XIII mövzu.
ALTERNATİV ENERJİ MƏNBƏLƏRİ.
Dünya ölkələrinin yanacaq-enerji balansında neft, qaz və daş kömür üstünlük təşkil edir. Elektrik enerjisi istehsalının əsas hissəsi İES və SES-lərin payına düşür.
Neft, qaz və daş kömür kimi mineral ehtiyatlar tükənən və bərpa olunmayan enerji mənbələridir. Bu mənbələrin tükənmə dərəcəsinə çatması bəşəriyyəti onlara qənaət etməyə və yeni alternativ enerji mənbələrinin axtarılmasına vadar edir. Müasir elmin nailiyyətləri Yerin geotermal enerjisindən, günəş şüalarından, külək, qabarma və çəkilmənin enerjisindən tükənməyən enerji mənbəyi kimi istifadə edilməsinə imkan verir. Günəş şüalarından istilik və elektrik enerjisi almaq üçün stansiyalar inşa edilir. Bu da tükənməyən günəş energetikası və ya helioenergetika (yun. “Helios ” - Günəş) adlanır. Hazırda dünyada yüzdən çox iri günəş elektrik stansiyası (Günəş ES) mövcuddur. Onların ən iriləri Kaliforniyada (ABŞ) yerləşir.
Günəş ES-in tikilməsində əsas şərt il ərzində günəş şüalarının Yer səthinə düşmə bucağının kəmiyyəti və günəşli günlərin sayıdır. Azərbaycan ərazisində günəşli günlərin sayı 250-270-ə bərabərdir. Xüsusilə Abşeron yarımadası, Kür-Araz ovalığı və Naxçıvan MR günəş ehtiyatları ilə zəngindir. Son vaxtlar bu ehtiyatlardan istifadə edilməyə başlanılmışdır. Hazırda Naxçıvan MR-də 20 MVt gücə malik stansiyada 78 min 684 ədəd günəş panelləri və 11 elektrik yarımstansiya quraşdırılıb. Bundan başqa, Sumqayıt Günəş ES (1,7 MVt), Suraxanı Günəş ES (1,4 MVt), Pirallahı Günəş ES(1,1 MVt) quraşdırılmışdır.
Günəş enerjisindən istifadə etməklə suyun qız- dırılmasnın sadə üsulu qədim zamanlardan insanlara məlumdur. XIX əsrin sonlarından başlayaraq mənzilləri isti su ilə təmin etmək üçün binaların üstündə daha mükəmməl günəş kollektorları quraşdırılmağa başlandı. Günəş kollektoru məişətdə qaz balonlarını əvəz edirdi. Bundan başqa, günəş istiliyini yığan xüsusi qurğuların köməkliyi ilə quyulardan suyun çıxarılmasında, meyvə və tərəvəzin qurudulmasında və s.-də istifadə edilirdi. Müasir dövrdə günəş kollektorundan Çin, Yaponiya, İtaliya, İspaniya, Türkiyə, Misir, Yunanıstan, İsrail və s. ölkələrdə geniş istifadə edilir.
Elektrik enerjisini qabarma-çəkilmə və küləyin gücündən istifadə etməklə də əldə etmək mümkündür.
Dostları ilə paylaş: |