Əmirəl-mö’mininin (ə) buyuruqlarının bu hissəsinin izahında dedik ki, keçmişdə və gələcəkdə baş vermiş hadisələr arasında müştərək nöqtələr tapılarsa, bu hadisələrin oxşar cəhətləri sübuta yetərsə, birinci hadisəyə aid olan hökmü oxşar məqamlarda ikinci hadisəyə də tətbiq etmək olar. Buna əsasən də Həzrət (ə) buyurur: «Olmuşlardan hələ ki olmamışlar üçün nəticə çıxar. Çünki işlər bir-birlərinin oxşarıdır». Daha sonra oxuyuruq: «Ne’mət sahibinə naşükür olma. Ne’mətə qarşı naşükürlük ən alçaq küfrdür». Qeyd olunduğu kimi, ne’mətə münasibətdə küfr hadisələr arasındakı oxşar nöqtələrdən biridir. Naşükürlük edənlər keçmişdə necə bədbəxt olurdularsa, gələcəkdə də bədbəxt olasıdırlar. Biz də ne’mətə qarşı küfr etmiş olsaq, həmin bəlalarla üzləşəsiyik. Ne’mət dedikdə yalnız geyim, qida, məskən kimi maddi ne’mətlər nəzərdə tutlmamalıdır. Bütün ne’mətlərdən üstün mə’nəvi ne’mətlərdir və bu məsələni unutmamalıyıq. İslam, ilahi rəhbərlik kimi ne’mətlərdən qəflətdə qalmaq bədbəxtlikdir. Bu ne’mətlər heç bir ne’mətlə müqayisə oluna bilməz. Onlar mücahidlərin və alimlərin qanı bahasına əldə olunmuşdur. Bu məfhumların xalqın düşüncəsində möhkəmlənməsi üçün alimlər məs’uldurlar. İnqilabın ne’mətlərindən biri də Qur’ana və müqəddəs dinimizə yetərincə diqqət göstərilməsidir. Əlbəttə, bu iddiada deyilik ki, ölkəmizdə günahdan əsər-əlamət yoxdur. Belə bir arzu həqiqətdən uzaq olardı. Çünki insanlar mə’sum deyillər. Sadəcə, bizlər cəmiyyətin islahı üçün çalışmalı və ne’mətlərin şükrünü yerinə yetirməliyik ki, bu ne’mətlər günbəgün artsın. Allah eləməmiş, bu ne’mətlərin qədrini bilməsək, ilahi rəhbərlik kimi bir ne’mətdən qəflətdə qalsaq, elə bir insanın rəhbərliyi altına düşərik ki, müqəddəs dinimizə bütün qapılar bağlanar. Əgər belə bir xoşagəlməz hadisə baş versə, bütün dini və bəşəri dəyərlər əlimizdən çıxasıdır. Belə bir mənfi nəticənin məs’uliyyəti yalnız bizim üzərimizdədir. «Şura» surəsində buyurulur: «Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahın ucbatındandır».1