Ərzaq təhlükəsizliyi hər bir dövlətin aqrar və iqtisadi siyasətinin əsas məqsədlərindən biridir. Bu məqsəd dünya, region, milli, yerli və ev təsərrüfatları səviyyəsində həyata keçirilir. Beynəlxalq ərzaq təhlükəsizliyi konsepsiyası ilk dəfə 1973-cü ildə ƏKTT tərəfindən irəli sürülmüşdür. Bu konsepsiyaya görə, hər bir ölkə:
- ərzaq məhsullarının istehsal səviyyəsi,
- qida məhsullarının qiymətləri,
- ölkə əhalisinin alıcılıq qabiliyyəti,
- əhalinin gəlirlərinin orta aylıq səviyyəsi,
- dövlət tərəfindən aztəminatlı ailələrə verilən güzəşt və müavinətlər,
- dövlətin ərzaq resursları və s. ilə təmin edilməlidir.
Bundan başqa, Beynəlxalq Ərzaq Təşkilatı dövlətlərin ərzaq təhlükəsizliyinin əsas göstəricilərini: a) ölkədə taxıl ehtiyatlarının ümumi həcmini, b) növbəti taxıl yığımına qədər ehtiyat taxılın saxlanılmasını, c) əhalinin hər nəfərinə düşən taxıl istehsalının illik istehlakdan 17-20% artıq ehtiyatının olmasını (yəni ölkədə əhalinin illik tələbatından 2 ay artıq taxıl ehtiyatı olmalıdır) müəyyən etmişdir. ƏKTT-nin son proqnozlarına görə, 2050-ci ildə Yer kürəsi əhalisinin əlavə 2,3 mlrd. nəfərini ərzaqla təmin etmək lazım gələcək. Bu məqsədlə dünya kənd təsərrüfatı istehsalı 70%-dək artırılacaq və məhsullar əkin sahələrinin hesabına deyil, məhsuldarlığın çoxaldılması yolu ilə əldə ediləcəkdir. Lakin iqlim şəraitinin pisləşməsi, su çatışmazlığı, torpaqların eroziyası dünyada ərzaq təminatında problemlər yarada bilər.
Dünya ölkələrinin ərzaqla təmin olunması adambaşına düşən ərzaq kalorisinin qiymətinə əsaslanır. Əhalinin gündəlik ərzaq norması 2 göstərici ilə ifadə olunur:
1) orqanizmin qida enerjisi ilə təmin olunmasına görə - Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə Ümumdünya Səhiyyə Təşkilatının (ƏKTT və ÜST) məlumatlarına əsasən bir insanın qidalanma normasının gün ərzində 2400-2500 kilokalori olması
2) orqanizm üçün qəbul edilən qida məhsullarının tərkibinə görə - gündəlik tibbi norma üzrə tələb olunan qidaların qəbul edilməsi.
Dostları ilə paylaş: |