Bioyanacaq istehsalı üçün xammal mənbələri
Biodizel xammalı - bitki və yosunlardan alınan efir yağlarıdır. Avropada biodizel üçün raps və günəbaxandan, ABŞ-da soyadan, Kanadada kanoladan (rapsın növü), İndoneziya və Filippində palma və kokos yağından, Braziliyada kastor yağından istifadə olunur. Biodizel suya töküldükdə bitki və canlılara heç bir zərər vermir, suda həll olur, 28 gün sonra su hövzəsinin 99%-i biodizeldən təmizlənir.
Bioyanacağın qaz növü. Təbii qazın bioloji əvəzedicisidir. Bioloji tullantıların emalı zamanı metan və karbon qazı ayrılır. Bioqaz elektrik enerjisinin alınmasında və ya avtomobil yanacağı kimi istifadə edilir. Bioqaz istehsalı üçün ən yararlı xammal bioloji tullantılardır: peyin, quş zılı, kanalizasiya lili, balıq və heyvan içalatı, çürümüş meyvə-tərəvəz qalıqları və s. Bioqazın istehsalı prosesində yaranan tullantılar kənd təsərrüfatı üçün əvəzsiz üzvi mənşəli gübrə hesab edilir. Belə gübrələr kimyəvi gübrələrdən daha üstündür və yeraltı suları (xüsusilə qrunt sularını) çirkləndirmir.
Bioqazdan alternativ enerji kimi istifadə edilməsinə yanaşma müxtəlif ölkələrdə fərqlidir. Bioqazdan ən çox istifadə edən ölkə Danimarkadır. Danimarkanın ümumi enerji balansının 18%-ni bioqaz təşkil edir. Bioqaz istehsal edən irihəcmli qurğuların sayına görə Almaniya fərqlənir. Hazırda İsveçrədə bioqazla işləyən avtobuslar da fəaliyyət göstərir. Bioqazdan istifadə İEOÖ-də - Çin, Hindistan, Vyetnam, Nepal və s.-də sürətlə artır. Bu ölkələrdə fərdi evlər üçün bioqaz emal edən kiçikhəcmli qurğular da istehsal olunur.
Dostları ilə paylaş: |