ZƏHMƏTKEŞ ABİDLƏR, İŞSİZ ABİDLƏRDƏN ÜSTÜNDÜR
Ruh ibni Əbdürrəhim, İmam Sadiq (əleyhissalam)-dan nəql edir: «O həzrət, "O şəxslər ki, ticarət və alış-veriş, Allahı xatırlamağı onlara unutdurmur.»2 - ayənin təfsirində buyurur:
«Onlar, hesab-kitab əhli idilər. Hər vaxt namazın vaxtını eşitsəydilər, ticarəti buraxıb namaza gedərdilər. Bunlar, mükafat cəhətdən də üstündürlər!»
Zəhmət və çalığşmağın, onun müqabilində mükafat üstünlüyünə və dəlalat edən belə rəvayətlər çoxdur. Bu barədə, həmin bir iki rəvayətlə kifayətlənirik. Hədəfimiz budur ki, anlaşılsın ki, İslamda, mö`minin işi ilə ibadəti arasında ziddiyyət yoxdur. İşləmək insanın dolanışacağından ötrü olarsa, ibadətdən də üstündür. Çünki, işsiz və fəaliyyətsiz ibadətin qiyməti olmaz. Əvvəlcə, insanın iqtisadi vəziyyəti yaxşı olmalıdır ki, ibadətlə məşğul ola bilsin və onu ixlasla yerinə yetirsin. Əmirəl-mö᾿minin Əli (əleyhissalam) buyurur:
«Torpağı və suyu olub, fərasətsizliyi üzündən iqtisadi əziyyəti fəqirliklə olanı, Allah Öz rəhmətindən uzaqlaşdırar.»3
Bir gün Rəsuli-Əkrəmin (səlləllahu əleyhi və alehi və səlləm) hüzurunda, zöhd və təqvada üstün olan, oruc və namazla məşğul olan bir nəfərdən söz açılır, dedilər: Ya Rəsuləllah! Biz, ondan üstün abid tanımırıq! Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Nə ilə məşğuldur? Deyirlər: İşsizdir. Buyurdu: Bəs yaşayış xərcini hardan ələ gətirir? Deyirlər: Onun yaşayış xərcini biz veririk. Buyurdu: Sizin hamınız ondan abidsiniz!4
3. İBADƏTLƏRDƏN BİRİ DƏ DUADIR
Dua, çağırmaq mə᾿nasında olub, ibadətdən hesab olunur. Çünki, dua, bəndə ilə Allah arasında rabitə vasitəsidir. İnsanın həyat yolunda çoxlu hadisələr və yeniliklər qarşıya çıxır. Başqa tərəfdən, insanın özü təkbaşına bütün müşkülatların həll etməyə qadir deyildir. Ona görə də, insana, arxa və pənah yeri lazımdır. O da Allahdır. Dua, Allaha yaxın olmaq üçün vasitədir. Allah özü bu barədə buyurur:
«Rəbbiniz buyurdu: Məni çağırın, Mən də sizin dualarınızı qəbul edim. Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar tezliklə zillət və xarlıqla Cəhənnəmə girəcəklər.»1
Bu ayədən aydın olur ki, Allahı çağırmaq, Onun xoşuna gəlir və Onun özünün razılığına səbəb olur. Allah Onu çağırana duasını qəbul etməsini və᾿d edir. Onu da bilirik ki, bu və᾿də, mütləq yox, şərtlədir. O dua qəbul olunur ki, lazımı şəraiti olsun!
Dua etməyin özü bir növ ibadətdir. Çünki, ayədə ibadət dua mə᾿nasında aid olur. "Bəqərə" surəsində buyurur:
«Bəndələrim Məni səndən soruşduqda söylə ki: Mən yaxınam. Dua edib Məni çağıranın duasının qəbul edərəm. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.»
Bu ayədə, Allah-taala yeddi dəfə, Öz pak zatına və yeddi dəfə də, Öz bəndələrinə işarə edir. Bununla da, Allahın bəndələri ilə nə qədər sıx rabitədə və yaxın olduğu təcüssüm olunur.
Dua bir növ təvazökarlıq və ibadətdir. Hər bir ibadətin tərbiyəvi tə᾿siri olduğu kimi duanın da belə tə᾿siri vardır. Bu ayənin nazil olması barəsində nəql olunur: «Ərəblərdən bir nəfər İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) hüzuruna gələrək belə sual edir: Allahımız bizə yaxındır ki, Onunla münacat və razi-niyaz, edək yoxsa uzaqdır, Onu nida edib çağıraq? Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) sükut edir. Cəbrail nazil olur və Allahdan həmin ayəni gətirir.»
DUA VƏ YA ALLAHI ÇAĞIRMAQ RUHİ XƏSTƏLİKLƏRİN ƏLACI
Dərd-qəmə batmış insanın zehninə həmişə, müxtəlif fikirlər gəlir və çalışır ki, qəlbində bu fikirlərin vasitəsilə özünü sakitləşdirsin. Dua, insanın belə halətlərdə rahatlıq tapıb şəfa əldə etməsinə səbəb olur.
ƏZİYYƏTLƏR SƏBƏB OLUR Kİ, ALLAHI XATIRLAYASAN
Bə`zi insanların təbiətinə əsasən, ne᾿məti bol olduqca, öz Allahından qafil olur. Ancaq, özünü giriftarçılıq bataqlığında gördükdə, qəflət pərdələri gözünün önündən kənara çəkilir və insan, öz mə᾿buduna diqqət edir. Allah-taala, bu barədə buyurur:
«İnsana ne᾿mətlər bəxş etdiyimiz zaman üz döndərər [mə᾿buduna] diqqət etməz, ancaq ona pisliklər yetişdikdə isə giriftarçılıqlarını aradan aparması üçün duaları çoxalar.»1
RƏVAYƏTLƏRDƏ DUA NECƏ BƏYAN OLUNUR
İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql olunan rəvayətdən birində oxuyuruq: «Dua etmək ibadətdir.»2
İmam Sadiq (əleyhissalam)-dan nəql olunan hədisdə isə ravi nəql edir: «Dostlarımdan biri, o həzrətin yanına gəlib soruşur: İki nəfərin məscidə girib, biri çoxlu namaz qılıb, digəri isə çoxlu dua etməsi barəsində nəzəriniz nədir? (hansının daha çox savabı var?) Həzrət buyurdu: Hər ikisi yaxşıdır! Sual edən soruşdu: Hansı daha çox savab işi görür? İmam buyurdu: O kəs ki, çox dua etməklə məşğuldur, o daha böyük ibadətdir!»3
4. BƏ᾿Zİ BAXMAQLAR İBADƏTDİR
Baxmaq və nəzər salmaq, insanın elminin və mə᾿rifətinin artmasına yaxud, onun ibrət almasına səbəb olur. İslam nöqteyi-nəzərindən, bə᾿zi baxmaqlar və salmalar ibadət hesab olunur. Əmirəl-mö᾿minin Əli (əleyhissalam) buyurur:
«Adil, ədalətli alim və rəhbərliyin üzünə baxmaq, ibadətdir, Ata-anasının üzünə lütf və rəhmət üzündən baxmaq, ibadətdir, həmçinin, Allah yolunda onu dost tutmaqdan ötrü qardaşın çöhrəsinə nəzər salmaq, ibadətdir.»1
Aydındır ki, nəzər salmaq və ya baxmaq, Allaha görə olsa, ibadət sayılır və Allah da, belə ibadətə savab verir.
BÜTÜN HALLARDA İBADƏT
Din bizə deyir ki: İnsan, Allaha ibadəti bütün hallarda hifz etməli həmişə, özünü Allahın hüzurunda hiss etməlidir. Qəm-qüssə, şadlıq, fəqirlik, dövlət, sağlamlıq ümumiyyətlə, bütün halətlər, onun bu niyyətinə tə᾿sir etməməlidir. Bə᾿zi Allah bəndələri, bir cəhətli ibadətlə məşğul olurlar. Allah-taala Qur᾿anda belə şəxslərin halətlərinə işarə edərək buyurur:
«İnsanlardan eləsi var ki, Allaha dilində ibadət edər [qəlbi cəhətdən imanı çox zəifdir]. Əgər dünya ona tərəf gəlib bir xeyir yaxud, fayda verərsə [iman cəhətdən] möhkəmləşərlər, yox əgər imtahan üzündən onlara bəla, müsibət üz versə dəyişərlər, küfrə üz tutarlar. Beləliklə, həm dünyanı əldən verər, həm də Axirəti. Bu açıq-aşkar ziyan və xəsarətdir.»2
"Dillərində" ifadəsi ola bilsin, bu məsələyə işarə olun ki, onların imanları ən çox dillərindədir, qəlblərində zəif iman nurundan başqa bir şey yoxdur. Həmçinin, buna işarə ola bilər ki, onlar İslam və imanın mətnində qərar tutmamışlar. Bəlkə də, onun kənarında və qırağındadırlar. Bildiyimiz kimi, hər kəs bir şeyin kənarında olsa, möhkəm olmaz və azacıq təkan vurmaqla öz yolundan xaric olar.
Bu ayənin şərhində Zürarə, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki: «Bir dəstə şəxslər şirkdən əl götürüb, Allaha ibadətlə məşğul olurlar və Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) qəbul etmirlər. Bu əsasa görə onların imanları şəkk üzündən idi. Onlar deyirlər: Əgər Allah bizim mal-dövlətimizi və övladlarımızı artırsa, qəbul edərik ki, o Allahın rəsuludur. Əgər belə olmasa xeyr!" Allah bu ayədə buyurur: "Onların ibadəti, bir tərəfli və dəyərsiz idi."
SƏMİMİ QƏLBLƏ İBADƏT
Məhəmməd ibni Yəhya, Əhməd ibni Məhəmməddən, o da iki vasitə ilə İmam Məhəmməd Baqir (əleyhissalam)-dan nəql edir ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: «Agah olun! Hər ibadətin bir ləzzət və rəğbəti var. Bir az keçdikdən sonra insanı tənbəlliyə çəkir. Beləliklə, hər kəs ibadətin ləzzətini mənim adətim üzrə yerinə yetirsə, hidayət olar, hər kim mənim yolum və adətimlə müxalif olsa, zəlalətə düşər, əməli isə ziyan və zərər olar. Agah olun! Mənim adətim budur: Namaz qılıram, yatıram, oruc tuturam, iftar edirəm, gülürəm, ağlayıram. Hər kəs mənim yolumdan dönsə, məndə deyil. O vaxt buyurdu: Moizədən ötrü ölüm kifayətdir. Yəqin və inanmaqdan ötrü təkcə ehtiyacsızlıq, məşğuliyyətdən ötrü təkcə ibadət kifayətdir.»1
İmam Sadiq (əleyhissalam) buyurur: «Hər kəsin bir meyl və rəğbəti var. Hər rəğbətdən ötrü bir meyilsizlik, bəs xoş o kəsin halına ki, meyilsizliyidə xeyirə tərəf olsun.»2
Yenə də Həfs ibni Boxtəri, İmam Sadiq (əleyhissalam)-dan nəql edir: «İkrah və yorğun halında ibadəti özünüzə yük eləməyin!»3
İBADƏTDƏ İFRATA YOL VERMƏMƏK
Qeyd edildiyi kimi rəvayətlər bizə tövsiyə edir ki, yaxşı ruhiyyə və səmimi qəlbdən ibadət edək. İbadətin özümüzə tə᾿sir bağışlamasından ötrü aşiqanə ibadət edək, yorğunluq və rəğbətsizlik halında olan ibadətdən çəkinin. Yorğunsansa, Allahla münacat meylini əldən vermisən. Belə şəxsin ibadəti, ruhsuz heykəlin ibadətinə bənzər. Həmçinin, ibadətdə ifrat-təfritə də yol verməyin. İbadətdə özünüzü orta səviyyəli qərar verin. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) tövsiyə edir ki, yorğun halında ibadətdən çəkinin!
Əmr ibni Cəmi, İmam Sadiq (əleyhissalam)-dan nəql edir: «İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurur: Əlican! Bu din, möhkəm və mətindir. Ona, şad ürəklə daxil ol. Yorğun, qəzəbli halında özünə ibadəti yük etmə. Çünki, ifrata varan şəxsin nə arxası, nə də yolu olar ki, onu keçsin. Beləliklə, əməl vaxtı qocalıb ölməyə hazırlaşan, Allahdan qorxanda, elə şəxs kimi qorx ki, sabah öləcək."1
İmam Sadiq (əleyhissalam) başqa bir hədisdə buyurur: «Mən (Kə᾿bə evinin) təvafı halında idim. Kiçik yaşlı idim. Atam yanımdan ötüb mənə baxdı. Möhkəm təvaf ibadəti ilə məşğul idim. Üz-gözümdən tər dənələri axırdı. Buyurdu: Ey Cə᾿fər! Oğlum! Əgər Allah bəndəsini sevirsə, onu Behiştə daxil edər və onun az ibadətinə də razı olar.»2
Nəticə budur ki, bütün işlərdə olduğu kimi ibadətdə də ifrat- təfritə yol verilməməlidir.
İslam dünyagörüşündə, Allahı tanımaq məktəbinin fəlsəfəsində ilk səbəb və birinci tə᾿siredici qüvvə, Allahdır. Yerdə qalan başqa səbəblər, bu səbəbin yanında yox, bəlkə də, onların səbəb olmalarının hamısı, Allah tərəfindəndir. Allahpərəst bir şəxslə, materialist bir şəxsin də fərqi həmin yerdədir. Materialist, maddi səbəblərə əsalət verir və bütün tə᾿sirləri müstəqil sayır. Halbuki, Allahpərəst və müvəhhid bir şəxs, illət (səbəb) və mə᾿lul (nəticə) nəzminə etiqad bəsləməklə, yanaşı hər şeyi Ona istinad verir. Şair buyurur:
Təbii və maddi səbəblərin, müstəqil və qeyri-müstəqil olması məsələsi tövhidlə şirkin əsas sərhədidir. Bu hüdudu qorumaqla, müvəhhid şəxs (Allahpərəst), müşrikdən yaxşılıqla ayrılır. Qur᾿an ayələrinin mütaliəsindən sonra aydın olur ki, yaradılış dünyasında heç bir qüdrətin, Allah qüdrətinin kənarında durmağa qabiliyyəti yoxdur. Heç bir səbəbin tə᾿siri, onu vücuda gətirənsiz ola bilməz, Qur᾿an buyurur:
«Qurunun və dənizin zülmətlərində sizə doğru yol göstərən kimdir? Küləkləri öz rəhməti önündə bir müjdəçi olaraq göndərən kimdir? Məgər Allahdan başqa tanrı varmı? Allah Ona şərik qoşanlardan ucadır!»1
«İnsanlar ümidsizliyə qapılandan sonra, yağmur göndərən ne᾿mətini açıb paylayan Odur!»2
Qur᾿an, tövhid, yə᾿qinlik və xalis niyyətlə pərəstiş etməyən şəxslərin vəziyyətini belə bəyan edir:
«İnsanlara fəqirlik toxunduğu zaman Rəbbinə tərəf dönüb ona tövbə edərlər. Sonra Allah Öz mərhəmətindən onlara daddıran kimi içərilərindən bir qismi Rəbbinə şərik qoşar.»3
«Gəmiyə mindikləri zaman xalis niyyətlə Allahı çağırarlar, ancaq Allah onları sağ-salamat sahilə çıxaran kimi yenə də [Ona] şərik qoşarlar.»4
«De ki: Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır! Sonra sizlər yenidən müşrik olursunuz.»5
İNSANIN İLAHİ MƏQAMI VƏ ÜÇLÜYÜN QUR᾿AN NƏZƏRİNDƏN ƏSASSIZLIĞI
İmam Səccad (əleyhissalam) buyurur: «Allahın böyük haqqı budur ki, Ona heç bir şeyi şərik qoşma!» Biz bura qədər ibadət və hansı əməllərə ibadət deyilməsi barəsində bəhs etmişik. İndi də hədisdəki, «Allaha heç bir şeyi şərik qoşma" cümləsi barəsində yə᾿ni, şirk və onun müxtəlif mərtəbələrini xülasə şəkildə bəhs edəcəyik. Tövhidin mərhələləri müxtəlif olduğu kimi şirkin də mərhələləri müxtəlifdir.
Nümunə üçün zatda tövhid, vəsfdə tövhid, işlərdə tövhid, ibadətdə tövhid və s. olduğu kimi şirkin də özünəməxsus mərtəbələri vardır.
ALLAHIN ZATINA ŞƏRİK QOŞMA
Qur᾿an nazil olan əsrdə xaçpərəstlər, İsa Məryəm oğlunu, Allah adlandırırdılar. Qur᾿an onları kafir adlandırır:
«Məryəm oğlu Məsih Allahdır, deyənlər şübhəsiz ki, kafir oldular. Onlara de: Əgər Allah Məryəm oğlu Məsihi, anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə [bu işdə] kim Ona bir şeylə mane ola bilər?»1
«Allah üç nəfərdən biridir, deyənlər əlbəttə kafir oldular. Halbuki bir olan Allahdan başqa heç bir tanrı yoxdur.»2
Birinci ayədə, aydın dəlillə buyurur: Allah, insanı həlak edə bilər. Təkcə insanı yox, bəlkə də, bütün insanları məhv edə bilər.
Şübhdə yoxdur ki, bütün məsihilər İsanı, Məryəmin oğlu kimi tanıyırlar və bunu həmişə deyirlər ki, İsa Məryəmin oğludur. Əgər o, Məryəmin övladıdırsa, başqa insanlar kimi ölümü və həyatı öz əlində olmaz. Belə olan halda, o, özünün ölümü və həyatının sahibi deyilsə, necə Allah ola bilər? Bu ayədə İsanın bəşər olmasına tam şəkildə diqqət yetirilmişdir. Ona görə də, İsa, “Məryəmin övladı" kimi ünvanla vəsf olunmuşdur.
Başqa Qur᾿an ayəsində, İsanın yemək yeməsinə və onun təama ehtiyacını vurğulayır. Buyurur:
«Məsih [İsa] və anası təam meyl edirlər.»3 Yə᾿ni, İsa və anasının başqa peyğəmbərlərlə fərqi yoxdur. İsa Məsihin, Allahın övladı olması məsələsi, Allahın zatına şirkin nisbət verilməsi, əslində, yeganə Allahı, üç allahlar şəklində cilvə verməkdən ibarətdir. Qur᾿anın sözü budur ki, xaçpərəstlərin, Allah ünvanı ilə ibadət etdikləri İsa Məsih budur. O, Allahın məxluqu olub, Onun rəhməti sayəsidə böyüyəndir.
«Allahdan başqa ibadət etdikləriniz də sizin kimi bəndələrdir!»4
«Sizin Allahdan başqa tanıdıqlarınız isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!
Əgər siz onları doğru yola tərəf çağırsanız, eşitməzlər. Sən onları sənə baxan görərsən, halbuki onlar görməzlər.»1
Qur᾿an kitab əhlini bu mövzuda müxatəb qərar verərək buyurur:
«[Ya Məhəmməd!] Söylə ki: Ey kitab əhli! Sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! [O kəlmə budur ki:] Allahdan başqasına ibadət etməyək. Ona bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi [özümüzə] Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman [onlara] deyin: İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq!»2
Yuxarıdakı ayə, şirkin bütün mərtəbələrini izah edir. Yə᾿ni, heç bir sahədə Allaha şirk qərar verməmək.
İBADƏTDƏ ŞƏRİK
Qur`an buyurur: «[Ya Peyğəmbər!] Onlara de ki: Mən də sizin kimi ancaq bir insanam. [Mənim üstünlüyüm bundadır ki:] Mənə vəhy olunur ki, sizin tanrınız tək olan Allahdır. Hər kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görməkdə ciddi olsun və Rəbbinə etdiyi ibadətə heç kəsi şərik qoşmasın!»3
Bu ayə, ibadətdə Allaha şərik qoşmaqdan çəkindirir. Aydınlaşdırır ki, insan öz ibadət və pərəstişini yalnız, Allahdan ötrü etməlidir. Həmin ayənin izahında, ravi Əbül Careyd, İmam Baqir (əleyhissalam)-dan nəql edir ki, buyurur:
«İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) bu şərif ayə barəsində sual olundu. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: Özünü əhaliyə göstərməkdən ötrü namaz qılan şəxs müşrikdir, özünü əhaliyə göstərməkdən ötrü zəkat verən müşrikdir, özünü əhaliyə göstərməkdən ötrü həccə gedən müşrikdir.
Allahın ona əmr etdiyi işi görüb, bu işə görə əhaliyə minnət qoyan, müşrikdir. Allah, riyakarların əməlini qəbul etməz.»
Cərah Mədaini, İmam Baqirin (əleyhissəlam) bu ayə barəsindəki sözünü nəql edərək, buyurur:
«Birisi savab iş görür, ancaq Allahın razılığını nəzərə almır. Çox istəyir ki, öz əməlini insanlara göstərsin. Çox istəyir ki, əhali onun əməlini tə᾿rifləsin. Belə bir şəxs, ibadətdə Rəbbinə şərik qərar vemişdir.»
Sonra buyurur: «Elə bir bəndə yoxdur ki, gizlində xeyir bir iş görsün, zaman keçdikdən sonra Allah onun xeyir işini zahir etməsin. Elə bir bəndə yoxdur ki, çirkin işi gizlətsin, zaman keçdikcə Allah onun bu işini şər ünvanı ilə aşkar etməsin!»1
Ravilərdən, Zürarə və Həmran, İmam Baqir və İmam Sadiqdən (əleyhumassəlam) nəql edirlər ki, buyururlar:
«Əgər bəndə yaxşı bir iş görüb, Allahdan rəhmət və Axirəti tələb etsə, həmçinin, Allahdan başqasının da razılığını nəzərə alsa, belə şəxs müşrikdir.»2
QUR᾿ANDA MÜŞRİKLƏRİN ƏMƏLLƏRİNƏ ƏN YAXŞI MİSAL
Qur᾿ani-Kərim müşriklərin şirklə qatışmış əməllərini belə mə᾿nalandırıb misal gətirərək, buyurur:
«[Həcc əməllərini yerinə yetirin] batildən haqqa dönərək yalnız Allaha təslim olduğunuz və Ona şərik qoşmadığınız halda! Allaha şərik qoşan kimsə, göydən düşən quşların onu sür᾿ətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər.»3
Əslində bu ayədə, göy, tövhidə kinayədir. Şərik qoşmaq, insanın bu aləmdən aşağı düşməsinə səbəb olur. İnsan, bu uca məqamdan aşağı endikdə iki aqibətdən birinə giriftar olur: Ya yerə çatmamışdan əvvəl, leş yeyən quşların qida maddəsi olur, başqa sözlə desək, insan, tövhid sahəsindən çıxmaqla, hər birisi insanın varlığını məhv edən həva-həvəslər caynağına giriftar olur. Yaxud, tövhidi əldən verdikdən sonra salamat qalarsa, sonradan elə bir tufan burulğanına giriftar olur ki, bu tufan, insanı bir anda yerə çırpır. Belə ki, bədəni parça-parça olub, hər bir zərrəsi bir tərəfə düşür. Bu tufan sanki, həmişə insana yaxın Şeytana kinayədir.
Doğrudan da şirk qoşmağa, bundan daha gözəl və aydın bənzətmə ola bilərmi? Bir mətləbə də daha çox diqqət olunmalıdır. Bu gün sübut olunmuşdur ki, insan, azad şəkildə aşağı tullanan anda heç bir çəkisi olmur. İnsanın bu zaman fövqəl`adə iztirab hissi keçirməsi də, həmin çəkisizliyinə görədir.
Bəli! Hər kəs imandan çıxıb şirk qoşmağa tərəf gəlsə, sabit güvənc yerini əldən verər və onun ruhunda belə bir çəkisizlik əmələ gələr. Onun ardınca da, həmin şəxsə fövqəl`adə qəribə bir iztirab hissi hakim olar.1
BƏNİ-ÜMƏYYƏ, ŞİRKİN TANINMASINA MANE OLUB
İmam Sadiq (əleyhissəlam) buyurur:
«Bəni-üməyyə, iman və onun mahiyyətini öyrənməyi əhalidən ötrü azad buraxmışdılar. Lakin, şirk qoşmağı və onun tanınmasını azad qoymamışdılar. Ona görə ki, müsəlmanları şirkə tərəf çağıranda, onlar anlaya bilməsinlər ki, Bəni-üməyyə, onları şirkə tərəf də᾿vət edir.»2
Mərhum Feyz Kaşani bu hədisin şərhində, "Şafi" kitabında belə yazır: «Bəni-üməyyə çox həris idilər ki, əhali, sözsüz-söhbətsiz onlardan itaət etsinlər. Ona görə də, iman və tövhid yolunu tanımağı azad, amma şirki tanıyıb ondan çəkinmək yolunu bağlamışdılar. Çünki, əgər əhali şirkin mahiyyətini anlamasalar, onu tez qəbul edərlər. Lakin, şirkin mə᾿nasını dərindən bilib anlasalar, qəti şəkildə Bəni-üməyyədən itaət etməyəcəkdilər!»3
Ümumiyyətlə, təkcə Bəni-üməyyə yox, bəlkə də, dünyanın bütün qoluzorluları və qüdrət sahibləri çalışarlar ki, insanlar elm və mə᾿rifət sahəsinə qədəm qoymasınlar. Nə qədər çox anlamasalar, yaxşı itaətdə olarlar. O, səbəbdəndir ki, İslam mədəniyyətində elm öyrətmək və maariflənmək, cəhalət və savadsızlığa qarşı mübarizə, ən yaxşı ibadət və ən mühüm vəzifədir.
GİZLİ ŞİRK
Gizli və batini şirki bəyan etməkdən ötrü İmam Sadiq (əleyhissəlam)-ın, İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alihi və səlləm) nəql etdiyi rəvayətə işarə edirik:
«Müs᾿ədət ibni Sədəqə, İmam Sadiq (əleyhissəlam)-dan nəql edir ki, o həzrətdən, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) gizli şirk barəsindəki sualın cavabında buyurduğu: «Gizli şirk, gecə zülmətində qara daşın üzərində hərəkət edən qarışqadan da görünməzdir.» - hədisi haqqında soruşurlar. Peyğəmbərin bu hədisi barəsində İmam Sadiq (əleyhissəlam) buyurur: «Mö᾿minlər, Peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) zamanında müşriklərin bütlərini təhqir etmişdilər. Nəticədə, müşriklər də mö᾿minlərin Allahına cavab qaytarmışdılar.”
Ayə nazil olur. Allah, mö᾿minləri bu işdən çəkindirir ki, müşriklərin ağzı yumulsun. Belə olmayan halda, mö᾿minlər özləri də bilmədən Allaha şərik qərar verərlər. Allah-taala, Ə᾿nam surəsinin 108-ci ayəsində buyurur:
«Müşriklərin Allahdan başqalarına tapındıqlarını söyməyin!»
Bu hədisdə, «gizli və batini» şərik qoşmanın İslamda nə qədər ciddi məsələ olması mə᾿lum olur. Belə şirkdən Allaha pənah aparırıq. İndi də İmam Səccadın (əleyhissəlam) buyurduğu bu cümləyə işarə edək:
Buyurur: «Allahın sənin boynundakı haqqı budur ki, Ona ibadət edəsən və Ona şərik qərar verməyəsən. Əgər belə bir işi (ibadəti) xalis niyyətlə yerinə yetirsən, Allah Özünə vacib etmişdir ki, dünya və Axirət işlərində sənə şəfaət etsin. Sənin çox bəyəndiyin şeyi sənin üçün saxlasın!»
Allahdan belə bir haqqı yerinə yetirə biləcəyimizə münasib fürsət istəyirik!
Dostları ilə paylaş: |