MEŞƏ EHTİYATLARI VƏ ONLARDAN İSTİFADƏ.
Meşə ehtiyatları, əsasən, mülayim və ekvatorial iqlim qurşaqlarında cəmlənmişdir. Tayqa və rütubətli ekvatorial meşələr insan təsirinə zəif məruz qalmışdır. Lakin mülayim qurşağın musson, enliyarpaqlı və qarışıq meşələri, subtropik qurşağın cod- yarpaqlı həmişəyaşıl meşələri və çay sahili meşə zolaqları müasir dövrdə məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Tarixi dövrlər ərzində meşələr insanlar tərəfindən intensiv şəkildə istismar olunmuş və son iki əsr ərzində meşələrin sahəsi iki dəfə azalmışdır. Meşə sahələrinin azalmasına bir neçə amil təsir edir. Məsələn, əkinçilik məqsədilə meşələrin qırılması Avropa və Şimali Amerikada, tikinti materialı və mebel sənayesində istifadə Avropa, Asiya, Şimali Amerika və Cənubi Amerikada, taxta-şalban istehsalı Asiya, Afrika, Şimali Amerika və Cənubi Amerikada, yanacaq məqsədilə istifadə Afrika və Cənubi Amerikada müşahidə olunur. Son illər baş verən meşə yanğınlarına Avstraliya, Asiya və Avropada daha çox rast gəlinir.
Ölkələrin meşə ehtiyatları - onların meşə sahələrinə və oduncaq tədarükünə görə xarakterizə edilir. Meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan (məsələn: tala) və qeyri- meşə sahələri (məsələn: cığırlar, bataqlıqlar və s.) dövlətin meşə fondunu yaradır. İl ərzində dünyada təkcə oduncaq tədarükü 384 mlrd. m3 təşkil edir. Oduncaq tədarükü, əsasən, meşələrin daha sıx olduğu ərazilərdə aparılır. Lakin bir sıra regionlarda (Cənub-Şərqi Asiya, Hindistan və s.) qiymətli meşə ağaclarının amansızcasına qırılması onların tükənməsinə səbəb olmuşdur.
XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşələrlə örtülün olmuşdur. Hazırda Azərbaycanda meşələrin ümumi sahəsi 1213,7 min hektardır. Bu isə adambaşına 0,12 hektar meşə sahəsi deməkdir.
Meşələr çoxfunksiyalı əhəmiyyətə malikdir. Meşələrin əksər hissəsi tropik və ekvatorial enliklərdə yerləşən Asiya, Afrika və Latın Amerikası ölkələrinin payına düşür. Bu regionlarda oduncaqdan həm yanacaq, həm də tikinti materialı kimi istifadə olunur. İEÖ-lərin yanacaq-enerji balansında isə oduncaqdan az istifadə olunur. Bu ölkələrdə meşələr qida sənayesi, əczaçılıq, kosmetik vasitələrin hazırlanması və s. üçün xammal mənbəyidir. Bir sıra İEÖ-lərdə meşə ehtiyatlarının qorunmasına ciddi nəzarət olunur. Meşə materiallarına olan tələbat idxal hesabına ödənilir. Məsələn, Yaponiya dövləti öz meşələrini tam şəkildə qorumaq məqsədilə Cənub-Şərqi Asiya ölkələrindən meşə materialları idxal edir.
Müasir dövrdə meşə və kimya sənayesi arasında əlaqə güclənmiş, “meşə-kimya” adlanan yeni sənaye sahəsi yaranmışdır. Sellüloz-kağız, kanifol, skipidar və s. bu sahənin məhsullarıdır. Son illər kəsilən ağacların budaq, kök, kötük və s. hissələrindən istifadə daha da sürətlənmişdir. Lakin İEÖ-lərdə hər 1000 m3 oduncaqdan 200 tona qədər kağız və karton alınırsa, Afrika ölkələrində bu göstərici cəmi 13 ton təşkil edir.
Dostları ilə paylaş: |