İQTİSADİ TƏŞƏBBÜSLƏRƏ YARDIM
İCTİMAİ BİRLİYİ
Azərbaycan Respublikasının
2016-cı il dövlət büdcəsi (proqnozu) ilə bağlı
R Ə Y
BAKI – 2015
Rəy dövlət maliyyə siyasətində və büdcə müzakirələrində ictimai iştirakçılığı genişləndirmək, büdcə siyasətinin hazırlanması və həyata keçirilməsinə vətəndaş cəmiyyətinin töhfəsini artırmaq və 2016-cı ilin dövlət büdcəsini geniş ictimaiyyətə izah etmək məqsədiylə işlənilib.
Rəyin mətbuatda dərc edilməsi, habelə hökumətin müvafiq qurumlarına göndərilməsi nəzərdə tutulur.
Rəy İqtisadi Təşəbbüslərə Yardim İctimai Birliyinin ekspert qrupu tərəfindən hazırlanıb
Az1102, Azərbaycan, Bakı şəhəri,
Tbilisi prospekti, 2-ci Alatava küçəsi, 9, 3-cü mərtəbə
Tel: (99412) 4317713
Fax: (99412) 4317713
E-mail: sei@azeronline.com
Web: www.sei.az
© İqtisadi Təşəbbüslərə Yardim İctimai Birliyi
MÜNDƏRİCAT
Giriş 4
I. 2016-cı il dövlət büdcəsinin qısa statistik mənzərəsi 6
II. Büdcə gəlirləri siyasəti üzrə müşahidə olunan əsas meyllər 9
III. Büdcə xərcləri siyasəti üzrə müşahidə olunan əsas meyllər 13
IV. Dövlət borcu və dövlət büdcəsinin kəsiri üzrə əsas meyllər 16
Nəticə və tövsiyələr 17
Giriş
Azərbaycan iqtisadiyyatı artım perspektivləri baxımından cox mürəkkəb bir mərhələyə daxil olub: neftin dünya bazar qiymətlərinin ötən (2014-cü) ilin ortalarından başlayan və indiyədək davam edən azalma tendensiyası ölkədə son 10 ildə baş vermiş iqtisadi artımın və iqtisadi fəallığın başlıca mənbəyi rolunda çıxış edən neft gəlirlərinin kəskin azalmasına gətirib çıxarıb. Neft gəlirlərinin sürətlə azalması isə ölkənin makroiqtisadi və maliyyə sabitliyinə real təhdidlər yaradıb: bu ilin əvvəlində (fevralın 21-də) ölkənin milli valyutası 25,7 faizlik1 devalvasiyaya məruz qalıb2, maliyyə və bank sferalarında, habelə valyuta bazarında gərginlik yüksəlib, ölkənin strateji valyuta ehtiyatları sürətlə azalmaqda davam edir.
2006-cı ildən bəri ölkənin dövlət büdcəsinin gəlirlərinin yarıdan çoxu məhz birbaşa neft sektoru və neft gəlirləri hesabına formalaşdığından neft gəlirlərinin azalmasının dövlət büdcəsinin icrasına mənfi təsirı özünü dərhal - elə carı (2015-ci) ilin dövlət büdcəsinə münasibətdə - göstərib: qanunla təsdiq edilmiş məbləğlə müqayisədə bu ilin sonuna büdcə gəlirlərinin 12,1 faiz (yaxud 2358,0 milyon manat), xərclərinin isə 16,0 faiz (yaxud 3370,0 milyon manat) az olması gözlənilir.
Neft gəlirlərinin, deməli həm də büdcə gəlirlərinin, kəskin azalması dövlətin maliyyə imkanlarını məhdudlaşdırmaqla hökumətin üzərinə düşən sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsinə problemlər yaradır. Belə bir durum hökumətdən büdcənin qeyri-neft gəlirlərinin artırılması üçün vergi bazasının genişləndirilməsini, büdcə xərclərinin səviyyəsinin optimallaşdırılmasını, dövlət vəsaitlərinin istifadəsinin səmərəliliyinin yüksəldilməsini, daha səmərəli və son nəticələrə yönəlik büdcə siyasətinin həyata keçirilməsini tələb edir. Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi belə mürəkkəb bir iqtisadi dövrdə - iqtisadi proseslərdə qeyri-müəyyənliyin artdığı, böhran meyllərinin gücləndiyi və sərt büdcə məhdudiyyətlərinin olduğu bir şəraitdə - hazırlanıb və qəbul edilib.
Dövlət büdcəsi hökumətin iqtisadi siyasətinin güzgüsü hesab olunur. Bu baxımdan 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsinin təhlili hökumətin gələn il üçün müəyyən etdiyi və həyata keçirməyə hazırlaşdığı iqtisadi siyasəti qiymətləndirməyə imkan verir.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri 2016-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı zəruri araşdırma və təhlil işləri aparmaqla bu rəyi hazırlayıblar. Rəydə növbəti ildə büdcə gəlirlərinin və xərclərinin formalaşmasında müşahidə olunan əsas meyllər müəyyən edilib, habelə gələn il həyata keçiriləcək büdcə siyasətinin iqtisadi proseslərə təsiri qiymətləndirilib.
Rəyin hazırlanması zamanı aşağıdakı sənədlər öyrənilib, oradakı məlumatlar əsasında zəruri araşdırmalar və təhlil işləri həyata keçirilib:
-
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu (20 oktyabr 2015-ci il),
-
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (7 dekabr 2015-ci il)
-
2016-cı il dövlət büdcəsi haqqında qanun layihəsi ilə birlikdə Milli Məclisə təqdim edilən büdcə zərfinə daxil olan sənədlər toplusu,
-
“Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi və s.
Biz bu rəyi hazırlayıb ictimaiyyətə açıqlamaq istədiyimiz gün – 2015-ci il dekabrın 21-də Mərkəzi Bank növbəti dəfə milli valyutanın devalvasiya edildiyini (bu dəfə manat 32,3 faiz dəyərsizləşdi, ABŞ dollarının manata nəzərən məzənnəsi 44,6 faiz artdı) və manatın “üzən” kurs siyasətinə keçidi bəyan etdi. Beləliklə, 2014-cü il ərzində Azərbaycan manatı 2 dəfə devalvasiyaya məruz qaldı və il ərzində ABŞ dollarına münasibətdə demək olar 2 dəfə dəyərini itirdi. 2016-cı ilin bücə proqnozu ilə bağlı apadığımız təhlil və qiymətləndirmə göstərir ki, hələ bu da milli valyutanın dəyər itirməsinin son həddi deyil: ölkədə iqtisadi böhran və manatın dəyərsizləşməsi prosesi davam edəcək.
Rəy dövlət maliyyə siyasətində və büdcə müzakirələrində ictimai iştirakçılığı genişləndirmək, büdcə siyasətinin hazırlanması və həyata keçirilməsinə vətəndaş cəmiyyətinin töhfəsini artırmaq və 2016-cı ilin dövlət büdcəsini geniş ictimaiyyətə izah etmək məqsədiylə işlənilib.
Rəyin mətbuatda dərc edilməsi, habelə hökumətin müvafiq qurumlarına göndərilməsi nəzərdə tutulur.
I. 2016-cı il dövlət büdcəsinin qısa statistik mənzərəsi
a) Büdcə gəlirləri üzrə:
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununda dövlət büdcəsinin gəlirləri 14566,0 mln. manat nəzərdə tutulur. Bu, 2014-cü il dövlət büdcəsinin faktiki gəlirləri ilə müqayisədə 3834,6 mln. manat və ya 20,8 faiz, 2015-ci ilin qanunla təsdiq edilmiş büdcə gəliri üzrə proqnoz göstərici ilə müqayisədə 4872,0 mln. manat və ya 25,1 faiz azdır (qeyd etməliyik ki, bu, 2015-ci ilin ilin sonuna dövlət büdcəsinə toplanması gözlənilən vəsaitdən 2514,0 mln. manat və ya 14,7 faiz azdır).
2016-cı ildə dövlət büdcəsi gəlirlərinin illik ÜDM-ə nisbəti 25,2 faiz səviyyəsində olması nəzərdə proqnozlaşdırılır. Gələn il dövlət büdcəsinin qeyri-neft gəlirlərinin illik ÜDM-ə nisbəti 11,7 faiz, büdcənin qeyri-neft daxilolmalarının ölkədə il ərzində yaradılacaq qeyri-neft ÜDM-ə nisbəti isə 16,3 faiz səviyyəsində olması gözlənilir.
Proqnoza əsasən, 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 6000,0 mln. manatı (büdcə gəlirlərinin 41,2 faizi) Dövlət Neft Fondunun transferti, 3336,0 mln.manatı (22,9 faizi) əlavə dəyər vergisi (ƏDV), 1806,6 mln.manatı (12,4 faizi) hüquqi şəxslərin mənfəət vergisi, 957,0 mln.manatı (6,6 faizi) fiziki şəxslərin gəlir vergisi və 637,0 mln.manatı (4,4 faizi) aksiz vergisi hesabına formalaşacaq.
2015-ci ilin proqnozu ilə müqayisədə 2016-cı ilin dövlət büdcəsinə mədaxil üzrə Dövlət Neft Fondundan transfertin məbləği 4338,0 mln.manat, hüquqi çəxslərin mənfəət vergisi üzrə 389,4 mln.manat, ölkədə istehsal edilən və qiymətləri tənzimlənən məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən daxilolmalar üzrə 77,0 mln.manat, əlavə dəyər vergisi üzrə 10,0 mln.manat az olması, sadələşdirilmiş vergi üzrə 25,0 mln.manat, yol vergisi üzrə 19,4 mln manat, xarici dövlətlərin hökumətlərinə verilmiş kreditlər üzrə daxilolmalar üzrə 11,5 mln.manat, hüquqi şəxslərin əmlak vergisi üzrə 11,2 mln.manat və sair daxilolmalar üzrə 6,7 mln.manat çox olması gözlənilir.
Qanunla təsdiq edilmiş proqnozlara əsasən, gələn il dövlət büdcəsinə daxilolmaların 94,7 faizi (yaxud 13799,6 mln.manatı) mərkəzləşdirilmiş gəlirlərin, qalan 5,3 faizi (766,3 mln.manatı) isə yerli gəlirlərin hesabına baş tutacaq.
2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 45,3 faizi Vergilər Nazirliyinin, 10,9 faizi Dövlət Gömrük Komitəsinin və 41,2 faizinin Dövlət Neft Fondunun xətti ilə büdcəyə cəlb ediləcək, qalan 2,6 faizi isə digər mənbələrdən əldə ediləcək.
2016-cı ildə dövlət büdcəsinə vergi orqanları tərəfindən toplanası 6602,0 mln.manatın 1790,0 mln.manatı (27,1 faizi) neft sektorundan, 4812,0 mln.manatı (72,9 faizi) isə qeyri-neft sektorundan olması proqnozlaşdırılır.
Qeyd edilməlidir ki, 2016-cı ilin büdcə gəlirləri proqnozu xam neftin 1 barelinin qiymətinin 50,0 ABŞ dolları və manatın ABŞ dollarına orta illik məzənnəsinin 1,05 manat olması əsasında işlənilmişdir.
b) Büdcə xərcləri üzrə:
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununda dövlət büdcəsi xərcləri 16264,0 mln.manat məbləğində nəzərdə tutulur. Bu, 2014-cü il dövlət büdcəsinin faktiki xərcləri ilə müqayisədə 2445,0 mln.manat və ya 13,1 faiz azdır. 2016-cı il büdcə xərclərinin proqnoz məbləği 2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 4836,0 mln. manat (yaxud 22,9 faiz), cari ilin sonuna büdcə xərclərinin gözlənilən icra səviyyəsi ilə müqayisədə isə 1466,0 mln. manat (8,3 faiz) az olacağı gözlənilir.
2016-cı il dövlət büdcəsi xərclərinin illik ÜDM-ə nisbətinin 28,2 faiz səviyyəsində olması gözlənilir. 2015-ci ildə müvafiq proqnozlar əsasında bu göstərici 33,5 faiz səviyyəsində nəzərdə tutulub. 2014-ci ildə isə faktiki büdcə xərclərinin illik ÜDM-ə nisbəti 34,4 faiz olub.
2016-cı il dövlət büdcəsindən ümumi dövlət xidmətlərinə 2416,9 mln.manat, müdafiə bölməsi üzrə 1837,8 mln.manat, məhkəmə və hüquq-müdafiə xərclərinə 1138,9 mln.manat, təhsilə 1713,5 mln.manat, səhiyyə sahəsinə 744,9 mln.manat, sosial müdafiə və sosial təminat xərclərinə 1896,6 mln.manat, mədəniyyət, incəsənət, idman və informasiya sahələrinə 652,7 mln.manat, mənzil-kommunal təsərrüfatına 416,7 mln.manat, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə 596,6 mln.manat, sənaye, tikinti və faydalı qazıntılar bölməsi üzrə 3578,9 mln.manat, nəqliyyat və rabitəyə 114,8 milyon manat, iqtisadi fəaliyyətə 254,0 mln.manat, əsas bölmələrə aid edilməyən xidmətlərə 896,2 mln.manat vəsait ayrılması nəzərdə tutulur.
2016-cı ilin dövlət büdcəsi xərclərində ümumi yekuna görə payı (xüsusi çəkisi) daha yüksək olan bölmələr bunlardır: sənaye, tikinti və faydalı qazıntılar - 22,0%, ümumi dövlət xidmətləri - 14,9%, sosial müdafiə və sosial təminat - 11,7%, müdafiə - 11,3% və təhsil - 10,5%. Bununla yanaşı gələn büdcə xərclərində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclər 7,0, əsas bölmələrə aid edilməyən xərclər 5,5, səhiyyə xərcləri 4,6, mədəniyyət, incəsənət, idman və informasiya xərcləri 4,0, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərcləri 3,7, mənzil və kommunal təsərrüfatı 2,6, iqtisadi fəaliyyət xərcləri 1,6, nəqliyyat və rabitə xərcləri 0,7 faizlik paya malik olacaqdır.
Əvvəlki illərlə müqayisədə 2016-cı ilin dövlət büdcəsində daha çox azaldılmaya məruz qalan xərc istiqamətləri investisiya layihələri və xüsusi müdafiə təyinatlı layihə və tədbirlərdir: 2015-ci ilin büdcə proqnozu ilə müqayisədə 2016-cı ilin büdcəsində investisiya layihələrinə yönəldilən vəsait 3395,5 mln.manat (ümumi azalmanın 69,4 faizi qədər), xüsusi müdafiə təyinatlı layihə və tədbirlərə yönəldiləsi vəsait isə 1270,5 milyon manat azaldılıb.
2015-ci ilin proqnoz büdcəsi ilə müqayisədə 2016-cı ilin büdcə xərclərinin yalnız 3 bölməsi üzrə ciddi nisbi artım müşahidə olunur: mədəniyyət, incəsənət, informasiya və idman xərclərinin 87,4 faiz (yaxud 304,4 mln.manat), ümumi dövlət xidmətlər xərclərinin 18,1 faiz (yaxud 369,9 mln.manat), müdafiə xərclərinin isə 3,3 faiz (yaxud 59,3 mln.manat) artırılması nəzərdə tutulur.
2016-cı il dövlət büdcəsi xərclərinin 10188,3 mln.manatı (büdcə xərclərinin 62,6 faizi) cari xərclərə, 4826,0 mln.manatı (29,7 faizi) əsaslı xərclərə, yerdə qalan 1249,7 mln.manatı (7,7 faizi) isə dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.
c) Dövlət borcu və büdcə kəsiri üzrə:
Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununda 2016-cı ildə dövlət daxili borcları üzrə ödənişlərə 301,1 mln.manat (2015-ci ilin proqnoz büdcəsində nəzərdə tutulduğundan 4,1 dəfə çox), dövlət xarici borcları ürə ödənişlərə isə 948,7 mln.manat (2015-ci ilin proqnoz büdcəsində nəzərdə tutulduğundan 35 faiz çox) vəsait nəzərdə tutulub.
Qanunda 2016-cı il üzrə daxili dövlət borclanmasının yuxarı həddi (limiti) 2500,0 mln. manat, xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1500,0 mln. manat məbləğində təsdiq edilib.
2016-cı ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 1698,0 mln. manat məbləğində müəyyən edilib ki, bu da 2016-cı ilə proqnozlaşdırılan illik ÜDM-in 2,9 faizi qədərdir. 2016-cı il üzrə dövlət büdcəsi kəsirinin təsdiq edilmiş məbləği dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin 11,7 faizinə bərabərdir.
d) İcmal büdcə üzrə:
2016-cı ildə ölkənin icmal büdcə gəlirlərinin 16,7 miyard manat olması proqnozlaşdırılır ki, bu da 2015-ci ilə olan proqnozla müqayisədə təqribən 4 milyard manat (19,3%) azdır. 2016-cı ilə proqnozlaşdırılan icmal büdcə gəlirləri gözlənilən illik ÜDM-in 28,9 faizi qədərdir.
2016-cı ildə icmal büdcə xərclərinin 19,9 milyard manat (2015-ci ilin proqnozu ilə müqayisədə 6,0 milyard manat (yaxud 23,2%) azdır) olması nəzərdə tutulur ki, bu da illik ÜDM-in 34,5 faizi qədərdir.
2016-cı ildə Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan ölkənin icmal büdcəsinin kəsiri 9,9 milyard manat məbləğində (2015-ci ilin müvafiq göstərici ilə müqayisədə 5,5 milyard manat az) müəyyən edilib.
II. Büdcə gəlirləri siyasəti üzrə müşahidə olunan əsas meyllər
2016-cı il üzrə hökumətin bəyan etdiyi büdcə-vergi siyasətində qeyri-neft gəlirlərinin büdcə gəlirlərində xüsusi çəkisinin artırılması, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin tədricən azaldılması, sadələşdirilmiş vergi sisteminin təkmilləşdirilməsi, vergi güzəştlərinin məhdudlaşdırılması yaxud ləğv edilməsi, nizamnamə fondunda və səhmlərində dövlətin payı olan müəssisələrdən dövlət büdcəsinə dividendlərin alınması, vergilər üzrə yığım faizinin artırılması, dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmaların artırılması, dövlət torpaqlarının icarəyə verilməsindən əldə olunan gəlirlərin büdcəyə daxilolma əmsalının artırılması kimi siyasət istiqamətləri nəzərdə tutulub.
2016-cı il dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin struktur və trend təhlili aşağıdakıları ortaya çıxardı:
-
Dövlət büdcəsi gəlirlərinin formalaşmasında neft sektorundan birbaşa daxilolmaların rolu həm mütləq, həm də nisbi ifadədə əhəmiyyətli dərəcədə azalır: büdə gəlirlərində neft sektorundan birbaşa daxilolmaların xüsusi çəkisi 2011-ci ildə 74,4%, 2012-ci və 2013-cü illərdə 73,2%, 2014-cü ildə 66,1% olduğu halda, bu göstəricinin səviyyəsinin 2015-ci ilə 65,3%, gələn ilin büdcə proqnozunda isə 53,5% olması nəzərdə tutulur. Dövlət büdcəsinə birbaşa neft sektoru gəlirləri hesabına 2011-ci ildə 11,68 milyard, 2012-ci ildə 12,64 milyard, 2013-cü ildə 14,27 milyard, 2014-cü ildə 12,16 milyard manat daxil olmuşdusa, 2016-cı ildə bu məbləğ 7,79 milyard manat olacağı gözlənilir. Neft sektorundan birbaşa daxilolmaların büdcə gəlirlərində həm mütləq məbləğinin, həm də payının belə azalması dünya bazarında neftin qiymətinin kəskin düşməsi və ölkədə neft hasilatı həcminin ildən-ilə azalması üzündən ölkənin neft gəlirlərində baş verən ciddi azalma ilə bağlıdır (yeri gəlmişkən qeyd edək ki, 2016-cı ildə ölkədə 40,7 milyon ton neft hasilatı gözlənilir ki, bu da 2010-cu ildəki hasilat həcmindən 10,1 milyon ton azdır);
-
Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin məbləği əvvəlki illərlə müqayisədə ciddi ixtisar olunur: Fonddan dövlət büdcəsinə transfer edilən vəsaitin məbləği 2012-ci ildə 9,9 milyard, 2013-cü ildə 11,35 milyard, 2014-cü ildə 9,34 milyard manat olmuşdusa, 2016-cı ildə 6,0 milyard manat olması nəzərdə tutulur. Neft Fondundan transferlərin dövlət büdcəsinin gəlirlərinin formalaşmasındakı payı 2012-ci ildə 57,3%, 2013-cü ildə 58,2%, 2014-cü ildə 50,7% olmuşdu, gələn il isə bu göstəricinin səviyyəsi 41,2 % olacağı gözlənilir. Amma transferin belə azaldılması heç də Fonda yığımın artırılmasını təmin etmək üçün deyil, sadəcə onun gəlirlərinin kəskin azalması ilə bağlıdır. Belə ki, Neft Fondunun illik gəlirləri 2011-ci ildə 19,8 milyard, 2013-cü ildə 17,3 milyard və 2014-cü ildə 16,2 milyard ABŞ dolları məbləğində olmuşdusa, 2016-cı ildə 6,4 milyard ABŞ dolları (1 barel = 50 ABŞ dolları hesabı ilə) məbləğində olması proqnozlaşdırılır. Bu o deməkdir ki, 2014-cü illə müqayisədə Fondun gəlirlərinin 2,5 dəfə azalması gözlənilir. Dövlət büdcəsinə transferin məbləği azaldılsa da, ümumən gələn il Neft Fondundan 8,2 milyard manat xərclənməsi nəzərdə tutulur ki, bu da Fondun 2016-cı il üçün proqnozlaşdırılan (6711,6 milyon manat) gəlirlərindən 1488,4 milyon manat (yaxud 22,2 faiz) çoxdur. Deməli, gələn il Neft Fondunun ehtiyatlarının ən azı 1,4 milyard ABŞ dolları (1 dollar = 1.05 manat məzənnəsi ilə hesabladıqda) məbləğində azalması indidən artıq planlaşdırılıb. Neftin dünya bazar qiyməti 50 dollardan nə qədər aşağı aşağı səviyyədə qərarlaşarsa, Fondun ehtiyatlarının da uyğun olaraq daha çox “əriyəcəyi” şübhəsizdir. Neft Fondunun ehtiyatlarını qorumaq üçün hökumət növbəti ildə manatın daha kəskin devalvasiyasına getməsi3 iqtisadi böhranın daha da dərinləşməsinə, ölkədə yüksək inflyasiyaya gətirib çıxara bilər;
-
Dövlət büdcəsi gəlirlərinin formalaşmasında qeyri-neft sahələrindən daxilolmaların xüsusi çəkisində əhəmiyyətli artım olsa da, bu, əsasən büdcə gəlirlərinin ümumi məbləğinin və büdcənin neft gəlirlərinin mütləq məbləğinin azalması ilə bağlıdır: 2016-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin 46,5faizini qeyri-neft sahələrindən gəlirlərin təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2014-cü ilin faktiki göstəricisi ilə müqayisədə 12,6 faiz bəndi yüksəkdir. Lakin 2016-cı ildə büdcənin qeyri-neft sahələrindən gəlirlərinin mütləq məbləği (6776,0 mln. manat) 2014-cü ildə bu sahələrdən olan faktiki büdcə daxilolmaları məbləğindən (6243,9 mln. manat) cəmi 532,1 mln. manat (yaxud 8,5 faiz) çoxdur. Qeyri-neft sahələrindən büdcə daxilolmalarının məbləğinin 2014-cü illə müqayisədə 8,5% artması müqabilində belə gəlirlərin ümumi büdcə gəlirlərində xüsusi çəkisinin 12,6 faiz bəndi artması əsasən 2016-cı ildə dövlət büdcəsi gəlirlərinin 2014-cü ilin faktiki gəlirləri ilə müqayisədə 3834,0 mln. manat yaxud 20,8 % az proqnozlaşdırılması ilə izah olunur;
-
Dövlət Neft Fondunun transferi nəzərə alınmadan 2016-cı ilin dövlət büdcəsinin gəlirləri büdcənin illik cari xərclərini ödəmək iqtidarında olmayacaq: Neft Fondunun transferi nəzərə alınmadan gələn il dövlət büdcəsinin gəlirləri 8566,0 mln. manat proqnozlaşdırılır ki, bu da gələn ilə nəzərdə tutulan cari xərclərin (10188,3 mln. manat) 84,1 faizi qədərdir. Dövlət büdcəsinin cari xərcləri ilə yanaşı dövlət borcuna xidmət xərcləri də nəzərə alınarsa (cəmi 11438,0 mln. manat), onda Neft Fondunun transferi nəzərə alınmadan gələn il dövlət büdcəsinin gəlirləri bu xərclərdən 2872,0 mln. manat (yaxud 25,1 faiz) az olacağı proqnozlaşdırılır. Bu isə o deməkdir ki, Neft Fondundan büdcəyə transfer edilən vəsaitin əhəmiyyətli hissəsi büdcənin cari və dövlət borcuna xidmət xərclərinin ödənilməsinə yönəldiləcək;
-
Ölkənin neft gəlirlərinin azalmasının dövlət büdcəsinin qeyri-neft gəlirlərinin formalaşmasına təsiri 2016-cı ilin büdcə proqnozunda yetərincə nəzərə alınmayıb: neft gəlirlərinin azalması həm dövlət sifarişlərinin (büdcə xərcləri vasitəsiylə olan), həm də neft şirkətlərinin sifarişlərinin kəskin ixtisarı ilə nəticələnir ki, bu da belə sifarişlərlə işləyən təşkilatların gəlirlərinə, uyğun olaraq həm də onların dövlət büdcəsinə ödənişlərinə birbaşa təsir göstərir. Məsələn, 2016-cı ildə neft şirkətlərinin gəlirlərinin (mənfəətinin) kəskin azalması heç şübhəsiz onların sifarişlərinin də ixtisarına gətirib çıxaracaq. Bu isə o deməkdir ki, neft şirkətlərinin sifarişləri ilə işləyən təşkilatların gəlirləri və büdcə ödənişləri ciddi azala bilər. Amma, buna baxmayaraq, 2016-cı ilin dövlət büdcəsində HPBS üzrə subpodratçı təşkilatların mənfəət vergisi hesabına daxilolmaların məbləği (175,0 mln.manat) 2014-cü ilin müvafiq faktiki göstəricisindən 38,3 mln. manat (yaxud 28,0 %) çox proqnozlaşdırılmışdır. Yaxud başqa bir misal: 2016-cı ilin büdcəsində dövlət əsaslı vəsait qoyuluşları üçün nəzərdə tutulan vəsait (3554,8 mln. manat) 2014-cü ilin dövlət büdcəsindən həmin istiqamətə xərclənmiş faktiki (6259,5 mln. manat) vəsaitdən 2704,7 mln. manat azdır. Dövlət əsaslı vəsait qoyuluşu üzrə sifarişlərin əsasən rezident müəssisələr tərəfindən həyata keçirildiyini nəzərə alsaq, onda dövlət sifarişlərinin belə kəskin azalması həm rezident müəssisələrin mənfəət vergisi üzrə ödənişlərinin, həm də ƏDV üzrə daxilolmaların azalmasına gətirib çıxarmalıdır. Lakin 2016-cı ilin dövlət büdcəsi layihəsi ilə birgə hökumətin Milli Məclisə təqdim etdiyi nə büdcə layihəsinə dair izahatda, nə də digər sənədlərdə büdcə gəlirlərinin proqnozlaşdırılması zamanı belə təsirlərin nəzərə alınması ilə bağlı hesablamalar və ya başqa qeydlər yoxdur;
-
Rezident müəssisələrin mənfəət vergisi üzrə dövlət büdcəsinə daxilolmalar proqnozu, əvvəlki illər olduğu kimi, yenə də şişirdilmiş hesab edilə bilər: bu mənbə üzrə illik proqnozun icrası səviyyəsi 2013-cü ildə 59,2 %, 2014-cü ildə isə 74,8% təşkil edib. 2016-cı ildə rezident müəssisələrin mənfəət vergisi üzrə dövlət büdcəsinə 669,7 mln. manat vəsaitin daxil olması nəzərdə tutulur ki, bu da 2014-cü ilin faktiki daxilolmalarından 97,7 mln. manat və ya 17,1% çoxdur. Gələn il ölkədə iqtisadi fəallığın və rezident müəssisələrin gəlirlərinin 2014-cü illə müqayisədə gözlənilən azalması müqabilində mənfəət vergisi üzrə daxilolmaların belə artmla proqnozlaşdırılması ciddi əsaslandırma tələb edir;
-
Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar proqnozlaşdırılandan az ola bilər: 2016-cı ilin dövlət büdcəsində fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 957,0 mln manat məbləğində müəyyən edilib ki, bu da 2014-cü ilin faktiki göstəricisinə nisbətən 23,3 mln manat yaxud 2,4% azdır. Azalma muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisi, o cümlədən, büdcə təşkilatlarında işləyənlərin muzdlu işlə əlaqədar əldə edilən gəlirləri üzrə nəzərdə tutulub ki, bu da əsasən gəlir vergisi üzrə Vergi Məcəlləsində edilən dəyişikliklə izah olunur. Amma dövlət sifarişlərinin azalması, habelə ölkədə iqtisadi fəallığın azalması üzündən iş yerlərinin gözlənilən ixtisarlarının fiziki şəxslərin gəlir vergisi üzrə büdcəyə ödənişlərinin məbləğinə mümkün təsirləri nəzərə alınmayıb;
-
Dövlət büdcəsi gəlirlərinin 83,1 faizi 4 mənbə hesabına təmin olunur: büdcə gəlirlərinin 41,2 %-i Dövlət Neft Fondunun, 22,9 %-i ƏDV-nin, 12,4 %-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisinin və 6,6%-i fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşür;
-
Dövlət büdcəsinin tərkib hissəsi olan yerli gəlirlərin azalması proqnozlaşdırılır, lakin hökumətin büdcə izahatında bu azalmanın səbəbləri göstərilmir: Dövlət büdcəsinin tərkib hissəsi olan yerli gəlirlər 2016-cı il dövlət büdcəsində 766,3 mln. manat proqnozlaşdırılıb ki, bu da 2015-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 68,2 mln. manat və ya 8,2% azdır. Məlum olduğu kimi, “Azərbaycan Respublikasının 2014-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən şəhər və rayonların ərazisində fəaliyyət göstərən və mərkəzləşdirilmiş qaydada vergi uçotunda olan vergi ödəyiciləri tərəfindən hesablanmış vergilər 2014-cü ildən bütünlüklə şəhər və rayonların yerli gəlirlərinə aid edilib. Bundan başqa, regionların gəlir potensialının formalaşmasının əsas mənbəyi qeyri-neft sektoru hesab olunur ki, gələn il üçün də ölkədə qeyri-neft ÜDM-nin artması proqnozlaşdırılıb. Belə bir vəziyyətdə dövlət büdcəsinin yerli gəlirlərinin azalma ilə proqnozlaşdırılması nə ilə bağlı olması barədə əlavə izahatın verilməsi lazım idi. Buna görə də, büdcə layihəsi ilə bağlı sənədlərdə dövlət büdcəsinin yerli gəlirlərinin rayonlar (yaxud regional ərazilər) və tədiyə növləri üzrə detallaşdırılmaqla verilməsi məqsədəuyğundur;
-
Büdcə gəlirləri üzrə proqnozların büdcə layihəsi zərfində daha detallı təqdim edilməsi məqsədəuyğundur: ölkənin neft gəlirlərinin belə kəskin azaldığı şəraitdə ölkənin büdcə gəlirlərinin formalaşmasında özəl və dövlət sektorunun, xüsusilə iri dövlət müəssisələrinin rolunu tam aydınlaşdırmaq vacibdir. Hazırda dövlət büdcəsi layihəsi ilə birgə təqdim edilən büdcə zərfində belə detallı məlumatlar yoxdur.
Beləliklə, araşdırma göstərir ki, 2016-cı il üçün dövlət büdcəsinin proqnozlaşdırılan gəlirlərinin ölkənin neft gəlirlərindən asılılığı əhəmiyyətli dərəcədə böyükdür. Dünya neft bazarında baş verən proseslər və neftin qiyməti ilə bağlı söylənilən proqnozların əksəriyyəti gələn il neftin qiymətinin 30-35 ABŞ dolları altında olacağı yönündədir. Belə bir vəziyyətdə gələn il dövlət büdcəsinin cari öhdəliklərinin vaxtında və zəruri həcmlərdə yerinə yetirilməsini təmin edə biləcək qədər büdcəyə vəsait toplanması üçün ölkədə sahibkarlıq mühitinin yaxşılaşdırılması, məmur sahibkarlığının və inhisarçılığın aradan qaldırılması, rəqabətin və təşəbbüskarlığın stimullaşdırılması üçün ciddi tədbirlər görülməli, ölkəyə mal idxalına və ölkədən mal ixracına olan hər cür maneələr, xüsusilə bu sahədə olan inhisarçılıq və qanunsuz qadağalar təxirə salınmadan aradan qaldırılmalıdır.
III. Büdcə xərcləri siyasəti üzrə
müşahidə olunan əsas meyllər
Hökumət 2016-2019-cu illər üzrə büdcə siyasətinin əsas istiqamətlərinə dair sənədində xərcləmələrlə bağlı əsas hədəfləri kimi aşağıdakılar qeyd edir: (1) dövlət büdcəsinin xərclərini optimallaşdırmaq, cari və əsaslı xərclərin səmərəliliyini artırmaq; 2) dövlət əsaslı vəsait qoyuluşu xərclərinin strukturunu daha da təkmilləşdirməklə sosial və istehsal infrastrukturunun qurulmasını prioritet olaraq qəbul etmək; (3) dövlət büdcəsi xərclərinin strukturunun təkmilləşdirilməsi və şəffaflığın artırılmasını təmin edən qanunvericilik bazasının gücləndirilməsini təmin etmək; (4) dövlət zəmanəti ilə kredit alan təşkilatların maliyyə fəaliyyətinə nəzarəti gücləndirmək; 5) dövlət pqoqramlarını ortamüddətli büdcə xərcləmələri ilə uzlaşdırmaq.
2016-cı il dövlət büdcəsinin xərc proqnozlarının əvvəlki ilin göstəriciləri ilə müqayisəli təhlili aşağıdakı meylləri qiymətləndirməyə imkan verir:
-
2005-ci ildən bəri ilk dəfə olaraq dövlət büdcəsinin xərclər azalma ilə proqnozlaşdırılır. Məcmu xərclər üzrə azalma təxminən 23% təşkil etsə də, ayrı-ayrı xərc istiqamətləri üzrə ixtisarın miqyası fərqlidir. Bütövlükdə kiçik istisnalarla dövlət büdcəsinin əsas xərc istiqamətlərinin əksəriyyəti üzrə azalma baş verib. 2015-ci ilin xərc proqnozları ilə müqayisədə ən böyük azalma “əsas bölmələrə aid edilməyən xidmətlər” funksional bölməsi üzrə baş verib. Həmin bölməyə əsas etibarı ilə ehtiyat fondları, məqsədli büdcə fondları, fövqəladə halların nəticələrinin aradan qaldırılması, xüsusi müdafiə təyinatlı layihələrin dəstəklənməsi, beynəlxalq və yerli tədbirlərin təşkili ilə bağlı xərcləmələr daxildir. Ümumilikdə bölmə üzrə xərclər 1801,7 mln. manat və ya 3 dəfə azaldılıb. O cümlədən, ehtiyat fondları üzrə xərclər 340 mln. manat (46,8%), məqsədli büdcə fondları üzrə xərclər 160 mlnə manat (35,5%), xüsusi müdafiə təyinatlı layihələrin dəstəklənməsi xərcləri 1275,0 mln. manat (tamamilə), beynəlxalq və yerli tədbirlərin təşkili ilə bağlı xərclər 34 mln. manat (56,7%) ixtisar edilib. Xərclərin azaldıldığı ikinic böyük istiqamət büdcə investisiyalarıdır. Belə ki, əvvəlki ilin büdcə proqnozları ilə müqayisədə tikinti xərcləri 3374,7 mln. manat və ya 48,7% az proqnozlaşdırılıb. Yerdə qalan istiqamətlər üzrə xərclərin 2015-ci ilin büdcə proqnozu ilə müqayisədə azalma səviyyəsi belədir: iqtisadi fəaliyyətlə bağlı xərclər 91,3 mln. manat (26,4%), nəqliyyat və rabitə xərcləri 13,5 mln. manat (10,5%), məhkəmə və hüquq-mühafizə orqanlarının saxlanması xərcləri 88,4 mln. manat (7,2%), sosial müdafiə və təminat xərcləri 144,0 mln. manat (7,1%), mənzil-kommunal təsərrüfatı xərcləri 27,1 mln. manat (6,1%), səhiyyə xərcləri 32,8 mln. manat (4,2%), qanunvericilik və icra hakimiyyətinin saxlanması xərcləri 14,1 mln. manat (2,5%).
-
Hökumət prioritet elan etdiyi bəzi sahələr üzrə xərclərin ixtisarına getməyib. Belə ki, kənd təsərrüfatı istiqaməti üzrə xərclər demək olar ki, ötən ilin səviyyəsində saxlanılıb. Müdafiə bölməsi üzrə xərclərin isə 59,3 mln. manat və ya 3,3 % artırılması nəzərdə tutulur.
-
Elm və təhsilin inkişafı xərcləri azaldılıb. Hökumət siyasətində prioritet istiqamət kimi elan edilməsinə rəğmən, gələn ilin düdcəsində elm xərcləri 10,3 mln. manatlıq (7,2%-lik), ali təhsil üzrə xərclər isə 42,2 milyon manatlıq (14,5%-lik) ixtisara məruz qalıb. 2016-cı ildə dövlət sifarişi ilə admbaşına maliyyələşmə xərcləri də nəzərə alınmaqla ali təhsil sektoruna 244,0 milyon manat ayrılıb, halbuki əvvəlki ildə bu göstərici 291,8 mln. manat olub.
-
Hökumətin qarşıdakı dövr üzrə büdcə investisiyaları ilə bağlı prioritetlərində sosial infrastrukturun qurulması əsas istiqamətlərdən biri kimi göstərilsə də, gələn il üçün büdcə investisiya planında ən kəskin ixtisar sosial sahələr üçün tətbiq edilib. Belə ki, 2016-cı ildə sosial infrastrukturla bağlı layihələr üzrə investisiya xərcləri 145,4 mln. manat müəyyən edilib ki, bu əvvəlki ilin göstəricisindən 2546,5 mln. manat (təxminən 18 dəfə) azdır. O cümlədən, təhsil və səhiyyə sektoru üzrə investisiya xərcləri 95,7 mln. manat (2015-ci ildə 383,4 mln. manat), mədəniyyət və idman sahələri üzrə 36 mln. manat (2015-ci ildə 1952,2 mln. manat) nəzərədə tutulub. İnvestisiya xərclərinin ən az ixtisar olunduğu istiqamətlər nəqliyyat, kommunal və energetika sahələrdir. Belə ki, 2016-cı ildə bu 3 sahə üzrə invesitiya xərcləri 3171,7 mln. manat nəzərdə tutulur ki, bu əvvəlki ilə nisbətən 1470,0 mln. manat və ya 31,6% azdır.
-
Büdcə vasistəsilə ödənilən əmək haqqı, təqaüd və müavinətlərin indeksasiyası üçün vəsait nəzərdə tutulmayıb. 2015-ci ilin fevral ayında Mərkəzi Bankın Azərbaycanın milli valyutasının 34,8 faizlik devalvasiyası ilə bağlı qərar qəbul etməsindən sonra ölkədə əksər gündəlik tələbat mallarının bahalaşmasına baxmayaraq, növbəti ilin büdcəsindən əmək, pensiya və sosial müavinətlərin artırılması üçün nəzərdə tutulan vəsaitin həcmi cüzidir. 2016-cı ilin dövlət büdcəsində əməyin ödənişi xərcləri üçün 3523,6 mln. manat nəzərdə tutulub ki, bu əvvəlki ilə nisbətən 71,2 mln. manat və ya cəmi 2% çoxdur. Səhiyyə və mədəniyyət, incəsənət və idman funksional bölmələri üzrə ümumiyyətlə əmək haqqı artımı ilə bağlı vəsait artımı nəzərdə tutulmur. Təhsil bölməsi üzrə isə əmək haqqı xərcləri 70,6 mln. artımla proqnozlaşdırılır ki, bu da əvvəlki ilə nisbətən 6,5% çoxdur. 2016-cı ilin büdcəsindən təqaüd və sosial müavinətlərin ödənilməsinə 1827,1 mln. manat ayrılacaq ki, bu əvvəlki ilə nisbətən 17,8 mln. manat və ya təxminən 1% azdır. Halbuki hökumətin Parlamentə təqdim etdiyi büdcə sənədlərindən aydın olur ki, 2015-c il üçün inflyasiyanın gözlənilən səviyyəsi 4,4%, 2016-cı il üçün proqnozlaşdırılan səviyyəsi isə 3,3% təşkil edir. Büdcə sektorunda maaşların artımı ilə bağlı qərarın sonuncu dəfə 2013-cü ildə qəbul edildiyini nəzərə alsaq, aydın olur ki, hökumət büdcədən maaş, təqaüd və müavinət alan insanların gəlirərinin 2014-2015-ci illər üzrə faktiki inflyasiyanın, 2016-cü il üçün gözlənilən inflyasiyanın təsirindən mühafizəsi üçün plana malik deyil.
-
İqtisadi inkişafın stimullaşdırılmasının hökumətin prioritetləri sırasında olduğu bəyan edilsə də, bu istiqamətdə xərclər azaldılıb. Belə ki, 2016-cı ildə iqtisadi fəaliyyət funksional bölməsi üzrə xərclər 91,3 mln. manat və ya 26,4% azaldılaraq 254 mln. manat səviyyəsində proqnozlaşıdırlıb. Bu azalma bilavasitə İqtisadi İnkişaf Nazirliyi vasitəsilə hər il Sahibkarlığa Kömək Milli Fonduna güzəştli kreditlərin ayrılması üçün verilən vəsaitin dayandırılması ilə bağlıdır. 2015-ci ildə həmin məqsədə dövlət büdcəsindən 96,3 milyon manat ayrılması nəzərdə tutulurdu. Eyni zamanda, “Aqrolizinq” ASC üçün büdcə dəstəyi əvvəlki ilə nisbətən 8,0 mln. manat və ya 20,0% azalaraq 32,0 mln. manat təşkil edib. Lakin İpoteka Fondu üçün əvvəlki illə eyni səviyyədə - 50,0 mln. manat həcmində proqnozlaşdırılıb. Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi də 2016-cı ildə dövlət büdcəsindən elə 2015-ci il səviyyəsində, yəni 5,0 mln. manat vəsait alacaq.
-
Büdcə sənədlərində detallı açıqlanmayan, qapalı xarakterli və “sair xərclər” maddəsi kimi təqdim olunan xərclərin həcmi azalıb. 2016-c ilin büdcəsində “sair müxtəlif xərclər” kimi təsnif edilən xərcləri məbləği əvvəlki illə müqayisədə 606,2 mln. manat yaxud 28,5% azaldılıb.
-
Yerli özünüidarə orqanlarına dövlət büdcə dəstəyi son dərəcə azdır. 2016-cü ildə dövlət büdcəsindən bələdiyyələrə cəmi 5,2 mln. manat və ya 1 bələdiyyə üçün orta hesabla 3,0 min manat vəsaitin ayrılması nəzərdə tutulur. Yerli özünüidarə orqanlarının maliyyə potensialının zəif olduğunu, lakin bu orqanlar tərəfindən yerli səviyyədə həll edilməli çoxsaylı sosial-iqtisadu problemlərin mövcudluğunu nəzərə aldıqda, mərkəzi hökumətin büdcəsindən yerli (bələdiyyə) büdcələrə maliyyə ayırmalarının əhəmiyyətli dərəcədə artırılmasının vacibliyi daha aydın görünür.
-
Hökumət neft gəlirlərinin azaldığı dövrdə büdcə xərclərinin qənaətli və effektiv xərclənməsinin vacibliyini bəyan etsə də, son illər müntəzəm xarakter alan tədbirlərin maliyyələşdirilməsini 2016-cı ildə də davam etdirir. Belə ki, növbəti ilin büdcəsində beynəlxalq idman yarışının təşkili ilə bağlı büdcədən 324,0 mln. manat ayrılması nəzərdə tutulur. Lakin büdcə sənədlərində həmin tədbirin təşkilinin zəruriliyi, bütün xərclərin dövlət büdcəsinin yükünə çevrilməsinin səbəbləri ilə bağlı heç bir əsaslandırma yoxdur.
-
2016-ci ilin büdcəsinin gender təhlili və ekspertizası parlamentə təqdim edilməyib. 2006-cı ilin oktyabrında imzalanmış “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunun 5-ci maddəsin ölkədə qəbul edilən bütün normativ hüquqi aktların (deməli həm də dövlət büdcəsi haqqında qanunun) gender ekspertizasından keçirilməsini nəzərdə tutur. Bununla yanaşı BMT-nin 1995-ci ildə Pekində keçirilən 4-cü Beynəlxalq Qadın Konfransında qəbul edilmiş Fəaliyyət Platformun 346-cı maddəsi də hökümətlərin qadınların büdcə xərclərindən necə faydalandığının sistematik şəkildə monitorinqini aparmasını, habelə büdcənin dövlət xərclərinə bərabər çıxışa imkan verən şəkildə tərtibini nəzərdə tutur. 2016-cı il üzrə dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclisə təqdim edilən büdcə zərfində isə büdcənin gender təhlili və ekspertizası yoxdur.
IV. Dövlət borcu və dövlət büdcəsinin
kəsiri üzrə əsas meyllər
-
Büdcənin dövlət borcunun ödənilməsi ilə bağlı yükü nəzərəçarpan səviyyədə artıb. Belə ki, 2016-cı ildə dövlət borclarına xidmət xərclərinin qarşılanması üçün büdcədən 1249,7 mln. manat ayrlacaq ki, bu da əvvəlki ilin müvafiq göstəricisindən 473,5 mln. manat və ya 61,0% çoxdur. Dövlət borcuna xidmət xərcləri 2016-cı il dövlət büdcəsinin gəlirlərinin təqribən 8,6%-ni, xərclərinin isə 7,7%-ni təşkil edir. Bu isə o deməkdir ki, bu xərclərin həcmi büdcənin gəlirlərinə və xərclərinə nisbətdə beynəlxalq təcrübədə yol verilən yuxarı həddə (10%) sürətlə yaxınlaşmaqdadır. Müqayisə üçün qeyd edək ki, 2015-ci ilin büdcə proqnozunda dövlət borcuna xidmət xərclərinin büdcə xərclərində payı 3,7% təşkil edib. Manatın bundan sonrakı devalvasiyası dövlət xarici borcuna xidmət xərclərinin də artmasına gətirib çıxaracaq.
-
Büdcə kəsirinin əvvəlki ilin səviyyəsində saxlanılıb. 2016-c il dövlət büdcəsinin kəsiri 1,7 milyard manat həcmində proqnozlaşdırılır. Bu, il üçün proqnozlaşdırılan ÜDM-nin 2,9 faizi səviyyəsindədir.
V. Nəticə və tövsiyələr
2016-cı ilin dövlət büdcəsi proqnozunun təhlili və qiymətləndirilməsi əsasında belə bir qənaətə gəlirik ki, gələn ilin dövlət büdcəsi devalvasiya və inflyasiya büdcəsidir. 2015-ci il ərzində milli valyutanın ikinci devalvasiyası da 2016-cı il üçün proqnozlaşdırılan dövlət büdcəsinin icrasında gözlənilən (yuxarıda qeyd edilən) problemləri aradan qaldıra bilməyəcək. Manatın bu və bundan sonrakı dəyərsizləşməsi ölkəyə daxil olan neft gəlirlərinin manat ifadəsində artımını təmin etsə də, ölkə iqtisadiyyatında böhran dərinləşməkdə davam edəcək, əhalinin sosial vəziyyəti, biznesin və bank sektorunun durumu daha da ağırlaşacaq. Yuxarıda qeyd edildiyi kimi, milli valyutanın devalvasiyası və inflyasiya şəraitində əhalinin gəlirlərinin və pensiyaların indeksləşdirilməsi üçün büdcədə əlavə vəsait nəzərdə tutulmayıb, iqtisadi fəallığın artırılması üçün hökumətin əlavə investisiyalar imkanı isə son dərəcə məhduddur.
Ölkənin neft gəlirlərinin azalması və qeyri-neft inkişafının prioritet elan edildiyi indiki şəraitdə dövlət büdcəsinin proqnozlaşdırılması və dövlət maliyyəsinin idarə edilməsinin təkmilləşdirilməsi üçün aşağıdakıları təklif edirik:
-
ARDNF-dən dövlət büdcəsinə transferlər üzrə limit tətbiqinə başlanılsın, həmçinin neft və qaz gəlirlərinin uzunmüddətli istifadə prinsipinə (gəlirlərin azı 25 faizinin yığıma yönəldilməsi) əməl olunsun;
-
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və digər iri dövlət şirkətləri üzrə vergi proqnozları tədiyə növləri üzrə açıqlanması təmin edilsin;
-
Özəl və dövlət sektoru üzrə büdcə daxilolamalarının proqnozu tədiyyə növləri üzrə açıqlansın;
-
Ölkənin rayon və şəhərləri üzrə vergi proqnozlarının tədiyyə növləri üzrə açıqlanması məqsədəuyğundur;
-
Dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyələşdirilən bütün layihələr üzrə detallı məlumatlar büdcə zərfinə daxil edilsin;
-
Dövlət büdcəsi hesabına ödənilən dövlət borcları ilə bağlı detallı məlumatlar, o cümlədən borcun ödəndiyi subyektlər, onların hər biri üzrə əsas və faiz borcu, borcun təyinatı, borc müqaviləsinin başlanma və bitmə tarixi barədə bütün informasiyalar büdcə zərfinə daxil edilsin;
-
Strateji və büdcə planlaşdırmasının əlaqələndirilməsini təmin edən hüquqi-normativ baza yaradılsın, bütün hökumət qurumlarının illər üzrə bölünməklə 5 illik strateji inkişaf planları əsasında fəaliyyətinin təşkili mexanizminə keçilsin, habelə bütün büdcə sifarişlərinin hökumətin sosial-iqtisadi inkişaf proqramları ilə uzlaşdırılması təmin edilsin;
-
Son nəticələrə yönəlik büdcə planlaşdırılması mexanizminə keçid təmin edilsin, büdcə proqramlarını qiymətləndirməyə imkan verən aralıq və son nəticə göstəriciləri, həmçinin səmərəlilik və keyfiyyət indikatorları işlənilsin və büdcə zərfinə əlavə edilsin;
-
Dövlət xarici borcunun sürətli artımının qarşısı alınsın, xüsusilə dövlət şirkətlərinin dövlət zəmanəti ilə xarici kreditlər cəlb etmələrinə sərt məhdudiyətlər müəyyən edilsin;
-
Prioritet elan edilən istiqamətlər, xüsusilə sahibkarlığın inkişafı, mənzil-kommunal sektoru və infrastruktur layihələrinin dəstəklənməsi sayəsində əldə olunan real nəticələrlə bağlı səmərəlilik və nəticəlilik hesabatları hazırlansın və Parlamentə (habelə ictimaiyyətə) təqdim edilsin;
-
Büdcə siyasətində yerli gəlir və xərclərin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsaitin həcminin müəyyən edilməsi zamanı şəhər və rayonların yerli gəlirlərinin həcminin stimullaşdırıcı amil kimi nəzərə alınması məqsədəuyğundur;
-
Dövlət büdcəsi layihəsi ilə bağlı Milli Məclisə təqdim edilən büdcə zərfinə büdcənin gender təhlili və ekspertizası əlavə edilsin. Bunun üçün büdcə işində gender yanaşmasının tətbiqi ilə bağlı xüsusi normativ hüquqi sənədlərin qəbul edilməsi zəruridir;
-
Büdcə layihəsinin peşəkar vətəndaş cəmiyyəti təsisatları və ayrı-ayrı sosial qrupların mənafeyini təmsil edən ictimai qurumlarla müzakirə əsasında qəbuluna təminat verən hüquqi mexanizmlərin formalaşdırılsın.
İqtisadi Təşəbbüslərə Yardim İctimai Birliyi
Dostları ilə paylaş: |