GƏLƏCƏK KEÇMİŞDƏN FƏRQLİDİRMİ?
Söhbətimizin bu yerində bə’zilərinin iradlarına cavab vermək lazım gəlir. Bə’ziləri keçmişdə baş vermiş hərəkatların uğursuzluğa düçar olduğunu əsas götürüb, növbəti hərəkatların nəticəsini şübhə altına alırlar. Belələri əslində bəhanə gətirərək, öz ictimai və dini vəzifələrindən boyun qaçırırlar.
Qeyd etməliyik ki, onlar hadisələr arasındakı oxşar cəhətləri düzgün müəyyənləşdirə bilməmişlər. Onlar bilmirlər ki, hadisələr arasında fərqli cəhətlər də mövcuddur. Məsələn, hadisənin baş verməsi üçün mövcud şərait nəzərə alınmalıdır. Əgər hansısa hərəkat uğursuzluğa düçar olmuşsa, demək, həmin dövrün şəraiti münasib olmamışdır. Sual oluna bilər ki, bugünkü şərait həmin dövrün şəraiti ilə eynidirmi? Hansısa dövrdə kütlələrin siyasi aktivliyi zəif olmuşdursa, bu o demək deyil ki, bu gün də həmin şərait davam edir. Keçmişdəki hərəkatın uğursuzluğa düçar olmasının əsas səbəblərindən biri insanların siyasi şüurunun yetərsizliyidir. Bu günkü siyasi şüur isə tamam fərqli ola bilər. Demək, eyni bir hadisə bir dövr və şəraitdə baş tutmamışsa, başqa bir dövr və şəraitdə baş tuta bilər.
Bə’zən cəmiyyətdə hansısa azadlıq hərəkatına qarşı elə güclü təbliğat olur ki, insanlar aldadılır və siyasi meydandan kənarlaşdırılır. Həmin təbliğat istənilən bir dövrdə ictimai fəallığı zəiflədir. Bu gün keçmişdən fərqlənə də bilər. Əsrimizin insanları həqiqətdən çox tez xəbər tutur və düşmənin təbliğatlarını dəqiq qiymətləndirməyi bacarırlar. Bu gün keçmişdəki məğlubiyyətləri əsas götürüb, insanları süstləşdirmək yanlış hərəkətdir. Çünki keçmiş dövr ilə bugünkü dövr arasında fərqlər mövcuddur. Əvvəlcə keçmişdəki və bugünkü hadisələr arasında oxşar cəhətlər tapılmalıdır. Yalnız müştərək xüsusiyyətləri nəzərə alaraq, mühakimə yürütmək olar. Oxşar cəhətlər yalnız o vaxt faydalı olur ki, fərqli cəhətlər də nəzərdən qaçırılmasın.
Həzrət (ə) buyurmur ki, bütün hadisələr eynən oxşardır. Aydın məsələdir ki, istilik sevən bitki soyuq şəraitdə inkişaf edə bilməz. Bu məsələdə torpağı əsas götürmək lazımdır. Yə’ni «torpaq torpaqdır» deyib, eyni nəticələr intizarında olmaq sadəlövhlükdür. Hər bir ağac xüsusi bir mühitdə becərilməlidir ki, barlı-bəhərli olsun.
Əgər müşahidə ediriksə ki, keçmişin bə’zi hadisələri bugünkü hadisələrdən fərqlənir, demək bir çox cəhətlər nəzərə alınmamışdır. Hadisələr arasındakı oxşar və fərqli cəhətlər dəqiq müəyyənləşdirilməlidir. Yalnız bir oxşar cəhəti əsas götürüb, fərqli cəhətləri nəzərdən qaçırsaq, müsbət nəticə əldə edə bilmərik. «Torpaq torpaqdır, ağac da ağac» deyərək şimal bitkisini cənubda becərmək ağılsız bir cəhddir. Eyni bir hadisə bir şəraitdə müsbət, digər bir şəraitdə isə mənfi nəticələnə bilər. Diqqətli olmalıyıq ki, bə’zən şərait və səbəblər dəyişir. Bütün bunları nəzərə alaraq, deyə bilərik ki, Həzrətin (ə) buyuruğu ümumişlək bir qaydadır. Amma bir şərtlə ki, hadisələrdəki oxşarlıqlar və fərqlər dəqiq müəyyənləşdirilsin. Nəhayət, Həzrətin (ə) kəlamının izahında deyə bilərik ki, Həzrət (ə) ya moizə məqamında olmuşdur, ya da bu bəyan «xitabə» bəyanıdır.
Dostları ilə paylaş: |