ki, buzlaşma ilə əlaqədqrdır. Amma, Talış ərazisində buzlaşma olmamışdır. Həmçinin, şabalıd bitkisi (Castanea sativa L.) Böyük və Kiçik Qafqaz, həmçinin Kolxida florasında olduğu kimi İranın hirkan tipli florasında da mövcuddur.
Aftoxton hirkan florası tarixi-coğrafi inkişafına görə üçüncü dövrün əvvəllərinə aiddir. O dövrdə Elbrus dağı hələ Tetis dənizində bir ada olaraq tropik meşələrlə örtülü olmuşdur. Müasir hirkan florasının formalaşması, onun əsas xüsusiyyətlərindən olan, digər floristik rayonlarla çoxsaylı növlərinin və formalarının qarşılıqlı əlaqələri üçüncü dövrün sonunda başlamışdır. Hirkan və Kolxida arasında floristik əlaqə mövcuddur: Zelcova carpinifolia (Pall.) Dipp., Diospyrus lotus L., Pterocarya pterocarpa (Mchx.) Knth. və s. Albizia julibrissin Durazz. tropik kökə malikdir. Diospyros lotus, Quercus castaneifolia C.A.Mey., Gleditsia caspia Desf. və digər hirkan tipinə məxsus olan bütün növlər arkto-üçüncü dövr kökünə məxsusdur.
Şək.1 Hirkan tipli meşələrin yayıldığı ərazilər
| Hirkan digər floristik ərazilərdən kəskin surətdə fərqlənir. Bu ərazilər üçüncü dövrə müxtəlif növlərlə zəngindir. Bu meşələrdə dəmirağacı, azat, şabalıdyarpaq palıd, Lənkəran akasiyası, şeytanağacı və s. kimi relikt və endemik mühüm yer tutur. Hirkan tipli qarışıq meşələr özünün bitki müxtəlifliyinin 1 km2 əraziyə düşən növlərin sayına görə dünyanın digər floristik vilayətlərindən fərqlənir. Bu tipli meşələr yüksək endemizmi, kol təbəqəsinə məxsus növlərin arasında həmişəyaşıl növlərin olması, meşə quruluşunun müxtəlifliyi, lian növlərinin bəzən keçilməz cəngəlliklər yaratması, ağacların gövdəsində epifitlərin yer tutması və böyük flora tərkibinə malik olması ilə fərqlənir. Xəzər dənizindən qalxan rütubət yaxınlıqdakı xüsusi sədd kimi uzanan dağlar tərəfindən saxlanması hirkan tipli meşələri xarakterizə edən əsas amillərdəndir, dəniz sahillərindən və arealın mərkəzindən uzaqlaşdıqca, 1200-1500 m dəniz səviyyəsindən yuxarı qalxdıqca, meşələr birdən-birə özünün görkəmini dəyişir və hirkan tipli meşələrin daha çox aralıqdənizi sahilləri meşələrinə bənzəməyə başlayır. Ərazi təbii iqliminə görə rütubətli subtropik xüsusiyyətinə malikdir. Bu ərazilər sonuncu buzlaşmaya məruz qalmamışdır. Məhz bu səbəbdən bu ərazi endemik və üçüncü dövrə mənsub olan çoxlu relikt mənşəli bitki örtüyünə malik olan elementlərlə zəngindir. Hirkan tipli meşələrin Azərbaycanda olan hissəsində, respublika ərazisində yayılmış 4500 ali bitkinin 1200-dən çox növü, 450 ağac və kol bitkilərinin 170-ə yaxın növü hirkan meşələrində mövcuddur və onların 36-sı relikt və endem növlərdir.
Hirkan tipli meşələr 4 vertikal qurşağa ayrılır: qarışıq hirkan tipli meşələr, (dəniz səviyyəsindən 500-600 m-ə qədər), şabalıdyarpaq palıd meşələri (dəniz səviyyəsindən 1000-1200 m-ə qədər), fıstıq meşələri (400-500 m-dən 1500-1600 m-ə qədər) və şərq palıdı (Quercus maxreanthera ) meşələri (1600 m-dən yüksəklərdə).
Hirkan meşələrində şərq fıstığı (Fagus orientalis Lipsky), şabalıdyarpaq palıd (Quercus castaneifolia C.A.Mey.), dəmirağacı (Parrotia persica (DC.) C.A.Mey.), vələs (Carpinus betulus L.) növləri əsas edifikatorlardır. Bu ərazilərdə həmişəyaşıl bitki növləri (Buxus hyrcana, Ilex hyrcana, Ruscus hyrcanus, Danae racemosa) meşəaltı əmələ gətirir. Hirkan bigəvəri (Ruscus hyrcanus) adətən aşağı düzən və dağətəyi qurşaqda, Budaqlı danaya (Danae racemosa) daha çox çay kənarlarında və nəmli yarğanlarda, hirkan pırkalı (Ilex hyrcana) isə palıd və fıstıq meşələrində meşəaltı əmələ gətirir.
Düzən meşə bitkiliyi: Hirkan tipli meşələrinin tərkibində düzən meşələrin ərazisi son 100 il ərzində kəskin surətdə qırıntılara məruz qalmış və yerini kənd təsərrüfatı bitkilərinin yetişdirdiyi sahələrə vermişdir. Yalnız kiçik ərazidə etalon kimi qorunub qalmışdır.
Düzən meşə adətən 2-3 yarusdan ibarət olur: birinci yarus adətən palıd, vələs, hirkan qovağından (Populus hyrcana Grossh.) ibarət olur. İkinci yarus dəmirağacı, ağcaqayın, qarağac və s. növlərdən ibarətdir. Nəmli meşələrin tərkibində yalanqoz (Ptericarya pterocarpa (Mchx.) Knth ex. I.Iljinsk.), bəzi ərazilərdə saqqallı qızılağac (Alnus barbata C.A.Mey.) üstünlük əmələ gətirir.
Meşəaltı əmələ gətirən kolluq yarusu əzgil (Mespilus germanica L.), yemişan (Crataegus), alça (Prunus divaricata Ledeb.) və bəzən heyva (Cydonia oblonga Mill.) ibarət olur [2].
Meşənin hər yerində Pastuxov daşsarmaşığı (Hedera pastuchowii Woronow), Radde böyürtikanı (Rubus raddeanus Focke), güyəmə (Periploca graeca L.), hündür mərəvcə (Smilax excelasa L.), meşə üzümü (Vitis sylvestris C.C. Gmel.) sarılmış və epofitlərlə örtülmüş ağaclara rast gəlmək olur.
Dağətəyi meşələrin bitkiliyi: Dağətəyi qurşağı əsasən qarışıq meşələrdən ibarətdir və ağac və kolların növ müxtəlifliyinin zənginliyinə görə fərqlənir. Amma, bəzən bu və ya digər növlərin dominantliq təşkil etdiyi xırda təmiz meşəliklərə də rast gəlinir. Dəmirağacı adətən qarışıq meşənin tərkibində edifikator növlərdən biridir. O, bəzən vələs və ya palıdın dominant olduğu meşələrin tərkibində özünəməxsus yer tutur. Vələs və palıd daha çox əraziləri əhatə edir.
Dağətəyi qurşağın meşə tərkibində bəzən tək-tək bəzən isə qrup halda azat, xəzər lələyi, lənkəran akasiyasına rast gəlmək olur. Lənkəran akasiyası daha çox açıq yerlərdə və yaxud sürüşməyə meyilli olan yamaclarda, qayalıqlarda bitir. Belə yerlərdə bəzən dağdağan, ağ akasiya məxməri ağcaqayın, qarağac və s. növlər də ter tutur. Saqqallı qızılağac, ürəkvari qızılağac (Alnus subcordata C.A.Mey.), və yalanqoz bir qayda olaraq əsasən, çay qıraqlarında və su qalan yerlərdə yaxşı inkişaf edir. Rütubətli və nəmli meşələrdə yalanqoz, xurma (Diospyros lotus L.), palıd, vələs ağaclarının gövdələrində Pastuxov daşsarmaşığı ilə yanaşı epifitlər: şirinkök (Polypodium vulgare L.), ətirşah (Geranium robertianum L.), türşəngə (Oxalis acetosella L.) kimi zərif meşə novruzgülü, bənövşə, cincilim və s. bitki növləri, nadir hallarda hətta, budaqlı danaya bitkisinə də rast gəlmək olur [1].
Çay sahillərində bəzən hirkan şümşadı tərkibində tək-tək vələs, palıd, azat, ağcaqayın olmaqla kiçik keçilməz meşəliklər əmələ gətirir.
Meşə kənarlarında adətən tərkibində əzgil, yemişan, alça və bəzən hirkan inciri (Ficus hyrcana Grossh.), adi nar (Punica granatum L.), itburnu (Rosa canina L.), mərəvcə və güyəmə olan böyürtikan kolluqları keçilməz sədd əmələ gətirir. Meşəaltı əmələ gətirən bitkilərin arasında bigəvər məxsusi yer tutur.
Aşağı dağ qurşağı bitkiliyi: Dağətəyi qurşaq tədricən aşağı dağ qurşağı ilə əvəz olunur və yuxarı qalxdıqca burada bitki tərkibi də tədricən dəyişir. Burada əsas edifikator növlərlə yanaşı azat (Zelkova carpinifolia (Pall.) Dipp), qafqaz xurması, hirkan armudu (Pyrus hyrcana Fed.), ipək akasiya, məxməri ağcaqayın (Acer velutinum Boiss.), xəzər lələyi (Gleditsia caspia Desf.), cökə (Tilia begoniifolia Stev.), və s. növlər yayılmışdır. Dəniz səviyyəsindən 500-600 m yuxarı qalxdıqca qarışıq tipli meşələrin siması birdən-birə dəyişir. Burada dəmirağacı öz yerini fıstıq meşələrinə verir.
Dostları ilə paylaş: |