İNSANLARIN ALICILIQ QABİLİYYƏTİ.
İnsanlar cəmiyyətin məhsuldar qüvvəsi və istehsal edilən məhsulların istehlakçılarıdır. Onlar tələb-təklif, rəqabət əsasında bazar iqtisadiyyatını qurur, məhsul və xidmətlər üçün qiymətlər sistemini tətbiq edir, məhsulun maya dəyərini hesablayır və əlavə gəlir əldə edirlər.
Dünya əhalisi gəlirlərini müxtəlif sahələrə xərcləyir. Bu, ilk növbədə, onların məskunlaşdığı təbii şəraitdən, şəhər və ya kənd yaşayış məntəqələrində yaşamasından, əhalinin adət-ənənələrindən və s.-dən asılıdır. Bəzi xalqlar adət-ənənələrin (bayram, mərasimlər və s.) keçirilməsinə xeyli vəsait sərf edirlər. Təbii şəraitin sərt olduğu ərazilərdə əhalinin gəlirlərinin xeyli hissəsi qalın geyimlərə, mənzillərin qızdırılmasına və s. xərclənilir.Əhalinin xərcləri onların gəlirlərindən asılıdır. Adambaşına düşən gəlirlər isə həyat səviyyəsini əks etdirir. Əhalinin həyat səviyyəsini göstərən amillərdən biri istehlak səbətidir. İstehlak səbəti - il ərzində orta hesabla insanın sağlamlığı və həyat fəaliyyəti üçün minimum ehtiyacların toplusudur. Bu, insanların həyat fəaliyyəti üçün tələb olunan minimal mal və xidmətlərin cəmidir.
İstehlak səbətinin tərkibinə daxil olan məhsulların sayı hər bir ölkədə fərqlidir. Bu rəqəm Fransada 250, ABŞ-da 300, İngiltərədə 350, Almaniyada 475, İtaliyada 530-a bərabərdir.
Əhalinin istehlak səbətinə daxil olan məhsul və xidmət ehtiyaclarının ödənilməsi səviyyəsi onların gəlirlərindən və alıcılıq qabiliyyətindən asılıdır. Məhsulların qiymətlərinin dəyişməsi, pul şəklində olan əməkhaqqının artması və ya azalması istehlak səbətinə təsir edir.
Məhsul və xidmətin qiymətləri keyfiyyətin yaxşılaşdırılması, istehsal xərclərinin artması ilə əlaqədar olaraq (məsələn, taxılın qiymətinin artması un məhsullarının bahalaşmasına səbəb olur) arta bilər. Bu zaman pulun alıcılıq qabiliyyəti aşağı düşür, yəni inflyasiya baş verir. Ölkə əhalisinin istehlak səbətinə olan tələbatının ödənilməsi dövlətin ən mühüm vəzifələrindən biridir. Lakin dünyanın əksər ölkələrində əhalinin “istehlak səbətinə” olan tələbatı ödənilmir. İEOÖ-lərdə yaşayan 4,6 mlrd. insanın 800 mln. nəfəri normal, sağlam və fəal həyat tərzi
sürmək üçün kifayət qədər ərzaq ala bilmir, yaxud xidmətlərdən istifadə etmir. Dünya əhalisinin 2,5-3 mlrd. nəfəri yoxsul yaşayır. Onlar gün ərzində 2 ABŞ dollarından az vəsait xərcləyirlər. Əhalinin 1,2 mlrd. nəfəri isə səfil, yəni gün ərzində cəmi 1 ABŞ dolları və ondan daha az vəsaitlə dolanır, ən aşağı alıcılıq qabiliyyətinə malik olurlar. Əhalisinin əksər hissəsinin yoxsul olduğu ölkələr, əsasən, Mərkəzi, Şərqi, Qərbi Afrikada və Cənubi Asiyadadır.
Adambaşına düşən gəlirlərin çox olduğu ölkələrdə insanların alıcılıq qabiliyyəti daha yüksəkdir. Bu zaman əhalinin pul vəsaiti xərclədiyi sahələr də müxtəlif olur. Onlar gəlirlərinin müəyyən hissəsini digər ehtiyaclara: istirahətin təşkilinə, təhsilin səviyyəsinin artırılmasına, daşınmaz əmlakın alınmasına və s.-yə xərcləyirlər. Gəlirlərini qənaətlə və səmərəli istifadə edənlər isə büdcələrində toplanan vəsaiti istiqraz və səhm şəklində qorumağa üstünlük verirlər.
Dostları ilə paylaş: |