İnsanın təbii meyllərə nə dərəcədə tabe olması mövzusu geniş vaxt tələb etdiyindən bu barədə danışmaq fikrindən daşınırıq. Amma qeyd etməliyik ki, bu meyllərin güclənməsində və ya zəiflədilməsində insan mühüm rol oynayır. Demək, bu meyllərə nəzarət etmək mümkündür. Məsələn, moizə dinləmək, dualar oxumaq insandakı ilahi meylləri gücləndirir. Əxlaqi göstərişlərə əməl olunması, müqəddəs dinin ayinlərinə bağlılıq insandakı ilahi meyllərin çiçəklənməsi ilə nəticələnir.
«Şəbaniyyə» münacatında çox ibrətamiz bir tə’bir vardır: «Ey mənim Allahım! Məndə elə bir güc olmadı ki, sənə itaətsizlikdən kənarlaşa biləm. Yalnız dostluq və məhəbbətin üçün məni oyatmağın həmin məqamda yardımçım oldu». Bu tə’birdə insan vücudundakı iki qüvvə xatırladılır. Bunlardan biri günaha, o biri isə savaba doğru çəkən qüvvədir.
Qur’ani-kərimdə də insanı iki müxalif qütbə doğru çəkən qüvvələr haqqında danışılır. Bu cəhətlərdən biri Allaha, digəri isə onun əksinə yönəlmişdir. Daxili bir qüvvə insanı Allaha doğru cəzb edib, onun qəlbini ilahi məhəbbətlə doldurur. Digər bir qüvvə isə insanı nəfs istəklərinə doğru çəkən şeytani qüvvədir. Bu qüvvə insanda vəzifə, var-dövlət, firavan həyat həvəsi yaradır. Yuxarıda zikr olunmuş münacatda insanı Allaha doğru çəkən qüvvə əks qüvvədən böyük tanıtdırılır. Bu qüvvə insanı nəfs istəklərindən uzaqlaşdırıb, Allaha doğru sövq edə bilir. Əgər bu amil güclənərsə, insan qeyri-ilahi qüvvələrin əsarətindən rahatlıqla qurtula bilər.
Elmi araşdırmalar da təsdiq edir ki, insan müxtəlif qüvvələrin tə’sir mərkəzindədir. Bu qüvvələrin hərəsi insanı bir tərəfə çəkir, onu hansısa fəaliyyətə sövq edir. İlahi məhəbbət cazibəsində olanlar heç vaxt şeytana uymur, onun vəsvəsələrinə təslim olmurlar. Peyğəmbərin göndərilməsi, ilahi kitabların nazil olması insanın vücudundakı meylləri tarazlamağa xidmət edir. Sadalanan vasitələr insandakı ilahi meylləri dirçəldir və onların cazibəsini gücləndirir ki, insan qeyri-ilahi qüvvələrin hücumlarından qoruna bilsin.
İnsana bu keşməkeşlərdə yardımçı olan amillərdən biri yaranış aləminin əvvəlinə diqqət göstərilməsidir. Əgər insan inansa ki, varlıq aləminin yaradıcısı Allahdır və bütün işlərin tədbiri Onun əlindədir, Ona təvəkkül edər. Bəli, bə’zən insan bu həqiqətə inansa da, əməl məqamında öz inamını unudub, başqa cür hərəkət edir. Məhz bu vaxt vaizlərin və əxlaq müəllimlərinin nəsihətləri ona köməkçi ola bilər. Moizənin rolu odur ki, insandakı inamları diri saxlasın və bu həqiqətləri daim ona xatırlatsın. Uyğun həqiqətləri daim xatırlayan insan heç vaxt itaətsizlik göstərmir.
Dostları ilə paylaş: |