Yaponiya. İl ərzində ölkədə 50,5 mln. ton tullantı əmələ gəlir. Yapon məhəllələrinin çox hissəsində qida, məişət və lazımsız əşyalar adı ilə qruplaşdırılan plastmas zibil qablarına rast gəlmək olar. Yaponlar ekoloji mühitin qorunmasına və təkrar emal prosesinə zibilliklərin yaranmasına qarşı ciddi mübarizə aparmaqla başlayırlar. Kənd yerlərində də tullantıların çeşidləndirilməsi üçün xüsusi yerlər ayrılmışdır. Zibil növləri xüsusi gün və vaxtda atılır. Zibillərin toplanması, çeşidlənməsi, daşınması və emalı xüsusi qanunlarla tənzimlənir. Yaponiyada müxtəlif elektrotexnika avadanlığının və ya cihazların tullantısına istehsalçı müəssisə cavabdehdir. Təbliğat və maddi həvəsləndirmə yolu ilə əhalidən köhnə cihaz və avadanlıqların toplanması istehsalçı müəssisənin borcudur. Əks halda yapon qanunlarına əsasən cərimələr tətbiq edilir.
Braziliya. Cənubi Amerikada yüksək inkişaf etmiş ölkə olmasa da, tullantıların emalında fərqlənir. Kuritiba şəhəri məişət tullantılarının toplanmasına görə dünyada birinci yerdədir. Şəhərdə, demək olar ki, bütün plastik və şüşə qablar, metal, kağız və s. tullantılar toplanılır və təkrar emal edilir. Şəhər meriyası pul mükafatı və ya kiçik yemək paketləri müqabilində əhalinin kasıb təbəqəsini tullantı toplanmasına cəlb edir (ay ərzində 400 ton tullantı).
Azərbaycan. Ölkədə tullantıların toplanması, daşınması və zərərsizləşdirilməsi istiqamətində bir sıra işlər həyata keçirilir. Lakin tullantıların çeşidlənməsində əhalinin rolu çox azdır. Tullantılar, əsasən, Bakı, Sumqayıt, Gəncə və digər iri şəhərlərin ətrafında olan tullantı poliqonlarında toplanılır. Bakı şəhərində orta hesabla adambaşına il ərzində 350 kq tullantı düşür. Tullantıların emalına, əsasən, 2009-cu ildən başlanılmışdır. “Təmiz şəhər” ASC layihəsi əsasında Balaxanıda tullantıların emalı zavodunda zibillər bərk, polietilen, metal, kağız və s. olmaqla çeşidlənir. Çeşidlənmiş tullantıların 40%-ə qədəri ikinci emala göndərilir, qalan hissə isə yandırılır və basdırılır.